Bir kəndin
tarixçəsi
Birinci dünya müharibəsindən əvvəl malakan kəndində necə olursa gözlənilmədən yatalaq xəstəliyi yayılır, ölənlərin sayı artır. Malakanlar da Allaha qədərsiz dərəcədə bağlı insanlar olduqları üçün belə qənaətə gəlirlər ki, deyəsən, xucluların qarğışına düçar olublar və Tanrı onları cəzalandırıb. Eyni zamanda, Birinci dünya müharibəsinə səfərbərlik başlanır, malakanlardan silaha sarıla bilənlər müharibəyə cəlb edilir. Kənddə kişilərin sayı azaldığından camaat Xaçmaz rayonunun Alekseyevka kəndinə köçməyə qərar verir. Evlərini də bizim kəndin camaatına satırlar. Birinci dünya müharibəsi başlayanda artıq bu kənddən ruslar tamamilə köçüb getmişdilər. Onlardan yadigar düz küçələr, 20-30 ev və bir də kəndin mərkəzində ucalan kilsə qaldı.
Məhz bu fərqlərə görə Xucbala bütün Azərbaycan kəndlərindən seçilir. Küçələri xristian memarlığında olduğu kimi düz və genişdir. Əyri, dolanbac, dar məhəllələr kəndimizdə sonralar salındı. Bütün köhnə küçələr paralel və perpendikulyardır.
Bir dəfə həyətimizdə axşamüstü dostumun malakan sürücüsü Kolyadan nə hiss etdiyini soruşdum. Artıq qaranlıq düşürdü, o, gecəyə qulaq kəsildi, dinmədən ətrafı dinləyib dərk etməyə çalışdı. Bir qədər susduqdan sonra kövrək səslə dilləndi:
- Bu yerlər çox doğmadır, özümü malakan kəndindəki kimi hiss edirəm. Sanki keçmişin qoxusu gəldi, əcdadlarımın əzablarını eşitdim.
Kolya sonra onların da baba və nənələrinin Azərbaycana köçürülən zaman hansı məşəqqətlərdən keçdiklərini danışdı. Sən dəmə, hər kəsin dərdi özünə bir dəvə yükü qədər ağır imiş. İmperator malakanlara, duxoborlara və kazaklara bu torpaqları sevdiyindən yox, gözündən aralı saxlamaq, bir də buraları ruslaşdırmaq üçün verib. Əzizlənən təbəələr yox, məqsədə çatmaq üçün vasitə olublar.
Kəndimizin mərkəzindəki dikin üstündə yeni tikilən məscidin qarşısında xristian kilsəsi ucalır. Kədərli oxşarlıqlar var kəndimizdən və kəndimizə sürgün edilən azərbaycanlılarla rusların məhrumiyyətləri arasında. Bəlkə də məhz malakanların başına gələn müsibətlərə rəğbətlə yanaşdığından xuclular yaşı yüzü ötən xristian məbədini əziz bir yadigar kimi qoruya biliblər. Qızxanım xalanın nadinc uşaqları kilsənin həndəvərindən qovması da qoca bir qadının və bütün kəndimizin ruhundakı tolerantlığın səmimiliyinə işarə deyilmi? Ruslar köçüb getsələr də, onların tikdiyi kilsə Tanrının müqəddəs evi kimi dağıdılmadı, qorundu. Baxmayaraq ki, bolşeviklərin dövründə Rusiyanın özündə minlərlə ən müqəddəs kilsələr, məbədlər yerlə yeksan edildi, uçuruldu.
Hər dəfə kəndimizin mərkəzindəki kilsənin yanından keçəndə Rusiyanı və dövlətimizin iş adamlarını fikirləşirəm. Bu kilsənin bir xristian abidəsi kimi qorunub bərpa edilməsi Rusiya-Azərbaycan dostluğunu daha da gücləndirərdi. Zənnimcə, kəndimizin Rusiyada yaşayan iş adamları da bu nəcib təşəbbüsdən kənarda qalmayacaqlar. 1985-ci ildə tələbə dostum Vitaliy Abramovla (sonralar o "İzvestiya" qəzetinin baş redaktoru təyin edildi) kəndimizi qarış-qarış gəzdik, meşələri dolandıq, kilsənin yanından keçəndə isə onun dediyi söz indi də yadımdan çıxmır: "Bahadur, sizi indi daha yaxından tanıdım. Bu dağlarda heç vaxt pis adam doğula bilməz". Vitaliy Həştərxanda doğulmuşdu, yarıtatar idi. Görünür, təbiətindəki müsəlman və xristian cizgiləri kəndimizi ona sevdirə bilmişdi.
