Türkiyənin
IX Prezidenti Süleyman Dəmirəl Dövlət
Bayrağı Meydanı ilə tanış olmuş, Milli
Parkı gəzmişdir
Oktyabrın 11-də Türkyənin IX Prezidenti Süleyman Dəmirəl Azərbaycana səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Türkiyənin IX Prezidenti Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Sonra Süleyman Dəmirələ İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında meydanın ətrafında həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir.
Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılan hörmətli qonaq Dənizkənarı Milli Parkı gəzmişdir.
Qonağa məlumat verildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara "Milli Park" statusu verilmişdir. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkından sonra Avropada ikincidir.
Qeyd edildi ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilmiş, yaşıllıq artırılmış, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və digər gəzinti marşrutları işləyir.
Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaratdı.
AzərTAc
Azərbaycan.- 2011.- 12 oktyabr.-
S. 2.