Azərbaycan-Fransa əməkdaşlığı yeni inkişaf mərhələsində

 

Fransa Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verəcək

 

Avropanın ən böyüknüfuzlu dövlətlərindən biri olan Fransa ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu da təsadüfi deyildir. Qədim tarixi, zəngin mədəniyyəti olan Fransa xalqı dünya sivilizasiyasına böyük töhfələr vermiş, insan hüquq və azadlıqlarına dair ilk təkmil nəzəriyyələr, cərəyanlar formalaşdırmışdır. Azərbaycanla Fransa arasında tarixi hələ orta əsrlərə təsadüf edən əməkdaşlıq mövcud olsa da, əlaqələr yalnız respublikamızın müstəqillik qazanmasından sonra dinamik inkişaf etməyə başlamışdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Fransanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerinirolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Fransanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi. 1992-ci ildə Bakıda səfirliyini açmaqla Fransa bu niyyətini bir daha qabarıq şəkildə göstərdi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Fransa ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu ölkənin Avropa siyasi arenasına təsir imkanlarını nəzərə alan ulu öndər ilk xarici rəsmi səfərini 1993-cü ilin dekabrında məhz Fransaya etməsi həm də Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya niyyətinin rəmzi ifadəsi idi. Erməni lobbisinin güclü olduğu bir ölkəyə səfər edən Heydər Əliyev böyük diplomatik səylər hesabına bu dövlətdə  Azərbaycan  barədə yanlış olaraq formalaşmış mənfi ictimai rəyi nisbətən aradan qaldırmağa, respublikamızla bağlı həqiqətləri Fransa ictimaiyyətinə dolğun şəkildə çatdırmağa nail oldu. Ulu öndərin sonrakı mərhələdə - 1995, 1997 və 2001-ci illərdə Fransaya müntəzəm səfərlər etməsi iki ölkə arasında dinamik inkişafı stimullaşdıran bir sıra saziş və müqavilələrin imzalanması, mühüm razılaşmaların əldə olunması ilə nəticələndi. Bu müqavilələr neft-qaz sənayesi sahəsində əməkdaşlığı, ticarət, investisiyaların qarşılıqlı təşviqi və qorunması, elmi-texniki, humanitar sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tuturdu.

Ulu öndərin xarici siyasət kursunu inamla davam etdirən Prezident İlham Əliyev ötən müddətdə Fransa ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Dövlət başçısı seçildikdən sonra cənab İlham Əliyevin eynilə ulu öndər Heydər Əliyev kimi ilk xarici səfərə məhz Fransadan başlaması da bunun əyani təsdiqidir. "1993-cü ildə Prezident Heydər Əliyev ilk rəsmi səfərini Fransadan başladı. Mən də ilk rəsmi səfərimi sizin ölkədən başlayıram. Bunun həm də rəmzi mənası var" - deyən cənab İlham Əliyev bunu 2004-cü ilin yanvarında Fransaya səfəri zamanı bildirmişdi. Prezident İlham Əliyev Fransaya səfəri müddətində bütün rəsmi danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini əsas mövzu kimi diqqətdə saxlamışdı. Bu ölkənin hakimiyyət rəsmiləri, siyasi elitası, işgüzar dairələrinin təmsilçiləri ilə görüşlərdə, eləcə də Fransa KİV-ə müsahibələrində Azərbaycan Prezidentinin toxunduğu ilk məsələ bu idi. Həmin dövrdə Fransa Prezidenti Jak Şirak görüş zamanı ölkəsinin münaqişənin həllində ədalətli mövqe tutacağını bir daha bəyan etmişdi. ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın bu mövqedən çıxış etməsi Azərbaycan üçün kifayət qədər prinsipial əhəmiyyət daşıyırdı.

Ümumiyyətlə, Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan- Fransa əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad güclənmişdir. Fransa ilə bütün sahələrdə əməkdaşlığın güclənməsinə Prezident İlham Əliyevin 2007-ci ilin 29-31 yanvarında adıçəkilən ölkəyə etdiyi dövlət səfəri də mühüm təsir göstərmişdir. Səfər zamanı Azərbaycan Prezidenti Fransanın dövlət başçısı ilə bütün məsələlər ətrafında fikir mübadiləsi aparmış, Fransaya dövlət səfərinin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirmişdi.

