Şikayətlənmək üçün əsas yoxdur
- Salam, Abbas müəllim!
- Əleyk.
- Necəsiniz?
- Şikayətlənmək üçün əsas yoxdur...
Bu ibrətamiz mükaliməni ilk dəfə 1972-ci ildə respublika Elmlər Akademiyasının indiki Hüseyn Cavid prospektindəki binasının foyesində eşitmişəm. İllər keçəcək, xalq yazıçısı, ədəbiyyatşünas Elçin görkəmli alim Abbas Zamanovun "Sabir bu gün" kitabına (1985) yazdığı müqəddimədə həmin mükalimə haqqında düşünüb-daşınmalı olacaqdı: "Abbas müəllimin bu cavabı mənim üçün həmişə mənalı, hətta rəsmi səslənir. Çətinliklər də olsa (bu çətinliklər isə olub), yetmişillik bir həyat yolunda kəşməkəşlər də olsa (əlbəttə, bunsuz mümkün deyil), bəzən həyat sərt üzünü göstərsə də... "şikayətim yoxdur".
Yuxarıdakı mükaliməni isə çox yerdə dəfələrlə eşitmişdim. Bunlardan bəzilərini unutmaq çətindir. 1979-cu ilin dekabr ayında Abbas müəllimlə birlikdə görkəmli romantik şairimiz Məhəmməd Hadinin anadan olmasının 100 illik yubileyində iştirak etmək üçün Bakıda Filarmoniyanın binasına daxil olduq. Orada ilk qarşılaşdığımız xalq yazıçısı Süleyman Rəhimov oldu. Dağ qamətli Süleyman Rəhimovla bəstəboylu Abbas Zamanovun söhbətində də "şikayətlənmək üçün əsas yoxdur" kəlamı təkrar edildi. Mərhum yazıçımız sanki Abbas müəllimin vərdiş etdiyi bu cavabı birinci dəfəydi eşidirdi. Mənalı-mənalı ona baxdı. Sifətinə nurlu bir təbəssüm qondu. Lopa bığları yüklənmiş qalın dodaqlarından ikicə kəlmə söz qopdu: "Doğrudan da!.."
...Abbas Zamanov 10 oktyabr 1911-ci ildə Şərur mahalının Maxta kəndində dünyaya göz açıb. Əvvəl molla məktəbində, sonra vaxtilə ustad Mirzə Cəlilin dərs dediyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində təhsil alıb.
Azərbaycanda peşəsindən, hansı sahədə çalışmasından asılı olmayaraq, el-oba hörməti qazanmış nüfuzlu adamlara "müəllim" deyə müraciət etmək bir adətdir. Əgər Abbas Zamanov başqa sahədə çalışsaydı belə, yenə onun adının qarşısında "müəllim" kəlməsi işlənərdi. Çünki o, bütün varlığı ilə mənsub olduğu xalqa təmənnasız xidmət göstərən bir ziyalı, bir neçə nəslin unudulmaz ustad müəllimi olmuşdur. Ancaq bununla yanaşı, Abbas Zamanov orta məktəbdə də dərs deyib, ali məktəblərdə də. Və həmişə ədəbiyyatımızı, zəngin mədəniyyətimizi ürəklə təbliğ edib. Uzun illər Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Hazırda elm və ali təhsil cəbhəsində fəaliyyət göstərən bir çox alimlərimiz ondan müəllimlik, vətəndaşlıq və əsl alimlik dərsi alıb.
Abbas Zamanovun xatirələrində oxuyuruq: "Böyük Vətən müharibəsindən sonra darülfünunun filologiya fakültəsində işə başlamışdım. Müəllimlikdən uzun müddət ayrıldığım üçün, bir növ, yadırğamışdım... Bunu müəllim yoldaşlarımdan birinə açıb dedikdə, o, professor Əli Sultanlının mühazirələrinə qulaq asmağı məsləhət gördü. Mən də belə etdim... Auditoriyada yüzdən artıq tələbə vardı. Mövzu Şekspirdi... O, sadəcə olaraq, mühazirə oxumurdu. Bu zaman professor da, tələbələr də Hamletin faciəsi ilə yaşayırdılar... Əgər onun dediklərini stenoqrafçı yazsa idi, heç bir düzəliş etmədən çapa vermək olardı.
...Böyük sənət əsərini tam əzəməti ilə tələbəyə çatdırmaq, tələbəni sənətkarın yüksək ideallarına tabe etdirmək... yeri gəldikcə, tələbələri sevindirmək, kədərləndirmək və ya qəzəbləndirmək hər müəllimin işi deyil. Bunu ancaq ustad müəllim bacara bilər.
Adətən, dərsin bitdiyini xəbər verən zəng səsini tələbə razılıq hissi ilə qarşılayır. Professor Əli Sultanlının mühazirələrində isə mən bunun əksini gördüm. Zəng səsi mühazirəni dərin bir aludəliklə dinləyən tələbələrdə təəssüf hissi doğururdu".
Ustadı haqqında ürəkdolusu söz açan Abbas müəllimin özü də belə müəllimlərdən biri idi. Yarım əsrdən artıq Azərbaycan ədəbiyyatı tarixindən oxuduğu mühazirələr yaddaşlara yazılıb. Abbas müəllimdə Əli Sultanlı natiqliyi olmasa da, iki mühüm cəhət onun mühazirələrinin fərqləndirici əlaməti kimi diqqəti cəlb edib: yeni arxiv sənədləri, nadir tapıntılar barədə məlumat vermək və vətəndaşlıq mövqeyi. Abbas müəllim həm də universitetin mədəni-ictimai həyatında aparıcı simalardan biri kimi çox iş görmüşdür.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyevin vaxtilə yazdığı xatirələrdən: "Təqribən 30 il əvvəl biz Azərbaycan Dövlət Universitetində tələbə ikən filologiya fakültəsində müntəzəm olaraq keçirilən ədəbi yığıncaqların, görkəmli yazıçılarla görüşlərin, müxtəlif yubiley iclaslarının təşkilində müəllimlərimizdən Abbas Zamanov xüsusilə fəal iştirak edərdi. Abbas müəllim həmin görüşlərin bir çoxu haqqında özü təşəbbüs irəli sürər, sonra isə, necə deyərlər, qolunu çırmalayıb işə girişər, görüşün yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməzdi. Vaxtilə Sabiri yaxından tanıyan, onun şagirdlərindən olan... xəstə təqaüdçünü bu məclislərdən birinə gətirib... xatirələrini söyləmək üçün o, nə qədər səy göstərmişdi. Qocaman yazıçılarımız M.S.Ordubadini, A.Şaiqi, Həmidə xanım Məmmədquluzadəni, görkəmli maarif xadimi Cəmo Cəbrayılbəylini... bizim nəsil ilk dəfə universitetin akt zalında, filologiya fakültəsinin 107 nömrəli böyük auditoriyasında... həmin görüşlərdə şəxsən tanımaq imkanı qazanmışdır..."
