Prezidentlər İlham Əliyev və Haynts Fişer Azərbaycan-Avstriya biznes-forumunda iştirak etmişlər
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir.
Forum iştirakçıları Azərbaycan və
Avstriya prezidentlərini hərarətlə
qarşıladılar.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV forumda
çıxış edərək dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Bir daha, hörmətli cənab Prezident, Sizi Azərbaycanda
salamlayıram.
Azərbaycana xoş gəlmisiniz!
Bu, Avstriya-Azərbaycan əlaqələrinin tarixində
Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir və bu
səfər tarixi xarakter daşıyır. Mən
çox şadam ki, səfər çox uğurlu keçir.
Əminəm ki, nəticələri də
çox uğurlu olacaqdır.
Bizim aramızda çox sıx əməkdaşlıq
var və biz çalışırıq ki, bütün sahələrdə
əməkdaşlığı dərinləşdirək. Əlbəttə,
bunu etmək üçün siyasi əlaqələrin
çox böyük əhəmiyyəti vardır. Mən çox şadam ki, Avstriya-Azərbaycan əlaqələrində
çox müsbət irəliləyiş vardır. Deyə bilərəm ki, bu əlaqələr
hazırda ən yüksək səviyyədədir. Siyasi əməkdaşlıq və beynəlxalq təşkilatlarda
əməkdaşlığımız, siyasi əlaqələrin
güclü olması istər-istəməz bütün
başqa sahələrə də müsbət təsir
göstərir.
Bu gün bütün başqa məsələlərlə bərabər, biz Sizinlə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi apardıq. Mən hesab edirəm ki, bu sahədə əldə edilmiş uğurlar və yaxşı nəticələr bizi ruhlandırır, gələcək əməkdaşlığa sövq edir. Avstriya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsi çox böyük olmasa da, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi çox müsbət bir haldır. Avstriya şirkətləri ölkəmiz üçün çox vacib olan infrastruktur və tikinti layihələrində çalışırlar. Onların fəaliyyəti təqdirəlayiqdir, onlar işləri yüksək keyfiyyətlə görürlər. Bütün kontrakt şərtlərinə əməl edilir və Azərbaycanda böyük quruculuq işlərinin aparılmasında Avstriya şirkətləri bizə dəstək olurlar.
Bu gün biz bu barədə artıq danışdıq. Qeyd etmək istəyirəm ki, ölkəmiz üçün bir neçə vacib layihəni Avstriya şirkətləri icra edir. Onların arasında Bakıda beşulduzlu yeni otelin tikintisini "Strabag" şirkəti aparır. Bakıda yeni, müasir və bölgənin ən müasir aerovağzal kompleksini Avstriyanın "Waagner Biro" şirkəti həyata keçirir, "Şahdağ" Dağ Xizək Kurortunun inşası layihəsini Avstriyanın "Swiss Town Consult/ILF Consulting" və "Doppelmayr Seilbahnen GmbH" şirkətləri aparırlar. Yeni ofis binalarının layihələndirilməsi və dizayn işləri Avstriyanın "Coop Hemilbau" şirkətinə həvalə edilibdir. Ondan başqa, Bakının ən gözəl yerində, bulvarda, Milli Parkda Xalça Muzeyinin inşasını da Avstriyanın "Hoffmann - Janz ZT GmbH" şirkəti icra edir. "BHS İnternational" şirkəti isə Xalça Muzeyinin texniki təchizatı ilə məşğuldur.
Nəhayət, Bakının rəmzi olan Qız qalasının bərpasını da Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkəti icra edir. Bu barədə, cənab Prezident, mən sizə artıq məlumat verdim və söylədim ki, Qız qalası Bakının rəmzidir. Bakıda və ölkəmizin müxtəlif yerlərində tarixi abidələr kifayət qədər çoxdur. Ancaq Qız qalası Bakının rəmzidir. Qız qalası bizim ürəyimizdir, canımızdır. Hər bir azərbaycanlı üçün doğma olan bu abidənin bərpasını Avstriya şirkətinə etibar etmək yəqin ki, özlüyündə bir göstəricidir.
