Bakıda «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişdir  

 

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey NARIŞKİN forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etdi.

Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrik məktubunu oxudu.

Məktubda deyilir: "Əziz dostlar!

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.

Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edir.

Humanitar əməkdaşlığı haqlı olaraq "yumşaq qüvvə" adlandırırlar, çünki o, ölkələri və xalqları ədalət və tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmağa kömək edir.

Son illərdə beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Yaradıcı elitaların səmərəli əməkdaşlığına nümunə olan yeni dövlətlərarası mexanizmlər yaranır. Əlbəttə, yeni humanitar məkanın formalaşmasına sanballı töhfə verən ictimai təşəbbüslər və hərəkatlar xüsusi rol oynayır. Əminəm ki, Bakı Forumu onların arasında öz layiqli yerini tutacaqdır.

Forumun bütün iştirakçılarına səmərəli iş diləyir, ən xoş arzularımı bildirirəm.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev".

Bakı Forumunun dünya elitasının diqqət mərkəzində olduğunu deyən Sergey Narışkin forumun plenar iclaslarında və panellərdə müzakirə ediləcək mövzuların aktuallığına toxundu.

 

* * *

 

Türkiyənin IX Prezidenti Süleyman DƏMİRƏL dedi ki, dünyada baş verən bir çox hadisələr insan həyatına təsirsiz ötüşmür və odur ki, humanitar məsələlərlə bağlı bütün təşəbbüslər təqdirəlayiqdir.

Bakı kimi gözəl şəhərdə yenidən olmaqdan məmnunluğunu ifadə edən Süleyman Dəmirəl dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsində Bakıya gəlməkdən şad olduğunu bildirərək demişdir: "İyirmi il ərzində Azərbaycan kifayət qədər kamil və güclü beynəlxalq icmanın üzvünə çevrilib və daha böyük gələcək potensiala malik bir ölkə olaraq, sözün həqiqi mənasında, yüksək inkişafa və möhkəm sabitliyə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında irəliyə doğru qətiyyətlə addımlayır. Mən mərhum Prezident Heydər Əliyevə xüsusi ehtiramımı bildirməliyəm. O, xalqın atası olmuşdu. Mən hər zaman onunla xoş  münasibətlərimi, görüşlərimi və söhbətlərimi xatırlayıram. Onun çox müdrik, cəsarətli və uzaqgörən siyasəti Azərbaycanı çox gərgin, kəşməkəşli anlardan çıxarmışdır. Məhz Heydər Əliyevin və Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan-Türkiyə qardaşlığı çox nadir və tarixi əlaqələrin reallığına çevrilmişdir. "Bir millət, iki dövlətik" kəlamı artıq real həyatda təcəssüm tapmışdır.

Bu gün Türkiyə ilə Azərbaycanın bütün sahələrdə çox gözəl əlaqələri vardır. Bizim 20 il əvvəl başladığımız güclü, möhkəm dayağı, bünövrəsi olan münasibətlərimiz uğurla inkişaf etməkdədir".

Süleyman Dəmirəl çıxışında dünyada insan həyatı üçün təhlükəli risklərin aradan qaldırılması, minilliyin inkişaf məqsədlərinin vaxtında və təxirəsalınmadan həyata keçirilməsinin vacibliyinə diqqət çəkdi. Türkiyənin IX Prezidenti Azərbaycan dövlətinin başçısına belə bir mötəbər prosesə rəhbərlik etdiyinə görə minnətdarlıq etdi.

 

* * *

 

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mətyu BRAYZƏ ABŞ-ın sabiq Prezidenti Bill Klintonun forum iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda qeyd olunur ki, dünyada bir milyarda yaxın insan yoxsulluq şəraitində yaşayır və bu cür tədbirlər planetdə baş verən mənfi proseslərin qarşısının alınmasında, onların təsir imkanlarının zəiflədilməsində mühüm rol oynayır.

Bill Klinton məktubunda Azərbaycan və Rusiya prezidentlərinə bu təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlıq etmişdir.

Mətyu Brayzə də Bakı Forumunun humanitar əməkdaşlığın beynəlxalq miqyasda dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

* * *

 

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud ÇAVUŞOĞLU isə diqqəti ən böyük humanitar çağırış kimi birgə yaşayışa çəkdi. Bildirdi ki, mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, müasir Avropanın ən böyük problemlərindən olan ksenofobiya və ekstremizmin qarşısının alınması da böyük humanitar dəstək istəyir və bununla bağlı təşəbbüslərin böyük təsiri ola bilər.