Prezident İlham Əliyevin dövlət səfərini yüksək qiymətləndirən Fransa rəhbərliyi bu səfərin ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açacağını bəyan etmişdir. Səfər zamanı hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən birgə sazişlər imzalanmışdır. Bu sırada mədəniyyət və turizm, mülki müdafiə və təhlükəsizlik, elmi əməkdaşlıq, kitabxanamuzey işi sahələrində ikitərəfli əməkdaşlığa dair imzalanan mühüm sənədlər dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində də oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir, Azərbaycanın dövlət başçısı Fransaya səfəri zamanı ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirildiyini, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün də əlverişli biznes mühitinin olduğunu diqqətə çatdırmışdır. Prezident İlham Əliyevin Fransaya dövlət səfərinin ən əhəmiyyətli məqamlarından biri də Azərbaycan Prezidentinin bu ölkənin ən yüksək ordeni ilə təltif edilməsi idi. Öz növbəsində Fransa Prezidenti də Azərbaycanın ən ali - "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

Prezident Nikola Sarkozinin dəvəti ilə 2007-ci ilin noyabrında Azərbaycan Prezidentinin Fransaya ikinci dövlət səfəri də analitiklər tərəfindən mühüm hadisə kimi qiymətləndirilmişdir. Nikola Sarkozi bu səfərin ikitərəfli əlaqələrə ciddi təkan verəcəyinə əminliyini ifadə etmiş, son illər münasibətlərin yüksək inkişaf dinamikasından da razı qaldığını bildirmişdir. Prezident İlham Əliyev, öz növbəsində, Azərbaycan - Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, Prezident kimi ilk rəsmi səfərini məhz bu ölkəyə etdiyini razılıqla xatırlatmışdır. Cənab İlham Əliyev Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində Fransanın dəstəyini yüksək qiymətləndirdiyini bir daha xüsusi qeyd etmişdir. Sonrakı dövrlərdə ən müxtəlif səviyyələrdə keçirilən görüşlərdə ölkə başçıları əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini bildirmişlər.

Fransa Prezidenti Nikola Sarkozinin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin daha da inkişafına ciddi təkan verəcəkdir. Ölkə başçılarının görüşündə Azərbaycan ilə Fransa arasında ikitərfəli münasibətlərin  müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişləncəyinə əminlik bildirildi.

Nikola Sarkozinin ölkəmizə səfəri zamanı Bakıda Fransız liseyinin təməlqoyma mərasimi də keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətənədaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisələrində davam etdirmək imkanı qazanacaqlar.

Fransa Prezidentinin rəsmi səfəri çərçivsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunumuşdur.

Prezidenti İlham Əliyev bu səfərin əhəmiyyəti barədə danışarkən bildirmişdi: "Sizin səfərinz tarixi xarakter daşıyır. İlk dəfə olarq Fransa Prezidenti Azərbaycana səfər edir.

Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır. Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu yaxınlarda "Şərq tərəfdaşlığı" zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir.

Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu vardır. Bu əlaqələrin inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra da dəstəyini göstərəcəkdir".

Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Fransa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Paris Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçünvacib önəm daşıyır. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin  dinamik inkişaf etdiyini bildirmişdi: "Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq da çox uğurla inkişaf edir. Deyə bilərəm ki, bu ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dolları keçmişdir və gələcək inkişaf üçün imkanlar vardır. Ümid edirəm ki, ilin sonuna qədər bu rəqəm 4 milyard dollara çatacaqdır. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

Onlar ekologiya, ətraf mühitin qorunması ilə bağlı müxtəlif layihələri icra edirlər. Azərbaycanda məişət tullantıları zavodu Fransa şirkəti tərəfindən tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa şirkətləri iştirak edirlər. Bizim birinci telekommunikasiya peykimizi orbitə Fransa şirkəti qaldıracaqdır. Yəni bu sahədə də əməkdaşlıq üçün yaxşı imkanlar var".

Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər həyata keçirilir. Ölkələrimiz arasında mövcud olan münasibətlər, bu münasibətlərin inkişaf meyilləri belə bir proqnozdan çıxış etməyə əsas verir ki, Azərbaycan-Fransa əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək, bu əlaqələr regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir. Bakıda Fransız liseyinin təməlqoyma mərasimində Prezident Nikola Sarkozi bildirmişdi: "Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, həm strateji tərəfdaşlıqda özünü əks etdirir, həm də qeyd edim ki, mədəniyyətdə...

Möhtərəm Prezident! Əziz İlham! Mənimlə birlikdə liseyin yaranmasını qərara almaqla Siz mədəniyyət rəngarəngliyini və Frankafoniyanı seçmiş olursunuz. Bu, cəsarətli seçimuğurlu gələcəkdir. Fransa bütün sahələrdə Sizin dostunuzdur, Sizin tərəfdaşınızdır. Siz bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq, azadlıq, insan hüquqları və demokratiya kimi bəşəri dəyərlərin daşıyıcısıdır. Nüfuzunuzla, bu gözəl layihəni müdafiə etməklə Siz bu dəyərlərə dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən bu münasibətlə Sizi təbrik edirəm".

Bu gün Azərbaycanla Fransa arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Fransa Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  6.