Hüquq sistemimiz müstəqilliyimizlə bərabər inkişaf edir

 

Bu günlərdə Azərbaycan xalqı özünün dövlətçilik tarixində ən əlamətdar bayramlardan olan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edəcəkdir. Qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan xalqımız hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın -  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nail olmuşdur. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa olmuş, ciddi geosiyasi problemlərlə üzləşən gənc respublikamız iki ildən az müddətdən sonra dövlət müstəqilliyini itirmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi və fədakar əməyi sayəsində 1970-1980-ci illərdən xalqımızın müstəqilliyə gedən yeni yolu, milli özünüdərki, milli oyanışı başlanmışdır. Məhz həmin dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkilmiş, milli, o cümlədən hərbçi kadrların yetişdirilməsi üçün yeni-yeni təhsil ocaqları yaradılmışdır. Bu illərdə hərtərəfli quruculuq işləri, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil və digər sahələrdə əldə edilmiş coşğun inkişaf, qazanılmış nailiyyətlər nəticəsində Azərbaycan dinamik yüksəliş dövrü keçirir, habelə idarəçilikdə, təsərrüfatda, elmdə xalqımızı ləyaqətlə təmsil edən və gələcəkdə müstəqil Azərbaycanı idarə edə biləcək vətənpərvər gənclər formalaşır, milli ruh, milli mənlik şüuru yüksəlirdi.

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz müstəqilliyinə yenidən qovuşmuş, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə xalqımızın müasir tarixində yeni səhifə açılmış, müstəqil inkişaf dövrü başlanmışdır. Dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirmək, demokratik islahatlar aparmaq kimi mühüm vəzifələr dururdu. Lakin müstəqilliyimizin elə ilk günlərindən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində ölkəmiz yenicə əldə etdiyi müstəqilliyini itirmək və Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq təhlükəsi qarşısında qalmışdı.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər bir siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. Ölkə iqtisadiyyatı iflic vəziyyətə salınmış, meydan liderlərinin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı bütün dünyada təkləmişdi.

Bu dövrü yada salarkən ümummilli lider Heydər Əliyevin "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat çətin və ağır vəzifədir" müdrik kəlamını xatırlamamaq olmur.

İctimai fəlakətlə üz-üzə qalmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, dövlət müstəqilliyimizi yalnız və yalnız Heydər Əliyev dühası, onun dövlət idarəçiliyində zəngin təcrübəsi, dərin ağlı və zəkası, mübarizliyi, milli mənafeyə sadiqliyi qoruya bilər. Xalqın ümummilli hərəkata çevrilmiş çağırışı ilə bu ağır dövrdə: "Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm", - deyərək ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev mövcud siyasi, hakimiyyət və dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Onun böyük qətiyyəti və iradəsi, nadir və iti dövlətçilik zəkası, incə siyasi duyumu, misilsiz vətəndaşlıq hünəri, Azərbaycan xalqının müstəqilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi nəticəsində dövlətçiliyimizin möhkəmləndirilməsi yolundakı maneələr məharətlə dəf edildi. Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı dəstələrin tərkisilah edilməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü il avqustun 9-da cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərman imzalandı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlətçiliyimiz əleyhinə yönəldilmiş silahlı qəsdlərin qarşısı qətiyyətlə alındı. Müstəqilliyimizin itirilməsi, ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı, Azərbaycanın gələcək inkişafını şərtləndirən şərait yaradıldı.

Uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyulmasını şərtləndirirdi.

Düşünülmüş neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi məşhur olan irimiqyaslı beynəlxalq neft sazişi imzalandı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi barədə razılıq əldə edildi. Bununla da bütün regionda siyasi sabitliyin əsası qoyularaq Azərbaycana dost dövlətlərin sayı qısa müddətdə xeyli artırıldı.

Hərtərəfli iqtisadi islahatlar, o cümlədən aqrar islahatı, özəlləşdirmə aparıldı, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırıldı, uğurlu iqtisadi siyasət əhalinin rifahını xeyli yüksəltdi, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradıldı.