Mövlud Çavusoğlu hələ də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qaçqınların mövcudluğunu humanitar əməkdaşlığa problem yaradan amillərdən biri kimi səciyyələndirərək dedi: "Qaçqınlardan danışarkən cənab Prezidentin xüsusi qeyd etdiyi kimi, biz unutmamalıyıq ki, qaçqınlar və məcburi köçkünlər Azərbaycanda da yaşayırlar. Məhz Dağlıq Qarabağ problemi ucbatından və məhz Azərbaycan torpaqlarının işğalına görə 1 milyon qaçqın və məcburi köçkün Azərbaycanda yaşamaqdadır. Mən bilirəm ki, cənab Prezident və onun hökuməti əlindən gələni edirlər ki, Azərbaycanda çətin vəziyyətdə yaşayan bu insanların həyat standartları yaxşılaşsın. Xüsusilə qadın və uşaqların hələ də çox çətin vəziyyətdə yaşadığını unutmamalıyıq".

 

* * *

 

UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis KARKLİNS Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkilinə görə qurumun baş direktoru İrina Bokovanın təşəkkürlərini Prezident İlham Əliyevə çatdırdı.

Yanis Karklins elmin tərəqqisi, ənənəvi dəyərlərin qorunması, etik məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparmaq baxımından bu forumun əhəmiyyətini yüksək qiymətləndirərək dedi: "Bakı Beynəlxalq Humanitar Forumu mürəkkəb çağırışların idarə edilməsində çox mükəmməl bir platformadır. Mən daha uyğun bir şəhəri bu məsələlərin müzakirəsi üçün tapa bilmirəm. Forumun gündəliyi kifayət qədər zəngin və maraqlıdır. Eyni zamanda, bunların hər biri problemlərin mükəmməl şəkildə həlli yollarını müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir".

 

* * *

 

İSESCO-nun baş direktoru Əbdüləziz bin OSMAN ƏL-TÜVEYCRİ Bakıda tez-tez beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın və Prezident İlham Əliyevin dünyada getdikcə artan mövqeləri ilə əsaslandıraraq bildirdi: "Bakı Beynəlxalq Humanitar Forumu qarşıya qoyulan məqsədlərə, gündəlikdə duran yeni humanitar məsələlərin həllinə nail olmağa imkan verəcəkdir. Qloballaşma dövründə əlavə humanitar tədbirlər beynəlxalq səviyyədə həyata keçiriləcəkdir. Bu isə çox mütərəqqi bir məsələdir və Azərbaycanın sivilizasiyalararası dialoqu gücləndirmək təşəbbüsünün mühüm tərkib hissəsidir. Azərbaycanın yeni təşəbbüsləri beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin həllinə yönəlmişdir.

Zati-aliləri, cənab İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda iqtisadi inkişaf sürətlənmiş, tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən çox mühüm konfranslar keçirilmişdir. Bu tədbirlər, xüsusi vurğulamaq istəyirəm ki, qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa xidmət edir. İSESCO Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və bu vacib tədbirləri birgə təşkil etməkdən məmnunluğunu bildirir.

Bu gün dünyanın diqqəti yenidən bu gözəl paytaxt şəhərinə - Bakıya yönəlmişdir. Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiq edir ki, Azərbaycanın bu cür layihələri həyata keçirməkdə təcrübəsi və potensialı yüksəkdir.

Qəti əminəm ki, Bakı platforması qloballaşan dünyada humanitar dəyərlərin qorunmasına və inkişafına xidmət edəcəkdir.

Mən Bakı Beynəlxalq Humanitar Forumunu alqışlayır və ona işində uğurlar arzulayıram. Dinlədiyinizə görə minnətdaram". 

 

* * *

 

Çıxışlardan sonra forumda iştirak edən nüfuzlu nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər bu cür mötəbər prosesə verdiyi dəstəyə görə bir daha Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırdılar.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

* * *

 

Sonra Beynəlxalq Humanitar Forum işini ikinci plenar iclas ilə davam etdirmişdir.