Kəndimizin
öz tatarı da var idi - Dima dayı. Kazandan
köçmüşdü. Bəbir kişinin
qızını almışdı. Arvadını zarafatyana
haraylardı ki, sən Bəbirin qızı, mən də
Vaşaqın oğluyam! Dima dayının əlləri
qızıl idi: kimə dəmirdən dam vururdusa, Kremlin bəzəklərini
işləyirdi. Mənə də şikayətlənərdi:
- A
kişi, bu millət lap naşıdı. Mən onlara dəmirdən
əsl türk, müsəlman naxışları kəsirəm,
deyirlər ki, bu Kremli tulla, ruslarındı!
Ölənə
kimi Dima dayının köksündə vuran müsəlman
ürəyini kimsə başa düşmədi, elə hey
dedilər ki, rusdur.
Bir dəfə
Dima dayı keflənəndə necə olubsa tərslikdən
evinə od düşübmüş. O gələndə
artıq iş-işdən keçibmiş. Camaat
yığışıb yanğını söndürəndə
Dima da yavaş-yavaş ayılıb canına düşən
soyuqdan arxasını yanan evə tutub
qızdırırmış. Kimsə görüb ki, Dima
dayının kürəkləri tüstülənir.
Qışqırıb ki, Dima dayı, pencəyin yandı! Geri
çəkil! Dima dayı tövrünü pozmadan astadan burnunu çəkib:
- Zarar
yoxdu, evda tazasi var, - deyəndə camaat da qəşş eləyibmiş
ki, rəhmətliyin oğlu, evin yanıb qurtardı, orada təzə
pencəkmi qalar?!
Müharibə
başlayanda kəndin ən ağır vaxtları olub.
Hamı cəbhə üçün
çalışıb,
qarınlarına da bir tikə çörəyi güclə
tapa biliblər. Kəndimizdən gəlib keçən rus
qaçqınlarının
sayı-hesabı olmayıbmış. Ac-yalavac idilər,
çox pis vəziyyətdə gəlirdilər, yeməyə də heç nələri
olmazdı. Kimin qulpundan nə çıxardısa, verərdi. Yolun qırağında tapılan
meyitləri camaat yığışıb dəfn edərdi.
Kisəsinin ağzını büzüb xəsislik edənlər
də tapılardı.
Ac,
yurdsuz-yuvasız qaçqınlar əllərinə nə
keçirdisə, tutub yeyirdilər. Buna görə də bir
çoxları elə tövlələrində, mal-qarasının yanında
yatardı ki, qaçqınlar oğurlamağa ürək eləməsinlər.
Müharibədən
xeyli ötəndən sonra da adamlar kasıb
yaşayırdılar. Balaca evlər tikərdilər, bir otaqda
7-8 adam yığışıb yatardı. Bir maşın odun bütün
qışı görərdi. Bir bəylik kostyumu olardı kəndin,
onun da içindən kəndin bütün bəyləri
"gəlib keçərdi". Xucbalada yaradılan kolxoz
müharibədən bir neçə il sonra gücləndi,
yeni meyvə bağları salındı, arxlar qazıldı,
Qusardan, Qarabulaqdan içməli su çəkildi, dəyirman,
məktəb binası, meyvə emal edən zavod tikildi.
Bunların hamısını
tikən kolxozun direktoru, babam idi.
Ancaq o illərin
uğurları ilə öyünmək asan deyil,
çünki 50-ci illərin sonunda adamların arasına
düşmənçilik düşdü. Əl-ələ
verib çalışmaqdansa qohum-əqrəba ikiyə
bölünərək çəkişməyə
başladı. Ana babam
müharibədən yaralanıb qayıdan əmimi fermaya
müdir təyin etsə də, elə əmimin evində
adamlar yığışıb babamdan şikayət məktubları
yazmağa başladılar.
Uşaqları Nəsrətulla kişiyə
"ağa", anasına da "bacı" deyərdilər.
Biz də babamızı "ağa", nənəmizi
"bacı" deyə çağırardıq. Münasibətlər
o dərəcədə qəlizləşmişdi.
