Avstriya Respublikasının birinci xanımı Margit Fişer Təzəpir məscidi ilə tanış olmuşdur

 

Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer Təzəpir məscidi ilə tanış olmuşdur.

Xanım Margit Fişerə məlumat verilmişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.

Bildirilmişdir ki, Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.

Məlumat verilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.

Sonra Avstriya Respublikasının birinci xanımı Margit Fişer Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış olmuşdur. Kitabxanada 6 min nüsxə nadir əlyazması haqqında qonağa ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.

Təzəpir məscid kompleksi ilə tanışlıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Avstriya Respublikasının birinci xanımı Margit Fişerin görüşü olmuşdur.

Avstriya və Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan A.Paşazadə hər iki ölkənin dərin tarixi kökə malik olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan tolerant ölkədir, burada heç zaman dini ayrı-seçkiliyə yol verilməmişdir.

 Azərbaycanda islam dininin inkişafına verilən dəyəri yüksək qiymətləndirən Avstriya Respublikasının birinci xanımı Margit Fişer ölkəmizdə dinlərarası dialoqun, dini dözümlülüyün, tolerantlığın  böyük əhəmiyyəti olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  7.