Təhlükəsizlik
sahəsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir
Qloballaşan
dünya mütərəqqi proseslərlə yanaşı,
dövlətlərin təhlükəsizliyi baxımından
müəyyən potensial təhdidləri də ön plana
çıxarır. Elə buna görə də təsadüfi
deyil ki, müasir dövr təhlükəsizlik sahəsində
tədbirlərin davamlı və daha çevik olmasını
tələb edir. Şərqlə Qərbi birləşdirən
geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin
başlıca təminatçısına çevrilən,
milli-etnik və dini dözümlülüyün yüksək
səviyyəsinə görə fərqli sivilizasiyaları,
müxtəlif mədəniyyətləri bir araya gətirən
Azərbaycan üçün milli təhlükəsizliyin hərtərəfli
təminatı xüsusilə aktualdır.
Son
illərdə isə Azərbaycanın dinamik inkişafı,
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və digər
iqtisadi layihələrin işə düşməsi təhlükəsizlik
məsələlərini respublikamız üçün əsas
vəzifələrdən birinə çevirir. Azərbaycan
üçün təhlükəsizlik məsələlərinin
xüsusilə önəm kəsb etməsi həm də Ermənistanın
respublikamıza qarşı hərbi təcavüzünü
bu gün də davam etdirməsi ilə şərtlənir. Bu
münaqişənin Ermənistanın qeyri-konstruktiv və
işğalçı mövqeyi üzündən həllini
tapmaması bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə
maneədir. Çünki işğal olunmuş torpaqların
terrorçuların hazırlanması, narkotik maddələrin
becərilməsi və daşınması, silah
qaçaqmalçılığı məqsədilə
istifadə edilməsi nəinki ölkəmizin,
bütövlüklə bölgənin təhlükəsizliyinə
birbaşa təhdiddir.
Bu
gün Azərbaycanda həyata keçirilən effektiv milli təhlükəsizlik
siyasətinin qarşısında təhdidin istənilən
forması acizdir. Bu siyasətin əsasını uzaqgörənliklə
qoyan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra müstəqil Azərbaycanın xilas
edilməsi istiqamətində göstərdiyi fədakarlıqlar
nəticə etibarilə dövlətçiliyimizin milli təhlükəsizliyini
təmin etmişdir.
Heydər
Əliyevin müstəqil Azərbaycanın xüsusi xidmət
orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə
uyğunlaşdırılmasında və inkişafında
xidmətləri misilsizdir. Ulu öndər təhlükəsizlik
orqanlarının xalqın və dövlətin maraqlarına
xidmət edən çevik, mütəşəkkil orqana
çevrilməsi naminə səylə
çalışmış, peşəkar milli kadrların
hazırlanması məsələsinə xüsusi diqqətlə
yanaşmışdır. Heydər Əliyev 1998-ci il
dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının yaradılması barədə sərəncam
imzalamışdır. Bununla da Azərbaycanda ilk dəfə xüsusi xidmət orqanları
üçün milli kadrların hazırlanması işinin təməli
qoyulmuşdur.
Ümummilli
lider Heydər Əliyevin müəyyən etdiyi milli təhlükəsizlik
prioritetləri, onun sözügedən istiqamətdə
atdığı addımlar, etdiyi diplomatik manevrlər Prezident
İlham Əliyev tərəfindən layiqincə davam
etdirilir. Prezident İlham Əliyevin siyasi fəaliyyətində
milli maraqlar fonunda formalaşan təhlükəsizliyin
etibarlı şəkildə təmin olunması əsas yerlərdən
birini tutur. Prezident İlham Əliyev sürətlə
inkişaf edən və müxtəlif sahələrdə
inanılmaz uğurlara imza atan müstəqil
respublikamızın milli təhlükəsizliyinin
qorunmasını vacib məsələ kimi önə çəkmişdir.
Bunu dövlət başçısının praktik fəaliyyətində,
həyata keçirdiyi işlərdə aydın görmək
olar. Respublikamızın müstəqilliyini, ərazi
bütövlüyünü, konstitusiya quruluşunu, ölkənin
milli maraqlarını daxili və xarici təhdidlərdən
qorumağa yönəlmiş siyasətin prinsip və
yanaşmalarının müəyyən edilməsi məqsədilə
Prezident İlham Əliyev 23 may 2007-ci ildə Azərbaycanın
Milli Təhlükəsizlik Konsepsiyasını təsdiq
etmişdir. Bu konsepsiya ilk növbədə təhlükəsizlik
məsələlərinin nəzəri konseptual problemlərinin
geniş və hərtərəfli həll olunması
baxımından mükəmməl bir sənəddir.
2004-cü ildə isə "Milli təhlükəsizlik
haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının qanunları qəbul edilmişdir.
