Veteran güləşçilər dünya çempionatında üç medal qazandılar
Hazırda ölkəmizi dünyanın idman arenalarında tanıdan, bayrağımızı beynəlxalq yarışlarda yüksəklərə ucaldan təkcə uşaq, gənclər və əsas komanda üzvləri deyil, həm də veteran idmançılardır. Gənclərlə yanaşı, onlara da lazımi diqqət və qayğı göstərilir. Bunun müqabilində veteranlar tez-tez dünya və Avropa miqyaslı yarışlarda qüvvələrini sınayır və vətənə üzüağ dönürlər.
Bu günlərdə Polşanın Raciborz şəhərində yunan-Roma güləşi üzrə veteranlar arasında növbəti dünya çempionatı başa çatmışdır. Sevindirici haldır ki, bu dəfə də güləşçilərimiz mötəbər turnirdə uğurla çıxış etmişlər.
Ölkəmizi 58 kq çəki dərəcəsində təmsil edən Tariyel Məmmədov İran və Ukrayna idmançılarına qalib gələrək yarımfinal görüşündə büdrəmiş və bürünc medala layiq görülmüşdür. Xatırladaq ki, "Təhsil" İdman Mərkəzinin RİOEUGİM-də məşqçi işləyən T.Məmmədov 2009-cu ildə Finlandiyada keçirilmiş analoji turnirdə dünya çempionu olmuş, ötən il isə Serbiyanın paytaxtı Belqradda dünya çempionatının gümüş medalını qazanmışdı.
Kürdəmir peşə liseyinin müəllimi, tanınmış güləşçi Əlisahib Əliabbasov (76 kq) isə artıq beşinci dəfədir mötəbər yarışlardan vətənə medalla qayıdır. Ötən illərdə olduğu kimi, bu dəfə də Ə.Əliabbasov uğurlu çıxışı ilə yadda qalmış və dünya çempionatının bürünc mükafatçısı olmuşdur.
Ölkəmizi layiqincə təmsil edən daha bir güləşçi 97 kq çəki dərəcəsində mübarizə aparan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı polkovnik-leytenant Rövşən İsmayılxanlıdır. Bürünc medal uğrunda görüşdə Almaniya təmsilçisini məğlub etmiş R.İsmayılxanlı dünya çempionatında üçüncü yeri tutmuşdur.
Qeyd edək ki, Polşada keçirilmiş turnirdə 32 ölkənin 300-dək idmançısı mübarizə aparmışdır.
Rizvan
HİLALOĞLU
Azərbaycan.-
2011.-12 oktyabr.- S. 12.