Həmin illərin acılı-şirinli xatirələri professor Abbas Zamanovun özünün yaddaşında da dərin iz salmışdır: "1955-ci ilin yanvar ayı idi. O zaman mən universitetin filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin rəhbəri idim. Cəlil Məmmədquluzadənin vəfatının ildönümü günündə Həmidə xanımla tələbələrin görüşünü təşkil etmək, xatirələrini dinləmək istəyirdik. Bu münasibətlə onun evinə getməli oldum. Sən demə, xəstə imiş. Vaxtilə gördüyüm əzəmətindən əsər belə qalmamışdı. Lakin indi də təfəkkürünü, məntiqini itirməmişdi. Sakit-sakit danışır, tez-tez ərini xatırlayırdı: "Cəlil "Anamın kitabı"nı bütün əsərlərindən çox sevirdi...
Təxminən bir ay sonra şəhərə xəbər yayıldı ki, Həmidə xanım vəfat etmişdir. Ertəsi gün onu Fəxri xiyabanda - ərinin yanında dəfn etdik".
Indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri və tələbələri iyirmi ildən çox Abbas müəllimin müşayiətilə Fəxri xiyabana getmiş, ustad Mirzə Cəlillə Həmidə xanımın qoşa məzarını ziyarət etmişlər.
Azərbaycanda Sabir poeziya günlərinin də
təşəbbüskarlarından və əsas təşkilatçılarından
biri Abbas Zamanov olmuşdur. Naxçıvanda Məhəmməd
Tağı Sidqinin, Gəncədə Məhəmməd Hadinin
məzarlarını Abbas Zamanov aşkar edib dəqiqləşdirərək
ictimaiyyətə tanıtmışdır.
Professor
Abbas Zamanovun adı, şöhrəti, alim nüfuzu
keçmiş Sovetlər İttifaqında və xarici ölkələrdə
də bəlli idi. O çətin, mürəkkəb və
qovğalı illərdə xaricdə yaşayan azərbaycanlılarla
çoxcəhətli elmi-mədəni əlaqələrin
yaranmasında Abbas müəllim əvəzsiz xidmətlər
göstərmişdir. Sovet hakimiyyətinin zor dönəmlərində
Avropadakı Azərbaycan mühacirətinin vətənlə əlaqəsi
daha çox onun vasitəsilə mümkün olmuşdur. Ədəbiyyat
və mədəniyyətimizin xarici ölkələrdə təbliği
sahəsində professsor Abbas Zamanov bir elmi-tədqiqat
institutunun kollektivi qədər iş görmüşdür.
Təkcə onu qeyd etmək kifayətdir ki, alimin çətin
dövrlərdə illər uzunu göndərdiyi kitablar əsasında
Türkiyədəki Ərzurum Atatürk Universitetində
xüsusi bir kitabxana yaradılmışdır. "O, yeganə
alimimizdir ki, universitetlərdən birində adına ayrıca
otaqlar var və üzərində "Abbas Zamanovun
bağış kitablığı" sözləri
yazılmış bu otaqlardakı mənəvi sərvət təkcə
onun öz şəxsi hesabına göndərdiyi hədiyyə
kitablarından ibarətdir" (Yaşar Qarayev).
Vaxtilə
Ərzurum Atatürk Universitetində
çalışmış Azərbaycan ədəbiyyatının
Türkiyədəki görkəmli tədqiqatçısı,
"Qardaş ədəbiyyatlar" dərgisinin sahibi və
naşiri Yavuz Akpınar Bakıdan Abbas Zamanov vasitəsilə
aldığı kitablarla bu kitabxananı
yaratmışdır. Ərzurum Atatürk Universitetindəki
"Abbas Zamanov kitabxanası"nda üç mindən
çox kitab var. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin
asan olmadığı sovet hakimiyyəti illərində
yaradılan kitabxana kimi professor Abbas Zamanovun dəyanəti və
fədakarlığı sayəsində, həmçinin Yavuz
Akpınarın Azərbaycan sevdasındakı dönməzlik
nəticəsində meydana çıxmış kitabxanadır.
"Abbas Zamanov kitabxanası" nəinki dünən, hətta
bu gün də Türkiyədəki əsas Azərbaycanşünaslıq
mərkəzidir. Qardaş Türkiyə Cümhuriyyətinin
dörd bir yanından: Ankaradan və Adanadan, İstanbuldan və
İzmirdən, Tokatdan və Qarsdan da gəlib bu "Abbas Zamanov
Azərbaycanşünaslıq mərkəzi"ndən istifadə
edirlər. XX əsrin səksəninci illərində çətin
şəraitdə bu zəngin elm xəzinəsinin necə
yarandığını Abbas Zamanovla Yavuz Akpınarın məktublarından
görmək olur. Abbas Zamanovun 21 aprel 1971-ci ildə Türkiyədə
Ərzurum Atatürk Universitetində cavan məslək dostu
Yavuz Akpınara göndərdiyi məktub mərkəz,
kitabxana yaratmaq, qarşılıqlı əlaqələri
genişləndirmək qayğılarının o zamankı
gedişatını və mahiyyətini başa düşməyə
imkan verir. Məktubda deyilirdi:
"MÖHTƏRƏM YAVUZ AKPINAR
BƏY ƏFƏNDİLƏRİ!
3.IV.71
tarixli məktubunuzu aldım. Ürəkdən təşəkkür
edirəm.
Muzeyimizdə
yeni yubiley sərgilərinin təşkili ilə əlaqədar
olaraq başımız qarışmış, bu səbəb
üzündən Sizə vaxtında kitab göndərilməmişdir.
Bu
gün Sizə beş paket kitab göndərildi. Bundan sonra da
kitab mübadiləmiz fasiləsiz davam etdiriləcəkdir.
