Qayğı real nəticələr verir

 

 Dövlətin və Heydər Əliyev Fondunun diqqəti sayəsində Qəbələ səhiyyəsi sürətlə inkişaf edir  

 

Azərbaycandakı tərəqqinin özünü qabarıq büruzə verdiyi sferalardan biri də səhiyyədir. Bu sahə ilə bağlı dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin, aparılan islahatların real nəticələri artıq göz önündədir. Yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsindən tutmuş səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirilməsinə qədər görülən işlər və digər amillər inkişafın əsas göstəriciləridir.

Ölkəmizdə dövlət müstəqilliyinin bərpa olunmasından ötən 20 il müddətində, xüsusilə son illərdə təkcə paytaxt Bakı şəhərində deyil, respublikanın əksər bölgələrində də müasir standartlara cavab verən tibb müəssisələri yaradılıb. Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində son yeddi ildə bölgələrdə onlarla xəstəxana, poliklinikadiaqnostika mərkəzləri tikilərək istifadəyə verilib. Tibb ocaqları ən müasir avadanlıqlarla təchiz edilib.

Dövlət qayğısı sayəsində Qəbələ səhiyyəsi də müəyyən uğurlar qazanıb. Bu gün böyük minnətdarlıq hissi ilə qeyd edirik ki, səhiyyənin inkişafında, maddi-texniki bazasının gücləndirilməsində, peşəkar kadr potensialının formalaşmasında ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı olub. Hələ o illərdə Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun sədri Mark Danzou ulu öndərlə görüşdə demişdir: "Sizin ölkəyə gəlib səhiyyəyə bu qədər qayğını görən hər kəs buradan arxayın gedəcəkdir".

Bu gün bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Təsadüfi deyildir ki, ÜST Avropa Regional Bürosunun mühüm toplantılarından biri Bakıda keçirilib. Bütün bunlar ölkə səhiyyəsinin inkişafına, o cümlədən regionlarda əhaliyə tibbi xidmətin təşkilinə təsirsiz ötüşmür.

2008-ci ildə Qəbələ rayonunda Müalicə-Diaqnostika Mərkəzi tikilib istifadəyə verilib. Bu möhtəşəm tibb ocağının fəaliyyətə başlaması bir çox keyfiyyətləri ilə yanaşı, dializli xəstələrin yaşam mənbəyinə, həyat stimuluna çevrilib.

Mərkəzi rayon xəstəxanasının binasının tikintisi 1985-ci ildən yarımçıq qalmışdı. Hazırda yüksək səviyyədə təmir edilmiş xəstəxana binasında çalışırıq. Ayrılan dövlət vəsaiti və daxili imkanlar hesabına xəstəxananın maddi-texniki bazası gücləndirilib. Qəbul, doğum, reanimasiya, qadın məsləhətxanası, cərrahiyyə, ginekologiya, terapiya, poliklinika şöbələri, əməliyyat bloku əsaslı təmir edilib, isitmə sistemi, su, kommunikasiya vasitələri ilə təmin edilib. Xəstəxana mebel və avadanlıqlarla təchiz olunub. Cərrahiyyə blokuna iki əməliyyat masası, süni tənəffüs və narkoz aparatları, digər şöbələrə müasir rəqəmsal flüoqraf, kardiomonitorlar, uşaq süni tənəffüs cihazı, küvez, ultrasəs aparatı və sair alınıb. Bütün bunlar əhaliyə tibb xidmətinin əsaslı şəkildə yaxşılaşdırılmasına imkan verir.

Qəbələ rayonunda uşaq ölümü 1994-cü ildəki 60,6 faizdən 2010-cu ildə 5,4 faizə enib. 1995-ci ildəki 1200 doğuş sayı 1957-yə çatıb, ev doğuşları həmin ildə 460 idisə, indi 4-ə enib. Hər il 1 momentli peyvənd tətbiq edilmiş 14000 məktəbliyə tuberkulin sınaqları qoyulub, 8000 nəfər 2006-2011-ci il doğumlulara sağlamlıq kartları verilib. Məktəblərdə hər il 15000-17000 şagird səyyar tibb briqadası tərəfindən müayinə olunur, hami həkimlər, xüsusən də ginekoloq və pediatrların ərazi tibb müəssisələrində işi daha da gücləndirilib. Xəstəxanaya 2008-ci ildə 14000, 2011-ci ildə 60000 manatlıq inventar və avadanlıq alınıb. Səhiyyə Nazirliyindən 2009-cu ildə 37576, 2010-cu ildə 86119 manatlıq əvəzsiz inventar və avadanlıq verilib, 2011-ci ildə 366000 manat dəyərində 4 ambulans ayrılıb. Bu isə təcili tibbi yardım xidmətini əsaslı şəkildə yaxşılaşdırıb. 2011-ci ildə 200000 manatlıq dərman preparatı alınıb, şəkərli xəstələrin dərman təminatı  yaxşılaşdırılıb.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısı sayəsində xəstəxanada qanköçürmə kabineti yaradılıb. 200-dən çox qan xəstəsinin dərman təminatı yaxşılaşdırılıb. 20-yə yaxın daimi qan alan xəstənin eritsorit kütlələri (bugünədək 299 paket) gətirilərək talassemiyalı xəstələrə köçürülüb.

Ötən illər ərzində Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri Səhiyyə Nazirliyinin tapşırığı ilə 300 nəfərə yaxın göz xəstəsini rayonumuzda səyyar klinikada əməliyyat ediblər. Ümumiyyətlə isə xəstəxanamızda hər il 500-800 nəfər cərrahi əməliyyat olunur. Əgər 1995-1996-cı illərdə imtiyazlı xəstələrə 8-10 min manatlıq pulsuz dərman verilirdisə, bu il bu rəqəm 140 min manat təşkil edəcəkdir.

Qəbələdə gedən möhtəşəm quruculuq işlərinin fonunda rayon rəhbərliyinin səhiyyəmizə diqqətini daim hiss edirik. Xəstəxanaya gələn yola asfalt örtüyü çəkilib. Mamalıq-ginekologiya, qəbul şöbələri, həmçinin binanın üçüncü mərtəbəsi əsaslı təmir olunub. Mamalıq-ginekologiya şöbəsində fərdi doğum otaqları yaradılıb, xəstəxana ətrafındakı hasar sökülərək yerində müasir çərçivələr qoyulub.

Xəstəxananın dam örtüyü və fasadı tamamilə dəyişdirilib. Ancaq görülməli işlər də az deyil. Başlıca məqsədimiz əhaliyə tibb xidmətinin səviyyəsini daha da yüksəltməkdir.

 

 

Sabir BAYRAMOV,

tibb elmləri namizədi,

respublikanın əməkdar həkimi,

Qəbələ Mərkəzi Rayon Xəstəxanasının

baş həkimi

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 11.