Azərbaycan və Avstriya prezidentləri birgə mətbuat konfransı keçirmişlər
Oktyabrın 12-də Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Prezident Haynts Fişerin bəyanatı
- Hörmətli
cənab Prezident!
Hörmətli
xanımlar və cənablar!
Mən də
əvvəlcə Sizə bu qonaqpərvərliyə,
xüsusilə dəvətə görə bir daha təşəkkür
etmək istəyirəm. Məni bu səfərimdə
hökumətin çoxsaylı üzvləri müşayiət
edir. Mən böyük nümayəndə heyəti ilə gəlmişəm.
Elm adamları nümayəndə heyətinin tərkibindədir.
Bu, onu göstərir ki, biz Sizin ölkənizlə münasibətlərimizə
böyük diqqət yetiririk və münasibətlərin
inkişafı bizim də marağımızdadır. Qonaqpərvərliyə
görə bir daha təşəkkür edirəm.
Açıq, maraqlı fikir mübadiləsinə görə
Sizə yenə təşəkkür etmək istəyirəm.
Siz bu şəraiti yaratmısınız, biz həm ikitərəfli,
həm də çoxtərəfli çərçivədə
və həmçinin, üzbəüz, sonra isə nümayəndə
heyətlərinin iştirakı ilə danışıqlar
apardıq.
Mən bu
fürsətdən istifadə edərək Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20 illiyi
münasibətilə Sizi təbrik edirəm. Oktyabrın 18-də
Siz bu yubileyi qeyd edəcəksiniz. Mən əminəm ki, hər
bir müşahidəçi, ölkənizə gələn hər
bir qonaq Sizin xüsusilə son 10 ildə əldə etdiyiniz
uğurların şahidi olacaqdır. Bunları
açıq-aşkar görmək mümkündür. Bu
uğurları Bakıda gəzərkən aydınca
görürsən. Bu dinamik inkişaf göz
qabağındadır. Səfər müddətində də
bizə göstərildi, izah olundu.
Avstriya həmin
ölkələrdəndir ki, ilk olaraq sizinlə diplomatik
münasibətlər yaratdı, Sizin ölkəni
tanıdı. Müstəqillik yolu - bu 20 illik yol, eyni
zamanda, bizim diplomatik münasibətlərin
də 20 ili deməkdir. Bu son illərdə biz müəyyən
uğurlar əldə etmişdik.
İqtisadi
mövzular Sizin də qeyd etdiyiniz kimi, bizim
danışıqların ön planında
dayanmışdır. Bu, təkcə ikitərəfli deyil, həm
də Avropa ilə bizim münasibətlərə dair
mövzulara aid idi. Məsələn, "Nabukko". Biz bu
layihədə həm Avropa İttifaqının, həm də
Avstriyanın vacib maraqlarının, mövqelərimizin ifadəsini
görürük.
Biz əmin
olmaq istəyirik ki, Avropanın enerji təhlükəsizliyi
etibarlı əllərdədir. Sizinlə etibarlı əməkdaşlıq
burada öz töhfəsini verir və müxtəlif sahələri
əhatə edir. Müxtəlif layihələrin həyata
keçirilməsi bu sahədə gözəl bazadır.
Sizinlə söhbətin gedişində də bir daha məlum
oldu ki, Azərbaycan bu münasibətlərə böyük əhəmiyyət
verir. Sizin bu barədə fikirlərinizi biz çox əhəmiyyətli
hesab edirik və düzgün interpretasiya etmək istəyirik.
"Nabukko" bu əməkdaşlıqda yeganə layihə
deyildir. Biz bir sıra firmalarla əməkdaşlığın
şahidiyik və onları sadalamağa ehtiyac yoxdur. Amma qeyd
etməliyəm ki, onların fəaliyyətinə siz dəstək
verirsiniz. Xüsusilə tikinti, küçəsalma və
texnoloji sahələrdə gözəl əməkdaşlıq
özünü göstərir. Səhiyyə,
sağlamlıq, infrastruktur və
idarəçilik sahələrində olan əməkdaşlıq
da yüksək səviyyədədir. Bunlar hamısı o
mövzulardır ki, biz Sizinlə fikir mübadiləsi
apardıq və Sizinlə gözəl əməkdaşlıq
özünü göstərir.