Əgər imkanınız olsa, lütf edib, doktor Məhərrəm Ergin bəy tərəfindən hazırlanmış "Dədə Qorqud" elmi nəşrlərini, həmçinin eyni müəllifin "Təməl əsərləri" seriyasından yayınlanmış "Dədə Qorqud" kitabını tapıb muzeyimizə göndərmənizi xahiş edirəm.
Bu kitablar bizə muzeyin "Dədə Qorqud" guşəsində nümayiş etdirilmək üçün lazımdır. Əgər bunları bizə göndərsəniz, muzeyimizə faydalı yardım etmiş olarsınız.
Biz də Sizin sifarişlərinizi məmnuniyyətlə yerinə yetirməyə hazırıq.
Heydər İşıqlı bəy əfəndiyə salam söyləmənizi rica edirəm.
Hörmətlə,
Muzeyin müdiri doktor Abbas Zamanov.
Bakı,
21 aprel 1971-ci il
Bu məktubu
imzalayarkən şair Nəbi Xəzri muzeyə gəldi və
ondan Sizə salam
yetirməyi rica etdi.
A.Z."
Eyni
qayğıkeş və məsuliyyətli münasibəti
professor-doktor Yavuz Akpınarın böyük ustad kimi qəbul
etdiyi, gerçək bir səmimiyyətlə "Abbas əmi"
adlandırdığı Abbas Zamanova məktublarından da
duymaq olur. Aydın görünür ki, digər ölkələrə
yazdığı məktublarında olduğu kimi, Yavuz
Akpınarla yazışmalarında da Abbas Zamanov təkcə
kitab mübadiləsini tənzimləməklə kifayətlənməmiş,
Azərbaycan elmi, ədəbi-mədəni mühitindən xəbərləri
Türkiyə ictimaiyyətinə çatdırmış,
ölkədən alınan kitabları və ədəbiyyat məlumatlarını,
Ərzurum vasitəsilə əldə etdiyi Cənubi Azərbaycan
materiallarını Bakıda yaymışdır. Yavuz
Akpınarın 2 mart 1979-cu ildə Türkiyədən Abbas
Zamanova göndərdiyi aşağıdakı məktub
bütün bunlara şahidlik edir:
"Muhterem efendim, Abbas bey.
Selam eder, sihhat və afiyette olmanızı yüce
Tanrıdan niyaz ederim.
12.2.1979 tarihli son mektubunuzu aldım. Ve hemen cevap
yazıyorum.
...15.12.1978 tarihli mektubunuzda bahs edilen kitapları
aldım. Penah Halilov bəyin SSRİ Halkları Edebiyyatı
Tarihi de geldi. Çok sağ olunuz. Bir kaç gün önce de içinde Resul Riza bəyin
şiir kitaplarının bulunduğu bir paket aldım.
Nevainin Mecallisü-Nefaisi için sizi istemeyerek çok
zahmete soktum.
Bizim Fakültede beş arkadaş bu eserin
edisyon kritikli baskısını hazırlayıp neşr
ettirmek istediyimiz için, bu hususda size israrla yazdım. Eseri temin edemezseniz, üzülmeyiniz. Biz
eserin en kıymetli el yazmalarının mikrofilmlərini
bulmuşuz. Ona yakın nüshadan
karşılaştırma yapıyoruz. Biz
arzu ediyoruz ki, Suyime Hanımın neşrini de mukayise yapalım.
Cenubdan
15-20 gün kadar sonra haberler alabileceyim. Çünki o zaman Üniversite
açılıyor. Oraya gitmiş olan
cenublu telebeler o zaman geri dönecekler. İsmarladığım
kitapların da o zaman gelmesi tabiidir.
Sizden 29.12.1978 tarihinde de K.Talıbzade, E.Tude, F.Mehdi,
T.Bayram və F.Qocanın kitaplarının içinde
olduğu bir paketi almıştım. "Ulduz" ve
"Azerbaycan Kadını" mecmualarını da muntazam
alıyorum.
Sizin
yaşınızda bir insana bu kadar
çok zahmet verdirdiğim için kendimden utanıyorum. Beni bağışlamanızı, başka
çarem olmadığı için hoş görmenizi
hasseten istirham ediyorum.
Türkiye-Sovyetler Birliği arasında imzalanmış
olan dostluk və kültürel mübadele anlaşması
çerçivesi içerisinde Bakuya gelmek için
müracaat etmiştim. Henuz bir cevap çıkmadı.
Size bu mektubumla beraber fakültemizin rahmetli Ahmet
Caferoğlu için çıkardığı iki ciltlik
fevkalede sayıyı ve benim Şehriyar hakkındakı
yazımın ayrı baskılarını gönderiyorum. Bu ayrı
baskıların bazılarını üzerinde yazmış
olduğum şahıslara vermenizi istirham ediyorum.
Sayğı ve sağlık dileklerimle. Ellerinizden
öperim.
Baqi,
selamlar...
Yavuz Akpınar".
Abbas Zamanovun hər həftə dünyanın müxtəlif
ünvanlarına yola saldığı məktublar və
bağlamalar, barat və qəzetlər ayrıca bir poçt
idarəsinin yükünə bərabərdir. "Abbas
Zamanovun poçtu" Azərbaycanın Şərqlə Qərb
arasında ən etibarlı və davamlı
çalışan elm və mədəniyyət
körpüsü olmuşdur. İren Məlikova (Fransa),
Turxan Gənceyi (İngiltərə), Əhməd Şmide
(Almaniya), Əhməd Cəfəroğlu, Yavuz Akpınar, Seyfəddin
Altaylı (Türkiyə), Əbdüllətif Bəndəroğlu,
Əta Tərzibaşı (İraq), Cavad Heyət (İran)
kimi görkəmli ziyalılar həmin "körpü"dən
keçərək Azərbaycana gəlmək, çətin
şəraitdə ölkəmizlə əlaqə yaratmaq
imkanı qazanmışlar. Çoxəsrlik Azərbaycan
mədəniyyətinin nailiyyətləri də həmin
körpü - Abbas Zamanov körpüsü vasitəsilə
dünyaya yayılmışdır. Bəlkə
də bu, yeganə poçtdur ki, dəqiq, müfəssəl
ünvan göstərmədən hər hansı məktubu
öz sahibinə çatdıra bilmişdir.