Yəni, sadaladığım bu
layihələr, doğrudan da ölkəmiz üçün
çox vacibdir və Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin
inkişafı üçün də vacibdir. Ümid edirəm
ki, hazırda əldə edilmiş yaxşı təcrübə
və qarşılıqlı anlaşma gələcək
layihələrin icrasına da təkan verəcəkdir.
Azərbaycanda
hələ görüləsi işlər çoxdur. Bizim
iqtisadi inkişafla bağlı konkret,
düşünülmüş strategiyamız və konkret
proqramlarımız vardır. Ölkəmiz üçün
lazım olan bütün infrastruktur layihələri Azərbaycanda
yenilənir, yenidən tikilir, bərpa edilir və bu layihələr
bütün sahələri əhatə edir. Beləliklə, gələcəkdə
Avstriya şirkətlərinin Azərbaycanda podratçı
kimi işləmək üçün yeni imkanları
olacaqdır. Bir daha demək istəyirəm ki, bizim yerli
strukturların nümayəndələrindən də dəfələrlə
maraqlanmışam və yerli qurumlar Avstriya şirkətlərinin
fəaliyyətindən çox razıdırlar.
Eyni zamanda hesab edirəm ki, iqtisadi əlaqələrimiz təkcə şirkətlərin layihələrdə iştirakı ilə məhdudlaşmamalıdır. Hesab edirəm ki, indi qarşılıqlı investisiyaların qoyulması üçün yaxşı şərait vardır. Bu sahədə deyə bilərəm ki, biz hələ əməkdaşlığın birinci mərhələsindəyik, birinci addımları atırıq. Azərbaycan şirkətləri indi xaricə böyük həcmdə sərmayə qoyuluşu ilə məşğuldur, həm Avropada, həm başqa ölkələrdə. Azərbaycanın həm dövlət, həm özəl şirkətləri Sizin ölkənizə investisiya qoymaq üçün maraqlı ola bilərlər və bugünkü biznes-forum yəqin ki, hər iki ölkənin imkanlarını təqdim edəcəkdir və edir.
Eyni zamanda, Azərbaycan da xarici sərmayə üçün çox əlverişli bir yerdir. Bizdə çox gözəl investisiya mühiti hökm sürür. Xarici sərmayələr qoyulur və birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Deyə bilərəm ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar sərmayə qoyulmuşdur və onun böyük hissəsi daxili sərmayədir. Amma kifayət qədər böyük hissə də xarici sərmayələrdir.
Xarici sərmayələr Azərbaycanda lazımınca qorunur. Biz bütün kontraktlara böyük hörmətlə yanaşırıq və hesab edirik ki, etimadı qazanmaq üçün məhz əldə edilmiş razılaşmalara hörmətlə yanaşılmalıdır. Ölkəmizin hərtərəfli inkişafı üçün əlbəttə ki, xarici investisiyaların cəlb edilməsi vacibdir. Halbuki deyə bilərəm ki, indiki mərhələdə əvvəlki dövrdən fərqli olaraq, Azərbaycana qoyulan sərmayənin böyük hissəsi daxili mənbələr - həm dövlət, həm özəl sektor hesabına formalaşır. Azərbaycanda investisiya mühiti çox müsbətdir.
Bütövlükdə ölkəmizdə bazar iqtisadiyyatına keçid dövrü tamamilə başa çatmışdır. Biz bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edəcəyik. İyirmi il əvvəl Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlər yox idi, ümumi daxili məhsulun yüz faizini dövlət qurumları təmin edirdi.
Hazırda ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşır, genişmiqyaslı özəlləşdirmə siyasəti aparılmışdır. Özəl sektorun inkişafı üçün dövlətimiz də çox böyük işlər görür, həm yardımlar edir, həm də ki, siyasi dəstək də yüksək səviyyədədir. Yəni, Azərbaycan iqtisadiyyatı bazar prinsipləri ilə tənzimlənir. Bu, azad iqtisadiyyatdır, dünyaya açıq iqtisadiyyatdır və deyə bilərəm ki, artıq güclü iqtisadiyyatdır.
