AMEA-da görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilmişdir

 

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, institutun direktoru,  Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva tanınmış alimin elmi, pedaqoji və təşkilati fəaliyyətindən, şərqşünaslığın  inkişafında rolundan danışmışdır.

G.Baxşəliyeva bildirmişdir ki, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi. O, şərqşünaslıq elminə böyük töhfələr vermiş, ərəb məhcər ədəbiyyatının tədqiq olunmasında məxsusi xidmətləri olmuş alim idi.

1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından olmuşdur.

G.Baxşəliyeva Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda ərəb filologiyası şöbəsinə rəhbərliyi dövründə 10-dan çox namizədlik dissertasiyasının  müdafiə edildiyini,  yüksəkixtisaslı kadrların yetişdirildiyini xüsusi vurğulamışdır. Bunlarla yanaşı, görkəmli alim beynəlxalq elmi konfranslarda Azərbaycan şərqşünaslığını layiqincə təmsil etmişdir.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.

Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.

Çağdaş Azərbaycanda ruh və əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən aktuallaşması Aida xanımın bu problem üzrə tədqiqatlarından sonra başlamışdır.  İbn Ərəbidən başlanan, Cübran, Reyhani, Nüaymə kimi mütəfəkkir şairlərin yaradıcılığında davam etdirilən və professor Aida İmanquliyevanın tədqiqatlarında öz ümumiləşmiş nəzəri təhlilini tapan vəhdət yolu bu gün sivilizasiyalar arasında qarşılıqlı anlaşma yaradılması işi üçün də böyük dəyərə malikdir.

Bildirilmişdir ki, ərəb məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmışdır. Onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.

G.Baxşəliyeva vurğulamışdır ki, Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etmişlər.

Şərqşünaslıq İnstitutunun şöbə müdirləri Vilayət Cəfərovun "Aida İmanquliyevanın elmi irsi təbliğ olunur",  Xalidə Quliyeva-Qafqazlının "Professor Aida İmanquliyevanın əsərləri Ukraynada", Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Bəsirə Əzizəliyevanın "Aida İmanquliyevanın tədqiqatlarında mühacir ərəb yazıçılarının əsərlərinin elmi təhlili",  "Azər-News" qəzetinin baş redaktoru, yazıçı Fazil Abbasovun "Bəşəri duyğular örnəyi Aida xanım haqqında xatirələr" mövzularında çıxışları dinlənilmişdir. Natiqlər Aida İmanquliyevanın dünya şərqşünaslıq mərkəzlərində böyük nüfuzundan, yaxın günlərdə onun vaxtilə rəhbərlik etdiyi şöbə tərəfindən dörddilli tibb terminlər lüğətinin hazırlanaraq çap olunmasından danışmış, görkəmli alimlərin Aida xanım haqqında söylədikləri maraqlı fikirləri xatırlatmış, alimlə bağlı xatirələrini bölüşmüşlər.

Tədbir çərçivəsində A.İmanquliyevanın dissertantı olmuş Fazil Güneyin "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" kitabının təqdimatı keçirilmiş, "Professor Aida xanım İmanquliyeva" mövzusunda kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  9.