Dünyanın istənilən nöqtəsindən vətəndaş
alimə göndərilən məktubun üzərində, sadəcə
olaraq, aşağıdakıları yazmaq kifayət
olmuşdur: Bakı-6. Abbas Zamanov. Görkəmli
alimə gələn məktubların üzərinə əgər
Bakı-6 A.Z. sözləri yazılsaydı belə,
ünvanına çata bilərdi. Bu, professor
Abbas Zamanovun beynəlxalq elmi-ədəbi aləmdə nəinki
tanındığını, həm də görkəmli azərbaycançı
alim səviyyəsində qəbul olunduğunu isbat edir.
Aldığı məktublarda onun elmi xidmətləri
haqqında yazılanlar, yaxud da yazışmalar vasitəsilə
aparılan müzakirələr Abbas Zamanovun dünyanın
müxtəlif ölkələrinin elmi dairələrində
böyük nüfuz qazandığını nəzərə
çarpdırır. Məşhur İraq-türkmən ədəbiyyatşünası
Əta Tərzibaşı 27 may 1975-ci ildə Abbas Zamanova
yazmışdı ki, "Elmi əsərlər-6"da
çıxan məqaləniz xoşuma getdi. Hələ
son qismi daha maraqlı idi". İngiltərənin
Edinburq Universitetinin professoru Turxan Gəncəyi Abbas Zamanova
yazdığı məktublarında ona "mənim əziz və
möhtərəm müəllimim Abbas Zamanov" deyə
müraciət etmişdir. O dünyada məşhur olan
türkoloq Abbas Zamanovu "əziz, dəyərli məsləkdaşı"
səviyyəsində qəbul etmişdir. Azərbaycan-İraq
əlaqələrində xüsusi mərhələ
yaratmış mərhum Əbdüllətif Bəndəroğlu
professor, "hörmətli ustad" deyə üz tutduğu
Abbas Zamanova "Bakıdakı bir türkmən təmsilçisi"
kimi yüksək qiymət vermişdir. Fransadan
Azərbaycana göndərdiyi məktublarında
tanınmış şərqşünas İren xanım
Melikova "çox möhtərəm" Abbas müəllimin
xidmətlərindən faydalandığı üçün
ona təşəkkürlərini
çatdırmışdı. Professor
Abbas Zamanovun yazışmalarında Cənubi Azərbaycan ədəbiyyatı,
mühacirət ədəbi irsi, milli ədəbiyyatın təbliği,
tanıdılması, ədəbi-mədəni əlaqələrlə
bağlı aktual məsələlər müzakirə
olunmuşdur. Abbas Zamanov Şərq-Qərb
müstəvisində Azərbaycan elminin, ictimai fikrinin, ədəbiyyatı
və mədəniyyətinin böyük elçisi vəzifəsini
böyük məsuliyyətlə və şərəflə
həyata keçirmişdir. Alman dostu Əhməd
Şmideyə məktubundakı "Xalqımın ədəbiyyatını
sevənlərə xidmət mənim üçün səadətdir"
sözləri Abbas Zamanovun həyat və fəaliyyət
amalını müəyyən etmişdir.
Abbas müəllimin fəaliyyət dairəsi
genişdir. Bunların arasında ədəbiyyatşünaslıq
sahəsində geniş elmi fəaliyyət xüsusi yer tutur.
Abbas Zamanov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının
ən görkəmli tədqiqatçılarından biridir.
O, nəinki Azərbaycanda, demək olar ki, beynəlxalq aləmdə
görkəmli sabirşünas alim kimi
tanınmışdır. Azərbaycan ədəbiyyatşünaslığı
sahəsində yeganə elm adamıdır ki, "Sabir və
müasirləri" adlı əsərinə görə
namizədlik dissertasiyası əsasında o, birbaşa elmlər
doktoru alimlik dərəcəsinə layiq
görülmüşdür. Mirzə Ələkbər
Sabir irsinin tədqiqi, nəşri və təbliği sahəsində
onun çoxillik ardıcıl və səmərəli xidmətləri
sayəsində Azərbaycanda sabirşünaslıq müstəqil
elm sahəsi səviyyəsinə yüksəlmişdir.
"Sabir gülür", "Sabir bu gün", "Sabir
xatirələrdə", "Müasirləri Sabir
haqqında" kitabları gərgin axtarışlardan və
dərin elmi mühakimələrdən yoğrulmuşdur. Bakı, Peterburq və Tiflis arxivlərində
yüzlərlə qovluğun titul səhifəsində Abbas
Zamanovun familiyası və imzası həkk olunmuşdur.
Həmin qovluqlardakı qiymətli ədəbi,
tarixi sənədlər kimi, Abbas müəllimin arxivlərdə
keçən günlərini, onun axtarışlarının əhatə
dairəsini əks etdirən bu titul səhifələrinin
özü də xüsusi bir tarixdir.
Təkcə
M.Ə.Sabirə həsr olunmuş sanballı tədqiqatlar
deyil, S.S.Axundovdan, Ü.Hacıbəylidən, Ə.Haqverdiyevdən,
A.Divanbəyoğlundan, Ö.F.Nemanzadədən, Eynəli bəy
Sultanov, Qurbanəli Şərifzadə və onlarla
başqaları kimi adlı-sanlı ədəbiyyat xadimlərindən
bəhs edən qiymətli elmi məqalələri də ədəbiyyatşünaslığa
dair qiymətli mülahizələrlə yanaşı, həm
də təzə arxiv materiallarından yoğrulmuşdur. Abbas Zamanovun elmi əsərlərinin mənbəşünaslıq
baxımından bazası çox zəngindir. Görkəmli
alimin min bir zəhmətlə toplayıb çap etdirdiyi
"Müasirləri Sabir haqqında" məqalələr və
xatirələr kitabı, kitabdakı böyük
axtarışlar nəticəsində yazılmış
"İzahlar" geniş mənada Azərbaycan
sabirşünaslıq elminin əsas istinadgahıdır.
