Əhalinin yüksək sosial təminatının
AZƏRBAYCAN MODELI
Dünyanın
mövcud inkişaf tarixi müstəqillik fəlsəfəsinin
şüurlara getdikcə daha çox hakim kəsildiyini, milli
suverenlik hüququnun bəşəri miqyasda bütün
xalqlar üçün ən ali dəyər
olaraq qəbul edildiyini göstərir. Məhz
bunun nəticəsidir ki, təkcə son bir əsr ərzində
müxtəlif formada aparılan mübarizələrin və
tarixi şəraitin diktə etdiyi reallıqlar nəticəsində
suverenliyini qazanan, beynəlxalq hüququn müstəqil
subyektinə çevrilən xalqların sayında
böyük artım qeydə alınmışdır. İnkişaf yolu və istiqamətlərini hər
hansı kənar siyasi, ideoloji təsirə məruz qalmadan
azad şəkildə müəyyən edən millətlərin
tərəqqisi daha dinamik və çoxşaxəli xarakterə
malik olmuş, yüksək nəticələrin əldə
edilməsinə gətirib çıxarmışdır.
Qədim və zəngin tarixə malik Azərbaycan
xalqı əsrlər boyu müstəqil dövlətini qurmaq
arzusu ilə yaşamış, zaman-zaman milli dövlətçiliyini
formalaşdırmış, buna xələl gətirən
hallara qarşı qətiyyətlə mübarizə
aparmışdır. Hər zaman müstəqil yaşamaq
arzusunda olan xalqımızın bu istiqamətdə
apardığı qətiyyətli mübarizə, həmçinin
tarixi şəraitdən irəli gələn zərurət
sayəsində ötən əsrin son onilliyində yenidən
dövlət müstəqilliyinə qovuşmuş, öz
hüquqlarını suveren formada reallaşdırmağa
başlamışdır. Ancaq təəssüf
ki, müstəqilliyin ilk illərində özünü
göstərən siyasi təlatümlər, Dağlıq
Qarabağ kimi milli faciənin daha dərin yaralara yol
açması, hakimiyyət ambisiyaları nəticəsində
meydana çıxan çəkişmələr Azərbaycanı
böyük fəlakətlər girdabına düçar
etmişdi.
Həmin dövrdə siyasi və coğrafi cəhətdən
də bölünmək təhlükəsi ilə
üz-üzə qalan Azərbaycanın yenicə
qazanılmış müstəqilliyini itirmək riski get-gedə
artır, bunun fərqinə varmaq istəməyən hakimiyyət
təmsilçiləri isə daha çox şəxsi mənafelərini
təmin etməyə çalışırdılar. Xalqın iqtisadi, sosial
qayğılarını, həmçinin, Ermənistanın
ölkəmizə təcavüzü nəticəsində ərazilərimizin
beşdə bir hissəsinin işğal altına düşməsi,
1 milyondan çox insanın qaçqın və məcburi
köçkünə çevrilməsi, digər bu kimi
hallardan irəli gələn çətinlikləri aradan
qaldırmaq əvəzinə, iqtidar mənsubları ölkəyə
yeni problemlər yaradırdılar. Bununla da
ölkənin öz suverenliyini itirmək təhlükəsi
getdikcə artırdı və yaranmış vəziyyətdə
Azərbaycan xalqı yenə də müdriklik göstərərək
böyük oğlu, nüfuzlu dövlət xadimi, ümummilli
lideri Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtmasını təkidlə tələb etdi.
Ölkəsinin, xalqının ağır günündə
baş verənlərə biganə qala bilməyən ulu
öndər 1993-cü ildə yenidən hakimiyyətə
qayıtdı və məhz Heydər Əliyevin sayəsində
müstəqilliyin ilk illərində dövlət suverenliyinin
itirilməsi təhlükəsi də daxil olmaqla, iqtisadi,
siyasi və digər sferalarda özünü göstərən
problemləri dəf etmək, Azərbaycanın tarixində
yeni intibah mərhələsinin əsaslarını yaratmaq
mümkün oldu.
