Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Nobel mükafatı laureatı Əhməd Zevayl ilə görüşmüşdür

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev oktyabrın 12-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevayl ilə görüşmüşdür.

Nobel mükafatı laureatı Azərbaycana səfərindən və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnun olduğunu bildirmişdir. Professor Əhməd Zevayl Azərbaycan Prezidenti İlham Əliyevin həmin forumdakı nitqini, xüsusən dövlət başçısının elmin və təhsilin inkişafı haqqında fikirlərini yüksək qiymətləndirmişdir. Qonaq Azərbaycanda gedən inkişaf prosesinin ona böyük təsir bağışladığını qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev alimin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə ona minnətdarlığını bildirmişdir. O, belə tədbirlərin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətini qeyd etmişdir. Müstəqilliyin 20 ili ərzində Azərbaycanda qazanılmış uğurlar haqqında söhbət açan akademik Ramiz Mehdiyev dövlətimizin ölkədə elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  6.