Mətnşünaslıq professor Abbas Zamanovun elmi fəaliyyətinin
ayrılmaz tərkib hissəsidir. Mirzə Cəlil, M.Ə.Sabir,
Hüseyn Cavid haqqındakı xatirələrin bir qismini o, əsrin
əvvəllərinin dövri mətbuatından tapıb
üzə çıxarmış, bu görkəmli şəxsiyyətlərin
müasirlərinin dilindən eşidib yazıya
köçürmüşdür. Ə.Qəmküsar,
E.Sultanov və S.M.Qənizadənin əsərlərinin tərtibi
və ilk nəşrləri Abbas müəllimin adı ilə
bağlıdır. O, M.Ə.Sabirin "Hophopnamə"sinin
də əsas naşirlərindən biridir. Onun
filologiya elmləri doktoru Kamran Əliyevlə birlikdə
Bakıda nəşr etdirdiyi "Mollanəsrəddinçi
şairlər" kitabı mətnşünaslıq elminin
nailiyyətlərindəndir. Turxan Gəncəyi Abbas
Zamanova göndərdiyi məktubda "Mollanəsrəddinçi
şairlər" kitabının əhəmiyyətindən
bəhs edərək yazmışdı: "Bu həftə
"Mollanəsrəddinçi şairlər"
kitabını aldım. Həqiqətən, bu,
böyük bir işdir. Bu şairlərin
unudulmuş təxəllüslərindən kimlər
olduqlarını təsbit etmək ədəbiyyat tariximiz
üçün son dərəcə faydalı və
lazımlı, vacib bir işdir. Zaman
keçdikcə bunları təsbit etmək çətinləşə
bilərdi".
Böyük demokrat Cəlil Məmmədquluzadənin
haqqında yazılmış məqalələrin və xatirələrin
toplanılıb kitab halında nəşr edilməsi 1967-ci
ildə professor Abbas Zamanovun təşəbbüsü ilə
həyata keçirilmişdir. O, Mirzə Ələkbər Sabirin
görkəmli tədqiqatçısı, Cəlil Məmmədquluzadənin
isə böyük təəssübkeşi idi. Ədibin Bakıdakı, Şərur rayonunun
keçmiş Baş Noraşen kəndində, Cəlilkənddəki
muzeylərində onun təqdim etdiyi çoxsaylı sənədlər
saxlanılır. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat
Muzeyində Abbas müəllimin göndərdiyi sənədlər
və materiallardan ibarət xüsusi fond
yaradılmışdır. Əməkdar elm xadimi Abbas Zamanov
bu fikirdə idi ki, Cəlil Məmmədquluzadənin əsərləri
və "Molla Nəsrəddin" jurnalı olmasaydı, XX əsrin
əvvəllərinin ictimai-siyasi və ədəbi-mədəni
mühiti boş görünərdi.
M.Ə.Sabirin Abbas müəllimin tərtibində ərəb
əlifbası ilə Azərbaycan dilində nəşr
olunmuş "Hophopnamə"si Şərq ölkələrində
böyük maraq doğurmuşdur. Məktublarından
görünür ki, türk-müsəlman aləminin ayrı-ayrı
ölkələrindən Abbas müəllimə bu kitabla
bağlı çoxsaylı sifarişlər və rəylər
gəlmişdir. Vaxtilə bu qəbildən olan
sifarişlərdən birinə - "Hophopnamə"nin
göstərilən nəşrindən bir nüsxəsini min
tümənə almaq istəyən Təbrizin
tanınmış ədəbiyyatşünası Hacı Məhəmməd
Naxçıvaninin oğlu Əli Təbriziyə
yazdığı cavab alimin milli ədəbiyyata bəslədiyi
yüksək vətəndaş münasibətini
açıq-aydın ifadə edir. Məktubda deyilirdi:
"Sabiri sevənlərə biz "Hophopnamə"ni təmənnasız
göndəririk. O ki qaldı min tümən məsələsinə,
deməliyəm ki, mənim aləmimdə dünyanın
bütün daş-qaşı bir yerə toplansa, yenə də
"Hophopnamə"nin qiymətini ödəməz".
Böyük vətəndaş alim Abbas Zamanov milli ədəbiyyatşünaslıq
elminin görkəmli nümayəndəsi idi. O, böyük iradəsi və
yüksək vətəndaşlıq mövqeyi ilə zəmanəsinə
qalib gəlmişdi. Dünyanın nəhəng
dövlətlərindən biri olan Sovetlər İttifaqı
zamanında Abbas müəllim qədər açıq və
qəti vətəndaşlıq mövqeyini ifadə etməyi
bacarmaq hər ziyalının işi deyildi. Professor Abbas Zamanov üçün Azərbaycan
amalı şəxsi həyatından da ucada
dayanmışdır. O, XX əsrin sovet dövlətində
yaşayıb-yaratmış ən görkəmli azərbaycanşünas
alimlərdən biri olmuşdur. Keçən
yüzilliyin ikinci yarısında Kremldə yerləşmiş
erməni qruplaşmasının təsiri ilə
Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi
məsələsi ictimai rəyi formalaşdırmaq
üçün ictimai mühitə sızdırılanda
Abbas Zamanovun etiraz səsi bütün ölkəyə
yayılmışdı. Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin indiki İstiqlal
küçəsindəki binasında 29 mart 1960-cı il tarixdə
akademik Məmməd Arif Dadaşzadənin sədrliyi ilə
xalq şairi Səməd Vurğunun vəfatının
ildönümünə həsr olunmuş xatirə gecəsində
Abbas Zamanov söz alıb çıxış edərək
mövzuya heç dəxli olmadığı halda fürsətdən
istifadə edib qəti şəkildə demişdir:
"Naxçıvan qədim Azərbaycan
torpağıdır. Qara niyyətlərinizdən əl
çəkin, daşnaklar! Naxçıvan
heç zaman ermənilərin olmayacaq!"
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
tapşırığı ilə bu məsələ Bakı
Dövlət Universitetinin partiya bürosunun iclasında
müzakirə olunarkən etdiyi çıxışdan
peşman olduğunu bəyan etdiyi təqdirdə yüngül
cəza veriləcəyi xəbəri ona çatdırılsa
da, Abbas Zamanov mövqeyini dəyişmədiyini bildirmiş və
buna görə də Kommunist Partiyası sıralarından
çıxarılmağı və universitetin müəllimliyi
vəzifəsindən azad olunmağı mərdliklə qəbul
etmişdi.
Professor
Abbas Zamanovun 1968-1971-ci illərdə Bakıda Nizami Gəncəvi
adına Azərbaycan ədəbiyyatı muzeyinin direktoru vəzifəsində
çalışarkən "mürtəce pantürkist"
damğası vurularaq xalq düşməni elan olunmuş
böyük ədib və ideoloq Əlibəy Hüseynzadənin
Fransanın paytaxtı Paris şəhərində yaşayan
oğlu, tanınmış rəssam Səlim Turanın rəsm
əsərlərinin orijinalını Bakıya gətirdib
muzeyin açıq sərgisində nümayiş etdirməsi
də zamanına görə böyük cəsarətin ifadəsi
idi.