Müstəqilliyi Azərbaycan xalqı üçün ən
böyük milli sərvət olaraq dəyərləndirən
ulu öndər ölkəni 1990-cı illərin əvvəllərində
hakimiyyətdə olmuş qüvvələrin
yaratdıqları genişmiqyaslı problemlər, təhlükələr,
o cümlədən sosial-iqtisadi çətinliklər məngənəsindən
xilas etmiş, dövlətçiliyimizi ağır və sərt
sınaqlardan çıxararaq əbədi, dönməz
suverenliyinə qovuşdurmuşdur. Sarsılmaz
özüllər üzərində bərqərar edilən
möhkəm daxili sabitlik, vətəndaş müharibəsinin
qarşısının alınması, xaos və anarxiyaya son
qoyulması fonunda qarşıda duran ən mühüm məsələlərdən
biri isə xalqın sosial rifah halının yüksəldilməsi,
məşğulluğun təmin edilməsi idi.
Özü də bütün bunlar ölkə
iqtisadiyyatında idarəetmə və istehsal nizamına yeni
yanaşma kontekstində reallaşdırılmalı, təsərrüfatın
70 il ərzində formalaşmış
idarəçilik metodunu isə tamam fərqli üsullar əvəz
etməli idi. Ancaq zamanının lideri olan, hadisələrin
inkişaf axarını qabaqlayan, ona pozitiv təsir göstərən
və novatorluqla yanaşan, praqmatik, rasional addımlar atan Heydər
Əliyev bu missiyanı da uğurla yerinə yetirdi. Nəticə etibarı ilə müstəqil dövlət
quruculuğu prosesinə başlanılması fonunda iqtisadi tərəqqinin
yeni istiqaməti yarandı, ölkədə maliyyə vəziyyəti
sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi
ildən-ilə artdı, əhalinin sosial rifahı yüksələn
xətt üzrə inkişaf etməyə başladı.
Ulu öndərin yeni neft strategiyası çərçivəsində
1994-cü ildə dünyanın aparıcı transmilli neft
şirkətləri ilə imzalanan və ən nəhəng
layihələrdən biri kimi qəbul edilən "Əsrin
müqaviləsi"nin ərsəyə gəlməsi
ilə hərtərəfli tərəqqinin sarsılmaz əsası
yaradıldı.
Planlı təsərrüfat sistemindən bazar
iqtisadiyyatına keçid şəraitində ümummilli
liderin ölkənin böyük perspektivlərinə
hesablanmış strateji inkişaf proqramının
başlıca məqsədlərindən biri xalqın
rifahının təminatı, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi olmuşdur. Sosialyönümlülük
prinsipini daim əsas götürən Heydər Əliyevin bu
istiqamətdə dəqiq düşünülmüş,
qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni
zamanda ölkə və cəmiyyət reallıqlarını
nəzərə alan məqsədyönlü
siyasəti cəmiyyətdə özünü göstərən
sosial ziddiyyətlərin aradan qaldırılmasına rəvac
verdi. Bazar münasibətləri əsasında
formalaşan sosialyönümlü milli iqtisadiyyatın
qurulmasını əsas strategiya kimi müəyyən edən
ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas
xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi.
Bunlardan birincisi sosial siyasətin dayanıqlı
xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması,
ikincisi isə onun mükəmməl və dünya təcrübəsində
uğurla sınaqdan çıxmış normativ hüquqi
bazaya söykənməsi idi. Artan iqtisadi imkanlar fonunda əhalinin
sosial müdafiəsinin davamlı olaraq
yaxşılaşmasına hər zaman xüsusi diqqət yetirən
ulu öndər qeyd edirdi: "Müstəqil dövlət olan
Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolu ilə,
iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar
iqtisadiyyatının bərqərar edilməsi və dünya
iqtisadi sisteminə inteqrasiya yolu ilə gedir. Hamımızın
məqsədi insanların rifah halını
yaxşılaşdırmaq, insanların gündəlik tələbatını
ödəmək, insanlara yaxşı həyat tərzi
yaratmaqdan ibarətdir".
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
yeni iqtisadi şəraitə uyğun olaraq ölkəmizdə
formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət
quruculuğu fəlsəfəsində aparıcı elementlərdən
biri, ümumi siyasətin mühüm tərkib hissəsi
olmaqla cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın
rifahının yüksəldilməsinə, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunmasına, habelə şəxsiyyətin azad inkişafı
üçün bərabər imkanlar yaradılmasına xidmət
edirdi. Ulu öndərin müəllifi olduğu müasir Azərbaycanın
Avropa dəyərlərinə, demokratiya və insan
azadlığına söykənən, ümumxalq səsverməsi
ilə qəbul olunan ilk milli Konstitusiyası isə ölkəmizin
suverenliyinin möhkəmlənməsində, hüquqi,
demokratik dövlət quruculuğu işində mükəmməl
bir sənəd olmaqla bərabər, iqtisadiyyatın
inkişafının müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə
xidmət etməsini dövlətin məqsədi kimi
özündə təsbit edirdi. Dövlətin diqqət sahəsində
olan sosial siyasətinin konturlarını və vəzifələrini
özündə əks etdirən Konstitusiyanın 16-cı
maddəsinin 1-ci bəndində qeyd olunur: "Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına
qalır".
