Hüquqi dövlət
demokratik, hüquqi islahatlardan qaynaqlanır
Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu tarixi hadisənin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Xalqımız əsrlər boyu azadlıq, müstəqillik kimi ideallara qovuşmaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək üçün qanlı mübarizə aparmış, lakin buna nail ola bilməmişdır. Əsrlər boyu davam edən bu mübarizəyə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri rəhbərlik etmiş, milli-azadlıq mübarizəsinin önündə gedərək göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazmışlar.
XX əsrin əvvəllərində yaranmış vəziyyətdən maksimum dərəcədə bəhrələnən görkəmli ictimai-siyasi xadimlərimiz və nüfuzlu ziyalılarımız 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla xalqımızı qısamüddətli də olsa, müstəqillik arzusuna qovuşdurmuşlar. Lakin təəssüflər olsun ki, cümhuriyyətin ömrü cəmi 23 ay çəkmiş, bolşeviklərin hərbi müdaxiləsi ilə onun mövcudluğuna son qoyulmuş və Azərbaycan işğal edilmişdir.
1920-ci ildən etibarən Azərbaycan xalqı 70 il müddətində sovet imperiyasının tərkibində yaşamalı olsa da, istiqlala qovuşmaq, azadlıq əldə etmək arzusu onun qəlbində yaşamış, heç zaman bu arzu ictimai düşüncəni tərk etməmişdir. Ötən əsrin 70-80-ci illərində - ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanın gələcəkdə müstəqillik əldə etməsinə etibarlı zəmin hazırlamışdır. Əsrin sonlarında - 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə formalaşmış güclü iqtisadi potensiala istinad etmişdir.
Dövlət müstəqilliyini bərpa edən respublikamızın bu uğurun hüquqi təsbiti istiqamətində ilk addımı 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu olmuşdur. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda eyni zamanda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun sürmək hüququ təsbit olunmuşdur. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. Lakin 1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı qüvvələrin özbaşınalığı, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.
İstiqlaliyyətini bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılar, sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından daha çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal və deklarativ xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Bu dövrdə respublikada hüquqi nihilizmin, qanunsuzluğun baş alıb getməsi, hüquq qaydalarının zəifləməsi həm də sovet dövründə qəbul edilmiş qanunların yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verməməsi ilə bağlı idi. Bəzi qanunlara kosmetik dəyişikliklərin edilməsi ümumən yaranmış hüquqi boşluqların, xaosun aradan qaldırılmasına imkan vermirdi. Qəribəsi həm də bu idi ki, qanun yaradıcılığı ilə məşğul olan o zamankı Ali Sovet siyasi çəkişmə və hakimiyyət mübarizəsi meydanına çevrilmişdi. Nəticədə ölkənin hüquq sisteminin müasirləşdirilməsi istiqamətində heç bir ciddi addım atılmamışdı. Bütün bunlar həm də ölkənin beynəlxalq imicini korlayır, onun qarşıya qoyduğu siyasi və hüquqi hədəfləri reallaşdırmağa imkan vermirdi. Respublikamızın avrostrukturlara inteqrasiyasından isə danışmağa dəyməzdi. Həmin dövrdə Azərbaycan insan hüquqlarını addımbaşı pozan, mürtəce qanunlarla işləyən, vətəndaşlarının hüquqlarını pozan ölkə kimi tanınmağa başlamışdı.
1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda mühüm addımlar atmışdır. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə qanunverici orqanın cəmiyyətdəki nüfuzunu gücləndirmiş, onun fəaliyyətinin təkmilləşməsinə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.
Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev parlamentdə, ilk növbədə, müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir.
1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir. Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri də məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərmanı olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılmasının vacibliyi önə çəkilmişdir.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. SSRİ-nin süqutu ilə bağlı qlobal proseslərin tərkib hissəsi olaraq beynəlxalq hüququn müstəqil subyektinə çevrilən Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Konstitusiyanın qəbulu həm də ona görə vacib idi ki, qəbul ediləcək qanunların fundamental hüquqi bazası yox idi. Əsas Qanunun qəbulu cəmiyyətin iqtisadi, siyasi, hüquqi, mədəni həyatında aparılacaq islahatların fundamental istiqamətlərini müəyyənləşdirməli, dövlət idarəetmə formasını dəqiqləşdirməli idi. Ümumiyyətlə, ilk milli Konstitusiyanın qəbulu dünya ölkələrində Azərbaycanın gələcək inkişaf yolu ilə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından da vacib əhəmiyyət daşıyırdı.
