Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçirmişlər
Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab
Prezident, mən Sizi Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət
veririk. Bu, əlaqələrimizin tarixində
Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir. Mən çox şadam ki, səfər çox
uğurlu keçir. Əminəm ki, səfərinizin
çox yaxşı nəticələri olacaqdır.
Bu gün biz Sizinlə ikitərəfli əlaqələrimizin
geniş gündəliyini müzakirə etdik. Bu müzakirə
göstərir ki, Avstriya-Azərbaycan əlaqələri
çox yüksək səviyyədədir. Siyasi əlaqələr güclənir və Sizin Azərbaycana
səfəriniz bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr,
müxtəlif səviyyələrdə əməkdaşlıq
aparılır. Bir sözlə, siyasi əlaqələrin
yüksək səviyyədə olması, əlbəttə
ki, bütün başqa sahələrdə əlaqələrin
inkişafına güclü təkan verir.
Bu gün biz Sizinlə, eyni zamanda, regional əməkdaşlıq
məsələlərinə də toxunduq. Regional təhlükəsizlik
məsələləri də bizim üçün çox
vacibdir. Mən Sizə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı, son vəziyyətlə bağlı məlumat
verdim. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan
tərəfi ümid edir ki, yaxın zamanlarda münaqişə
öz həllini tapacaq və Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınan ərazi
bütövlüyü bərpa ediləcəkdir.
Münaqişə nəticəsində
torpaqlarımızın 20 faizi işğal altına
düşmüşdür. Bir milyona yaxın azərbaycanlı
doğma torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Bizə
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik
Şurası çox vacib qətnamələr qəbul
etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
vardır. Onlar Ermənistan qüvvələrinin
işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmasını tələb edən qətnamələrdir.
ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq
təşkilatlar da oxşar qərarlar qəbul etmişlər.
Ümid edirəm ki, yaxın gələcəkdə bu
münaqişə öz həllini tapacaq və Azərbaycanın
ərazi bütövlüyü bərpa ediləcəkdir.
Biz bu gün, eyni zamanda, iqtisadi məsələlərə
də toxunduq.
Bu sahədə də əməkdaşlıq
çox uğurludur. Azərbaycanda qırx
Avstriya şirkəti fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Biz bu fəaliyyətdən çox razıyıq.
Bu gün keçiriləcək Avstriya-Azərbaycan
biznes-forumu da bu sahədəki əlaqələrin
inkişafına öz töhfəsini verəcəkdir. Mən buna şübhə etmirəm. Avstriya şirkətləri
burada müxtəlif layihələrdə iştirak
edir və Azərbaycan tərəfi də bu iştirakdan
çox razıdır.
Biz bu gün enerji sahəsindəki əməkdaşlığa
da toxunduq. Bu sahədə də yaxşı nəticələr
vardır. İmzalanan sənədlərin
sırasında OMV və SOCAR arasında sənəd xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycan
enerji siyasətini uğurla icra edir. Bizim zəngin neft və qaz yataqlarımız
həm ölkənin, həm də tərəfdaşların
enerji təhlükəsizliyinə xidmət göstərir.
Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan
arasında "Cənub" qaz dəhlizi üzrə çox
vacib bəyannamə qəbul edilmişdir. Bu bəyannamənin
icrası nəticəsində Avropa qitəsi ilə Azərbaycan
arasında enerji sahəsində əməkdaşlıq
üçün yaxşı şərait və imkanlar
yaradılacaqdır. Bizim zəngin qaz
yataqlarımız vardır. Təsdiq edilmiş qaz
ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir.
Əminəm ki, gələcəkdə bu rəqəm
daha da artacaqdır. "Cənub" qaz dəhlizi
layihəsinin icrası üçün hazırda çox
gözəl imkanlar vardır. Birinci
növbədə, mənbə - Azərbaycanın qaz
resursları, ikinci tərəfdən, Avropa qurumlarının
bu məsələyə olan diqqəti yüksək səviyyədədir.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
gündəliyində bu məsələ xüsusi yer tutur.