Son
illərin reallıqları göstərir ki, təhlükəsizliyə
olan təhdidlər, adətən, bir ölkənin sərhədləri
daxilində formalaşmır. Məsələn, mütəşəkkil
cinayətkar fəaliyyət, xüsusilə onun təzahür
formalarından olan və milli sərhədləri adlayan
terrorizm bütün ölkələrin maraqlarına toxunan
qlobal təhlükəyə çevrilərək dünya
ictimaiyyətini ciddi narahat edir. Bu mənada hazırda
bütün dünya ölkələrinin etiraf etdiyi həqiqət
bundan ibarətdir ki, təhlükəsizliyin etibarlı təminatı
məsələsi daxili imkanlarla yanaşı, beynəlxalq
birliyin qarşılıqlı-faydalı əməkdaşlığı
sayəsində effektiv nəticə verir.
Bu
baxımdan Bakıda keçirilən Türkdilli Dövlətlərin
Xüsusi Xidmət Orqanları Konfransının XIV
iclasını təhlükəsizlik sahəsində region
dövlətlərinin beynəlxalq əməkdaşlığının
genişləndirilməsinə və bu istiqamətdə səmərəliliyin
artırılmasına xidmət edən mühüm tədbir
kimi səciyyələndirmək olar. İclas
iştirakçılarını qəbul edən Prezident
İlham Əliyev deyib: "Dost dövlətlərin xüsusi
xidmət orqanlarının rəhbərləri arasında
yaxşı qarşılıqlı anlaşma vardır, səylərin
əlaqələndirilməsi mövcuddur və bu, çox
vacibdir. Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin
aradan qaldırılması üzrə əlaqələndirmə
və birgə tədbirlər müstəsna əhəmiyyətə
malikdir. Hər bir ölkənin təhlükəsizliyi
dövlət üçün böyük əhəmiyyət
kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin
etmək yalnız birgə səylərlə
mümkündür".
Dost
ölkələrin xüsusi xidmət orqanları
arasındakı qarşılıqlı fəaliyyətin gələcək
təhlükələrə qarşı birgə mübarizədə
uğurlu olacağına əminliyini bildirən Prezident
İlham Əliyev müasir dünyada terror təhlükələrinə
qarşı birgə mübarizənin xüsusi önəm
daşıdığını vurğulayıb. Dövlət
başçısı əlaqələndirmənin, informasiya
mübadiləsinin, qarşılıqlı yardım və dəstəyin
xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin
uğurla həyata keçirilməsi üçün əsas
şərtlərdən olduğunu qeyd edib.
İclasda
dünyada və regionda təhlükəsizliyə və
sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin,
ilk növbədə terrorçuluğun və dini ekstremizmin
yayılmasının, transmilli mütəşəkkil cinayətkarlığın
qarşısının alınması istiqamətində əməkdaşlığın
fəallaşdırılması və təkmilləşdirilməsi
yolları, müxtəlif təhdid və cinayətlər barədə
əməliyyat məlumatı mübadiləsinə dair və
maraq doğuran digər məsələlər ətrafında
müzakirələr aparılmışdır. İclasın
işində Azərbaycan, Türkiyə, Qazaxıstan və
Qırğızıstanın xüsusi xidmət orqanlarının
nümayəndə heyətləri iştirak etmişlər.
Rusiya, Ukrayna və Gürcüstanın müvafiq
strukturlarının yüksək vəzifəli nümayəndələri
tədbirdə müşahidəçi qismində təmsil
olunmuşlar.
Xatırladaq
ki, sentyabrın 21-22-də Rusiyanın Yekaterinburq şəhərində
keçirilən dünyanın 65 ölkəsindən təhlükəsizlik
məsələlərinə cavabdeh olan yüksək vəzifəli
şəxslərin beynəlxalq görüşü də məhz
təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq
məsələlərinə həsr olunmuşdu. Həmin tədbirdə
ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, Təhlükəsizlik Şurasının katibi
Ramiz Mehdiyevin başçılığı ilə
Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov,
Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə
heyəti təmsil etmişdir. Görüşdə təbii və
texnogen fəlakətlər zamanı əməkdaşlıq,
informasiya cəmiyyətinin formalaşması şəraitində
beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa
qarşı mübarizə məsələləri müzakirə
olunmuşdur. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, Təhlükəsizlik
Şurasının katibi Ramiz Mehdiyevin "Millətlərarası
düşmənçilik və dini dözümsüzlüklə
əlaqədar böhranlı vəziyyətlərdə
ekstremizm təzahürlərinə qarşı mübarizə
sahəsində beynəlxalq əməkdaşlığın
fəallaşdırılması problemləri" və
"Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə
ümumi yanaşmalar" mövzularında məruzələri
görüş iştirakçıları tərəfindən
maraqla qarşılanmışdır.
Müasir
dövrdə dünyada baş verən sürətli dəyişikliklər
şəraitində sivil və demokratik ölkələr
üçün həm də təhdidlərin müxtəlif
formaları yaranır. Xüsusən geniş vüsət
almış qloballaşma meyilləri bir sıra mütərəqqi
cəhətləri ilə yanaşı, dövlətlərin
milli maraq və təhlükəsizliyi baxımından da
müəyyən təhdidləri qabarıq surətdə
önə çıxarır. Bu təhdidlərin
qarşısının alınmasında və ya önləyici
tədbirlərin görülməsində beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi olduqca səmərəli vasitələrdən
biridir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.- 12 oktyabr.-
S. 6.