Son 7 il ərzində Azərbaycanda ümumi
daxili məhsul təxminən üç dəfə
artmışdır. Sənaye istehsalı da təxminən
üç dəfə artmışdır, yüz minlərlə
yeni iş yeri açılmışdır və infrastruktur
layihələrinə böyük sərmayə qoyulmuşdur.
Təkcə keçən il ölkə iqtisadiyyatına 16
milyard dollar sərmayə qoyulmuşdur ki, bu da bizə imkan
verir, biz ölkə qarşısında duran əsas vəzifələri
uğurla icra edək.
Hətta
dünyanı bürümüş maliyyə və iqtisadi
böhran Azərbaycana o qədər də böyük təsir
göstərməmişdir. Ən çətin
böhranlı illərdə - 2-3 il bundan əvvəl
iqtisadiyyatımız artım templərini itirməmişdir.
Biz indi iqtisadiyyatın qeyri-neft sektoruna daha çox
üstünlük veririk. Bizim prioritetimiz bundan ibarətdir və
ölkə iqtisadiyyatının enerji amilindən
asılılığını azaltmaq üçün
konkret tədbirlər görülür. Qeyri-neft sektorunun
inkişafı üçün Avstriya şirkətləri Azərbaycanda
bizimlə bərabər yaxşı işləyirlər və
gələcəkdə də işləyə bilərlər.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi
ilə bağlı konkret tədbirlər görülür.
Mənə
verilən məlumata görə, bugünkü biznes-forum
çox böyük maraq doğurur. Mən çox şadam
ki, Avstriyadan bu forumda iştirak etmək üçün
çoxsaylı iş adamları gəlmişlər və
onlar yerli həmkarlarla birgə işləyirlər. Mənə
verilən məlumata görə, forum çərçivəsində
üç sənəd imzalanmışdır. Bu da çox
gözəl göstəricidir. Bu gün yaranan təmaslar, hər
iki ölkə iqtisadiyyatı haqqında səslənən təqdimatlar
və təkliflər bizə daha da yaxşı şəraitin
yaradılmasına imkan verəcəkdir. Bəzi hallarda ticarət
dövriyyəsinin o qədər də yüksək səviyyədə
olmamasının səbəbi də ondadır ki, məlumat
qıtlığı vardır. Avstriya şirkətləri Azərbaycanın
imkanlarını, Azərbaycan şirkətləri isə
Avstriyanın imkanlarını bəlkə də yaxından
bilmirlər. Belə forumların keçirilməsi bu
boşluğu da dolduracaqdır.
Biz bu gün, eyni zamanda, enerji əməkdaşlığı haqqında geniş danışdıq. Enerji siyasəti Azərbaycan üçün çox önəmlidir. İndiki mərhələdə enerji siyasətimiz və strategiyamız təkcə Azərbaycan üçün deyil, bölgə üçün, Avropa üçün də əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi özünü artıq göstəribdir. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir, işçi qrupu yaradılmışdır, işlər başlamışdır. Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olan ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayır və əminəm ki, gələcəkdə daha da fəal rol oynayacaqdır. Çünki biz bu gün cənab Prezidentlə görüş əsnasında belə bir fikir ifadə etdik ki, bu, hər tərəfi gücləndirən və hər tərəfin maraqlarına cavab verən əməkdaşlıqdır.
Biz yeni, böyük qanunlarla tənzimlənən
bazara çıxmış olacağıq, Avropa
istehlakçıları isə yeni alternativ mənbədən
- etibarlı tərəfdaşdan əlavə enerji
resursları alacaqlar. Deyə bilərəm ki, bu sahədə
Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın
artıq gözəl tarixi vardır. Bir neçə ildir ki,
Azərbaycan Avropa ölkələrinə böyük həcmdə
neft ixracı ilə məşğuldur. Bir sıra Avropa
ölkələrinin daxili enerji balansında Azərbaycan nefti
bəzi hallarda 20, bəzi hallarda 30-40 faiz təşkil edir. Yəni,
bu təcrübə var, əməkdaşlıq da vardır.