Ümid edirəm ki, yaxın zamanlarda
bütün qalan məsələlər, o cümlədən
tranzit məsələləri həllini tapacaqdır. Beləliklə, Azərbaycan qazı
üçün yeni böyük bazarlar
açılacaqdır.
Mədəniyyət sahəsində də əməkdaşlıq
çox gözəldir. Bu gün bu sahə ilə bağlı
çox gözəl tədbir də keçiriləcəkdir.
Dünya şöhrətli bəstəkar
Motsartın Bakıda abidəsi ucaldılacaq. Bu da həm mədəniyyət
sahəsində əməkdaşlığa yaxşı təsir
göstərəcək və xalqlar arasında olan əlaqələrə
də çox böyük töhfə olacaqdır.
Bir sözlə, cənab Prezident, Sizin səfəriniz
Avstriya-Azərbaycan əlaqələrinin gələcək
inkişafı üçün çox əhəmiyyətlidir. Mən Sizi bir
daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə və nümayəndə heyətinizə bu
səfər zamanı Azərbaycanda xoş əhvali-ruhiyyə
arzulayıram.
Prezident Haynts Fişerin bəyanatı
- Hörmətli
cənab Prezident!
Hörmətli
xanımlar və cənablar!
Mən də əvvəlcə Sizə bu qonaqpərvərliyə,
xüsusilə dəvətə görə bir daha təşəkkür
etmək istəyirəm. Məni bu səfərimdə hökumətin
çoxsaylı üzvləri müşayiət edir. Mən böyük nümayəndə heyəti ilə
gəlmişəm. Elm adamları nümayəndə
heyətinin tərkibindədir. Bu, onu göstərir ki,
biz Sizin ölkənizlə münasibətlərimizə
böyük diqqət yetiririk və münasibətlərin
inkişafı bizim də marağımızdadır. Qonaqpərvərliyə görə bir daha təşəkkür
edirəm. Açıq, maraqlı fikir
mübadiləsinə görə Sizə yenə təşəkkür
etmək istəyirəm. Siz bu şəraiti
yaratmısınız, biz həm ikitərəfli, həm də
çoxtərəfli çərçivədə və həmçinin,
üzbəüz, sonra isə nümayəndə heyətlərinin
iştirakı ilə danışıqlar apardıq.
Mən bu fürsətdən istifadə edərək Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20 illiyi
münasibətilə Sizi təbrik edirəm. Oktyabrın
18-də Siz bu yubileyi qeyd edəcəksiniz. Mən əminəm
ki, hər bir müşahidəçi, ölkənizə gələn
hər bir qonaq Sizin xüsusilə son 10 ildə
əldə etdiyiniz uğurların şahidi olacaqdır. Bunları açıq-aşkar görmək
mümkündür. Bu uğurları
Bakıda gəzərkən aydınca görürsən.
Bu dinamik inkişaf göz qabağındadır.
Səfər müddətində də bizə
göstərildi, izah olundu.
Avstriya həmin
ölkələrdəndir ki, ilk olaraq sizinlə diplomatik
münasibətlər yaratdı, Sizin
ölkəni tanıdı. Müstəqillik yolu - bu 20 illik
yol, eyni zamanda,
bizim diplomatik münasibətlərin də 20 ili deməkdir.
Bu son illərdə biz müəyyən
uğurlar əldə etmişdik.
İqtisadi mövzular Sizin də qeyd etdiyiniz kimi, bizim
danışıqların ön planında
dayanmışdır. Bu, təkcə ikitərəfli deyil, həm
də Avropa ilə bizim münasibətlərə dair
mövzulara aid idi. Məsələn, "Nabukko". Biz bu layihədə həm Avropa
İttifaqının, həm də Avstriyanın vacib
maraqlarının, mövqelərimizin ifadəsini
görürük.
