Azərbaycanda dəmir yol şəbəkəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz bağlıdır

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müsahibəsi

 

 - Arif müəllim, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ölkəmizdə təntənəli surətdə qeyd edilir. Azərbaycanda cəmiyyət həyatının bütün sahələrinin uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu kontekstdə ötən 20 il ərzində Azərbaycanda dəmiryol şəbəkəsinin inkişafında ümummili liderimiz Heydər Əliyevin yürütdüyü siyasətin və birbaşa təşəbbüslərinin rolu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- İyirminci əsrdə Şərqdə ilk müstəqil və demokratik dövlətin ünvanı Azərbaycan oldu. Elə həmin əsrin 90-cı illərində yenidən dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verməsini reallaşdırdı. Bu mənada, 18 oktyabr 1991-ci ildə yenidən dövlət müstəqilliyi qazanmış Azərbaycan Respublikası ötən dövrdə böyük mübarizələr yolu keçmiş, bütün ziddiyyət və məhrumiyyətlərə baxmayaraq, müstəqil dövlət quruculuğu yolunu qoruyub saxlaya bilmiş, böyük inkişaf yolu keçmişdir. Bu, təbii ki, ölkəmizin nəqliyyat sistemində və bu sistemin tərkib hissəsi kimi dəmiryollarının inkişafında da özünü büruzə vermişdir.

21 yanvar 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmaqdadır.

Dövlət müstəqilliyinin 20 ili ərzində ölkədə dəmiryolu sistemində bir sıra mühüm layihələr həyata keçirilmiş, islahatlar prosesi daha da genişləndirilmişdir.

Sözsüz ki, hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsindən çox asılıdır. Bu mənada, çoxşaxəli nəqliyyat-yol kompleksi olmadan hansısa dövlətin davamlı inkişafını təsəvvür etmək qeyri-mümkündür. Bu reallığı ümummilli liderimiz Heydər Əliyev də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmişə yüksək qiymətləndirmişdir. 20 illik tarixə qısa ekskurs etmək yerinə düşərdi.

1996-cı ildən Azərbaycan dəmiryolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir.

Əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması prosesi 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Bu tarixi müqavilənin imzalanması respublikanın iqtisadi qüdrətini və tranzit potensialını xeyli artırdı. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etdi.

Bu nəqliyyat dəhlizi ilə böyük yük daşınmasının intensivləşməsi birdən-birə başa gəlmədi. Bunun üçün 1993-cü ilin may ayında Brüssel şəhərində Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri Konfransında TRASEKA proqramının əsasının qoyulması da mühüm rol oynadı. Avropa və Asiya ölkələri ilə yeni iqtisadi-ticarət əlaqələrinin yaranması nəticəsində, yüklərin daşınma istiqamətinin dəyişməsi yönündə Avropa Birliyinin maliyyələşdirdiyi və qarşısına Qərb-Şərq istiqamətində Avropadan Qara dənizi keçərək, daha sonra Qafqaz və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxan nəqliyyat dəhlizini inkişaf etdirmək məqsədi güdən Texniki yardım proqramının tətbiqi haqqında razılıq qəbul edildi. TRASEKA proqramının tətbiqi üzrə işlər beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməyə başladı.

1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdir. Məlum olduğu kimi, bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı Bəyannaməsi qəbul edildi. Qəbul edilən sənədlər sırasında beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Razılıq, həmçinin beş texniki Əsasnamə, o cümlədən, dəmiryolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də vardır.

Qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Bu beynəlxalq layihənin reallaşması ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsi idi. Sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol kompleksinin dinamik inkiaşfı istiqamətində də böyük işlər görür.

- Qeyd etdiniz ki, Azərbaycanda dəmiryol şəbəkəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz bağlıdır. Həmin dövrə bir daha ekskurs edərək bu mərhələnin xarakterini və inkişaf tempini necə səciyyələndirərdiniz?

- 1993-cü ildə ölkə vətəndaş müharibəsi və yenicə qazandığı dövlət müstəqilliyini itirilmək təhlükəsi ilə üzbəüz qaldığı bir zaman Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləcə, ölkəmizin tarixində durğunluq dövrünün aradan qaldırılması prosesi, sabitlik və inkişaf dövrü başladı. Eyni proseslər dəmiryolunun taleyində də öz əksini tapdı və 1996-cı il polad magistralın tarixində dönüş ilinə çevrildi.

O vaxta kimi dəmiryolunda çox kritik bir vəziyyət hökm sürürdü. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə cənab Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmiryolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. O cümlədən dəmiryolunun rəhbərliyində kadr dəyişikliyi edilərək peşəkar dəmiryolçu Ziya Məmmədov Dövlət Dəmir Yoluna rəis təyin olundu. Prezident Heydər Əliyev tərəfindən dəmiryolçuların qarşısında qoyulan tələblər əldə rəhbər tutularaq böhran vəziyyəti aradan qaldırılmağa başlandı.