Deməli, bizim ixracımızın 50 faizdən yuxarı hissəsi
Avropa İttifaqı ölkələrinə nəql edilir. Ona
görə biz qaz sahəsində artıq yaradılmış
çərçivələr daxilində uğurlu əməkdaşlıq
edə bilərik. Şübhəsiz, bu mövzu da bu gün
fikir mübadiləsi zamanı geniş
işıqlandırılmışdır.
Mən
bir daha demək istəyirəm ki, Avstriya-Azərbaycan əlaqələri
son illər ərzində çox sürətlə inkişaf
edir. Bu əlaqələr bütün sahələri əhatə
edir. Yəqin ki, bu gün forumda, əlbəttə, daha
çox iqtisadi əlaqələrdən söhbət
aparılıb və bu əlaqələr nə qədər
güclü olsa, bizim siyasi münasibətlərimiz də o qədər
güclü olacaqdır.
Mən
bir daha, cənab Prezident, Sizi və forumun
iştirakçılarını salamlayıram, forumun işinə
uğurlar arzulayıram. Sağ olun!
* * *
Avstriya
Prezidenti Haynts FİŞER
biznes-forumda çıxış edərək dedi:
-
Hörmətli cənab Prezident!
Hörmətli
xanımlar və cənablar!
Mən
də istəyirəm ki, bu səfəri həyata keçirməyə
dəvətə görə təşəkkürümü
bildirim. Səfərimin çox əla təşkilinə
görə təşəkkürümü bildirirəm. Bu,
onu göstərir ki, həm də Siz bu gün qonaqlar
üçün nə qədər vaxt
ayırmısınız. Bu gün xeyli görüşlərimiz
oldu. Bunların hamısı səfərin uğurlu keçməsinin
göstəricisidir. Mən çox təşəkkür edirəm
ki, Siz həm mətbuat konfransında, həm də indi bu
biznes-forumda bizim apardığımız söhbətlərin
məzmununu yüksək qiymətləndirirsiniz, buna müsbət
münasibət bildirirsiniz.
Biz çox müxtəlif mövzular haqqında danışmışıq. Biz bunu hiss etmişik, duymuşuq ki, Siz bizim arqumentlərimiz, baxışlarımız üçün açıqsınız. Söhbət məhz qazla bağlı məsələlərdən gedir. Siz, eləcə də bizim "Nabukko"ya aid mövqeyimizə açıqsınız. Zənnimcə, biz növbəti mərhələdə atacağımız addımlara daha çox aydınlıq gətirməliyik ki, hər iki tərəf üçün sərfəli vəziyyət yaransın, bunun həm Azərbaycana, həm Avstriyaya, həm də Avropaya xeyri olsun. Bunun uğurla həyata keçirilməsi üçün hansı addımların atılmasının lazım olması barədə biz bu gün danışıqlar aparmışıq.
Siz həm də Avstriya şirkətləri haqqında çox müsbət fikir bildirdiniz. Bu, həm özəl iqtisadiyyatlarımız, həm də ölkələrimizin siyasi rəhbərliyi üçün çox yaxşıdır. "Strabag", əlbəttə, bütün Avropada çox tanınmış bir şirkətdir, məşhur bir brenddir. Ən azı Avropanın ikinci ən böyük şirkətidir. O, böyük bir alman şirkətini almışdır. Adətən, alman şirkətləri Avstriya şirkətlərini alır. Bu halda isə Avstriyanın "Strabag" şirkəti böyük bir alman şirkətini almış və bu işi çox uğurla həyata keçirmişdir. Mən Rusiyaya, yaxud başqa bir ölkəyə gedərkən görürəm ki, "Strabag" orada fəaliyyət göstərir. "Strabag" Soçidə tikinti işləri həyata keçirir, orada bəzi yubanma halları olsa da, işin sürəti artırılır ki, obyekt vaxtında hazır olsun. Yaxud da ki, Çinə gedəndə orada da "Strabag"ın işini görürəm. Yaxın Şərqdə yenə "Strabag"ı görürəm. Təbii ki, bu şirkət Qərbi Avropada daha çox tanınır.