Biz əmin olmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyi
etibarlı əllərdədir. Sizinlə etibarlı əməkdaşlıq
burada öz töhfəsini verir və müxtəlif sahələri
əhatə edir. Müxtəlif layihələrin
həyata keçirilməsi bu sahədə gözəl
bazadır. Sizinlə söhbətin
gedişində də bir daha məlum oldu ki, Azərbaycan bu
münasibətlərə böyük əhəmiyyət
verir. Sizin bu barədə fikirlərinizi
biz çox əhəmiyyətli hesab edirik və düzgün
interpretasiya etmək istəyirik. "Nabukko"
bu əməkdaşlıqda yeganə layihə deyildir. Biz bir sıra firmalarla əməkdaşlığın
şahidiyik və onları sadalamağa ehtiyac yoxdur. Amma qeyd etməliyəm ki, onların fəaliyyətinə
siz dəstək verirsiniz. Xüsusilə
tikinti, küçəsalma və texnoloji sahələrdə
gözəl əməkdaşlıq özünü göstərir.
Səhiyyə, sağlamlıq, infrastruktur və idarəçilik sahələrində
olan əməkdaşlıq da yüksək səviyyədədir.
Bunlar hamısı o mövzulardır ki, biz
Sizinlə fikir mübadiləsi apardıq və Sizinlə
gözəl əməkdaşlıq özünü göstərir.
Verdiyiniz
məlumatlara, Sizin nöqteyi-nəzərinizə
görə Sizə bir daha təşəkkür edirəm.
Biz Dağlıq Qarabağ münaqişəsinin sülh
və danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bütün
iştirakçılara müraciət edirik ki,
danışıqlar aparmağa hazır olsunlar,
danışıqlar stoluna qayıtsınlar. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik
ki, onlar da yaxşı iradə göstərsinlər,
münaqişə həllini tapsın.
Biz insan hüquqları, mətbuat azadlığı barədə
də danışdıq. Mən bu barədə
fikirlərin ədalətli şəkildə ifadəsindən,
bu məsələ ilə bağlı münasibətlərin
müzakirəsindən məmnun qaldım. BMT çərçivəsində biz də müəyyən
öhdəlik götürmüşük ki, lazım olan sahələrdə
xoş əməlimizi göstərək, öz xidmətimizi
təklif edək. Qeyd edim ki, BMT-nin bu sahədə
qətnamələri də öz həllini tapmalıdır.
Biz hazırkı inkişaf barədə fikir mübadiləsi
apardıq. Xüsusilə Avropa İttifaqında olan inkişaf
barədə. Biz optimist bir şəkildə
fikrimizi, əminliyimizi bildirdik ki, siyasi və iqtisadi münasibətlərimiz
inkişaf edəcəkdir. Avropa
İttifaqı da siyasi-iqtisadi cəhətdən öz gələcəyini
təmin edəcəkdir. Bizim yaxınlaşmamız bu
münasibətlər, bu əməkdaşlıq vasitəsilə
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrə
öz müsbət təsirini göstərir. Bu, Avstriya tərəfindən də dəstəklənir.
Cənab
Prezident, Sizə təşəkkür edirəm. Suallar varsa, biz məmnuniyyətlə cavablandırmağa
hazırıq. Əgər bu arzu edilirsə,
biz suallar üçün açığıq.
* * *
Sonra dövlət başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
- Markus
Müller-Şinvald (Avstriyanın ORF Teleradiosu): Cənab
Prezident Əliyev, cənab Prezident Fişer. Danışıqlardan
sonra bizə deyə bilərsinizmi ki, hansı üç
konsorsium Azərbaycan qazının daşınması istiqamətində
layihəni udacaq və hansı layihəyə
üstünlük verilir?
Prezident
İlham ƏLİYEV: Qeyd etməliyəm ki, bu ilin əvvəlində
Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub"
qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir.
Bəyannaməni Avropa Komissiyasının sədri cənab
Barrozu və mən
Bakıda imzalamışıq. Bu bəyannamədə
göstərilir ki, "Cənub" qaz dəhlizinin həyata
keçirilməsi üçün hər iki tərəf
öz səylərini göstərəcək. Eyni zamanda, Avropa Komissiyası və Azərbaycan Sənaye
və Energetika Nazirliyi tərəfindən müştərək
işçi qrupu yaradılmışdır. Bu işçi qrupunun fəaliyyəti artıq
müsbət xarakter daşıyır. Bütün
bu variantlar, bütün bu layihələr əlbəttə
ki, təhlil edilməlidir. Bu yaxınlarda təkliflər
irəli sürülmüşdür. Bu təkliflərə
baxılacaqdır. Həm Azərbaycan, həm tərəfdaşlarımız,
həm də əsas investorlar üçün ən məqbul
variant seçiləcəkdir.