Verdiyiniz
məlumatlara, Sizin nöqteyi-nəzərinizə görə
Sizə bir daha təşəkkür edirəm.
Biz
Dağlıq Qarabağ münaqişəsinin sülh və
danışıqlar yolu ilə həllinə tərəfdarıq.
Bütün iştirakçılara müraciət edirik ki,
danışıqlar aparmağa hazır olsunlar,
danışıqlar stoluna qayıtsınlar. ATƏT-in Minsk
qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar da
yaxşı iradə göstərsinlər, münaqişə
həllini tapsın.
Biz insan
hüquqları, mətbuat azadlığı barədə də
danışdıq. Mən bu barədə fikirlərin ədalətli
şəkildə ifadəsindən, bu məsələ ilə
bağlı münasibətlərin müzakirəsindən məmnun
qaldım. BMT çərçivəsində biz də müəyyən
öhdəlik götürmüşük ki, lazım olan sahələrdə
xoş əməlimizi göstərək, öz xidmətimizi
təklif edək. Qeyd edim ki, BMT-nin bu sahədə qətnamələri
də öz həllini tapmalıdır.
Biz
hazırkı inkişaf barədə fikir mübadiləsi
apardıq. Xüsusilə Avropa İttifaqında olan inkişaf
barədə. Biz optimist bir şəkildə fikrimizi, əminliyimizi
bildirdik ki, siyasi və iqtisadi münasibətlərimiz
inkişaf edəcəkdir. Avropa İttifaqı da siyasi-iqtisadi
cəhətdən öz gələcəyini təmin edəcəkdir.
Bizim yaxınlaşmamız bu münasibətlər, bu əməkdaşlıq
vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı
arasında əlaqələrə
öz müsbət təsirini göstərir. Bu, Avstriya
tərəfindən də dəstəklənir.
Cənab
Prezident, Sizə təşəkkür edirəm. Suallar varsa,
biz məmnuniyyətlə cavablandırmağa hazırıq. Əgər
bu arzu edilirsə, biz suallar üçün
açığıq.
* * *
Sonra
dövlət başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
* * *
- Markus
Müller-Şinvald (Avstriyanın ORF Teleradiosu): Cənab
Prezident Əliyev, cənab Prezident Fişer.
Danışıqlardan sonra bizə deyə bilərsinizmi ki,
hansı üç konsorsium Azərbaycan qazının
daşınması istiqamətində layihəni udacaq və
hansı layihəyə üstünlük verilir?
Prezident
İlham ƏLİYEV: Qeyd etməliyəm ki, bu ilin əvvəlində
Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub"
qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir.
Bəyannaməni Avropa Komissiyasının sədri cənab
Barrozu və mən Bakıda
imzalamışıq. Bu bəyannamədə göstərilir
ki, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi
üçün hər iki tərəf öz səylərini
göstərəcək. Eyni zamanda, Avropa Komissiyası və
Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən
müştərək işçi qrupu
yaradılmışdır. Bu işçi qrupunun fəaliyyəti
artıq müsbət xarakter daşıyır. Bütün bu
variantlar, bütün bu layihələr əlbəttə ki, təhlil
edilməlidir. Bu yaxınlarda təkliflər irəli
sürülmüşdür. Bu təkliflərə
baxılacaqdır. Həm Azərbaycan, həm tərəfdaşlarımız,
həm də əsas investorlar üçün ən məqbul
variant seçiləcəkdir.
