Görkəmli
şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə
həsr olunmuş müsabiqənin qalibləri
mükafatlandırılmışlar
Oktyabrın 10-da görkəmli ziyalı, böyük şərqşünas alim və parlaq şəxsiyyət Aida xanım İmanquliyevanın anadan olmasından 72 il keçir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli alimin xatirəsinə həsr olunmuş "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə keçirmişdir. Müsabiqədə aspirant, dissertant və gənc alimlər iştirak etmişlər.
AzərTAc xəbər verir ki, oktyabrın 10-da AQUPDK müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı barədə danışmışdır. Qeyd etmişdir ki, artıq bir neçə ildir AQUPDK böyük alimin doğum günü ərəfəsində "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda ənənəvi müsabiqə təşkil edir. Hər müsabiqə yeni-yeni istedadlı mütəxəssisləri üzə çıxarır. Əsas məqsədimiz Aida xanım İmanquliyevanın zəngin ədəbi irsinin dərindən öyrənilməsi və qorunmasıdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş Aida xanım İmanquliyevanın elmi və bədii irsi təkcə onun şəxsi fəaliyyətini əks etdirmir. Şübhəsiz, onun yaradıcılığının bəhrələri bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin, mədəniyyətinin böyük nailiyyətidir.
Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulamışdır ki, Şərq, o cümlədən ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, eyni zamanda, şərəfli bir işdir. Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin.
N.Paşayeva müsabiqə qaliblərini bir daha təbrik etmiş, onlara yeni-yeni uğurlar
arzulamışdır.
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər
Baxşəliyeva, bu
institutun şöbə
müdiri Vilayət Cəfər və Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (ADPU) professoru Elman Quliyev çıxış edərək
Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslıq
elminin inkişafında əvəzsiz xidmətlərindən
danışmışlar. Bildirilmişdir, o, ilk müsəlman şərqşünas
alim qadın kimi bütün
Şərq dünyasında tanınmışdır. Bu vətənpərvər
ziyalı xanımın qələmə aldığı hər
bir əsər, apardığı elmi araşdırmalar ədəbiyyat xəzinəmizin
parlaq nümunəsi kimi müəllifinin
böyük söz sahibi və kamil şəxsiyyət
olduğunu bir daha təsdiq edir. Onun elmi əsərləri
şərqşünaslıq tariximizin nadir inciləri hesab
olunur. AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik
etdiyi dövrdə Aida xanım İmanquliyevanın yüzlərlə
kitab və monoqrafiyası, tərcümə və elmi məqalələr
toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni
əlaqələrinin inkişafında böyük xidmət
göstərmiş, yaradıcı fəaliyyətinin hər
bir istiqaməti ilə qədim Şərqə tükənməz
sevgisini sübut etmişdir.
Tədbir
çərçivəsində Aida xanım
İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb
filologiyası sahəsində gənc alimlərin ən
yaxşı elmi-tədqiqat əsəri" mövzusunda
müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Müsabiqədə
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Kəmalə
Musayeva birinci, ADPU-nın
doktorantı Məlahət Babayeva ikinci, AMEA-nın Şərqşünaslıq
İnstitutunun əməkdaşı Fatma Məcidova və
BDU-nun şərqşünaslıq
fakültəsinin dosenti Gülnur Mahmudova üçüncü
yerlərə layiq görülmüşlər.
Azərbaycan.- 2011.- 11 oktyabr.- S. 5.