MDB-nin
üzvü olan ölkələrin Dövlət İnformasiya
Agentlikləri Rəhbərləri Şurasının XIV
iclası keçirilmişdir
Oktyabrın 10-da Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XIV iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, həmin agentliyin vahid xəbərlər xidmətinin baş redaktor müavini Boris Qruşin, BelTA-nın (Belarus) baş direktoru Dmitri Juk, "Ukrinform"un baş direktor müavini Mixail Soroka, həmin agentliyin xarici informasiya redaksiyasının baş redaktor müavini Yaroslav Dovqopol, Tacikistanın "Xovar" milli informasiya agentliyinin Rusiya üzrə xüsusi nümayəndəsi Həlimə Xuşkadamova və MDB İcraiyyə Komitəsinin analitik informasiya departamentinin direktoru Aleksandr Zavarzin iştirak etmişlər.
Tədbirdə çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov iclasın Beynəlxalq Humanitar Forum çərçivəsində və MDB-nin 20 illik yubileyi ərəfəsində keçirilməsinin əhəmiyyətini vurğulamışdır. A.Aslanov ümidvar olduğunu bildirmişdir ki, İnformasiya Şurasının XIV Bakı iclası MDB-nin milli informasiya agentlikləri arasında əməkdaşlığın daha da inkişafına töhfə olacaqdır.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko bildirmişdir ki, MDB ölkələrinin dövlət agentlikləri həm İnformasiya Şurası, həm də digər beynəlxalq media strukturlar daxilində sıx əməkdaşlıq əlaqələri qurmuşlar. O, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.
İclasda MDB-nin 20 illik yubileyi ərəfəsində İnformasiya Şurasının fəaliyyəti, MDB-nin internet portalının inkişaf planları müzakirə edilmiş, "MDB-nin 20 illiyi" ilə bağlı fotosərgi barədə məlumat verilmişdir.
Bundan əlavə, tədbirdə AzərTAc-ın
MDB jurnalistləri arasında "Tarixi-mədəni irsin -
maddi və qeyri-maddi mədəniyyət abidələrinin
qorunub saxlanması" mövzusunda keçirdiyi müsabiqənin
gedişi barədə agentliyin rus dilində baş redaksiyasının
baş redaktoru Tamilla Nuriyevanın hesabatı dinlənilmişdir.
Azərbaycan.- 2011.- 11 oktyabr.-
S. 5.