İçərişəhərlə
tanışlıq
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer oktyabrın 12-də İçərişəhərlə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.
"Qız qalası" rəsm qalereyası ilə tanışlıq zamanı alı qonağın diqqətinə çatdırıldı ki, bir neçə gün bundan öncə burada avstriyalı iki rəssamın əsərlərindən ibarət sərgi açılmışdır. Qalereya dünyanın tanınmış rəssamları ilə əməkdaşlığa ciddi önəm verir.
Daha sonra Avstriya Respublikasının Federal Prezidenti Qız qalası ilə tanış oldu. Ali qonağa Qız qalasının tarixi, arxitektura quruluşu haqqında məlumat verildi, bildirildi ki, hazırda bu qədim abidənin muzey konservasiyası işlərinə başlanılmışdır.
Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansara və burada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq da ali qonaqda xoş təəssürat yaratdı.
Daha sonra Haynts Fişer Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda oldu.
Avstriya Respublikasının Federal Prezidenti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan paytaxtının qədim guşəsi
ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə
təqdim edildi.
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 6.