Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq

 

 Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci xanımı Margit Fişer oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmişdir.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan Avstriya Prezidentinin xanımı Margit Fişer burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxmışdır.

Xanım Margit Fişer gənc muğam ifaçıları Elnur Zeynalov və Arzu Əliyevanın ifasında "Qatar" və "Çahargah" təsniflərini, həmçinin "Qarabağ" mahnısını dinləmişdir. Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulamışdır.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılan Avstriya Prezidentinin xanımına Heydər Əliyev Fondunun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-13 oktyabr.- S.  7.