Azərbaycan
böyük qaz potensialına malikdir. Bu barədə mən
artıq söylədim və rəqəmləri gətirdim. Əlbəttə,
biz maraqlıyıq ki, qaz potensialımızı maksimum dərəcədə
realizə edə bilək. Hazırda "Şahdəniz"
bizim əsas qaz layihəmiz kimi ön plandadır. Ancaq bununla bərabər,
son müddət ərzində SOCAR tərəfindən
aşkarlanmış "Ümid" yatağı da çox
böyük ümidlər verir. Bu yaxınlarda "Total" və
"Gaz de France" şirkətləri tərəfindən kəşf
edilmiş "Abşeron" yatağında da böyük
qaz ehtiyatları vardır. Deyə bilərəm ki, son bir il ərzində
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları təqribən
600 milyard kubmetr səviyyəsində artmışdır. Ona
görə həm kommersiya layihələrinin, üç
layihənin kommersiya şərtləri, eyni zamanda, onların
icra müddəti, texniki parametrləri əsas rol
oynayacaqdır. Bu, elə bir qərar olmalıdır ki, həm
vaxt itirməyək, eyni zamanda, Azərbaycan öz qaz
resurslarını maksimum dərəcədə ixrac edə
bilsin. Bu iki komponenti birləşdirmək üçün
indi müzakirələr aparırıq. Yenə də deyirəm,
bu qərarı biz birgə verməliyik. "Şahdəniz"
layihəsinin ikinci fazasına nəzərdə tutulan
investisiyaların həcmi təqribən 20 milyard dollar ətrafında
gözlənilir. Əlbəttə ki, əsas investorların
fikri də nəzərə alınmalıdır, Azərbaycanın
maraqları da təmin edilməlidir.
Bugünə
qədər enerji sahəsində əməkdaşlıq bu
prinsiplər üzərində qurulmuşdur. Həm
investorların, həm Azərbaycanın maraqları, hazırda
deməli, Avropa ölkələrinin maraqları da bu məsələdə
öz rolunu oynamalıdır. Çünki biz bu gün cənab
Prezidentlə bu barədə geniş fikir mübadiləsi
apardıq və cənab Prezident çox dəqiq dedi ki, hər
tərəf qələbə qazanmalıdır - Azərbaycan
resursların sahibi kimi, tranzit ölkələr və
istehlakçılar. Bunu etmək mümkündür. Ona
görə hesab edirəm, yaxın zamanlarda düzgün qərar
veriləcək, o qərar ki, bizim potensial müştərilərimizin
hamısını təmin edə bilmiş olsun.
Prezident
Haynts FİŞER: Mən öz tərəfimdən deyə
bilərəm, məlumatım ondan ibarətdir ki, konsorsiumlar təkliflərini
veriblər, təklif ediblər. Bir neçə gün əvvəl
onlar təkliflərini veriblər. Hazırda bu təkliflər
araşdırma mərhələsindədir. Avstriyalılar və
avropalılar elə bilirəm ki, "Nabukko" layihəsi ilə
bağlı xüsusi, yaxşı bir mövqedədirlər.
Biz xüsusi maraq göstəririk ki, bu layihə
reallaşsın. Bu, Avstriya üçün xüsusilə
yaxşı bir əməldir. Çünki bu layihə
birbaşa Avstriyaya gətirib çıxarır. Bizdən də
digər tədarükçülərə çıxmaq
imkanı vardır və 100 milyon avropalı bizim ətrafımızda
yaşayır, onların bu qazdan bəhrələnmək,
faydalanmaq imkanı vardır. Bu, Almaniyadır, Sloveniyadır,
Çexiyadır, Xorvatiyadır, eyni zamanda, Slovakiyadır.
Bizim yaxınlığımızda olan qonşular, onların ətrafında
olan qonşular. Bu təkcə bizim qonşular
üçün yox, bütün Avropa üçün nəzərdə
tutulacaqdır. Mənim fikrimcə, bu layihə Azərbaycan
üçün də mühümdür. Bizim
üçün əhəmiyyətlidir ki, planlaşmada əminlik
əldə edə bilək. Təşəkkür edirəm.
