Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmışdır

 

Forumun Bəyannaməsi qəbul olunmuşdur

 

Oktyabrın 11-də Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işini yeddi bölmə iclasında davam etdirmişdir.

"Sosial jurnalistika və yüksək texnologiyalar", "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalaretika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Elmlərin konvergensiyası" mövzularında keçirilmiş bölmə iclaslarında son dərəcə səmərəli, məzmunlu və maraqlı diskussiyalar aparılmışdır. Forumda müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektləri müzakirə olunmuşdur.

Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.

AzərTAc forumun ikinci gününün gedişini bölmə iclasları üzrə şərh edir.

 

Sosial jurnalistika və yüksək texnologiyalar qloballaşma dövrünün yeni meyilləridir

 

Oktyabrın 11-də "Kempinski Badamdar" hotel kompleksində Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclası keçirilmişdir.

İclasda jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi məsələsinin müzakirə olunması təsadüfi deyildir. Çünki bu məsələ XXI əsrin sosial sifarişlərindən biridir.

Bölmə iclasının gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə olunmuşdur. Birinci paneldə ənənəvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələr, ikincidə qloballaşma dövründə informasiya sahəsində yeni meyillər, üçüncüdə isə sosial medianın regional siyasətə bəzən səmərəli təsiri, hətta tarixin axarını dəyişmək qabiliyyəti müzakirə edilmişdir.

Panelləri Bakı Beynəlxalq Humanitar Forumunun işinin informasiya dəstəyini təmin edən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS, eləcə də Türkiyənin Anadolu informasiya agentliklərinin rəhbərləri aparmışlar.

İclasda dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, məsləhətçilər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələr və s. iştirak etmişlər.

Şərti olaraq "XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər" adlandırılmış birinci paneli AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları Bakı Beynəlxalq Humanitar Forumunda salamlamış, onlara səmərəli , maraqlı diskussiyalar arzu etmişdir.

"Bu tədbirin keçirilməsi ideyası meydana gələndə o, dinamik inkişaf edən bir dövlətin paytaxtında elə bir nüfuzlu beynəlxalq platforma yaradılması kimi nəzərdə tutulmuşdur ki, dünya elminin və mədəniyyətinin görkəmli xadimləri, tanınmış ekspertlər yeni minillikdə bəşəriyyətin qarşılaşdığı qlobal humanitar mövzuları müzakirə etmək üçün həmin məkanda toplaşsınlar", - deyən baş direktor vurğulamışdır ki, həqiqətən, bu gün gənc müstəqil Azərbaycan dövləti bütün iqtisadi göstəricilər üzrə regional liderdirburada belə bir platformanın təsis edilməsi tamamilə məntiqli və vaxtında atılan addımdır. Digər tərəfdən, bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşan dünyamızın mövcud şəraiti nəzərə alınmaqla XXI əsrdə gedən proseslərin müzakirə olunmasını mütləq zərurətə çevirir. Hazırda dünyada o qədər humanitar məsələlər yığılıb qalmışdır ki, onların müzakirəsinin zəruri olduğunu diktə edən yeni gündəmin formalaşmasından danışmağın əsl vaxtıdır.

Birinci panelin moderatoru İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko isə vurğulamışdır ki, medianın yeni forması olan sosial jurnalistika inkişaf etməkdədir. Sosial jurnalistika bir çox sahələrin inkişafına da öz təsirini göstərir. Ənənəvi media ilə yeni sosial medianın bir-birindən fərqləndiyini deyən Vitali İqnatenko qeyd etmişdir ki, bunları ayırmaq lazımdır. Bu istiqamətdə bir sıra ciddi addımlar atılmalıdır. Sosial şəbəkələr insan həyatının bütün sahələrinə təsir göstərir. Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır.

Assoşieyted Press agentliyinin direktor müavini Tomas Kent jurnalistikada yeni və köhnə modellərdən danışaraq vurğulamışdır ki, medianın ənənəvi növləri ilə yanaşı, sosial media məxsusi özəlliklərə, funksiya və peşəkar texnoloji xüsusiyyətlərə malikdir. Bütün bunlar yeni tipologiyanın ortaya çıxması barədə fikir yürütməyimizə imkan verir. Sosial media dinləyiciləri, oxucuları, tamaşaçıları təkcə baş vermiş hadisələrlə bağlı məlumatlandırmır, eyni zamanda, müxtəlif məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmasına da geniş imkanlar yaradır.

UNESCO-nun baş direktorunun informasiyakommunikasiya məsələləri üzrə müavini Yanis Karklins məruzəsində qeyd etmişdir ki, bu gün informasiya texnologiyaları kommunikasiyalar üçün əvvəllər məlum olmayan yeni yollar açır. Bu gün dünyada 2  milyard adam internetdən istifadə edir, jurnalistika isə ənənəvi kütləvi informasiya vasitəsidir. Bu gün ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balansın yaradılması çox vacibdir.