Bununla faktiki olaraq müəyyən edilirdi ki,
bütün inkişaf etmiş sivil dövlətlərdə
olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi
tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir. Sosial sferada
digər qanunvericilik aktlarının qabaqcıl tələblərə
uyğunlaşdırılması, həmçinin bu sahədə
atılan digər addımlar keçid dövründə
ölkəmizin sosial transformasiya prosesini uğurla
reallaşdırması ilə nəticələnmişdir.
Liberallaşma və makroiqtisadi sabitlik,
institusional islahatlar, iqtisadi yüksəlişin artım
imkanları və perspektivinin kifayət qədər dəqiqliklə
hesablanması şəraitində ölkədə
insanların layiqli həyat tərzinin təmin olunması
istiqamətində Azərbaycan möhtəşəm
uğurlara imza atmışdır.
Bu
uğurları şərtləndirən əsas amillərdən
biri inkişaf yolunda Azərbaycanın özünün hədəflərini
düzgün müəyyən etməsi, demokratik, iqtisadi
aspektdə bazar münasibətlərinə rəvac verən,
sahibkarlığı və çoxmülkiyyətçiliyi
dəstəkləyən, sosial müstəvidə isə hər
kəsin layiqli həyat səviyyəsini təmin etməyi
öhdəsinə götürən bir dövlət
ideyasının mövcudluğu idi. Qeyd edilən fonda əhalinin sosial problemləri ön plana
çəkilmiş, onların həlli məqsədilə təxirəsalınmaz
tədbirlər görülmüş, çoxsaylı yeni
iş yerləri açılmış, maaşlar, pensiyalar,
digər sosial müavinətlər vaxtaşırı
artırılmış, sənət adamlarına, alimlərə,
hətta tələbələrə xüsusi prezident təqaüdü
təyin edilmişdir. Nəticədə əhalinin
sosial müdafiəsinin təşkili inkişaf etməyə,
həyat səviyyəsi ildən-ilə yüksəlməyə
başlamışdır. Bütün
bunlar bir daha təsdiq edirdi ki, ulu öndər Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə insanların maddi-rifah
halının daim yüksəlməsinə, onların
etibarlı sosial təminatına xüsusi önəm
vermişdir. Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, 1993-2003-cü illərdə ulu öndər
tərəfindən ölkədə sosial sahədə
inkişafın təmin olunmasına xidmət edən 60-dan
artıq sənəd imzalanmışdır.
Pensiya-müavinətlərin artırılması, əlillər
və şəhid ailələri üçün mənzil
tikintisi, əlillərin minik avtomobilləri, müxtəlif
reabilitasiya vasitələri ilə təminatı, onların
tibbi-sosial reabilitasiyası, bərpa-müalicə və protez
xidmətinin təkmilləşdirilməsi, bu sahədə
xidmət şəbəkəsinin bütün bölgələr
üzrə genişləndirilməsi, yeni sosial obyektlərin
yaradılması, aktiv məşğulluq tədbirlərinin həyata
keçirilməsi, işçi hüquqlarının təkmilləşdirilməsi
və etibarlı müdafiəsi, həmçinin digər sair
istiqamətlərdə tədbirlər məhz ulu öndərin
təşəbbüsü, xeyir-duası ilə
başlanmış və artıq ənənəvi xarakter
almışdır.
Beləliklə,
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda əhalinin
məşğulluq səviyyəsi davamlı olaraq yüksəlməyə
başlamış, sosial müdafiə işinin bütün
sahələrində konkret, məqsədyönlü işlərin
görülməsini nəzərdə tutan və ilbəil
çevik xarakter alan sosial siyasət
kursunun etibarlı əsası qoyulmuşdur. Bu
siyasət iqtisadi tərəqqidən irəli gələn
imkanların ilk növbədə əhalinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına yönəldilməsi,
daim güclənən iqtisadi təməl üzərində
inkişaf etdirilməsi prinsipinə söykənir.