Aradan
ötən 40-45 il imkan verir ki, olub-keçənləri bir də
götür-qoy edək. Əslində, bu, sürgündən
keçib parçalanmayan, sonadək bir-birinə arxa duran kəndin
ən yaxın qohumları arasında doğulan düşmənçilik
deyildi. Sovet hökuməti ağlarla
qırmızıların, menşeviklərlə bolşeviklərin
qarşılıqlı nifrəti üzərində qurulan
rejim kimi münaqişələrdən doğulmuşdu və
münaqişələrlə də xarici kapitalın
hesabına idarə olunurdu. Avropada və okeanların
arxasındakı siyasi dairələrdə yetişdirilən ədavət
toxumları ən ucqar dağ kəndinə qədər
yayılır, ən yaxın qohumları da
satqınlığa, xəyanətə və düşmənçiliyə
kökləyirdi.
Çünki
kolxozun mülkü, mal-qarası kəndin
qolçomaqlarının, bəylərinin və
ortababların sərvəti idi əslində. Onların
uşaqları barışa bilmirdilər ki, bu sərvətlər
yığılıb kiminsə əlində cəmlənəcək,
onlar da - bəy uşaqları dədələrinin
mülkündə nökər duracaqlar. Onlar
üçün, çox güman ki, "kolxoz"
sözü də müqəddəs bir məna kəsb etmirdi.
Çünki heç kim inqilabdan əvvəlki ata-baba
torpaqlarından, mülkiyyətindən gözünü
çəkməmişdi. Kəndimizin yazılmayan
qanunları formalaşırdı. Bunlardan biri də o idi ki, kolxozun
bağından kim istəsə, oğurluq edə bilərdi, əslində,
bu, oğurluq da sayılmırdı. Məsələn, hamı
bilirdi ki, evimizin qabağında kolxoz bağında iki anton
alması ağacı bizim idi. Heç kim də onun meyvəsinə
toxunmazdı.
Bağlar
qocalıb taqətdən düşdükdən sonra ləğv
edildi və evimizin qabağındakı sovxoz sahəsində
çuğundur əkdilər. Balaca qardaşım Sənan fürsət
düşən kimi qoyunları
vurardı çuğundurluğa. Kəndin briqadiri Qonaq
dayı da qeyzlənərdi ki, ayə, Sənan, keçin
xeyratınızı hökumətin bağından
çıxardın. O da kəndin briqadirini sakitləşdirərdi
ki, vallah, Qonaq dayı, bizim qoyunların çuğundurla işi yoxdu ki,
onlar aradakı alaq-malağı dənləyirlər.
Qonaq
dayı da möhkəm hirslənərdi:
- Adə,
köpəkoğlu! Sən mənə demək istəyirsən
ki, mənim başım işləmir?
- Allah eləməsin,
Qonaq dayı, elə söz demədim ki...
- Ay
uşaq, mən bu çuğundurluğun alağına görə 30 adama
maaş verirəm! Əgər sənin qoyunların alaq edirsə,
bu qədər adamı niyə yedizdirirəm ki... elə gəlib
dədənin qoyunlarını çıxardaram da sahəyə.
Alağımı da edərlər, hələ bir az
arpalarını artıq eləsəm, kətmən də
vurarlar.
Maraqlı
illər idi. Hamı öz bağını əkib-becərirdi.
O vaxtlar hərənin 20-25 sot həyətyanı
sahəsi olardı. Əsasən alma, armud əkərdilər.
Çatışmayanı da kolxozun bağından
çırpışdıranda bir Rusiyetin yükünü tutmaq olurdu. 70-80
yeşik alma ilə o tərəfə gedənlər geriyə
5-6 min manatdan az pulla qayıtmazdılar. İndi həmin
qazancı heç 700-800 yeşik meyvədən də
çıxarmaq olmur. Bəzən Rusiyada qiymətlər elə
oynayır ki, ziyana düşənlər illərlə
çalışıb vəziyyəti düzəldə
bilmirlər.
Sovet
vaxtı nə vardısa,
hamısı dövlətinki sayılardı. Hamı birlikdə
əkib-becərir, suvarır, qulluq edir, günəmuzd əməkhaqqı alırdı. Ancaq elə ki
axşam düşürdü,
hərə bir tərəfdən cumurdu kolxoz mülkiyyətinə
və dədəsinin malı kimi evinə
daşıyırdı. Bağban almanı, əkinçi
taxılı, fermadakılar yemi, südü
talayırdılar. Ona görə də kolxoz camaatı
dolandırmaqda, camaat da kolxoza sədaqətli olmaqda maraqlı
deyildi. Hərə öz başını birtəhər girləyirdi.
