Bakıda «Sərhədlər
üzərindən əlaqələrin qurulması» mövzusunda beynəlxalq konfrans
keçirilir
Oktyabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisində GUAM Parlament Assambleyası (PA) və Baltik Assambleyasının birgə təşkilatçılığı ilə "Sərhədlər üzərindən əlaqələrin qurulması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elton Məmmədov konfransı açaraq qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bu tədbir münasibətləri son illər yeni mərhələyə yüksələn iki assambleyanın əməkdaşlığının dərinləşməsinə xidmət edəcəkdir. Dünyada gedən proseslər regional əməkdaşlığın yeni formatını zəruri edir və bu istiqamətdə konkret addımlar atılır. Müstəqilliyinin 20 illiyini qeyd edən GUAM-a üzv ölkələr ötən dövrdə böyük nailiyyətlər əldə etmişlər. Azərbaycanın reallaşdırdığı sosial-iqtisadi inkişaf strategiyası buna yaxşı nümunədir.
Elton Məmmədov GUAM ərazisində dondurulmuş münaqişələrdən danışaraq problemin həllində təşəbbüslərin əhəmiyyətli olduğunu bildirmişdir. O demişdir ki, bu məsələdə dövlətlərin ərazi bütövlüyünün təminatı başlıca şərtdir.
Moldova nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Anatoli Dimitriu tədbirin təşkilinə görə Azərbaycan hökumətinə və parlamentinə minnətdarlığını bildirmişdir. O demişdir ki, GUAM PA-nın Bakıda keçirilən iclası quruma üzv olan ölkələrin Avropa İttifaqına yaxınlaşması üçün böyük əhəmiyyət daşıyır. Gələcəkdə azad ticarət zonasının yaradılması, nəqliyyat, turizm sahələrində layihələrin reallaşdırılmasının böyük əhəmiyyəti olacaqdır.
Baltik Assambleyasının vitse-prezidenti Yanis Reirs Baltik ölkələrinin enerji təminatındakı mövcud vəziyyətdən söz açmış, bu sahədə köhnə sistemdən asılı olduqlarını qeyd etmişdir. Qonaq enerji təminatı sahəsində GUAM-a üzv ölkələrlə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
Sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycanın enerji sahəsindəki potensialından və əməkdaşlıq əlaqələrindən danışmışdır. O demişdir ki, ölkəmizi xarici bazarlarla birləşdirən 7 neft-qaz kəməri vardır. Son illərdə aparılan texniki və texnoloji tədbirlər sayəsində gün ərzində dünya bazarına 750-800 min barel xam neft çıxarılır. "Şahdəniz" yatağının kəşfi və qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi geniş imkanlara sahib olan Azərbaycanın dünyadakı rolunu daha da artırmışdır.
Estoniyanın İqtisadi İşlər və Kommunikasiyalar Nazirliyinin şöbə direktoru Jako Reinaste, Ukraynanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Anatoli Matviyenko və başqaları çıxış edərək əsas diqqəti enerji təhlükəsizliyinin təminatı məsələsinə yönəltmişlər.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili gələn il quruma Azərbaycanın sədrlik edəcəyi dövrdə enerji layihələrinin gündəmdə olacağına ümidvar olduğunu söyləmişdir.
Konfrans işini
oktyabrın 11-də davam etdirəcəkdir.
Azərbaycan.- 2011.-11 oktyabr.- S. 7.