2003-cü ildən etibarən isə ölkəmiz
üçün milli transformasiyanın zamanın
çağırışlarına adekvat olan yeni mərhələsi
başlanmış, Azərbaycan öz tərəqqisinin daha
sürətli mərhələsinə çıxmış,
iqtisadi strukturun intensiv formalaşması prosesinə start
verilmişdir.
Sözügedən kontekstdə ulu öndərin
layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət müstəqil
Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin
sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər
əldə edilməsinə gətirib
çıxarmışdır. Fəaliyyətində
ənənə ilə novatorluğun, keçmişlə gələcəyin
üzvi vəhdətinə nail olan cənab İlham Əliyevin
qarşıya qoyduğu əsas məqsəd və vəzifələr
sırasında əhalinin həyat səviyyəsinin yüksələn
xətt üzrə inkişaf etdirilməsi, ölkədə
yoxsulluq probleminin birdəfəlik həllinə nail
olunması, insanların layiqli həyat tərzinin təmin
edilməsi prioritet təşkil edir. Məhz
bunun nəticəsidir ki, müasir Azərbaycanın əsas
xarakterik xüsusiyyətlərindən olan sürətli
inkişafın ən mühüm cəhətlərindən
biri yaşanan tərəqqinin hər bir ölkə vətəndaşının,
ailənin həyatında da öz əksini tapmasıdır.
Beynəlxalq miqyasda da açıq etiraf olunur
ki, ölkəmizdə son bir neçə ildə əhalinin həyat
səviyyəsi davamlı olaraq yüksəlmiş,
insanların maddi gəlirləri mütəmadi artmış,
sosial və digər xidmətlər əsaslı kəmiyyət
və keyfiyyət dəyişikliyinə məruz
qalmışdır.
Ədalətin,
qanunun aliliyinin, ölkənin, eləcə də hər bir vətəndaşın
təhlükəsizlyinin təminatçısı kimi
çıxış edən Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində respublikamızda
iqtisadiyyatın inkişaf dinamikası daha mütəhərrik
hala gəlmiş, özünüinkişaf qabiliyyətinə
malik olan sosialyönümlü, şaxələnmiş milli
iqtisadiyyatın formalaşdırılması prosesində yeni
nailiyyətlər qazanılmışdır. Real
fakt və nümunələrin yaratdığı danılmaz
həqiqətdir ki, Azərbaycan Prezidentinin iqtisadi sferada həyata
keçirdiyi siyasətin ən önəmli cəhətlərindən
biri hər zaman sosialyönümlülük və qoyulan məsələlərin
həllində iqtisadi aspektin mövcudluğu faktorunun ön
plana çəkilməsidir. Bu mənada
Prezident İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar
sırasında ölkəmizin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlərin
xüsusi yer tutması tamamilə təbiidir. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi,
bunların konkret dövlət proqramları ilə təminatı
da ölkə Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi
siyasətin vacib məqamlarındandır. Bu
da öz növbəsində Azərbaycanda əhalinin məşğulluq
səviyyəsinin davamlı yüksəlişinə,
işsizlik probleminin uğurla həllinə səbəb
olmuşdur. Eyni zamanda ölkəmizin malik olduğu
iqtisadi potensialın daha da gücləndirilərək onun
kompleks şəkildə səmərəli
reallaşdırılması nəticəsində əməkhaqları
və pensiyaların, digər sosial müavinətlərin
mütəmadi artırılması, yaradılan yeni iş yerlərinin
daha çox qeyri-neft sektorunu əhatə etməsi fonunda vətəndaşların
sosial müdafiəsi davamlı olaraq
yaxşılaşmışdır. Bu, həm də
ölkəmizdə reallaşdırılan məşğulluq
strategiyasının kifayət qədər dəqiqliklə
düşünüldüyünü, böyük uzaqgörənliklə
hazırlandığının real təzahürü kimi qiymətləndirilir.