Geriyə
qanrılıb ötən əsrin ikinci yarısının əvvəlində
yaxın qohumların arasındakı düşmənçiliyin,
ədavətin köklərini axtaranda görürsən ki, bu, qohumların
yox, azad bir ölkə ilə işğal edilmiş Azərbaycanın
ədavəti idi. Şura hökuməti hamını bərabər
etməklə yanaşı, hamıya
bir-birini qırmağa, düşmən elan edərək
divara qoyub güllələməyə, öldürməyə,
zəiflərə isə satqınlıq etməyə şans
vermişdi. Ona görə də
qohumların, tayfaların
arasındakı bu ədavət mexanizmi saat kimi qurulmuşdu və bir saniyə
də olsun fasilə vermədən aramsız olaraq
çalışırdı. İnsanları düşmənçiliyə
sövq edirdi. Mülkləri, torpaqları və sərvətləri
şuranın əmlakına çevrildiyindən bu sərvətləri
itirənlərlə idarə edənlərin döyüşməsi
labüd idi. İndi həmin o ədavətli illər arxada
qalıb. Bizim ağlımız ona çatdı ki, 37-ci illərdən
miras qalan düşmənçiliyi cücərtmədik,
babalarımızın ədavətinə məhəl qoymadan
atalarımızın qoyduğu qaydalarla yaşadıq.
Bütün pisləri və pislikləri unudaraq yenidən
yaxınlaşdıq, qohum olduq, dostlaşdıq və illər
boyu arada baş qaldıran ədavəti, kin-küdurəti
dağılan imperiyanın arxivinə verdik.
Ancaq
işıqlı məqamlar da az olmayıb. Bu kəndin ən
kasıb uşaqları keçmiş Sovet İttifaqının
ən güclü məktəblərində oxudular. Ulu öndər Heydər Əliyevin
kadr siyasəti elə qurulmuşdu ki, ucqar dağ kəndindən
belə Sovet İttifaqının ən məşhur ali məktəblərinə
gedib oxuya bilirdilər. Lomonosov adına MDU-da, Timiryazev adına
Kənd Təsərrüfatı Akademiyasında, Sankt-Peterburqun aparıcı təhsil
müəssisələrində Xucbaladan neçə-neçə
gənc təhsil ala bildi. Onlar geri qayıdanda ulu öndərin
nəzarəti altında ölkənin ən nüfuzlu təşkilatlarında
işlə təmin edildilər. Kəndimizdən neçə
alim, elmlər doktoru, professor yetişdi. Azərbaycan Prezidenti tərəfindən
"Tərəqqi" medalı ilə təltif edilən
kimya elmləri doktoru Münəvvər İbrahimova belə
hesab edir ki, kəndin intibah dövrünün başlaması
Heydər Əliyevin adı ilə bağlıdır. Cənab
Prezident İlham Əliyevin oxuduğu Moskva Dövlət Beynəlxalq
Münasibətlər Universitetinin məzunu, mənim ədəbiyyat
müəllimim Mülkümün nəvəsi Zaur kəndimizin
qeyri-adi avtobioqrafiyaya malik olduğunu təsdiq edir:
- Proseslərin
unikallığı xronoloji hadisələrin
ardıcıllığından daha çox ulu öndərimiz Heydər Əliyevin
torpaq islahatları ilə bağlıdır. Torpaqlarından
didərgin düşən, yurdlarını itirən və
Muğandan qayıdandan sonra yenidən əlində-ovcunda
qanı bahasına yığılanları sovxozun mülkiyyətinə
qatıb bir anda kolxozçuya, fəhləyə çevrilən
insanlara ulu öndər həm torpaqlarını, həm də
bu yerlərdə öləziyən sahibkarlıq hissini
qaytardı. Torpaqların özəlləşməsi ilə
bağlı verilən qərarın dəyərini, zənnimcə,
bu kəndin insanları kimi ölkəmizdə çətin
ki, başqaları anlasın.
Ulu
öndər bu kəndin yüzlərlə sakininə Türkmənçay
sazişinə qədər nələri vardısa,
hamısını qaytardı, hədiyyə etdi!
Kəndimiz haqqında yazını qurtaranda qeyri-ixtiyari olaraq ürəyim məni sonuncu bazar günü Xucbalaya sarı çəkib apardı. Dərə məhəllədən keçəndə gördüm ki, yollarda qızğın iş gedir, borular tökülüb, qaz çəkilir. Qədərsiz dərəcədə sevindim. Bu da dövlətimizin qayğısıdır. Varlanırıq və ölkənin sərvətlərindən mənim kəndimə də pay düşür. Meşələrimiz qorunacaq, evlərimiz mavi alovun hesabına isinəcək. İki əsrdə iki minillik iztirablardan keçən kəndimlə vidalaşıb Bakıya qayıdıram.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2011.-12 oktyabr.- S. 11.