Rusiya Prezidenti
Administrasiyasının rəhbəri Sergey Narışkin
ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etmişdir
Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin oktyabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Sergey Narışkin Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.
Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri, eləcə də Dövlət Bayrağı Meydanı barədə məlumat verilmişdir.
Sergey Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 11 oktyabr.-
S. 4.