Ölkəmizdəki ən
zəngin elmi məxəz və ədəbi-tarixi xəzinələrdən
biri də Abbas Zamanovun şəxsi arxividir. Nadir əlyazmalarından
tutmuş, yalnız xoşbəxt təsadüf nəticəsində
yeganə nüsxəsi mühafizə edilib qalan kitablara qədər,
müxtəlif qitələrdən alınmış minlərlə
məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək
bu qeyri-adi arxivdə saxlanılan sənədlər təkcə
bir nəfər vətəndaş alimin deyil,
bütövlükdə Abbas Zamanov dövrünün tarixi
oçerklərini yaratmaqda əvəzedilməz mənbələrdir.
Ədəbiyyat və mədəniyyətimizin,
ayrı-ayrı ədəbi-tarixi şəxsiyyətlərin həyat
və yaradıcılığının bir çox naməlum
səhifələri dövlət arxivlərində deyil, məhz
Abbas Zamanovun şəxsi arxivində saxlanılmaqdadır.
Və bu arxivə "dopusk", xüsusi icazə
almaq dövlət arxivlərindən heç də asan deyildi.
Bunun üçün Abbas müəllimin və onun təkcə
vəfalı ömür-gün yoldaşı yox, həm də
ləyaqətli "əməl dostu" olan Asya
xanımın etibarını qazanmaq kimi məsuliyyətli bir
vəzifənin öhdəsindən gəlməyi bacarmaq
lazım idi.
Ümumiyyətlə,
Abbas Zamanov görkəmli bir ədəbiyyatşünas kimi tədqiq
etdiyi yazıçılara qiymət verərkən onların əsərlərinin
bədii dəyəri ilə əməllərinin vəhdətinə
xüsusi diqqət yetirmişdir. Bu mənada
1979-cu ildə Bakıda nəşr edilmiş "Əməl
dostları" kitabı həm də Abbas Zamanovun ədəbiyyata
yanaşma metodunun düsturu kimi başa düşülə
bilər. Abbas Zamanov özü də
adlı-sanlı alim kimi dəyərli tədqiqat əsərləri
ilə yanaşı, həm də əməl dostluğu ilə
yaddaşlara hopmuşdur. Abbas Zamanov XX əsrdə
yaşayıb-yaratmış böyük əməlpərvər
alim-vətəndaş kimi tanınmışdır.
Yaş etibarilə sonrakı nəsli təmsil etməsinə
baxmayaraq, o, özündən bir qədər əvvəl
yaşayıb-yaratmış görkəmli
yazıçıların həyatına, mühitinə,
yaradıcılıq dünyasına o qədər
canyanğısı ilə, qədirşünaslıqla daxil
olmuşdur ki, bir çox kiçik, incə, lakin maraqlı və
əhəmiyyətli detalları üzə
çıxarıb elə şəkildə təqdim etməyi
bacarmışdı ki, oxucu əsərlərini oxuyarkən
onun da sanki həmin dövrdə Cəlil Məmmədquluzadə
və Mirzə Ələkbər Sabirlə birlikdə
yaşayıb-işlədiyini,
düşünüb-çalışdığını
güman edir. "Sabir və müasirləri"
kitabının müəllifi Abbas Zamanov həm də
böyük satirik sənətkarımız Mirzə Ələkbər
Sabirin müasiri kimi görünür, Cəlil Məmmədquluzadənin
əməl dostlarından birinə çevrilir.
Böyük vətəndaş
alim Abbas Zamanov üçün dostluq anlayışı məslək
dostluğu səviyyəsində qəbul edilmişdir.
Abbas Zamanovun müasirləri içərisində professor Əziz
Şərif, xalq şairi Rəsul Rza, məşhur
teatrşünas Cəfər Cəfərov, akademik Məmməd
Cəfər Cəfərov və professor Həmid Məmmədzadə
və bir neçə başqaları ilə münasibətləri
məslək dostluğundan, əqidə
bütövlüyü nümunəsindən
yoğrulmuşdur. Əziz Şərif - Abbas
Zamanov, Rəsul Rza - Abbas Zamanov dostluğu mənəvi
münasibətlərin sədlərini aşaraq ədəbiyyat
tarixi hadisəsinə çevrilmişdir. Bu
görkəmli sənətkarların məslək
dostluğunu Azərbaycan ədəbiyyatı tarixində Cəlil
Məmmədquluzadə ilə Mirzə Ələkbər
Sabirin, Hüseyn Cavid və Abdulla Şaiqin əqidə
qardaşlıqları ilə müqayisə etmək olar.
Abbas Zamanovla Əziz Şərifin dostluğu Azərbaycan ədəbiyyatı,
elmi və mədəniyyətinin Moskvada və ümumən
Rusiyada geniş miqyasda tanıdılmasına ayrıca institut qədər xidmət
göstərən səmərəli bir fəaliyyətə həsr
olunmuşdur. Bu məslək dostluğu
insanlararası münasibətlərdə əqidə
bütövlüyünə, insan etibarına, kişilik
ölçüsündə böyük dostluğa örnəkdir.
Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər
Sabirin, Molla Pənah Vaqifin və başqalarının əsərlərinin
Moskvada rus dilində müfəssəl nəşrləri Əziz
Şərif - Abbas Zamanov dostluğunun bəhrələridir.
Eyni zamanda, Əziz Şərifin Bakıda çap edilmiş
"Keçmiş günlərdən", "Molla Nəsrəddin"
necə yarandı", "Atam və mən",
"Tapıntılar" və sair əsərlərinin
korrekturasından tutmuş redaktəsinə, çapına və
yayılmasına qədərki bütün məsələlər
Abbas Zamanovun bilavasitə iştirakı, rəhbərliyi və
nəzarəti ilə böyük məsuliyyətlə həyata
keçirilmişdir. Abbas Zamanov və Əziz
Şərif dostluğundan ədəbiyyatımız və mədəniyyətimiz
çox şey qazanmışdır.