Moskva Dövlət Universitetinin rektoru Viktor SADOVNİÇİ iclasda çıxış edərək dövlətlər və xalqlar arasında humanitar əməkdaşlıq məsələlərinin belə bir möhtəşəm forumda artıq beynəlxalq miqyasda müzakirə edilməsinin əhəmiyyətini vurğulamışdır.

Azərbaycan və Rusiya arasında əməkdaşlığın çoxtərəfli xarakter daşıdığını bildirən rektor ölkələrimiz arasında xüsusilə təhsil sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirmişdir. O, bu əlaqələrin inkişafında Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığın rolunu qeyd etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Bakıda və Moskvada görüşlərini xatırladan V.Sadovniçi Prezident İlham Əliyevin MDU-dakı nitqini və onun bu təhsil ocağının Fəxri doktoru adı almasını böyük məmnunluqla qeyd etmişdir. 

 

* * *

 

Elmi, mədəni, sosioloji, humanitar məsələlərin müzakirəsi üçün forumun yaxşı fürsət olduğunu deyən Rumıniyanın sabiq Prezidenti Emil KONSTANTİNESKU dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə onun mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir. Vurğulamışdır ki, biz xalqlar və dövlətlər arasında humanitar məsələlərin həllində ortaq məxrəcə gəlmək üçün daha çox görüşməliyik.

 

* * *

 

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd ZEVEYL çıxışında informasiya-kommunikasiya texnologiyalarının, internetin sürətli inkişafı nəticəsində çox qısa vaxt ərzində ölkələr, regionlar və qitələr arasında məlumatların ötürülməsinin mümkün olduğunu bildirmişdir. Dinlərarası münaqişələrin heç bir əsası yoxdur, - deyən natiq dünyada iki milyard insanın internetdən istifadə etdiyini diqqətə çatdırmış, bu problemlərin həllində dünyanın müxtəlif bölgələrində yaşayan insanların səylərini birləşdirməyin əhəmiyyətini qeyd etmişdir.

 

* * *

 

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Ceyms MİRRLİS bildirmişdir ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi ölkələr iqtisadi baxımdan çox böyük problemlərlə üzləşmişlər. Biz iqtisadi inkişafın təmin olunmasına diqqət yetirməklə yanaşı, sağlamlıq, ətraf mühit, təhsil və s. amilləri də nəzərə almalıyıq. Bu baxımdan dünyada bütün sahələrdə əldə edilmiş nailiyyətlər daim izlənməlidir.

 

* * *

 

Forumda iştirakından və Bakıda olmağından sonsuz qürur hissi keçirdiyini bildirən Bolqarıstanın sabiq Prezidenti Jelyu JELEV ölkəmizin dinamik inkişafından məmnunluğunu vurğulamışdır. Mən bu gün Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin məzarını ziyarət etdim. Çox sevindirici haldır ki, ulu öndərin arzuları bu gün Azərbaycan xalqı tərəfindən uğurla həyata keçirilir.

 

* * *

 

Cəmiyyətdəki problemlərin diqqətə çatdırılmasında, humanitar əməkdaşlığın inkişafında yazıçıların rolunu yüksək qiymətləndirən ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad NAYPOL onların bu məsələlərdə daha asan dil tapa bildiklərini vurğulamışdır.

 

* * *

 

Forumda iştirakından məmnunluğunu qeyd edən Slovakiyanın sabiq Prezidenti Rudolf ŞUSTER belə bir möhtəşəm tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Tez-tez baş verən təbii fəlakətlər nəticəsində  dünyanın müxtəlif bölgələrində ərzaq qıtlığı təhlükəsinin yarandığını diqqətə çatdıran R.Şuster ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.

 

* * *

 

Bakıda keçirilən belə bir nüfuzlu tədbirə dəvət aldığı üçün təşəkkürünü bildirən Bolqarıstanın sabiq Prezidenti Peter STOYANOV qlobal istiləşmə və yoxsulluq mövzularının forumda müzakirə ediləcək əsas məsələlərdən olduğunu qeyd etmişdir.

Prezident İlham Əliyevin "multukulturalizm üçün heç bir alternativ yoxdur" sözlərini xüsusi vurğulayan P.Stoyanov bildirmişdir ki, biz yanlış anlaşmalardan qaçmalı, aramızda qarşılıqlı etimad yaratmalıyıq.