Qeyd edilənlər öz növbəsində Azərbaycanda
iqtisadi artımın dinamik xarakter almasını, əhalinin
maddi gəlirlərinin davamlı olaraq artmasını şərtləndirmişdir. Əsas makroiqtisadi göstəricilərdən
olan ümumi daxili məhsulun son 8 il ərzində
orta artım tempinə görə Azərbaycan dünyada lider
mövqenin sahibi kimi çıxış etməyə
başlamışdır. Hesablamalar göstərir
ki, 2004-2011-ci illərdə ölkəmizdə
adambaşına düşən ümumi daxili məhsulun həcmi
5 dəfə artmışdır. Azərbaycan
iqtisadiyyatının keçdiyi inkişaf yolunun nümunəviliyini
və effektivliyini dünya miqyasında isbata yetirən ən
mühüm hadisələrdən biri 2009-cu ildə
özünün zirvə nöqtəsinə çatan və əksər
ölkələrin hələ də fəsadlarını tam
aradan qaldırmaqda çətinlik çəkdiyi qlobal maliyyə
böhranı olmuşdur. Böhran dövründə Azərbaycan
nəinki ümumi daxili məhsulun 9,3 faizi həcmində
artıma nail olaraq yenə də bu göstərici üzrə
dünya lideri olmuş, eyni zamanda iqtisadi sahədə
keçid dövrünü başa vurmaq kimi möhtəşəm
bir uğurun müəllifi kimi çıxış etmiş,
həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi
kimi formalaşdığını bir daha sübuta
yetirmişdir. O da təqdirəlayiq haldır ki, qlobal maliyyə-iqtisadi
böhran şəraitində hətta inkişaf etmiş
ölkələr sosial proqramları təxirə
saldığı halda, Azərbaycanda bütün sosial layihələrin
uğurla və yüksələn templə həyata
keçirilməsi davam etdirilmişdir.
Ölkəmizdə iqtisadiyyatın əsas xarakterik
xüsusiyyətlərindən biri müxtəlif sahələr
üzrə inkişafın proqram təminatı, eyni zamanda
dövlət başçısı tərəfindən bu məqsədlə
verilən çoxsaylı fərman və sərəncamlardır. Bu zaman diqqət
yetirilən əsas məqam sosialyönümlülük
prinsipinin gözlənilməsidir. Qeyd edilənlərə
misal olaraq hazırda uğurla icra olunan "Azərbaycan
Respublikasının məşğulluq strategiyası
(2006-2015-ci illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" və digər vacib sənədləri
göstərmək olar.
Sözügedən sənədlərin, həmçinin
regionların inkişafına dair proqramların icrası əhalinin
məşğulluq səviyyəsini yüksəltməklə
bərabər, insanların real və nominal gəlirlərinin
də artması ilə müşayiət olunmuşdur. Bunun nəticəsidir ki,
ölkədə son 20 il ərzində iqtisadi fəal əhalinin
sayı təqribən 23 faiz artaraq 2011-ci ilin 1 sentyabr tarixinə
4,6 milyon nəfər, məşğul əhalinin sayı 16
faiz artaraq 4 milyon 329,1 min nəfər təşkil etmişdir.
2003-cü ilin 1 oktyabr tarixindən 1 aprel 2011-ci ilə qədər
930 min yeni iş yeri açılmışdır ki,
onların 667,8 mini daimidir. 20 il ərzində
məşğulluq xidməti orqanları tərəfindən
445552 nəfər işlə təmin olunmuş, 42822 nəfər
peşə təliminə, 43551 nəfər ictimai işlərə
cəlb edilmişdir. Vətəndaşların peşə-əmək
qabiliyyətinin artırılması məqsədilə son illərdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində
olmaqla Bakı, Naxçıvan və Göyçay şəhərlərində
yeni regional peşə tədrisi mərkəzləri
yaradılmışdır.
Hesablamalar göstərir ki, əhalinin real gəlirləri
1995-ci ilə nisbətən 8 dəfədən çox
artmış və 2010-cu ilin sonunda adambaşına 2900 manata
yaxın təşkil etmişdir. 1996-cı ildən
etibarən ötən illər ərzində dövlət
büdcəsindən əhalinin sosial müdafiəsinə və
sosial təminatına çəkilən xərclər 30 dəfədən
çox, iqtisadiyyatın inkişafına yönəldilən
vəsaitlər isə 93 dəfə artmışdır.
Büdcədən əhaliyə əməkhaqqı, pensiya və
müavinətlərin ödənilməsinə 1995-ci ildəkindən
51,9 dəfə çox vəsait
ayrılmışdır. 1995-2010-cu illər ərzində orta
aylıq əməkhaqqı 26,5 dəfə
artaraq 331,5 manat, cari ilin 6 ayının nəticəsinə
görə isə təxminən 355 manat təşkil
etmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin
getdikcə yaxşılaşması yoxsulluğun
azaldılmasına öz təsirini göstərmiş və
yoxsulluğun səviyyəsi 1995-ci ildəki 61,5
faizdən hazırda 9 faizə enmişdir.