Azərbaycan böyük qaz potensialına malikdir. Bu barədə
mən artıq söylədim və rəqəmləri gətirdim.
Əlbəttə, biz maraqlıyıq ki, qaz
potensialımızı maksimum dərəcədə realizə
edə bilək. Hazırda "Şahdəniz"
bizim əsas qaz layihəmiz kimi ön plandadır. Ancaq bununla bərabər, son müddət ərzində
SOCAR tərəfindən aşkarlanmış
"Ümid" yatağı da çox böyük ümidlər
verir. Bu yaxınlarda "Total" və
"Gaz de France" şirkətləri tərəfindən kəşf
edilmiş "Abşeron" yatağında da böyük
qaz ehtiyatları vardır. Deyə bilərəm ki, son
bir il ərzində Azərbaycanın təsdiq
edilmiş qaz ehtiyatları təqribən 600 milyard kubmetr səviyyəsində
artmışdır. Ona görə həm
kommersiya layihələrinin, üç layihənin kommersiya
şərtləri, eyni zamanda, onların icra müddəti,
texniki parametrləri əsas rol oynayacaqdır. Bu, elə bir qərar olmalıdır ki, həm vaxt
itirməyək, eyni zamanda, Azərbaycan öz qaz resurslarını
maksimum dərəcədə ixrac edə bilsin. Bu iki komponenti birləşdirmək üçün
indi müzakirələr aparırıq. Yenə
də deyirəm, bu qərarı biz birgə verməliyik.
"Şahdəniz" layihəsinin ikinci
fazasına nəzərdə tutulan investisiyaların həcmi təqribən
20 milyard dollar ətrafında gözlənilir. Əlbəttə ki, əsas investorların fikri də
nəzərə alınmalıdır, Azərbaycanın
maraqları da təmin edilməlidir.
Bugünə qədər enerji sahəsində əməkdaşlıq
bu prinsiplər üzərində qurulmuşdur. Həm
investorların, həm Azərbaycanın maraqları, hazırda
deməli, Avropa ölkələrinin maraqları da bu məsələdə
öz rolunu oynamalıdır. Çünki biz bu gün
cənab Prezidentlə bu barədə geniş fikir mübadiləsi
apardıq və cənab Prezident çox dəqiq dedi ki, hər
tərəf qələbə qazanmalıdır - Azərbaycan
resursların sahibi kimi, tranzit ölkələr və
istehlakçılar. Bunu etmək
mümkündür. Ona görə hesab
edirəm, yaxın zamanlarda düzgün qərar veriləcək,
o qərar ki, bizim potensial müştərilərimizin
hamısını təmin edə bilmiş olsun.
Prezident
Haynts FİŞER: Mən öz tərəfimdən deyə bilərəm,
məlumatım ondan ibarətdir ki, konsorsiumlar təkliflərini
veriblər, təklif ediblər. Bir neçə
gün əvvəl onlar təkliflərini veriblər. Hazırda bu təkliflər araşdırma mərhələsindədir.
Avstriyalılar və avropalılar elə bilirəm
ki, "Nabukko" layihəsi ilə bağlı xüsusi,
yaxşı bir mövqedədirlər. Biz
xüsusi maraq göstəririk ki, bu layihə reallaşsın.
Bu, Avstriya üçün xüsusilə
yaxşı bir əməldir. Çünki
bu layihə birbaşa Avstriyaya gətirib çıxarır.
Bizdən də digər tədarükçülərə
çıxmaq imkanı vardır və 100 milyon avropalı
bizim ətrafımızda yaşayır, onların bu qazdan bəhrələnmək,
faydalanmaq imkanı vardır. Bu,
Almaniyadır, Sloveniyadır, Çexiyadır, Xorvatiyadır,
eyni zamanda, Slovakiyadır. Bizim
yaxınlığımızda olan qonşular, onların ətrafında
olan qonşular. Bu təkcə bizim
qonşular üçün yox, bütün Avropa
üçün nəzərdə tutulacaqdır. Mənim fikrimcə, bu layihə Azərbaycan
üçün də mühümdür. Bizim üçün əhəmiyyətlidir ki,
planlaşmada əminlik əldə edə bilək. Təşəkkür edirəm.
