«Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi» mövzusunda bölmə iclası maraqlı diskussiyalarla yadda qalmışdır

 

Bakı Beynəlxalq Humanitar Forumunun "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi" mövzusunda bölmə iclası Gənc Tamaşaçılar Teatrında keçirilmişdir.

Rusiya Federasiyası Prezidentinin Mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkovun sədrliyi ilə keçən iclasın birinci bölməsində "Mədəniyyətin universallaşması qloballaşmanın problemi kimi" mövzusunda çıxışlar olmuşdur.

M.Şvidkov Bakı Beynəlxalq Humanitar Forumunun və bölmə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin başçısına iştirakçılar adından minnətdarlığını bildirmişdir.

Sədr demişdir ki, son dövrlərdə dünyada mədəniyyətlərin, mədəni irsin qorunması və inkişafı sahəsində bir sıra mühüm addımlar atılmışdır. Mədəniyyət sahəsində modernləşmə artıq özünün müsbət cəhətlərini göstərməkdədir. Sübut olunmuşdur ki, sivilizasiyalararası münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolu danılmazdır.

Bildirilmişdir ki, ötən əsrin 50-60-cı illərində postmodernist meyillər ortaya çıxmışdır. Avropada da bu proses gedir. Lakin postmodernist mədəniyyət hələ də dünyada tam təşəkkül tapmamışdır. Əsas məqsəd bu məsələ ilə əlaqədar alimlərin, filosofların fikirlərini dinləməkdir.

Sonra mədəniyyətin universallaşması və qloballaşma ilə bağlı çıxışlar olmuşdur.

Rusiya yazıçısı Dmitri Bıkov mədəniyyətdə modernləşmənin təzahürlərindən danışmışdır. O, bəzi ölkələrdə arxaik mədəniyyət növlərinin hələ də qorunub saxlanıldığını vurğulamış, bu meylin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Azərbaycanlı alim fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova çıxışında Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən danışmışdır. O, tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanın üzləşdiyi problemdən bəhs etmiş, xalqımızın 20 ildir ki, Ermənistanın həm fiziki, həm də mənəvi təcavüzünə məruz qaldığını diqqətə çatdırmışdır.

Tanınmış kinorejissor Andrey Konçalovski, Avropa Şurasının gənclər və idman məsələləri üzrə direktor müavini Bunes Ulrix, Nobel mükafatı laureatı yazıçı Naypol Vidiadxar Suracprasad, Türkiyənin Topqapı Sarayının direktoru İlbert Ortaylı və başqaları çıxış edərək qloballaşan dünyada çoxmədəniyyətliliyin təzahürləri barədə fikirlərini bölüşmüşlər. Natiqlər Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri, tolerantlıq mühitini yüksək qiymətləndirmişlər. Çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, insanlara mənəvi təzyiqlərin nəticələri daha ağır olur, ona görə də münaqişələr tezliklə həllini tapmalı, xalqlar və millətlər mənəvi təzyiqlərdən xilas olunmalıdırlar.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrliyi ilə davam edən ikinci paneldə isə "Postmodern mədəniyyətin dinamikasının ritmləri" mövzusu müzakirə olunmuşdur.

S.Seyidov demişdir ki, sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə örnək olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsi ənənə halı almışdır. Bu gün Azərbaycanda katolik, pravoslav kilsələrinin, sinaqoqların yüksək səviyyədə fəaliyyət göstərdiyini vurğulayan panel sədri, Bakının mədəniyyətlərin paytaxtı kimi də tanındığını bildirmişdir. O, elm və mədəniyyət  xadimlərinin, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin müsbət bəhrəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Sonra Rusiya nümayəndə heyətinin üzvü, fəlsəfə elmləri doktoru Nelli Motroşilova, Böyük Britaniyanın Qlazko Universitetinin professoru Donnel Hyu, Rusiya pravoslav kilsəsinin yepiskopu Sergey Zvonaqyev və başqaları çıxış edərək postmodernist mədəniyyətin inkişafında icma mədəniyyətinin, şəxsiyyətin rolundan danışmış, Azərbaycandakı mədəni və dini dözümlülüyü yüksək qiymətləndirmişlər.

Polşa Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun professoru Sezar Vodzinskinin moderatorluğu ilə davam edən üçüncü paneldə  müzakirə olunan "Postmodern mədəniyyətində mənəvi şəxsiyyət modeli" mövzusunun müzakirəsi də canlı diskussiya şəraitində keçmişdir.

Çıxışlarda, ilk növbədə, forumun, eləcə də bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin deyil, əlaqələrin hərtərəfli inkişafına da böyük töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə milli  musiqimizin inkişaf tarixi, Avropa mədəniyyətinin öyrənilməsi, mədəniyyətin modernləşməsi ilə bağlı görülən işlər barədə məlumat vermiş, postmodernist mədəniyyətin mahiyyətindən danışmışdır.

Tehran Universitetinin dünya elmləri fakültəsinin professoru Əmir-Əhmədi Bəhram, Almaniyanın Humboldt Universitetinin professoru Aux Eva-Mariya və digərləri çıxış etmiş, mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirmişlər. Azərbaycanda gənc nəslin özündən böyüyə, eləcə də kiçiyə göstərdiyi hörmət və ehtiram xüsusilə yüksək dəyərləndirilmiş və bunun digər ölkələr üçün nümunə olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, hər bir dövlətin gələcəyi  gənclərin elmə, təhsilə cəlb olunması ilə sıx bağlıdır. Azərbaycanda bu istiqamətdə görülən işlər də təqdirəlayiqdir.

Çıxışlarda sivilizasiyalararası müharibələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyillərin mənfi təzahürləri barədə fikirlər səslənmişdir. Qeyd olunmuşdur ki, müasir siyasi istiqamətlər insani, ekoloji, mədəni problemlər nəzərə alınmadan reallaşdırıla bilməz. Elm, mədəniyyət adamları, filosoflar, siyasətçilər humanitar qloballaşmanın reallaşdırılması üçün yeni yollar axtarmalıdırlar.

Səməd Seyidov müzakirələrə yekun vurmuş, səslənmiş fikirlərə, rəy və təkliflərə, Azərbaycana verdikləri yüksək qiymətə görə minnətdarlıq etmişdir.

 

* * *

 

Bütün bölmə iclaslarında Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi müzakirə olunaraq səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

Bununla da, iki günlük Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa çatdırmışdır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  4.