Əhalinin
sosial müdafiəsinə yönəlmiş tədbirlərin
icrasında isə əsas vasitəçi orqan kimi
çıxış edən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ümumi iqtisadi
inkişaf dinamikasına uyğun olaraq, möhtərəm
Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin
həyata keçirilməsi istiqamətində fəaliyyətini
uğurla davam etdirməkdədir. Artıq 5 ildən
çoxdur ki, yoxsul ailələrin rifahında mühüm rol
oynayan ünvanlı dövlət sosial yardımı
proqramı ölkə rəhbərinin əhaliyə olan diqqət
və qayğısına layiq şəkildə həyata
keçirilməkdədir. Xatırlatmaq yerinə
düşər ki, Prezident İlham Əliyev aztəminatlı
əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
məqsədilə 21 oktyabr 2005-ci il tarixdə
"Ünvanlı dövlət sosial yardımı
haqqında" qanunu imzalamış, 2006-cı ilin
ortalarından etibarən respublikamızda ünvanlı
dövlət sosial yardımı sisteminin tətbiqinə
başlanılmışdır. Belə
yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin
maddi rifah halının yüksəlməsində mühüm
rol oynayır və ildən-ilə bu yardımın verilmə
mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı
sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin
yüngülləşdirilməsi, bu yardımın real olaraq
ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq
seçilməsi vacib faktor kimi nəzərdə tutulur. Hazırda 130 minə yaxın ailəyə
ünvanlı dövlət sosial yardımı ödənilir.
Ötən müddətdə ehtiyac meyarının həddi
30 manatdan 75 manata qaldırılmışdır ki, bu da 2,5 dəfə
artım deməkdir. Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən
çıxarılmasına aktiv tədbirlər vasitəsilə
və onların mövcud daxili resurslarından istifadə
olunmaqla kömək göstərilməsi məqsədilə
hazırlanan "Özünədəstək"
ünvanlı sosial yardım layihəsi ilə bağlı
sınaq işlərinə start verilmişdir və gələn
ildən bütün ölkə üzrə bu proqramın tətbiqi
nəzərdə tutulur.
Azərbaycanın ərazi bütövlüyünün
və Konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə fiziki sağlamlıqlarını
itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
onların yeni mənzillərlə təmin olunması istiqamətində
işlər ilbəil yüksələn xətlə davam
etdirilir. 1997-2007-ci illərdə 2183 mənzil əlil və
şəhid ailələrinin istifadəsinə verilmiş, son
illərdə Prezident İlham Əliyevin şəxsi
tapşırığına uyğun olaraq, mənzil tikintisi
işləri gücləndirilmişdir. 2008-ci ildə bu
təbəqələrdən olanlar üçün 596 mənzil,
2009-cu ildə 707 mənzil, 2010-cu ilin tikinti planına əsasən
isə 715 mənzil (o cümlədən 200 fərdi ev)
inşa etdirilmişdir. Ümumiyyətlə,
1997-ci illə müqayisədə əlil və şəhid
ailələri üçün inşa olunan mənzillərin
illik sayı 10 dəfəyə yaxın artmışdır və
cari ildə də bu istiqamətdə işlər uğurla
davam etdirilir. İndiyədək 4 mindən
çox əlil və şəhid ailəsi mənzillə təmin
olunmuşdur.
Əlillərin
minik avtomobilləri ilə təminatı işləri davam
etdirilmiş, 1998-2008-ci illərdə 2588 ədəd
"Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan
olan əlillərə təqdim edilmişdir. 2009-cu ildən isə
bu sahədə irəliləyişə nail olunmuş, keyfiyyəti
və rahatlığı ilə daha üstün olan 352 ədəd
"Slavuta" markalı avtomobillər əlillərə təqdim
olunmaq üçün respublikaya gətirilmişdir. Beləliklə, indiyədək 3000-ə yaxın
minik avtomobili xüsusi kateqoriyadan olan əlillərə təqdim
edilmişdir. Həmçinin 7500-ə
yaxın əlil arabası ehtiyacı olan əlillərə
verilmişdir. Mənzillərin və
avtomobillərin təqdimat mərasimlərində Prezident
İlham Əliyevin dəfələrlə şəxsən
iştirak etməsi bu qəbildən olan insanlara yüksək
səviyyədə qayğı və diqqətin real nümunəsidir.