Ceyhun
QULİYEV (Azərbaycan televiziyası): Mənim sualım Avstriya
Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Ermənistanın
Azərbaycana qarşı təcavüzü 20 ildən
artıqdır ki, davam edir. Ermənistanın
etnik təmizləmə siyasəti nəticəsində bir
milyon soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Ermənistan təcavüzkar işğal siyasətinə
isə son qoymur. Bu münaqişə
regionda sülh və təhlükəsizliyə təhdid mənbəyidir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı Avstriyanın konkret mövqeyini bilmək istərdik.
Çox sağ olun.
Prezident
Haynts FİŞER: Biz təkbətək söhbət edən
zaman mən cənab Prezidentə bildirdim. Dağlıq
Qarabağ münaqişəsi barədə ilkin olaraq fikir
mübadiləsi apardıq. Autentik formada
çalışdıq fikirlərimizi yaxınlaşdıraq.
Münaqişənin həlli bizi də
maraqlandırır. Mən başa düşürəm,
yaxşı başa düşürəm. Bu, Azərbaycan üçün vacib məsələdir
və Azərbaycan üçün fəlakətdir. Baş verən hadisələr və
qaçqınlar var və onlar evlərinə qayıda bilmirlər.
Münaqişə potensialı qalır. Bu nöqteyi-nəzərdəyəm ki, XXI əsrdə
bu cür münaqişələr sülh yolu ilə həll
olunmalıdır. Bu, Avstriyanın
mövqeyidir. Avstriya heç bir halda,
heç bir kontinentdə münaqişənin hərb yolu ilə
həllinə tərəfdar deyildir. Çünki
güc tətbiqi heç də həll variantı deyildir və
sonra yenə güc tətbiqinə gətirib
çıxarır. Avstriya da bu siyasətin
tərəfdarıdır ki, bu münaqişənin həllinə
sülh yolu, danışıqlar yolu ilə nail
olunmalıdır. Bu ərazi münaqişəsi
digər dövlətlərin köməyi cəlb olunmaqla,
Minsk qrupu dövlətlərinin səyləri ilə həll
olunmalıdır.
İvan
Novak (Avstriyanın informasiya agentliyi (APA): Cənab Prezident Əliyev, iqtisadiyyatla bağlı Sizə
sual vermək istəyirəm. Avstriyanın OMV şirkəti cəhd
edir ki, Azərbaycanda qaz idxalı və qaz
çıxarılması məsələsi ilə
yaxından məşğul olsun. Fikirləşirlər ki,
SOCAR "Nabukko" konsorsiumuna daxil olacaqdır. Bu imkanlara Siz necə baxırsınız? SOCAR "Nabukko" konsorsiumuna qoşula bilərmi?
Prezident
İlham ƏLİYEV: Hörmətli OMV prezidenti cənab Roiss
ilə biz dəfələrlə
görüşmüşük - həm Bakıda, həm
başqa paytaxtlarda. Bu məsələ ilə
bağlı çox səmimi fikir mübadiləsi
aparmışıq. OMV ilə SOCAR
arasında əlaqələr yüksək səviyyədədir
və bu gün imzalanan sənəd bunun bariz nümunəsidir.
Müxtəlif təkliflər ola bilər,
vardır və onlar nəzərdən keçirilir. Əlbəttə ki, biz hər bir tərəf
üçün ən məqbul olan variantı seçməliyik.
Hesab edirəm, indiki mərhələdə vacib
olan nailiyyətlərin arasında qeyd etməliyik ki, "Cənub"
qaz layihəsinin reallaşdırılması üçün
yaxşı imkanlar vardır. Onu da deyə
bilərəm ki, qaza sahib olan dövlətlər arasında
yeganə ölkə Azərbaycandır ki, "Cənub"
qaz dəhlizini rəsmən dəstəkləyir və bu dəstək
təkcə bu ilin əvvəlində Avropa İttifaqı ilə
Azərbaycan arasında imzalanmış sənədlə məhdudlaşmır.