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün hələ 1991-ci il fevralın 9-da keçmiş Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən ibarət komissiya yaradılsa da, bu istiqamətdə faktiki olaraq heç bir iş görülməmişdi. 1993-1994-cü illərdə ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsi, bir sıra təxribatlar, dövlət çevrilişi cəhdləri Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atmağa imkan vermirdi. Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası yaradıldı. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyul ayının 5-də ilk iclasını keçirdi.
Komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini verdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürdü.
Ümummilli liderin rəhbərliyi altında hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çıxardı. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoydu. Əsas Qanunda bütün növ insan hüquqları - əmək, istirahət, sosial təminat, mənzil toxunulmazlığı, təhlükəsiz yaşamaq, tətil, təhsil, milli mənsubiyyət hüquqları, vicdan azadlığı, fikir və söz azadlığı, sərbəst toplaşmaq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüququ və s. aydın təsbit edildi.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin də yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılmış, komissiyanın hazırladığı "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdu.
Milli Məclis 1997-2002-ci illər ərzində Azərbaycan Respublikasının ilk milli Konstitusiyasından qaynaqlanan ilk milli məcəllələr - "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi", "Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi", "Azərbaycan Respublikasının Mülki Məcəlləsi", "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi", "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi", "Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi" və "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"ni qəbul etdi.
Ötən əsrin 90-cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi.
1995-ci ildən ölkədə həyata keçirilən iqtisadi islahatların - özəlləşdirmə prosesinin qanunverici bazasının formalaşdırılması da qarşıda duran vacib məsələlərdən biri idi. Ulu öndər Heydər Əliyev özəlləşdirmə prosesinin və torpaq islahatlarının hər bir vətəndaşın mənafeyinə maksimum dərəcədə cavab verməsini, müvafiq qanunların mükəmməl şəkildə hazırlanmasının vacibliyini xüsusilə önə çəkirdi. Bu baxımdan 1994-1997-ci illərdə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında", "Səhmdar cəmiyyəti haqqında", "İnvestisiya siyasəti haqqında" qanunlar, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı", "Dövlət müəssisəsinin səhmdar cəmiyyətə çevrilməsinin qaydaları haqqında Əsasnamə" və digər normativ-hüquqi sənədlər mühüm əhəmiyyətə malik idi.
Həmin dövrdə avrostrukturlara inteqrasiya prosesinə də fəal surətdə qoşulan respublikamız bu geosiyasi arealda əməkdaşlıq təşəbbüslərinin birbaşa iştirakçısına çevrildi, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan siyasi sistemin formalaşdırılması istiqamətində inamlı addımlar atdı. Avropa regionunun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq həmin dövrdən zəruri məsələ kimi gündəmə gəldi, yenicə müstəqillik qazanmış respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saydı.
Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakının 1996-cı il iyunun 28-dən etibarən təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratdı. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan verdi.
Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə prinsipial addımlar atmışdır. Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə əfvetmə institutunun bərpası və Prezident yanında Əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.
Ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır. Bu gün əksər Avropa ölkələrində, o cümlədən ABŞ-ın ondan çox ştatında ölüm cəzası tətbiq edilmir.
Azərbaycanda ölüm hökmü ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarıldı, Avropa Şurası ilə məsləhətləşmələr aparıldı. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirdi və bu tarixi bəyanatın zəruriliyini əsaslandırdı. Gərgin müzakirələrdən sonra Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəklədi, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etdi.
1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalandı ki, bunlar 3104 məhkuma şamil edildi. Əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğuraraq ciddi tərbiyəvi məzmun kəsb edirdi. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 8 qanun qəbul etmiş, 21325 məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil edilmişdir. Bəzi iddiaların əksinə olaraq, bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını şərtləndirmişdir.
Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçildi, təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtında icra etdi. İmzalanmış çoxsaylı əfv fərmanları nəticəsində qondarma siyasi məhbuslar problemi qapandı, insan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olundu, o cümlədən İctimai televiziya fəaliyyətə başladı. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alaraq AŞPA həmməruzəçilərinin respublikada müntəzəm monitorinq aparmasına şərait yaratdı. 24 dekabr 2002-ci ildə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun, 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə Ombudsman institutunun fəaliyyətə başlaması insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı oldu.
2001-ci il dekabrın 25-də respublikamızın qanunverici orqanı olan Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, yurisdiksiya altında olan insanlar üçün əsas hüquq və azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirdi. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olundu ki, bu da ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanını reallaşdırdı.
(Ardı var)
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 8.