Əlillərin müxtəlif reabilitasiya
avadanlıqları ilə təminatı işləri də
ilbəil yüksək səviyyədə davam etdirilir və
onların hər hansı reabilitasiya avadanlıqlarına olan
ehtiyacı vaxtlı-vaxtında aradan qaldırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi hər zaman ictimai birliklərlə, müxtəlif əlil
cəmiyyətləri ilə yaxından əməkdaşlıq
etmişdir. Bu ictimai birliklər mənzillərin, avtomobillərin
paylanması zamanı şəffaflığın təminatında
xüsusi rol oynayır, müvafiq komissiyanın işində fəal
iştirak edirlər.
Son illər müxtəlif bölgələrdə yeni
tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə
xidmətlərinin təkmilləşməsi, tibbi-sosial
ekspertiza xidmətinə nəzarətin güclənməsi əlillərin
reabilitasiya göstəricilərinin artmasına səbəb
olmuşdur.
Respublikanın müxtəlif bölgələrində olmaqla
14 bərpa-müalicə və protez-ortopediya mərkəzi
yaradılmışdır ki, onlarda il ərzində
8 mindən çox əlilə xidmət göstərilir.
2008-ci il avqustun 28-də isə
Sumqayıtda Prezident İlham Əliyevin iştirakı ilə
açılış mərasimi olan Paralimpiya İdman Kompleksi
əlil idmanının inkişaf etdirilməsində
mühüm maddi-texniki bazaya malikdir. Əlilliyi
olan şəxslərlə bağlı qanunvericilik, o cümlədən
"Əlilliyin və uşaqların sağlamlıq
imkanları məhdudluğunun qarşısının
alınması, əlillərin və sağlamlıq
imkanları məhdud uşaqların reabilitasiyası və
sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş,
ümumilikdə, son illərdə 10-na yaxın yeni hüquqi
normativ akt qəbul edilmişdir. Vahid Məlumat
Bazasına məlumat daxil edilmiş əlillərin sayı 150
mindən çoxdur.
Əhaliyə daha səmərəli sosial xidmətin
göstərilməsi üçün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində bu gün müasir tələblərə
uyğun hər bir şərait yaradılmışdır. Göstərilən
etimadın doğrulması və Prezident İlham Əliyevin
qarşıya qoyduğu məsələlərə daha diqqətlə
və məsuliyyət hissi ilə yanaşılması, ortaya
çıxan problemlərin operativ şəkildə həll
olunması, əhaliyə göstərilən xidmətin səviyyəsinin
artırılması həmişəki kimi Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin də xüsusi diqqət mərkəzində
qalmaqda davam edir. Bu kontekstdə vəzifələrinin
icrası zamanı nöqsanlara yol verənlər ciddi şəkildə
cəzalandırılır.
Son 20 ildə ölkəmizdə sosial müdafiə
sisteminin mütərəqqi beynəlxalq təcrübəyə
uyğun qurulması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi
məqsədilə mötəbər beynəlxalq təşkilatlarla
və müxtəlif ölkələrlə fəal əməkdaşlıq
həyata keçirilmişdir. Dünya Bankı ilə birgə
"Pensiya və sosial təminat" layihəsindən sonra
yeni "Sosial müdafiənin inkişafı" layihəsi,
həmçinin Avropa İttifaqı ilə birgə Tvinninq
layihəsi həyata keçirilir. Layihə çərçivəsində
əmək bazarının gücləndirilməsi komponenti
üzrə modul tipli təlim proqramların hazırlanması,
ölkədə 200 Peşə və müvafiq təlim
Standartının, o cümlədən, Peşə
Standartları Mərkəzinin yaradılması xüsusi diqqət
mərkəzində yer alır. Bu isə əmək
bazarında iqtisadi inkişafa uyğun olaraq beynəlxalq tələblər
səviyyəsində ixtisaslı kadrların yetişdirilməsi
baxımından mühüm əhəmiyyət
daşıyır. Bununla yanaşı,
Dövlət Əmək Müfəttişliyinin
potensialının artırılması istiqamətləri
üzrə işə başlanılmış və 3 illik
strateji fəaliyyət planı hazırlanmışdır.