Həmin illərə bu günün zirvəsindən baxanda insan zəkasının qüdrətinə heyran qalırsan. Nə qədər düşünülmüş, ölçülüb-biçilmiş, ardıcıl və uzaqgörən qərarlar qəbul edilmişdir.

Bu gün tam əminliklə deyə bilərik ki, 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan xalqı imperiya zəncirlərindən rəsmən azad olsa da, milli sərvətimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanılması məhz dövlətçiliyimizin memarı - ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, yenilməz iradəsi və qətiyyəti ilə reallaşmış, başqa sözlə, 18 oktyabr Müstəqillik Günü xalqımızın Milli Qurtuluş Günü ilə qorunmuşdur.

Həyatımızın digər sahələrində olduğu kimi, ötən dövr ərzində hüquq sistemində də köklü islahatlar aparılmışdır. 1995-ci ildə ümummilli liderimizin şəxsi rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu. Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə müxtəlif komissiyalar yaradıldı. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dövlət başçısı Hüquqi islahatlar komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etdi. Qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni qanun və məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi. 1996-cı və 1999-cu illərdə əsassız yoxlamaların və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadı.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş və nəticədə hakim korpusu 60% təzələnmişdi.

Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış "cəza orqanı" təəssüratı aradan qalxmışdır. Artıq insanlar pozulmuş hüquqların müdafiəsi üçün digər orqanlara deyil, məhz məhkəmələrə müraciət etməyə başlamışdı. Təsadüfi deyil ki, məhkəmələrə müraciətlərin sayı xeyli artmağa başlamış və bu tendensiya bügünə kimi yüksələn xətlə davam edərək həmin dövrlə müqayisədə işlərin sayı 6 dəfə çoxalmışdır.

Prokurorluq totalitar rejimə xas olan bütün səlahiyyətlərdən məhrum edilərək, demokratik cəmiyyətə uyğun yenidən qurulmuş, onun əsas funksiyası cinayət təqibini həyata keçirmək və çəkişmə prinsipinə tam uyğun olaraq dövlət ittihamını müdafiə etməkdən ibarət olmuşdur. Həmçinin digər hüquq-mühafizə orqanlarında da mütərəqqi islahatlar aparılmış, bu zaman insan haqlarının təmini başlıca məqsəd kimi qarşıya qoyulmuşdu.

Ədalət mühakiməsinin həyata keçirilməsində, insan haqlarının təmin olunmasında müstəsna rolu olan Vəkillər Kollegiyasının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" tam yeni qanun qəbul edildi və vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi üçün bu təsisat demokratik əsaslarla yenidən quruldu. Bununla yanaşı, ölkəmizdə ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə təşkil olunaraq, bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, hakimiyyətin hər üç qolunun nümayəndələrindən ibarət olan Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi təsis edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövründən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə ən nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul olunmuş və uğurla tətbiq olunmaqdadır.

Aparılmış islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmış, onun tərkibi əsasən hakimlərdən, eyni zamanda ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Təkcə son 4 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır.

Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Şübhəsiz ki, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüş, bütün məhkəmələrin tərkibi tam təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.