Başqa şirkətləri, xüsusən Sizin adını çəkdiyiniz OMV şirkətinin fəaliyyətini də qeyd etmək istəyirəm. Hətta qısqanıram ki, OMV-nin baş direktoru Sizin yanınızda daha çox olub, nəinki mən. Buna görə də bir az qısqanıram. Amma mən də çalışacağam ki, Sizinlə onun qədər görüşüm. Biz paytaxtlarımızdan kənarda da görüşlər keçirə bilirik. Məsələn, başqa ölkələrdə də görüşməyə imkanımız vardır. Bununla da şansım artır.
Siz Qız qalasında işləyən Avstriya
şirkətini xatırlatdınız. Qız qalası bənzəri
olmayan milli abidədir. Həmin o Avstriya şirkətinin rəhbəri
iki həftə Vyanada, iki həftə Qız qalasında
işləyir. Orada - Vyanada Stephansdomda
işləyir. O da Vyananın ən
böyük kilsəsidir. Bizim məşhur
tarixi abidəmizdir. Həmin abidə XIV əsrdə
tikilmişdir. Yəni, həm biz, həm də
siz ürəyimiz hesab etdiyimiz abidələri o şirkətə
etibar edirik.
Cənab
Prezident, Siz, həmçinin iqtisadi münasibətlərimizə
aid rəqəmləri xatırlatdınız. Onlar
çox müsbət rəqəmlərdir. Bu forumun çoxsaylı iştirakçıları
da onun göstəricisidir, aydın bir siqnaldır ki, ötən
illərdə qarşılıqlı maraq çox artıb.
Azərbaycana Avstriya ixracı 70 faiz artıb.
Bizim iqtisadiyyatla məşğul olan nümayəndələrimiz
hər halda bunu belə qiymətləndirir. Azərbaycandan da Avstriyaya ixracda xeyli artım olub.
Son illərdə ixrac iki dəfə artıb.
Azərbaycan bu gün Avstriyanın Cənubi Qafqazda ən
vacib ticarət tərəfdaşıdır. Əlbəttə,
burada qaz da çox böyük əhəmiyyət kəsb
edir. Qaz enerji
daşıyıcısıdır və bu, növbəti
onilliklərdə Avropa üçün daha da əhəmiyyətli
olacaqdır. Avstriya atom enerjisindən
könüllü olaraq imtina etmiş ölkələrdəndir.
Almaniya da, İsveçrə də atom elektrik
stansiyalarından imtina edib. Yəni, atom
enerjisi Avropada azalmağa doğru gedir. Deməli,
Avropada nüvə enerjisindən istifadə azalacaq və təbii
qazın istehlakı artacaqdır. Ona
görə bizə ədalətli müqavilələr
lazımdır ki, gələcəkdə artan tələbatı
ödəyə bilək.
Biz "Nabukko"nu da müzakirə etmişik. Biz
danışıqlar zamanı bununla bağlı yaxşı xəbərlər
aldığımızı bildirdik. İqtisadiyyatın
bizi maraqlandıran başqa sahələri də vardır.
Bu, turizmdir. Turizm Avstriyada
çox böyük rol oynayır. Bu gün mən
Almaniya ilə Avstriya arasında iqtisadi mübadilə
haqqında bir rəqəm dedim və bu Prezidenti təəccübləndirdi.
Avstriyanın cəmi iki şəhərinə -
Tirola və Salzburqa gələn alman turistlərin sayı
Yunanıstana gedən bütün turistlərin sayından
xeyli çoxdur. Avstriyanın iki şəhəri
daha çox turist cəlb edir, nəinki Yunanıstan. Çünki Avstriya turizm baxımından çox cəlbedicidir.
Bununla əlaqədar Avstriyada otel tikintisi də çox
sürətlə inkişaf edib. Avstriyanın iri
metallurgiya müəssisələrindən biri ölkənin ən
böyük xəstəxana binasını tikmişdir. Bu, bir neçə yüz milyonluq layihədir. Həmin müəssisə bu sahədə çox
böyük təcrübə qazanıb. Həmin
şirkət Avropada xəstəxanaların texniki təchizatı
üzrə çox geniş fəaliyyət göstərir.
O, həm müasir tibbi avadanlığın tədarükü,
həm də işçi heyətin hazırlığı ilə
məşğul olur.