Xalq şairi Rəsul
Rza ilə professor Abbas Zamanovun dostluğu Azərbaycanda sovet
dövrünün çətinlikləri şəraitində
Azərbaycançı milli elmin və düşüncənin
inkişafına, daha da genişlənməsinə şərəflə
xidmət etmişdir. Rəsul Rza - Abbas Zamanov - Cəfər
Cəfərov elmi-ədəbi cəbhəsi, onların
qarşılıqlı və səmərəli əməkdaşlığı,
üçlü Başkanlıq prinsipi üstündə
qurulmuş dostluğu XX əsrin ikinci yarısı Azərbaycan
elmi-mədəni mühitində fəal vətəndaşlıq
mövqeyinin və ümummilli mənafelərin müdafiə
olunmasına şərait yaratmışdır. Abbas
Zamanov hər iki məslək dostunun Azərbaycan ədəbiyyatında
və elmindəki movqelərini həmişə müdafiə
etmişdir. Xalq şairi Rəsul Rzanın "Rənglər"
şeirlər silsiləsi kimi böyük sənət
şedevrlərinin mübahisə və müzakirə obyektinə
çevrildiyi zamanlarda Abbas Zamanov Bakıdan Londonda yaşayan
dostu, professor Turxan Gəncəyiyə yazmışdı ki,
necə olur ki, "başqaları "Rənglər"i
öz dillərinə tərcümə edib başa
düşürlər, amma biz onları başa
düşmürük?!" Professor Turxan Gəncəyinin
Abbas Zamanova yazdığı məktublarda xalq şairi Rəsul
Rzanın yaradıcılığına, xüsusən "Rənglər"
silsiləsinə dair çox əhəmiyyətli, cəlbedici
məqamlara rast gəlirik. Turxan Gəncəyinin məktublarında
oxuyuruq: "Rənglər"i Britaniya muzeyi kitabxanasından
tapdım. İndi əlimdə bir foto surəti
var. ...Mən bu əsəri son günlərdə dəfələrcə
oxudum. Çox sevdim. Modern
Azərbaycan ədəbiyyatında bu qədər qüvvətli,
mühüm və dərin bir şeir yoxdur - deyə bilərəm.
...Anar
sağ olsun, mənə Bakıda atasının üç
cildlik şeirlərini bağışlamışdı. Bu cildlərdə bu şeirlər (yəni, "Rənglər"
- İ.H.) yoxdur. Nazim Hikmət "Rənglər"
silsiləsi haqqında deyirdi ki, "bu poemada (silsilə
şeirlər nəzərdə tutulur - İ.H.) Rəsul Rza özünü ötüb
keçib".
Beləliklə,
Abbas Zamanov - Rəsul Rza dostluğu Azərbaycan ədəbiyyatının
qüdrətli bir nümayəndəsinin nəinki xarici
ölkələrdə təbliğinə, hətta müdafiə
olunmasına, onun haqqında geniş miqyasda yüksək
ictimai rəyin formalaşdırılmasına müsbət təsir
göstərmişdir.
Abbas Zamanov da Kommunist Partiyası sıralarından və
işdən çıxarıldıqda onunla ünsiyyətini
kəsməyən, ona axıradək dayaq duranlardan biri Rəsul
Rza olmuşdur.
Xalq yazıçısı Anara görə, müharibə cəbhələri
səngərlərinin sınaqlarında möhkəm
bünövrəsi qoyulan və həyatın çətin
dolaylarında bərkiyib möhkəmlənən, həmişə
ədəbi-ictimai fikrin inkişafına xidmət edən Abbas
Zamanov - Rəsul Rza - Cəfər Cəfərov münasibətləri
məsuliyyətli, etibarlı və uzunömürlü əqidə
dostluğuna örnəkdir. Bu görkəmli şəxsiyyətlərin
məslək dostluğu Anarın baxışlarında
yaxşı mənada ənənəyə çevrilən və
ədəbi prosesə işıq salan elm və sənət
dostluğunun ibrətamiz nümunəsi kimi təqdim olunur:
"Cəfər Cəfərovla əvvəlcədən dost və
həmkar olsa da, İkinci Dünya müharibəsinin
ağır günləri, Krım cəbhəsində qəzetdə
birgə çalışmaları onları daha da
yaxınlaşdırmışdı. Və fəxr
edirəm ki, Abbas müəllimin belə çətin cəbhə
sınaqlarından çıxmış dostlarından biri də
atam Rəsul Rza idi. Bu dostluq da ömürləri
boyu davam etdi və atam dünyasını dəyişəndə
Abbas müəllimin bu itkiyə necə
acıdığını, onun hıçqırıqlarını,
göz yaşlarını heç vaxt unutmaram. Rəsul Rzanın xatirəsinə həsr etdiyi
"Kişi şair" yazısında Abbas müəllim bu
dostluğun müxtəlif mərhələləri haqqında
son dərəcə qiymətli və səmimi etiraflar
etmişdir.
Bu
dostluğun istisini mən də daima hiss edirdim: Abbas müəllim
"Adamın adamı" pyesimin Şəki tamaşası
haqqında mətbuatda ürək sözünü deyəndə
də, böyük Mirzə Cəlilə həsr olunmuş
"Qəm pəncərəsi" filmim haqqında fikir
söyləyəndə də. Bu, yalnız
görkəmli mütəxəssisin rəyi deyildi, həm də
ailəmizlə olan ənənəvi
mehribanlığının, doğmalığının ifadəsi
idi. Onu da heç vaxt unutmaram ki,
yazıçılarımızın IX Qurultayında bəzi
dost saydığım adamlar dönük çıxıb mənə
arxadan bıçaq vuranda Abbas müəllim mərd-mərdanə
məni müdafiə etdi".
Ustad Mirzə
Cəlilin uca sənəti ilə bütöv məsləkini
həyat üçün də, sənət üçün
də örnək hesab edən, böyük satirik Mirzə Ələkbər
Sabirin "Molla Nəsrəddin" meydanlarındakı mərd-mərdanə
ədəbiyyat döyüşlərini bütün qüdrəti
ilə elmdə ifadə edən, xalq şairi Rəsul Rzanı
"Kişi şair" kimi səciyyələndirən Abbas
Zamanov özü də elmdə və cəmiyyətdə
tutduğu işıqlı və dəyişməz mövqeyi
ilə Kişi alim olmağın nümunəsini göstərmişdir.
Burasını da
xüsusi qeyd etməyə ehtiyac var ki, hazırda müxtəlif
ölkələrdə yaşayıb-yaradan görkəmli
alimlərin şəxsi arxivlərində,
respublikamızdakı, demək olar ki, bütün muzey və
kitabxanaların fondlarında, əksər
ziyalılarımızın qovluqlarında Abbas müəllimin
yüzlərlə məktub və teleqramı vardır.
Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Əziz
Şərif və başqaları kimi nadir ziyalılarımızın
ənənəsinə sadiq qalaraq o, ünvanına gələn
bütün məktublara cavab yazmış, aldığı və
yola saldığı məktubların səliqəli kataloqunu
tərtib etmiş, böyük əksəriyyətinin surətini
çıxarıb saxlamışdır. Bu sətirlərin
müəllifinin arxivində də Abbas müəllimin
göndərdiyi bir sıra məktublar vardır. Abbas
Zamanovun bənzərsiz dünyasını bütün incəliklərinə
qədər səciyyələndirən həmin məktublardan
bəzi məqamları oxuculara çatdırmağı
faydalı hesab edirəm:
"Göndərdiyin
"Kitablar aləmində" (eyniadlı jurnal nəzərdə
tutulur - İ.H.) məni həm sevindirdi, həm də kədərləndirdi.
Çünki unudulmaz dostumuz,
qardaşımız Firidun Hüseynovun son yazısı
"İntibah carçısı" məqaləsi burada dərc
olunmuşdur. "Molla Nəsrəddin" haqqında
mollanəsrəddinamə məqaləsi... Bu məqaləni
oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz
demək ustalığı ilə bir daha üz-üzə gəldim.
Firidun nadir insan, nadir dost, nadir alim,
nadir şəxs idi, daha doğrusu, nadir şəxsiyyət
idi. İndi onun yeri hər gün
görünür. Özü də necə
görünür? Hayıf Firidundan. Sevdiyi,
sədaqətlə xidmət etdiyi Vətən torpağı
halaldı ona. Məzarı nurla dolsun.
Gərək Firidun belə tez getməyəydi... Daha yaza bilmirəm...
Bakı, mart, A.Z.".
Görkəmli şair Hüseyn Cavidin, professor Əziz
Şərifin cənazələrinin Naxçıvana gətirilməsində
dövlət səviyyəsində həyata keçirilən
tədbirlərlə yanaşı, Abbas Zamanovun da özünəməxsus
xidməti vardır. O, hər iki tarixi dəfn mərasimində yaxından
iştirak etmiş, vida sözü söyləmişdir. Sonrakı məktublarında isə dönə-dönə
Cavidin və Əziz Şərifin məzarının
götürülməsi, abadlaşdırılması məsələləri
ilə ciddi surətdə maraqlanmışdır. Arxivimdə
həmin münasibətlə mənə, filologiya elmləri
doktoru, professor Yavuz Axundluya müraciətlə
yazılmış məktublar vardır. Yaşının
ixtiyar çağında bəzən bir ayda eyni mövzuda
üç-dörd məktub yazıb yola salmışdır.
Çox vaxt iki-üç cümlədən
ibarət olan məktublar elm və mədəniyyətimizə
qayğıya, dostluq borcuna sədaqətə nümunədir.
Bir dəfə Abbas müəllim professor Əziz Şəriflə
Naxçıvana gəlmişdi. Eşidən kimi
görüşünə getdik. Hal-əhvaldan
sonra professor Yavuz Axundlu məxsusi olaraq Abbas müəllimin
kefini soruşdu. Yenə də ənənəvi cavab:
"Şikayətlənmək üçün əsas
yoxdur". Əziz Şərif dilləndi: -Yox bir, hələ
əsas da olacaq!
Həqiqətən belədir. Keçilən məsuliyyətli
və şərəfli ömür yolu bunu qəti şəkildə
təsdiq edib.
Böyük
vətəndaş alim, professor Abbas Zamanovun 1 aprel 1993-cü
ildə dünyasını dəyişməsi ilə əlaqədar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvandan Bakıya göndərdiyi
başsağlığı teleqramındakı
aşağıdakı dəyərli fikirlər bu vətənpərvər
və fədakar elm xadiminin xidmətlərinə verilən
yüksək qiymətin ifadəsidir: "Böyük alim, Azərbaycan
elminin, ədəbiyyatının, mədəniyyətinin
inkişafında öz fədakar əməyi ilə əvəzsiz
rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Ədəbiyyatımızın bir çox ölkələrdə
tanınması və təbliğ olunması onun adı ilə
bağlıdır. Şübhə yoxdur
ki, Abbas Zamanovun yaratdığı əsərlərdən
milli mədəniyyətimiz gələcəkdə də
istifadə edəcəkdir".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Abbas
Zamanovun 100 illik yubileyi haqqında"kı 5 oktyabr 2011-ci il
tarixli sərəncamında "milli ədəbiyyatşünaslığın
bir məktəb kimi formalaşdırılması və
inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər
göstərmiş,... xalqımızın bədii-ictimai fikir
tarixinin tədqiqi, eləcə də mədəni irsimizin və
mənəvi sərvətlərimizin təbliği işinə
mühüm töhfələr vermiş" böyük vətəndaş
alim barəsində dövlət səviyyəsində səslənən
fikirlər, habelə alimin elmi irsinin nəşri və xatirəsinin
əbədiləşdirilməsi sahəsində həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər
ölkəmizdə milli ziyalılığa, elmə və
alimə bəslənilən yüksək ehtiramın və
qayğıkeş münasibətin əməli göstəricisidir.
Bakıda və Naxçıvanda keçirilən
genişmiqyaslı simpoziumlarla, Naxçıvan MR Ali Məclisi
Sədrinin sərəncamı əsasında Naxçıvan
şəhərində yeni salınmış məhəllələrdən
birində adına verilmiş abad
küçə ilə müşayiət olunan və davam etməkdə
olan tədbirlər, haqqında çap edilən kitablar və
elmi məqalələr professor Abbas Zamanovun simasında
müstəqil Azərbaycan dövlətinin elm siyasətinin
konkret nəticələridir.
Əməkdar
elm xadimi, görkəmli alim və böyük Azərbaycan
ziyalısı Abbas Zamanovun elmimizin və ictimai fikrimizin
inkişafı sahəsində səmərəli fəaliyyətini,
Vətənə xidmət nümunəsi olan şərəfli
ömür yolunu göz önünə gətirərkən və
bu unudulmaz, parlaq şəxsiyyətin xatirəsinin müstəqil
dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyinin
şahidləri olaraq düşünürsən:
Doğrudan
da, şikayətlənmək üçün heç bir əsas
yoxdur, əksinə, daxilən qürur duymağa, iftixar hissi
keçirməyə dəyər!
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin rektoru,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 11 oktyabr.- S. 6.