Hakimliyə namizədlərin və hakimlərin tədrisinə xüsusi önəm verilərək bu işə nüfuzlu beynəlxalq ekspertlər, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri cəlb olunurlar. Son illər ərzində bu məqsədlə həmin məhkəmənin 10 hakimi, o cümlədən sədri Jan-Pol Kosta ölkəmizə səfər etmişdir. Hakim kadrlarına olan ehtiyacla bağlı ötən ilin sonunda hakimlərin seçilməsi prosesinə yenidən başlanılmışdır. Yeni qaydalara uyğun olaraq, hakimliyə namizədliyini irəli sürmüş 420-dək namizədlə ötən ay vahid auditoriyada - Bakı İdman Sarayında test üsulu ilə imtahan götürülmüş, imtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılıb elan edilməsi bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 40-dan çox xarici təşkilat və yerli QHT təmsilçiləri, televiziya və mətbuat nümayəndələri qarşısında həyata keçirilmişdir. Kadr seçimi tarixində ilk dəfə olaraq bütün imtahan prosesi internet vasitəsilə onlayn rejimində birbaşa yayımlanmışdır. Qeyd olunmalıdır ki, bu mütərəqqi prosedurlarla seçilmiş yeni nəsil hakimlər artıq bütün hakim korpusunun yarısını təşkil edir.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Azərbaycanda həyata keçirilən islahatların mütərəqqi xarakterini görən Dünya Bankı bizə maliyyə və texniki dəstək vermək niyyətini bildirərək ölkəyə ədliyyə sisteminin müasirləşdirilməsi məqsədilə ən güzəştli şərtlərlə kredit ayırmışdır. Hazırda bankla əməkdaşlıq çərçivəsində çoxsaylı müasir tipli məhkəmə binalarının layihəsi hazırlanmış və intensiv tikinti işləri aparılır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının ötən ilin 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.

Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş və bu ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradacaqdır. Bu günlərdə vətəndaşların istifadəsinə veriləcək internet portalında, həmçinin bütün hakimlər barədə məlumatlar da öz əksini tapacaqdır.

Sevindirici haldır ki, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqəti Avropa dövlətləri sırasında fərqləndirərək yüksək qiymətləndirmişdir. Bununla yanaşı, komissiya Azərbaycanda aparılan hakim seçimi prosedurunu müsbət təcrübə kimi təşviq etmiş, məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səylərimizi yüksək dəyərləndirmişdir.

Aparılmış islahatlar eyni zamanda beynəlxalq hüquqi inteqrasiya prosesini sürətləndirmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatların işində fəal iştirak edir, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbərliyində təmsil olunur.

Ölkəmizdə genişmiqyaslı hüquqi islahatların nəticəsi olaraq ədliyyə sahəsində görülən işlərin həcmi də artmış, nazirliyin fəaliyyətinin normativ əsasları təkmilləşdirilmişdir. 2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" yeni qanunun, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.

Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq nazirlikdə yeni qurumlar - istintaq aparatı, bələdiyyələrlə iş mərkəzi, icra xidməti və müxtəlif reyestrlər, regional ədliyyə şöbələri yaradılmış, ədliyyə infrastrukturu müasirləşdirilir. Əhalinin Dövlət Reyestri Xidməti üçün yüksək zövqlə müasir üslubda layihələndirilərək inşa olunmuş binanın açılışında dövlət başçısı cənab İlham Əliyevin iştirakı xüsusilə əlamətdar olmuşdur.

Təkcə son illər ərzində Ədliyyə Nazirliyi tərəfindən 13 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, ictimai həyatın müxtəlif sahələri üzrə 1500-dək qanunvericilik aktının layihələri hazırlanmışdır. Notariat hərəkətlərinin sayı 2000-ci illə müqayisədə 4 dəfəyədək, icra üçün daxil olan məhkəmə qərarlarının sayı 3 dəfə, istintaq edilən cinayət işlərinin sayı 4 dəfə çoxalmışdır. Bələdiyyələrə inzibati nəzarətlə bağlı nazirliyə daxil olan yerli özünüidarə orqanları aktlarının sayı 10 dəfə artmışdır.

Ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə aparılmağa başlamış, işə qəbul prosedurları xeyli sadələşdirilərək müraciətlərin nazirliyin internet saytı vasitəsilə edilməsi təcrübəsinin tətbiqinə başlanılmışdır. Eyni zamanda ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunmuş, ədliyyə işçilərinin, prokurorların, vəkillərin və digər hüquqşünas kadrların ixtisasının artırılması Ədliyyə Akademiyasına həvalə edilmişdir.

Ədalət mühakiməsinin səmərəliliyində müstəsna rolu olan icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilmiş, Konstitusiyada məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət təsbit olunmuşdur. Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icra prosesində yaranan maneələrin aradan qaldırılması məqsədilə qanunvericilik əsaslı şəkildə yeniləşərək əlavə imkanlar və işlək mexanizmlər yaradılmış, o cümlədən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyətinə dair hər 6 aydan bir ölkə Prezidentinə məlumat verilməsi nəzərdə tutulmuşdur. Bu təcrübə də artıq öz müsbət nəticəsini verməkdədir.

Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi, müsbət beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması daim diqqət mərkəzində saxlanılır. Nazirlik mərkəzi və əlaqələndirici orqan qismində 13 çoxtərəfli, 30-dək ikitərəfli müqavilələrdən irəli gələn öhdəliklərin icrasını həyata keçirir, 25 ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir. Bunun nəticəsində son on il ərzində beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən daxil olan sorğuların sayı 10 dəfə artaraq 8 minə çatmışdır.

Bununla yanaşı, ölkəmizlə hüquqi sahədə əməkdaşlığa maraq artaraq təqribən son bir il ərzində Norveç, Niderland, Gürcüstan və Mərakeşin ədliyyə nazirləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycana səfər etmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, müsbət təcrübəmizdən faydalanmaq niyyətlərini bildirmişlər.

Ədliyyə Nazirliyinin cəmiyyətdə rolunun və xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması ədliyyə fəaliyyətinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını şərtləndirmişdir. Belə ki, nazirlik tərəfindən qanunvericiliyin elektron bazası yaradılmış və internetdə yerləşdirilməklə əhalinin pulsuz istifadəsinə verilmişdir. Hazırda əhalinin hüquqi maarifləndirilməsi və şəffaflığın artırılması məqsədilə nazirliyin 4 internet saytı fəaliyyət göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti və digər nəşrləri dərc olunur.

Həmçinin "Elektron notariat" və "Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemləri yaradılmış, dövlət notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir.

Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemləri vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilmiş, habelə keçən əsrin əvvəllərindən, müxtəlif orqanlarda pərakəndə şəkildə olan vətəndaşlıq vəziyyəti barədə məlumatların toplanması, təzələnməsi və etibarlı qorunması mümkün olmuşdur.

Hüquqi xidmətlərin yaxşılaşdırılması üçün Ədliyyə Nazirliyində mərkəzləşdirilmiş məlumat-informasiya bankı yaradılmaqla, regional və yerli ədliyyə orqanlarında, məhkəmələrdə, Məhkəmə-Hüquq Şurasında müasir elektron informasiya sistemi qurulur və onlar vahid şəbəkədə birləşdirilir.

Yeni informasiya texnologiyalarının tətbiqi, habelə iş üsul və vasitələrinin təkmilləşdirilməsi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq, insanların müraciət etmə, o cümlədən elektron yazışma imkanları genişləndirilmişdir. Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli fərmanının icrası ilə bağlı nazirliyin internet saytında xüsusi elektron xidmət bölməsi hazırlanmışdır. Bu bölmə vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də QHT və digər hüquqi şəxslərin qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər. Eyni zamanda uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır. Həmçinin vətəndaşların artıq tətbiq edilən onlayn müraciət etmək imkanı ilə yanaşı, qeyd olunan "e-xidmətlər" vasitəsilə məsul ədliyyə işçilərinin qəbuluna yazılması da mümkün olacaqdır. Bununla yanaşı, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə ədliyyə orqanlarında artıq elektron xidmətlər köşkünün istifadəsinə başlanılmışdır. Bu köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada yerindəcə aparılması, nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkündür.