Bunun üçün ilk addım kimi idarəetmə strukturunda dəyişiklik aparıldı. O zaman dəmiryolunda üçpilləli idarəetmə sistemi mövcud idi. Belə bir şəraitdə işin icraçıya çatması üçün bir neçə pilləni adlamaq lazım gəlirdi. Bu da istər-istəməz bürokratik bir idarəetmə yaradırdı. Belə olduqda nəqliyyatlararası rəqabətdə insanlar digər sahələrə üz tuturdular. Ölkə başçısının struktur dəyişiklikləri barədə fərmanına və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq dəmiryolunun idarəetmə strukturlarında üçmərhələli dəyişiklik həyata keçirildi: 1996-1997-ci illərdə birinci, 1998-ci ildən isə ikinci və üçüncü mərhələlər başlandı. İkipilləli idarəetmə strukturları yaradılmaqla, bu strukturlara bacarıqlı kadrların düzgün yerləşdirilməsi işi sürətləndi. Nəticədə işlək bir mexanizm yaradıldı.

Müstəqillik illərindən əvvəllər sərnişin vaqonları respublikamızdan kənarda təmir edilirdi. 1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılmışdır.

1998-ci ildə Azərbaycan Dövlət Dəmiryolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmiryolunun fəaliyyətini yüksək qiymətləndirmişdir: "Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmiryolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmiryolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki,1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 6 dekabr 1998-ci ildə dəmiryolçular tərəfindən qurulmuş çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasında olmuşdur.

Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi.

4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Ondan sonra mərhələlərlə Kiyev, Brest, Xarkov, Həştərxan, Yekaterinburq, Sankt-Peterburq, Tümen, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı.

1997-ci ilin fevral ayında Naxçıvan-Təbriz sərnişin qatarı həftədə bir dəfə olmaqla hərəkətə başladı.

Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyi daim diqqət mərkəzində saxlayan dəmiryolu rəhbərliyi bu sahədə misli görünməmiş uğurların təməlini qoymağa müəssir ola bildi. O cümlədən respublika daxilində hərəkət edən qatarların xəritəsi və sayı da xeyli genişləndi. Ölkə daxilində hərəkət edən qatarların firma qatarlar səviyyəsində hazırlanaraq istismara verilməsi prosesinin başlanğıcı qoyuldu. 28 dekabr 1996-cı ili bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dövlət Dəmir Yolunun ilk firma qatarlı olan Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verildi. Sonradan Azərbaycanın digər istiqamətlərinə hərəkət edən qatarlar firma qatarları səviyyəsində yeniləşdirildi.

4 mart 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxıldı.

1999-cu ildə Bakı-Gəncə istiqamətində "Ekspress" tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2000-ci il tarixli 904-İQ saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2005-ci ilin əvvəllərində Azərbaycan Dövlət Dəmir Yolunun kollegiya iclası yolun mövcud olan bəzi stansiyalarının adlarının dəyişdirilməsini qərara almışdır.

Qərara uyğun olaraq aşağıdakı stansiyaların adları dəyişdirilərək belə adlandırılmışdır: Qazıməmməd (kod 554202) - Hacıqabul, Duvannı (kod 548409) - Qobustan, Znoynı (kod 552724) - Xıdırlı, Hacıyev (kod 554310) - Qarasu, Montin (kod 547016) - Nərimanov, Fioletov (kod 547020) - PL.2-ci km".

3 iyun 2002-ci ildən Azərbaycan və Belarus dəmiryolu rəhbərliyi arasında əldə olunmuş razılaşmaya əsasən Bakı-Brest sərnişin qatarı xəttə buraxılmışdır.

7 aprel 2003-cü ildə Bakı-Dərbənd "ekspress" tipli firma sərnişin qatarı xəttə buraxıldı.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmiryolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmiryolunun yarandığı gün - Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

2002-ci ilin sentyabr ayından Qədim İpək Yolunun əsas marşrutlarından biri olan Bakı - Böyük-Kəsik arasındakı stansiyalara fibro-optik rabitə xəttinin çəkilişinə başlanmış, 2003-cü ilin iyun ayında həmin iş başa çatmış və Azərbaycan Dəmiryolunda yeni telekommunikasiya sistemi istismara verilmişdir.

1997-ci ildən başlayaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir. Bilet satışı texnologiyasını daha da təkmilləşdirmək, onun beynəlxalq İnternet şəbəkəsi vasitəsilə bir mərkəzdən idarə olunmasını təmin etmək, eyni zamanda, sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə Bakı-sərnişin stansiyasında Mərkəzi məlumat bazası yaradılmışdır.