Hələ 2009-cu ildə Avropa İttifaqı
Sammitində enerji ilə bağlı məsələlər
müzakirə edilən zaman Azərbaycan buna oxşar sənədi
imzalamışdır. Yəni, bu bizim
şüurlu seçimimizdir və biz istəyirik ki, qaz
resurslarımızı dünya bazarlarına müxtəlif
yollarla çıxaraq və hazırda Azərbaycan qazı
istehlakçılara müxtəlif istiqamətlər üzrə
çatdırılır. Gələcəkdə,
böyük qaz mənbəyi işə düşəndən
sonra isə əlbəttə ki, bizə həm yeni bazarlar
lazım olacaq, eyni zamanda, mövcud bazarlara da öz
qazımızı daha da böyük həcmdə ixrac etmək
fikrindəyik. Ona görə hər
hansı bir layihənin iştirakçısı olmaq bir tərəfdən
böyük məsuliyyətdir, digər tərəfdən
böyük üstünlükdür. Bu məsuliyyəti
və üstünlüyü götür-qoy edərək biz
düzgün qərar verməliyik. Əgər
Azərbaycan və investorlar tərəfindən
"Nabukko" layihəsinə üstünlük verilərsə,
o zaman əlbəttə ki, "Nabukko"da
iştirakçı olmaq üçün konkret təkliflərə
baxılacaqdır. Həmin təkliflər
təhlil ediləcəkdir ki, maliyyə öhdəliyimiz nədən
ibarət olacaqdır?! SOCAR bu layihənin
investoru olmaq istəyəcəkmi, yoxsa yox?! Yoxsa sadəcə olaraq öz qazını o layihəyə
təqdim edəcək. Yəni,
bütün bu məsələlər gərək müzakirə
edilsin. Əlbəttə ki, ilk növbədə
kommersiya şərtləri çox dəqiq təhlil edilməlidir
və biz kommersiya cəhətdən ən əlverişli
varianta gəlməliyik.
Albina
Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc):
Mənim sualım Avstriya
Prezidentinədir. Cənab Prezident, Avstriya ilə Azərbaycan
arasında qarşılıqlı investisiya imkanlarını
necə qiymətləndirirsiniz? Çox sağ
olun.
Prezident
Haynts FİŞER: Son illərdə sübut etdik ki, biz
aşağı səviyyədən başlayaraq yuxarıya
doğru hərəkət edirik və iqtisadi-ticari münasibətlərimizi
və investisiya münasibətlərimizi dərinləşdiririk.
Elə bilirəm ki, bu, hər iki tərəf
üçün faydalıdır və biz bu yolu davam etdirəcəyik.
Bu mübadilə siyasəti və ölkələrimizin
böyüklüyünə görə coğrafi baxımdan,
əhali baxımından eyni ölçülərə
malikik və biz bir-birimizi gözəl başa
düşürük. Cənab Prezident də
buna işarə etdi ki, Avstriya şirkətləri Azərbaycanda
uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfi bilir ki, onlar necə
uğurla fəaliyyət göstərirlər, otellər tikirlər,
burada baş verən hadisələrlə yaşayırlar.
Bunun üçün özləri ilə
işçi qüvvəsi gətirirlər və bu otellərin
inşası əsasında təcrübə mübadiləsi
davam edir. Biz hətta bu barədə əməkdaşlıq
memorandumu da imzalamışıq. Cənab
Prezident Avstriyaya gələrsə, - mən onu bu fürsətdən
istifadə edərək ölkəmə dəvət edirəm,
- yerindəcə ölkəmizdə məlumat verə bilərik
ki, bizdə bu investisiyalar üçün, bu ixrac-idxal sahəsində,
həm də qaz ilə bağlı hansı imkanlar vardır.
Arzu edirəm ki, Siz səfərə
"Nabukko" ilə bağlı xoş xəbərlə gələsiniz.
AzərTAc
Azərbaycan.- 2011.-13 oktyabr.- S. 2, 3.