Azərbaycan və
Avstriya prezidentlərinin geniş
tərkibdə görüşü
Oktyabrın 12-də
təkbətək görüş başa çatdıqdan sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya
Respublikasının Federal Prezidenti
Haynts Fişerin
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü
olmuşdur.
Azərbaycan
dövlətinin başçısı İlham ƏLİYEV görüş
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Sizin səfəriniz bizim üçün, ölkələrimiz
arasında əlaqələrin
inkişafı üçün
çox əhəmiyyətlidir.
Əminəm ki, səfərin
nəticələri çox
uğurlu olacaqdır.
Biz bir sıra mühüm sənədləri
imzalamağı və
bir sıra müxtəlif məsələləri
ətraflı müzakirə
etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi
kifayət qədər
genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli
də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı
maraq doğuran bir sıra məsələləri
müzakirə etməyə
hazırıq. Biz sürətlə inkişaf
edən ikitərəfli
münasibətlərimizdə yeni mərhələyə
qədəm qoyuruq.
Mən bilirəm
ki, iqtisadi sahədə qarşılıqlı
maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir.
Mədəniyyət sahəsində də
bizim yaxşı nəticələrimiz vardır.
Mən düşünürəm ki,
əməkdaşlığımızın
səviyyəsindən qane
ola bilərik.
Əlbəttə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da
çox yaxşı nəticələr verəcəkdir.
Bir daha Azərbaycana xoş gəlmisiniz.
* * *
Avstriya Respublikasının Federal Prezidenti Haynts
FİŞER səmimi qəbul
üçün minnətdarlığını
bildirərək dedi:
- Çox sağ
olun, cənab Prezident!
Mən Sizin atanızın 2000-ci ildə
Avstriyaya səfərini
xatırlayıram. O vaxtdan
on bir il
keçmişdir, bir çox dəyişikliklər
baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından
böyük addımlar
atmışdır. Bu,
çox təqdirəlayiqdir.
Bu münasibətlə təbriklərimi bildirirəm.
Mənə və məni müşayiət edən
nümayəndə heyətinə
səfərə dəvətinizə
görə minnətdarlığımı
bildirirəm. Sizin dəvətinizi böyük
məmnuniyyətlə qəbul
etdim. Nümayəndə heyətimizin tərkibi
təkcə siyasətçilər
və diplomatlardan ibarət deyildir. Buraya həmçinin işgüzar
dairələrdən, elm və
turizm sahələrindən
nümayəndələr daxildir.
AzərTAc
Azərbaycan.- 2011.- 13 oktyabr.- S. 1,
2.