Bakı Beynəlxalq Humanitar Forumunun üçüncü plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud KƏRİMOV sürətli sosial-iqtisadi, mədəni-mənəvi inkişafı ilə regionun lider dövlətinə çevrilən ölkəmizin artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, tarixən Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan mədəniyyətinin formalaşmasında burada yaşayan bütün xalqların və dini icmaların misilsiz xidmətləri olmuşdur.

Akademik bildirmişdir ki, müzakirə olunan problemlərə humanitar prinsiplər baxımından yanaşılması forumun mühüm ideya istiqamətlərindən biridir. Forumun əsas məqsədlərindən biri humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelinin müzakirəsidir.

 

* * *

 

Forumda müasir dünyanı düşündürən olduqca ciddi məsələlərin müzakirə edildiyini diqqətə çatdıran Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktoru Vitali İQNATENKO, həmçinin jurnalistlərin davranışı, xüsusən onların hərbi əməliyyatlar şəraitində təhlükəsizliklərinin təmin olunması məsələlərinə toxunulacağını bildirmişdir. O, yüksək texnologiyalar şəraitində ənənəvi medianın və xəbər agentliklərinin çərçivəsində məlumatların sosial şəbəkələrə ötürülməsində balans yaradılmasının vacibliyini vurğulamışdır.

 

* * *

 

Yenidən Bakıda olmağından sonsuz qürur hissi keçirdiyini diqqətə çatdıran Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli DOĞRAMACI humanitar məsələlərin müzakirə olunduğu forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmişdir. Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini deyən natiq, bunun üçün yüksək peşəkarlığa sahib olan mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün biz müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməliyik.

 

* * *

 

Çıxışında polietniklik və çoxmədəniyyətlilik amillərinə xüsusi yer verən Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim PİVOVAR bu amillərin müasir dünyada daha çox aktuallıq  kəsb etdiyini bildirmişdir. Azərbaycanın və Rusiyanın polietniklik və çoxmədəniyyətlilik sahəsində böyük təcrübəyə malik olduqlarını vurğulayan Y.Pivovar ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsində təhsilin inkişafının əhəmiyyətini qeyd etmişdir.

 

* * *

 

Elmin cəmiyyətimizin inkişafına çox böyük təsir etdiyini deyən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY bildirmişdir ki, bununla yanaşı, həyatımızın təməl problemlərini təkcə elmi-texniki tərəqqi, iqtisadi modellərlə həll etmək mümkün deyildir. Bütün ictimai strukturların, konsepsiyaların dəyişikliklərə məruz qalması olduqca fundamental məsələdir. Forumun postmodernist mədəniyyətlərdə ənənəvi dəyərlərlə bağlı olduğunu vurğulayan natiq xarici ölkələrdən müxtəlif sahələri təmsil edən alimlərin və yazıçıların bir araya gələrək bu məsələləri müzakirə etmələrinin vacibliyini vurğulamışdır.

 

* * *

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil AKINCI dünyanın qloballaşdığı bir şəraitdə Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir forumun keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. XXI əsrdə regional və beynəlxalq təşkilatların ümumi maraqların müəyyənləşdirilməsində, regional sülh və sabitliyin qorunmasında rolunun artdığını deyən X.Akıncı rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, Şuranın həyata keçirməyi planlaşdırdığı layihələr arasında humanitar layihələr xüsusi yer tutur.

 

* * *

 

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail KOVALÇUK müasir dünyada elmlərin konvergensiyasından söhbət açmış, texnosferanın mədəni dəyərləri zənginləşdirən əsas amillərdən biri olduğunu bildirmişdir. Müasir dünyamızda yeni inkişaf ideologiyasına ehtiyac yarandığını diqqətə çatdıran alim forumun işinə uğurlar arzulamışdır.

 

* * *

 

Rusiya Elmlər Akademiyasının akademiki, gen mühəndisliyi və biotexnologiya üzrə alim Konstantin SKRYABİN son on ildə genetik məlumatların öyrənilməsi sahəsində mühüm irəliləyişlərin baş verdiyini vurğulamışdır. Son illərdə biotexnologiyaların sürətlə inkişaf etdiyini deyən alim cəmiyyətimizin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində forumun əhəmiyyətini qeyd etmiş, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Bununla forum ilk iş gününü başa çatdırmışdır.

 

* * *

 

Forum oktyabrın 11-də işini panel iclaslarda davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 oktyabr.- S.  2, 3.