Ceyhun
QULİYEV (Azərbaycan televiziyası): Mənim sualım Avstriya
Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Ermənistanın
Azərbaycana qarşı təcavüzü 20 ildən
artıqdır ki, davam edir. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində bir milyon soydaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Ermənistan təcavüzkar işğal
siyasətinə isə son qoymur. Bu münaqişə regionda
sülh və təhlükəsizliyə təhdid mənbəyidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı
Avstriyanın konkret mövqeyini bilmək istərdik. Çox
sağ olun.
Prezident
Haynts FİŞER: Biz təkbətək söhbət edən
zaman mən cənab Prezidentə bildirdim. Dağlıq
Qarabağ münaqişəsi barədə ilkin olaraq fikir
mübadiləsi apardıq. Autentik formada
çalışdıq fikirlərimizi yaxınlaşdıraq.
Münaqişənin həlli bizi də maraqlandırır. Mən
başa düşürəm, yaxşı başa
düşürəm. Bu, Azərbaycan üçün vacib məsələdir
və Azərbaycan üçün fəlakətdir. Baş
verən hadisələr və qaçqınlar var və onlar
evlərinə qayıda bilmirlər. Münaqişə
potensialı qalır. Bu nöqteyi-nəzərdəyəm ki,
XXI əsrdə bu cür münaqişələr sülh yolu ilə
həll olunmalıdır. Bu, Avstriyanın mövqeyidir. Avstriya
heç bir halda, heç bir kontinentdə münaqişənin
hərb yolu ilə həllinə tərəfdar deyildir.
Çünki güc tətbiqi heç də həll
variantı deyildir və sonra yenə güc tətbiqinə gətirib
çıxarır. Avstriya da bu siyasətin tərəfdarıdır
ki, bu münaqişənin həllinə sülh yolu,
danışıqlar yolu ilə nail olunmalıdır. Bu ərazi
münaqişəsi digər dövlətlərin köməyi
cəlb olunmaqla, Minsk qrupu dövlətlərinin səyləri
ilə həll olunmalıdır.
İvan
Novak (Avstriyanın informasiya agentliyi (APA): Cənab Prezident Əliyev, iqtisadiyyatla bağlı Sizə
sual vermək istəyirəm. Avstriyanın OMV şirkəti cəhd
edir ki, Azərbaycanda qaz idxalı və qaz
çıxarılması məsələsi ilə
yaxından məşğul olsun. Fikirləşirlər ki,
SOCAR "Nabukko" konsorsiumuna daxil olacaqdır. Bu imkanlara Siz
necə baxırsınız? SOCAR "Nabukko" konsorsiumuna
qoşula bilərmi?
Prezident
İlham ƏLİYEV: Hörmətli OMV prezidenti cənab Roiss
ilə biz dəfələrlə
görüşmüşük - həm Bakıda, həm
başqa paytaxtlarda. Bu məsələ ilə bağlı
çox səmimi fikir mübadiləsi aparmışıq. OMV
ilə SOCAR arasında əlaqələr yüksək səviyyədədir
və bu gün imzalanan sənəd bunun bariz nümunəsidir.
