AŞ PA mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirir

 

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın AŞ PA ilə sıx əməkdaşlıq etdiyini söyləyən nazir E.Məmmədyarov bu əlaqələrin bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini vurğulamışdır. M.Çavuşoğlu Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırmış və bu forumun multikulturalizmin inkişafına böyük tövhə verəcəyinə əminliyini bildirmişdir. O, mədəniyyətlərarası dialoqun aparılmasında ölkəmizin rolunun AŞ PA tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  2.