"Moskovski komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev, Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, "Oqonyok" jurnalının baş redaktoru Viktor Loşak və Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Aynur Bəşirli mövzu ilə bağlı çıxış etmişlər. Baş direktor Kamal Öztürk demişdir ki, KİV-nin hazırkı nümayəndələri jurnalistikadakı köklü dəyişikliyi yaxşı dərk etməli, cəmiyyətin tələbatlarını düzgün müəyyənləşdirməli və məhz yeni modellərə və tələblərə cavab verən məhsulları inkişaf etdirməlidirlər. Ənənəvi KİV üçün iki fəaliyyət istiqaməti mövcuddur: informasiya yarışında sosial mediadan istifadə etmək və kütlənin əsas ünsiyyət vasitəsi olmaq. Lakin bu, yüksək peşəkarlığa əsaslanan jurnalistikanın prinsiplərini dəyişməməlidir.

Anadolu Agentliyinin baş direktoru Kamal Öztürkün moderatorluğu ilə keçən "Qloballaşan dünyada qlobal media və xəbər istehsalında yüksək texnologiyaların inteqrasiyası" mövzusunda ikinci panel də maraqlı diskussiyalarla yadda qalmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov "Multimedia informasiya agentliklərinin işində yeni səhifədir" mövzusunda məruzə ilə çıxış edərək demişdir ki, panelin mövzuları qlobal inkişafda və bəşəriyyətin ümumi tərəqqisində elmi-texniki nailiyyətlərin artmaqda olan rolunu əks etdirir. Bu rolun əhəmiyyəti media sektorunda hi-tech nailiyyətlərinin tətbiq edilməsi prosesində xüsusilə aşkar görünür.

- Cəmiyyətlər, dünya nizamı dəyişdikcə media da dəyişmişdir - deyən baş direktor bildirmişdir ki, bəşəriyyət lap yaxın vaxtlarda yeni minilliyə qədəm qoyarkən onu müşayiət edən təhdidlərə bizim cəmiyyətlərin hazır olması bu gün dünya jurnalistikasında ən çox müzakirə edilən mövzulardan biridir.

Aslan Aslanov vurğulamışdır ki, internetin bugünkü istifadəçiləri isə artıq yeni multimedia inqilabının mərkəzindədirlər. İnformasiya agentliyinin arsenalında mətnli məlumatlarla yanaşı, video və audioxəbərlərin də olması artıq heç kəsi təəccübləndirmir.

- Bir sıra agentliklərin veb-saytlarına daxil olanda xəbər materiallarının bu növünün toplandığı bölmələri görmək olar - deyən AzərTAc-ın baş direktoru qeyd etmişdir ki, həmin agentliklərin çoxu videomaterialların yayılmasında müxtəlif, məsələn, "YouTube" kimi ixtisaslaşdırılmış videoportalların resurslarından istifadə edir. Lakin AzərTAc da daxil olmaqla agentliklərin çoxunun özlərinin texniki imkanları vardır. Məsələn, AzərTAc ixtisaslaşdırılmış portalların xidmətlərindən istifadə etməyə heç bir ehtiyac duymadan özünün xarici tərəfdaşlarından əsla geri qalmır. İstehlakçılar AzərTAc-ın İnternet resursları vasitəsilə əlyetərli olan səsli informasiyadan da geniş istifadə edirlər.

Pakistanın Preston Universitetinin rektoru Basit Abdul,  Latviyanın "Petit" nəşriyyat evinin rəhbəri Aleksey Şeynin, Bakı Dövlət Universitetinin dosenti,  Azərbaycan Jurnalistləri Milli Konqresinin sədri Zaur Babayev sosial jurnalistikanın qloballaşma dövründə informasiya sahəsində yeni meyillərdən, qloballaşmanın ənənəvi mediaya, informasiya istehsalına və onun istehlakçılarına təsirindən, qloballaşmış iqtisadiyyatın informasiya sektorundakı rolundan danışmışlar. Bundan əlavə, paneldə yeni media-texnologiyaların müxtəlifliyi, habelə informasiya istehsalçılarının gündəlik peşə fəaliyyətində bu müxtəliflikdən necə istifadə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc-ın AlmaniyaÇexiya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçən "Sosial media və siyasət: inteqrasiya və (yaxud) qütbləşmə?" mövzusunda üçüncü paneldə də səmərəli və məzmunlu müzakirələr aparılmışdır.

ABŞ-ın  təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə eksperti Ariel Koen, "The Diplomatic Insight" jurnalının baş redaktoru Nur Mohammad Asif, BDU-nun müəllimləri Təranə MahmudovaVüqar Əliyev, "TV-Sentr" telekanalının tanınmış icmalçısı Leonid Mleçin, İordaniyalı ekspert Cəmil Əli Nimer sosial medianın milliregional siyasətə təsirindən danışmışlar.

Qeyd olunmuşdur ki, bu ilin sonunadək dünyada sosial şəbəkələrə üzv olan insanların sayının 1 milyarda çatması gözlənilir. Hazırda "YouTube"yə bir dəqiqədə orta hesabla 48 saatlıq video yüklənir. "Twitter" vasitəsilə hər gün 200 milyon mesaj göndərilir. 800 milyondan çox üzvü olan "Facebook"da üzvlərin bir gündə yüklədiyi fotoşəklin sayı orta hesabla 250 milyondan çoxdur.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  3.