Həmçinin, əmək hüquqlarının təkmilləşdirilməsi
və iş yerlərində əmək qanunvericiliyinin tətbiqi
sahəsində mötəbər beynəlxalq qurumların
yüksək demokratik və humanist dəyərlərə
söykənən konvensiya və tövsiyələri Azərbaycan
tərəfindən ratifikasiya olunmuşdur və bu, milli əmək
qanunvericiliyində də öz əksini tapır. Digər tərəfdən Azərbaycan sosial
hüquqlar, o cümlədən işçi hüquqları
ilə bağlı mötəbər beynəlxalq təşkilatlarla,
o cümlədən BMT və Beynəlxalq Əmək Təşkilatı
ilə fəal əməkdaşlıq edir. 1991-ci ildən
Azərbaycan Avropa Sosial Xartiyasının 18 bəndinə və
Beynəlxalq Əmək Təşkilatına üzv olaraq təşkilatın
55 konvensiyasına qoşulmuş, onlardan 8-i fundamental, 4-ü
prioritet konvensiyalardır. Azərbaycan
Respublikası Beynəlxalq Əmək Təşkilatı tərəfindən
gənclərin məşğulluq problemlərinin həllində
dünyada 10 lider ölkə sırasına daxil edilmişdir.
Ümumiyyətlə Beynəlxalq Əmək Təşkilatı
tərəfindən Azərbaycan Respublikası əhalinin məşğulluğu
sahəsində siyasətin formalaşması və həyata
keçirilməsi üzrə regionda (28 dövlət) lider
ölkə kimi qiymətləndirilmişdir.
Ölkəmizdə həyata keçirilən iqtisadi
siyasətin əsas aspektində cəmiyyət, ailə və
hər bir vətəndaşın sosial rifahının mütəmadi
qaydada yüksəlməsi, insan kapitalının
inkişafı əsas diqqət mərkəzində yer
alır. Təsadüfi deyil ki, ölkəmizdə
insanların fiziki, mənəvi, sosial tələbatlarının
təminatının ildən-ilə yaxşılaşması
beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmiş,
Azərbaycan insan inkişafı indeksinə görə
dünya üzrə böyük müvəffəqiyyətlərə
imza atmış dövlətlərdən biri kimi göstərilmişdir.
Ümumiyyətlə, insan inkişafı indeksinin orta illik
tempinə görə Azərbaycan keçmiş Sovet
İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi
qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il
İnsan İnkişafı Hesabatından da aydın
görünür ki, Azərbaycan bu istiqamətdə hətta
dünya üzrə qabaqcıl sayılan iki dövləti -
Çin və Hindistanı da arxada qoymağa müvəffəq
olmuşdur. Cari ilin noyabr ayında açıqlanmış və
Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın
olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində
ən sürətli irəliləyişə imza atan ölkə
kimi çıxış edir və bunun nəticəsidir ki,
2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə
67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər
arasında postsovet məkanında insan inkişafı indeksinə
görə illik 1,77 artım dərəcəsi
ilə ən yüksək göstəriciyə nail
olmuşdur. Nəticədə Azərbaycan
"orta insan inkişafı" qrupu ölkələrini tərk
edərək, "yüksək insan inkişafı"
ölkələri kateqoriyasına daxil edilmişdir.
Beləliklə,
aydın görünür ki, Prezident İlham Əliyevin
apardığı uğurlu siyasət nəticəsində
ölkəmizdə sosial müdafiə, əmək qabiliyyətli
əhalinin işgüzarlıq və təşəbbüskarlığının
artırılması üçün zəruri şərait
yaradılmış, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün müəssisə,
idarə və təşkilatlarda çalışan
işçilərin əmək və sosial
hüquqlarının qorunmasının təmin edilməsi
istiqamətində böyük nailiyyətlər əldə
olunmuşdur.
Bu vaxta qədər
isə ölkəmizdə sürətli inkişafa xidmət
edəcək möhkəm bazanın
formalaşdırılması qarşıdakı dövr ərzində
Azərbaycanın qət edəcəyi tərəqqi yolunun, o
cümlədən məşğulluq səviyyəsinin və
əhalinin sosial rifahının yüksəlişinin yenə
möhtəşəm uğurlarla müşayiət
olunacağına, ölkəmizin daha böyük nailiyyətlərə
imza atacağına şübhə yeri qoymur. Bu,
həm də Heydər Əliyev tərəfindən müəyyən
olunan, Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən inkişaf strategiyasının tələblərinə
cavab verən mükəmməl siyasətin real təzahürüdür.
Fizuli ƏLƏKBƏROV,
əmək və əhalinin sosial
müdafiəsi naziri
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 8.