Müxtəlif təkliflər ola bilər, vardır və
onlar nəzərdən keçirilir. Əlbəttə ki, biz
hər bir tərəf üçün ən məqbul olan
variantı seçməliyik. Hesab edirəm, indiki mərhələdə
vacib olan nailiyyətlərin arasında qeyd etməliyik ki,
"Cənub" qaz layihəsinin
reallaşdırılması üçün yaxşı
imkanlar vardır. Onu da deyə bilərəm ki, qaza sahib olan
dövlətlər arasında yeganə ölkə Azərbaycandır
ki, "Cənub" qaz dəhlizini rəsmən dəstəkləyir
və bu dəstək təkcə bu ilin əvvəlində
Avropa İttifaqı ilə Azərbaycan arasında
imzalanmış sənədlə məhdudlaşmır. Hələ
2009-cu ildə Avropa İttifaqı Sammitində enerji ilə
bağlı məsələlər müzakirə edilən
zaman Azərbaycan buna oxşar sənədi
imzalamışdır. Yəni, bu bizim şüurlu
seçimimizdir və biz istəyirik ki, qaz
resurslarımızı dünya bazarlarına müxtəlif
yollarla çıxaraq və hazırda Azərbaycan qazı
istehlakçılara müxtəlif istiqamətlər üzrə
çatdırılır. Gələcəkdə,
böyük qaz mənbəyi işə düşəndən
sonra isə əlbəttə ki, bizə həm yeni bazarlar
lazım olacaq, eyni zamanda, mövcud bazarlara da öz
qazımızı daha da böyük həcmdə ixrac etmək
fikrindəyik. Ona görə hər hansı bir layihənin
iştirakçısı olmaq bir tərəfdən
böyük məsuliyyətdir, digər tərəfdən
böyük üstünlükdür. Bu məsuliyyəti və
üstünlüyü götür-qoy edərək biz
düzgün qərar verməliyik. Əgər Azərbaycan və
investorlar tərəfindən "Nabukko" layihəsinə
üstünlük verilərsə, o zaman əlbəttə ki,
"Nabukko"da iştirakçı olmaq üçün
konkret təkliflərə baxılacaqdır. Həmin təkliflər
təhlil ediləcəkdir ki, maliyyə öhdəliyimiz nədən
ibarət olacaqdır?! SOCAR bu layihənin investoru olmaq istəyəcəkmi,
yoxsa yox?! Yoxsa sadəcə olaraq öz qazını o layihəyə
təqdim edəcək. Yəni, bütün bu məsələlər
gərək müzakirə edilsin. Əlbəttə ki, ilk
növbədə kommersiya şərtləri çox dəqiq
təhlil edilməlidir və biz kommersiya cəhətdən ən
əlverişli varianta gəlməliyik.
Albina
Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc):
Mənim sualım Avstriya
Prezidentinədir. Cənab Prezident, Avstriya ilə Azərbaycan
arasında qarşılıqlı investisiya imkanlarını
necə qiymətləndirirsiniz? Çox sağ olun.
Prezident
Haynts FİŞER: Son illərdə sübut etdik ki, biz
aşağı səviyyədən başlayaraq yuxarıya
doğru hərəkət edirik və iqtisadi-ticari münasibətlərimizi
və investisiya münasibətlərimizi dərinləşdiririk.
Elə bilirəm ki, bu, hər iki tərəf
üçün faydalıdır və biz bu yolu davam etdirəcəyik.
Bu mübadilə siyasəti və ölkələrimizin
böyüklüyünə görə coğrafi baxımdan,
əhali baxımından eyni ölçülərə malikik
və biz bir-birimizi gözəl başa düşürük.
Cənab Prezident də buna işarə etdi ki, Avstriya şirkətləri
Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Azərbaycan tərəfi bilir ki, onlar necə uğurla fəaliyyət
göstərirlər, otellər tikirlər, burada baş verən
hadisələrlə yaşayırlar. Bunun üçün
özləri ilə işçi qüvvəsi gətirirlər
və bu otellərin inşası əsasında təcrübə
mübadiləsi davam edir. Biz hətta bu barədə əməkdaşlıq
memorandumu da imzalamışıq. Cənab Prezident Avstriyaya gələrsə,
- mən onu bu fürsətdən istifadə edərək
ölkəmə dəvət edirəm, - yerindəcə
ölkəmizdə məlumat verə bilərik ki, bizdə bu
investisiyalar üçün, bu ixrac-idxal sahəsində, həm
də qaz ilə bağlı hansı imkanlar vardır. Arzu edirəm
ki, Siz səfərə "Nabukko" ilə bağlı
xoş xəbərlə gələsiniz.
AzərTAc
Azərbaycan.- 2011.-13 oktyabr.- S. 2, 3.