Avstriya Prezidenti Haynts Fişer Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür

 

 Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

Avstriya Prezidenti Haynts Fişer ölkəmizə səfərindən məmnun qaldığını bildirmişdir. Prezident İlham Əliyevlə apardığı danışıqları yüksək qiymətləndirən Avstriyanın dövlət başçısı bu müzakirələrin bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əmin olduğunu demişdir. Səfər zamanı imzalanan sənədlərə toxunan ali qonaq bunun hər iki ölkə arasında xüsusilə enerji məsələləri və turizm sahəsində əməkdaşlığa təkan verəcəyini vurğulamışdır.

Prezident Haynts Fişer Avstriya-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərindən söhbət açaraq iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün münbit əlverişli şəraitin olduğunu diqqətə çatdırmışdır.

Baş nazir Artur Rasizadə qonağa ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat vermişdir. Əmin olduğunu bildirmişdir ki, Avstriya dövləti başçısının Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S., 5.