Ən kövrək təbəqə olan məhkum və təqsirləndirilən şəxslərin hüquqlarının təminatına xüsusi diqqət yetirilərək penitensiar sistemdə köklü islahatlar aparılır, Avropada müsbət model kimi dəyərləndirilən effektiv ictimai nəzarət mexanizmi - müstəqil hüquq-müdafiəçilərindən ibarət İctimai Komitə fəaliyyət göstərir, paytaxtımızda və regionlarda müasir infrastruktur yaradılır. Bu mənada Bakıda inşa edilmiş yeni istintaq təcridxanası xarici həmkarlarımız tərəfindən nümunə kimi qiymətləndirilir. Bu heç də təsadüfi deyil. Çünki dövlət başçısı bu təbəqənin hüquqlarının təminatına xüsusi diqqət yetirərək tikilən müəssisəyə şəxsən baş çəkmiş, yaradılan şəraitlə tanış olub müvafiq tapşırıqlar vermişdir. Həmçinin məhkumlara göstərilən tibbi xidmətlərə daim diqqət yetirilərək, onların ərzaq və dərman təminatı köklü surətdə yaxşılaşdırılmış, müxtəlif xəstəliklərlə, xüsusilə də vərəmlə mübarizə üzrə kompleks tədbirlər görülmüşdür. 1995-ci ildə bu sahədə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq qurulmuş, xüsusi ixtisaslaşdırılmış müalicə müəssisəsi və ən müasir avadanlıqla təchiz olunmuş regionda presedenti olmayan laboratoriya yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində bu xəstəlikdən ölüm halları 35 dəfəyədək azalmışdır. Əldə olunmuş nailiyyətlərə görə BQXK Azərbaycanın onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə qarşı mübarizə və müalicə işinin təşkilinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsi qərarına gəlmişdir. Artıq bir neçə ölkənin, o cümlədən Gürcüstan, Qırğızıstan, Tacikistan və Moldovanın nümayəndə heyətləri Azərbaycana səfər edərək bu qabaqcıl təcrübədən faydalanmışlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında ədliyyə sisteminin müasirləşdirilməsi üzrə məqsədyönlü tədbirlər görülür. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Naxçıvan Ədliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilmişdir. Muxtar respublikada insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsində ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan MR-də hüquq institutlarının inkişafı ilə bağlı 2 noyabr 2006-cı il tarixli fərmanının xüsusi rolu olmuşdur.

Ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində məhkumların və təqsirləndirilən şəxslərin yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədilə Naxçıvanda ölkəmizin tarixində ilk müasir qarışıq rejimli penitensiar kompleks, habelə Ədliyyə Nazirliyinin və bir çox məhkəmələrin yeni binaları istifadəyə verilmiş, ekspert araşdırmalarının operativliyinin təmin olunması üçün Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı yaradılmışdır.

Azərbaycan ədliyyə və məhkəmə sisteminin inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların real təzahürü olmaqla, ölkəmizin hərtərəfli tərəqqisinin məntiqi davamıdır.

Bu gün qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizini təşkil edir. Ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi təsəvvür belə olunmur.

İqtisadi inkişaf sürətinə görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Belə ki, təkcə son 10 ildə ölkəmizdə real iqtisadi artım 4 dəfə, dövlət büdcəsi 15 dəfəyə qədər, strateji valyuta ehtiyatları isə 31 dəfə artmış, 1 milyon yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49%-dən 9%-ə düşmüşdür. Təkcə ötən il ölkəmizə 16 milyard dollar, o cümlədən qeyri-neft sektoruna 9,3 milyard dollar sərmayə qoyulmuşdur.

Dünyanı iqtisadi böhran bürüdüyü 2008-2010-cu illərdə də dövlətimizin intensiv sosial-iqtisadi inkişafı davam etmişdir. Bütün bunlar hər birimizdə böyük sevinc və iftixar hissləri doğurur, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha möhtəşəm uğurlara imza atacağına qəti əminlik yaradır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamına uyğun olaraq dövlətimizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ədliyyə orqanlarında da geniş qeyd olunur. Bu münasibətlə konfranslar təşkil olunur, ölkəmizin iyirmi illik müstəqil inkişaf yolunda əldə olunmuş nailiyyətlər, hüquqi sahədə aparılan islahatlar barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.

Fürsətdən istifadə edərək dövlətçilik tariximizin ən əlamətdar bayramlarından olan dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, ulu öndərimiz Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurlar arzulayıram.

 

 

Fikrət MƏMMƏDOV,

Azərbaycan Respublikasının ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri,

I dərəcəli Dövlət ədliyyə müşaviri

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  7.