Bilet satışı texnologiyasının kompyuterləşdirilməsi və AİS "Ekspress-AZ" sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə respublikanın qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında beynəlxalq internet şəbəkəsinə qoşulmuş kompyuter proqramı tətbiq olunmuşdur. Bu proqramın tətbiqi ilə qərb bölgəsi üzrə hər bir kassa üçün əvvəlcədən ayrılmış yerlərin qabaqcadan birbaşa və geriyə satışına, boş yerlərin Birləşmiş Yol Bürosu vasitəsilə sonrakı stansiyalara ötürülməsinə, eyni zamanda, sərnişin sıxlığına operativ nəzarət olunur.

Bilet satışı texnologiyasını daha da təkmilləşdirmək, onun beynəlxalq internet şəbəkəsi vasitəsilə bir mərkəzdən idarə olunmasını təmin etmək, eyni zamanda, sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə Bakı-sərnişin stansiyasında Mərkəzi məlumat bazası yaradılmışdır. 5 avqust 2010-cu ildən etibarən Bakı-sərnişin stiansiyası, Gəncə vağzalı və respublikanın qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında bilet satışı Mərkəzi məlumat bazasından istifadə etməklə tətbiq olunur.

- Arif müəllim, Prezident İlham Əliyevin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamı bu sahənin fəaliyyətində hansı yeniliklərə səbəb oldu?

- Dəmiryolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 20 iyul 2009-cu il tarixli sərəncam imzalamışdır. Bununla da dəmiryolunun tarixində yeni dönəm başlanmışdır.

15 fevral 2010-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq olundu. Yeni Nizamnaməyə əsasən, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin strukturu formalaşdırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmiryolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmiryolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmiryolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramında öz əksini tapıb. Müəyyən olunmuşdur ki, ilkin hesablamalara görə dəmiryolu nəqliyyatının 2010-2014-cü illərdə yenidən qurulmasına 2,4 milyard manat sərmayənin qoyulması lazımdır. Bu vəsait xarici kredit, investisiya layihələri və dəmiryolunun daxili imkanları hesabına təmin ediləcək.

Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmiryolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yükdaşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar daha intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmiryolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki dəmiryolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq ölkə başçısının dəstəyi sayəsində dəmiryolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Müqaviləsi imzalanmışdır.

- "Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası hansı səviyyədədir?

- "Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dövlət investisiyaları hesabına həyata keçirilən layihələrin icrası istiqamətində "Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işlərinin görülməsi" tədbiri üzrə 2010-cu ildə dövlət büdcəsindən ayrılmış 2160,0 min manat vəsait hesabına 400 p/m uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.

Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dövlət investisiyaları hesabına həyata keçirilən layihələrin icrası istiqamətində "Pirallahı qəsəbəsini sahillə birləşdirən dambada sahilbərkitmə işlərinin görülməsi" tədbiri üzrə 2010-cu ildə dövlət büdcəsindən ayrılmış 2160,0 min manat vəsait hesabına 400 p/m uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 5 ədəd ÇME-3 seriyalı teplovozun Çexiya Respublikasının Nümburq şəhərindəki "Dəmiryolu nəqliyyatı vasitələrinin təmiri" zavodunda əsaslı təmir olunaraq ölkəyə gətirildi.

10 iyun 2011-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində əsaslı təmir prosesinə start verildi. Əsaslı təmiri "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri aparır. Bu gün saat 14.20-də 1 kilometr yolun əsaslı təmiri başa çatdı. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq. Ümumiyyətlə, gələcəkdə Bakı - Böyük-Kəsik istiqamətində 870 km yolun əsaslı təmir olunması gözlənilir.

Qeyd edim ki, dəmiryolu öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu dönəmdə hər kəsin məsuliyyəti bir az da artıb. Sərnişin və yükdaşımlarına olan tələbatı tam ödəmək üçün bu mərhələdən yetərincə yararlanmaq lazımdır. Çünki yeniləşmə, modernləşmə prosesinin sürətlə aparılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin güclü tərəfdaş olmasını bir daha sübuta yetirəcəkdir.

Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmiryolları arasında özünün layiqli yerini tutacaqdır.

- "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq təşkilatlarla əlaqəsi və təmsilçiliyi hansı səviyyədədir?

- Dünya nəqliyyat sisteminə inteqrasiya prosesi özünü bütün istiqamətlərdə büruzə verdi. Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrildi. Belə ki, 1992-ci ildən MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində aktiv iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncaqları, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmiryolu rəhbərlərinin müşavirəsi və başqa tədbirlər keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  9.