Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın baş direktoru Aslan Aslanova «Dostluq» ordenini təqdim etmişdir
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanova Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim etmişdir. AzərTAc xəbər verir ki, təntənəli təqdimat mərasimi oktyabrın 10-da Rusiyanın Azərbaycandakı səfirliyində keçirilmişdir.
Sergey Narışkin bildirmişdir ki, Aslan Aslanov bu yüksək dövlət mükafatına Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Rusiya Prezidenti Dmitri Medvedevin Fərmanı ilə layiq görülmüşdür. S.Narışkin demişdir: "Siz Azərbaycanın ən böyük informasiya agentliyinə başçılıq edərək uzun illərdir ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına böyük töhfə verirsiniz. Sizin sayənizdə azərbaycanlılar ölkəmizdə baş verən hadisələr, Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq əlaqələri barədə məlumat əldə edirlər. Rus dilinin mövqeyinin möhkəmlənməsində oynadığınız rolu böyük məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Siz Müstəqil Dövlətlər Birliyi məkanında informasiya siyasətinin möhkəmlənməsi üçün çox iş görürsünüz".
Əlamətdar hadisədir ki, bu təntənəli mərasim bənzərsiz bir layihə olan Birinci Bakı Beynəlxalq Humanitar Forumunun açılışı günü keçirilir. S.Narışkin demişdir ki, bu forumun keçirilməsi ölkələrimiz və xalqlarımız arasında humanitar əlaqələrin əhəmiyyətinin göstəricisidir. O demişdir: "Sizə bu yüksək dövlət mükafatını təqdim etməklə biz fəxr edirik ki, siz Rusiya Federasiyasının bu mükafatına layiq görülmüş tanınmış azərbaycanlılar sırasına qoşulursunuz. Sizə vacib işinizdə və yaradıcı fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
"Bəlkə də Azərbaycan tarixində ilk dəfədir ki, ölkənin informasiya məkanında həm də beynəlxalq müstəvidə fəaliyyət göstərən lider peyda olmuşdur". Bu sözləri İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko demişdir. O vurğulamışdır ki, AzərTAc artıq bütün dünyada tanınır. "AzərTAc Asiya və Sakit okean ölkələri İnformasiya Təşkilatının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin İnformasiya Təşkilatı Alyansının, Avropa İnformasiya Agentlikləri Alyansının fəal üzvüdür. Bütün bunlar bizim dostumuz və həmkarımız Aslan Aslanovun əməyinin bəhrəsidir", - deyə V.İqnatenko qeyd etmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiya dövlətinin yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirərək demişdir: "Bu mükafata Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfəmə görə layiq görülməyimdən xüsusi qürur hissi keçirirəm. Sadə əməyimin bu dərəcədə yüksək qiymətləndirildiyinə görə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə hədsiz minnətdarlığımı bildirmək istəyirəm".
A.Aslanov qeyd etmişdir: "Memarı və qurucusu ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycanın vətəndaşı kimi Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmək mənim üçün böyük şərəfdir. Azərbaycan ilə Rusiya arasında münasibətlərin indiki yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə çatmasında məhz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur". O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir və "həmin siyasi kursa uyğun olaraq biz hamımız Azərbaycan-Rusiya dostluq və qardaşlıq münasibətlərinin daha da genişlənməsi işinə töhfə verməyi özümüzə borc bilirik".
Ordenin təqdiminə görə Sergey Narışkinə minnətdarlığını bildirən A.Aslanov vurğulamışdır ki, Rusiya Prezidenti Administrasiyasının rəhbəri dövlət xadimi kimi ölkələrimizin və xalqlarımızın bir-birinə daha yaxın olmasına böyük səy göstərir.
A.Aslanov demişdir: "Əlamətdar haldır ki, bu mərasim Bakı Beynəlxalq Humanitar Forumunun keçirildiyi günlərə təsadüf edir. Artıq beynəlxalq status almış bu forumun əsasını qoyan bizim ölkələr olmuşdur. Bu forum Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilir və əminəm ki, o, Azərbaycan-Rusiya dostluğunun daha bir rəmzinə çevrilmişdir".
AzərTAc və İTAR-TASS arasında qarşılıqlı əməkdaşlıqdan danışan A.Aslanov qeyd etmişdir ki, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenkonun səyləri sayəsində agentliklərimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatmışdır: "Biz böyük qürur hissi ilə deyirik ki, AzərTAc-ın uğurlarında İTAR-TASS-la AzərTAc arasında dostluq və tərəfdaşlıq münasibətləri mühüm rol oynamışdır. Həm Avropa Xəbər Agentlikləri Alyansı, həm də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri təşkilatında AzərTAc və İTAR-TASS bir-birini dəstəkləyir və bu münasibətlər digər agentliklər üçün nümunə ola bilər. Biz heç vaxt Mixail Qusmanın əlaqələrimizin inkişafına verdiyi töhfələri də yaddan çıxarmırıq və onun dəstəyini daim hiss edirik".
Mükafatlandırma mərasimində
Rusiya Prezidentinin
köməkçisi Cahan Pollıyev, Rusiya Federasiya Şurasının
MDB ölkələri üzrə komitəsinin sədri Andrey Molçanov, Mətbuat
və Kütləvi Kommunikasiyalar üzrə
Federal Agentliyin rəhbəri
Mixail Sislyaventski,
İTAR-TASS-ın baş direktorunun
birinci müavini Mixail Qusman, Rusiyanın
tanınmış nəşrlərinin
nümayəndələri, həmçinin Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu,
Milli Məclisin deputatları, Azərbaycanın
dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, aparıcı KİV-lərin
rəhbərləri iştirak etmişlər.
Azərbaycan.- 2011.- 11 oktyabr.- S. 4.