Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında dövlət müstəqilliyimizin bərpasının
iyirminci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında elmi-praktik konfrans keçirilmişdir.
MTN-in İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin mühüm dövlət təsisatı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin akademiyada ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Sonra akt zalında davam edən konfransda akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və "Müstəqilliyimizə 20 ilin zirvəsindən baxış" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində əvəzsiz xidmətlərindən danışmış, ulu öndərin siyasi irsinin layiqli varisi Prezident İlham Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın maraqlarının və mənafelərinin qorunması naminə fəaliyyətini diqqətə çatdırmışdır.
Bildirmişdir ki, iyirmi il tarixi baxımdan qısa zaman olsa da, bu müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmiş, dünya dövlətləri sırasında layiqli yer tutmağa müvəffəq olmuşdur.
Ziya Yusifzadə qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı 25 illik xidməti, sonradan Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyəti müstəqilliyimizin bərpası üçün real zəmin yaratmış, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində isə bu, reallığa çevrilmişdir.
General-leytenant Ziya Yusifzadə Azərbaycan xalqının və dövlətinin tərəqqisini həyatının amalı sayan dahi öndərin bütün sahələrdə olduğu kimi, təhlükəsizlik orqanlarında da köklü islahatlar apardığını, bu strukturun fəaliyyətinin daim zamanın nəbzinə uyğunlaşdırılmasına nail olduğunu bildirmişdir. Ulu öndərin 12 il əvvəl böyük uzaqgörənliklə yaratdığı və indi onun adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının inkişafına ümummilli liderin diqqət və qayğısını qeyd edən natiq bu yolun çox da asan olmadığını vurğulamışdır. Ali Baş Komandan İlham Əliyevin təhsilə, o cümlədən hərbi və xüsusi təhsilə diqqət və qayğısının nəticəsidir ki, bu xüsusi təyinatlı ali tədris müəssisəsi yüksək səviyyədə inkişaf etmiş, təhsil üçün bütün imkanlar yaradılmışdır. Bütün bu işlərə, bütövlükdə nazirlik üçün yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə şəxsi heyətin adından minnətdarlığını bildirən general-leytenant Ziya Yusifzadə bundan sonra da fəaliyyətdə və təlim-tədrisdə yeni-yeni nailiyyətlərə imza atılacağına söz vermişdir.
Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov "Heydər Əliyev müasir Azərbaycanın banisi və memarıdır" mövzusunda məruzəsində bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəlində, mürəkkəb siyasi şəraitdə müstəqilliyimizə yönəlmiş təhdidlərin qarşısı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə alınmışdır. Ümummilli lider taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürmüş, qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olmuş, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Xarici siyasətdə uğurlu addımlar atılmış, ölkənin beynəlxalq imici yüksəldilmiş, iqtisadi islahatlar inamla həyata keçirilmişdir. Ulu öndər müəllifi olduğu yeni neft strategiyasını dövlət müstəqilliyimizin, suverenliyimizin qarantına çevirməyə nail olmuş, respublikanı iqtisadi tənəzzüldən qurtararaq sürətli inkişaf yoluna çıxarmış, Azərbaycan dünya miqyasında özünə layiqli yer tutmuşdur.
Konfransda texnika elmləri doktoru,
professor, polkovnik Vaqif Qasımov "Heydər Əliyevin Azərbaycanda
müasir informasiya
texnologiyalarının inkişafı üzrə Milli Strategiyası", filologiya
elmləri doktoru, professor,
polkovnik Cəlal Qasımov "Müasir təhsil quruculuğunun
ideya müəllifi", dinləyici, baş leytenant Elmin İsmayılov "Heydər Əliyev Azərbaycanda
hüquqi dövlətin
yaradıcısıdır" və kursant,
Heydər Əliyev təqaüdçüsü Vüsal Məmmədov "Heydər Əliyev
və Azərbaycan gəncliyi" mövzularında
çıxış etmişlər. Natiqlər ümummilli lider Heydər Əliyevin
zəngin və ibrətamiz fəaliyyətinin müxtəlif
sahələrinə toxunmuş, bu ölçüyəgəlməz fəaliyyət
nəticəsində qazanılmış nailiyyətlərdən
danışmışlar. Bildirmişlər ki, dövlətçiliyimizin və əmin-amanlığımızın
qarantı olan Prezident
İlham Əliyevin müdrik
rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi
getdikcə daha da
möhkəmlənir və milli təhlükəsizlik
orqanlarının əməkdaşları bu
işdə həmişə dövlətimizin başçısı,
Ali Baş Komandan İlham Əliyevin
ən yaxın köməkçiləri olacaqlar.
Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 9.