Avstriya
Prezidentinin xanımı Margit Fişer Bakıdakı katolik
kilsəsini ziyarət etmişdir
Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Federal Prezidentinin xanımı Margit Fişer Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsini ziyarət etmişdir.
AzərTAc xəbər verir ki, kilsənin din xadimləri ilə görüşündə Margit Fişerə bildirmişlər ki, Azərbaycanda katolik kilsəsinin tarixi xristianlığın ilk yüzilliklərindən, Qafqaz Albaniyası dövründən başlanır.
Müqəddəs Məryəm katolik kilsəsinin keşişi Ştefan Kormonçik bildirmişdir ki, vaxtilə Azərbaycan ərazisində bir neçə katolik kilsəsi olmuşdur. Keçən əsrin əvvəlində bolşeviklər həmin kilsələri dağıtmışlar. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkədəki katolik icmasının fəaliyyəti də bərpa edilmişdir.
Görüşdə qeyd edilmişdir ki, 2002-ci ildə Roma Papası II İohann Pavel Azərbaycana səfər etmişdir. Onun ölkəmizdə səfərdə olduğu dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanın katolik icması üçün yeni kilsə inşa edilməsi məqsədi ilə bu icmaya torpaq sahəsi hədiyyə etmişdir. Azərbaycan katolikləri bu faktı icmanın həyatında müstəsna əhəmiyyətli hadisə kimi qiymətləndirirlər.
2008-ci il martın 7-də Bakıda yeni Müqəddəs Məryəm katolik kilsəsinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və Vatikanın Dövlət katibi kardinal Tarçizio Bertone həmin tədbirdə iştirak etmişlər.
Qeyd edilmişdir ki, 2009-cu ildə kilsə Heydər Əliyev Fondu ilə əməkdaşlıq haqqında Memorandum imzalamışdır. Vurğulanmışdır ki, bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilmişdir.
Ştefan Kormonçik Margit Fişerə məlumat vermişdir ki, hazırda Azərbaycanda 150 katolik yaşayır. Ümumiyyətlə, bu kilsəyə təqribən 600 dindar gəlir. Onların arasında Azərbaycanda işləyən xeyli əcnəbi vətəndaş da vardır.
Margit Fişer demişdir ki, Azərbaycanda
katolik kilsəsinin fəaliyyət göstərməsi Azərbaycan
cəmiyyətində tolerantlığın yüksək səviyyədə
olmasının göstəricisidir. Birinci xanım M.Fişer
din xadimlərinə uğurlar arzulamış, kilsəyə hədiyyələr
bağışlamışdır.
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 7.