«Sərhədlər
üzərindən əlaqələrin qurulması» adlı
beynəlxalq konfrans bölgədəki həqiqətlərin
geniş coğrafi məkanda insanlara
çatdırılmasında mühüm əhəmiyyət
kəsb edir
Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşlər.
O.Əsədov GUAM Parlament Assambleyası (PA) və Baltik Assambleyasının təşəbbüsü ilə Bakıda belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirmişdir.
Bildirmişdir ki, konfransda enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, Avropaya inteqrasiya, elmi əməkdaşlıq mövzularında aparılan müzakirələr bu cür tədbirlərin gələcəkdə davam etdirilməsinin vacibliyindən xəbər verir. Konfransda qaldırılan məsələlər GUAM PA-ya və Baltik Assambleyasına üzv ölkələri düşündürən, gündəlikdə duran, bəzi hallarda isə öz həllini gözləyən məsələlərdir. Biz bu cür regional təşkilatlar arasında əlaqələrin gələcəkdə də genişləndirilməsini önəmli hesab edirik. Hər iki təşkilatdakı deputatlar öz səlahiyyətləri çərçivəsində dövlətlərarası münasibətlərin, o cümlədən regional qurumlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilərlər.
Milli Məclisin sədri qeyd etmişdir ki, hər iki təşkilata üzv ölkələrin dövlət başçıları müxtəlif beynəlxalq tədbirlərdə tez-tez görüşür, tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparırlar. Azərbaycan rəhbərliyi Baltik Assambleyasına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verir. Avropaya inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Birgə konfrans bölgədəki həqiqətlərin geniş bir coğrafi məkanda yaşayan insanlara çatdırılması baxımından da əhəmiyyətlidir. Biz gələcəkdə də GUAM PA ilə Baltik Assambleyası arasında əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik.
Baltik Assambleyasının vitse-prezidenti, qurumda Latviya nümayəndə heyətinin rəhbəri Yanis Reirs Milli Məclisdə keçirilmiş birgə beynəlxalq konfransı yüksək qiymətləndirmişdir. O, konfransın yekunlarına həsr olunmuş sənəddə GUAM daxilindəki münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasının vacibliyinin xüsusi vurğulandığını söyləmişdir.
Görüşdə belə bir inam ifadə edilmişdir ki, GUAM ilə Baltik Assambleyasının əlaqələri hər iki təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin inkişafına müsbət təsirini göstərəcəkdir.
GUAM PA-nın sədri, Moldova nümayəndə heyət
inin rəhbəri Anatoli Dimitriu qonaqpərvərliyə və konfransın keçirilməsi üçün Milli Məclisdə yaradılmış şəraitə görə minnətdarlığını bildirmişdir. O, konfransın yüksək səviyyədə keçdiyini, müzakirə olunan məsələlərin region dövlətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 12 oktyabr.- S., 1.