Mən Avropanın bir çox ölkələrinin
prezidentlərini tanıyıram ki, gəlib Avstriyada müalicə
olunurlar. Şusteri tanıyırsınız, onunla
görüşmüsünüz. Maraqlansanız,
o, mütləq təsdiq edəcəkdir ki, Elsburqdakı xəstəxananın
sayəsində sağlamlığını bərpa edib.
Onun beynində cərrahiyyə əməliyyatı
aparılmışdır. Başqa yerdə
əməliyyat oluna bilmirdi. Bu əməliyyat
yalnız Elsburqda həyata keçirilmişdir. Başqalarının adını çəkmirəm,
onlar da Vyanada və ya bizim başqa şəhərlərimizdə
müayinədən keçiblər.
Xanımlar və cənablar, deyəsən, mən
çox danışdım, amma müsbət şeylərdən
danışdım. Əlavə etməliyəm ki, bu,
heç də o demək deyildir ki, biz artıq razıyıq və
bununla da kifayətlənmək istəyirik. Bu, heç də belə deyildir. Daha yaxşı olan yaxşının düşmənidir.
Yəni biz daha böyük potensial, artım
üçün geniş imkanlar görürük və istəyirik
ki, bunlarla da məşğul olaq.
Avstriya elə bir ölkədir ki, çox əla
mövqeyi vardır. Əvvəllər, necə deyərlər,
Berlin divarlarının mövcudluğu dövründə, yəni
Avropada "dəmir pərdə" olanda mövqeyimiz elə
də yaxşı deyildi. Biz kənarda,
çox pis vəziyyətdə idik. Vyanadan
cəmi 50-60 kilometr məsafədə yerləşən
Macarıstan Şərqlə Qərbi ayıran sərhəd
idi. İndi isə bu maneələr yoxdur,
Avstriya çox əlverişli mövqedədir. Biz indi Avropanın ürəyində yerləşirik.
Bu, bizim üçün, inkişafımız
üçün çox yaxşıdır. Biz Vyanadan Bratislavaya maşınla 40 dəqiqəyə
gedib çıxa bilirik, bu məsafə cəmi 50 kilometrdir.
Vyanadan Çexiya sərhədinə bir saat,
Budapeştə iki saatdır. Bizim yerimiz
indi çox yaxşıdır. Şvexart
hava limanından bütün beynəlxalq hava limanlarına
birbaşa əlaqələr vardır. Bu da Vyananı,
Avstriyanı cəlbedici edən əsas faktlardan biridir.
Avstriyada çox güclü sosial sabitlik vardır. Adambaşına
düşən ümumi daxili məhsul 32 min Avrodur. Bu, Almaniyada, Fransada, İsveçdə,
İtaliyadakı müvafiq göstəricidən çoxdur.
Bu, çox yaxşı bir göstəricidir.
Lüksemburq, Lixtenşteyn bizdən irəlidə
olan ölkələrdir. Onların
xüsusi imtiyazları vardır. Lixtenşteynin
30 min əhalisi vardır. Avstriyadan 50 min nəfər
oraya gedib gəlir. Bankla bağlı orada
xüsusi imtiyazlar vardır. Amma o ölkələrlə
ki, biz daha yaxşı müqayisə oluna bilərik, orada birmənalı
olaraq üstün mövqedəyik. Buna da
diqqəti cəlb etmək istəyirəm.
Bizim dövlət idarəçiliyimiz də
yaxşıdır. Yəni Avstriya yaxşı idarə olunan
bir dövlətdir, cəlbedicidir, təhlükəsizdir.
Bir çox beynəlxalq təşkilatlar öz
mərkəzlərini və ofislərini bizim ölkədə
qururlar. İqtisadi baxımdan da
güclü bir dövlətik. Vyananın
burqomistrinin vitse-spikeri iki həftə əvvəl Bakıda
idi. Mən istərdim ki, belə əlaqələr,
səfərlər qarşılıqlı olsun.
Avstriyanı reklam etmək çox uzun çəkər. Mən çox qısa bir hissəni - danışa biləcəklərimi söylədim. Bununla da yekunlaşdırıram.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.- 13 oktyabr.- S. 3.