Hüquqi dövlət demokratik, hüquqi islahatlardan qaynaqlanır

 

Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşması da ulu öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. Ulu öndər Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım oldu. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə xüsusi diqqət ayrılmışdı.

Aparılan məhkəmə-hüquq islahatları nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən, insan haqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edildi, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edildi, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olundu.

Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 17 yanvar 2000-ci il tarixli fərmanı ilə hakimlərin seçilməsi prosesinin təşkili və məhkəmə fəaliyyəti ilə bağlı digər tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edildi, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan müxtəlif tədbirlər görüldü. 2000-ci ilin sentyabrında test üsulu və müsabiqə yolu ilə seçilmiş ilk hakimlər and içərək səlahiyyətlərinin icrasına başladılar.

Yeni yüzilliyin başlanğıcında respublikada hüquqi və demokratik dövlət quruculuğu sahəsində mühüm addımlardan biri də 2002-ci ilin 24 avqustunda Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq səsverməsi yolu ilə demokratik ruhlu dəyişikliklərin edilməsi oldu. Məlumdur ki, Əsas Qanun dinamik olaraq inkişaf edən cəmiyyətdə formalaşmış ictimai münasibətləri tənzimləmə funksiyasını da yerinə yetirir. İctimai münasibətlərin dinamik inkişafı - sosial-iqtisadi tərəqqinin başlanması, ölkənin siyasi və hüquq sisteminin əhəmiyyətli dərəcədə təkmilləşməsi, Avropa Şurasına üzvlüklə əlaqədar Avratlantik məkana inteqrasiyanın sürətlənməsi və digər mühüm yeniliklərin Əsas Qanunda adekvat əksini tapması məqsədilə 2002-ci il avqustun 24-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə  əlaqədar referendum keçirildi.

Həmin vaxt ümumxalq səsverməsinə çıxarılan referendum layihəsi 24 maddədə dəyişiklik edilməsini nəzərdə tutaraq 8 bölmədə qruplaşdırıldı. Məsələn, 83-cü maddəyə edilən dəyişiklik Milli Məclisə seçkilərin yalnız majoritar qaydada keçirilməsini nəzərdə tuturdu. Proporsional seçki sisteminin ləğvinə bütün dünyada meylin artdığı bir zamanda Azərbaycanda siyasi partiyaların həddən artıq çoxluğu və onların parlamentdə yer qazanmaq imkanlarının məhdudluğu danılmaz reallıq idi. Digər tərəfdən, majoritar və proporsional seçki sistemlərinin müqayisəli təhlili göstərir ki, vətəndaşların iradəsinin hansı formada ifadə olunması ölkədə parlament və ya prezident üsul-idarəsinin tətbiqindən bilavasitə asılıdır. Majoritar seçki sistemi prezident üsul-idarəli ölkələrdə daha geniş tətbiq olunur. Azərbaycan da məhz bu ölkələr sırasına daxildir və prezidentin timsalında icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasındakı səlahiyyət bölgüsünün nisbəti təbii olaraq birincinin xeyrinə yüksək şəkildə ifadə olunur. Bu mənada, Azərbaycanda qanunverici orqana seçkilərin sırf majoritar seçki sistemi əsasında keçirilməsi siyasi qanunauyğunluğun nəticəsi olmaqla, demokratik normalara, beynəlxalq təcrübəyə və siyasi nəzəriyyələrə qətiyyən zidd sayıla bilməzdi. Parlament seçkilərinin sırf majoritar sistem üzrə keçirilməsini nəzərdə tutan konstitusion dəyişiklik də hansısa partiyanın deyil, yalnız ölkə vətəndaşlarının mənafeyini özündə ehtiva edirdi. Çünki ölkə vətəndaşları  partiya siyahısına səs verməklə bəzən istəmədikləri, yaxud tanımadıqları təsadüfi adamları seçmək məcburiyyətində qalır, iradələrini azad surətdə ifadə edə bilmirdilər.

24 avqust 2002-ci il referendumunun digər prinsipial dəyişikliyi Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin "50+1" prinsipi əsasında hesablanmasını nəzərdə tuturdu. Bu referenduma qədər ölkədə seçicilərin üçdə ikisinin, yaxud 67 faizinin səsini toplamış namizəd qalib elan olunurdu. Yeni prinsip isə hər bir namizədin xeyrinə olmaqla, seçkilərin demokratikliyinin daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atılmış ciddi addım idi.

24 avqust referendumunun mühüm nəticələrindən biri də vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət imkanının yaradılması oldu. Bu referenduma qədər Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sorğusu əsasında normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxılırdı. Normativ-hüquqi aktla vətəndaşların hüquq və azadlıqları pozulduqda onların müdafiəsinin hüquqi mexanizmi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 352-ci maddəsi ilə müəyyən edilirdi. Həmin mexanizmə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqları pozulduqda, onlar müvafiq məhkəmələrin vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini istəyirdilər. Beləliklə, həmin müraciət uzun bir yol keçdikdən və xeyli vaxt itkisindən sonra Konstitusiya Məhkəməsinə çatırdı. 24 avqust 2002-ci ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə birbaşa müraciətinə imkan yarandı.

2002-ci ilin konstitusiya islahatları, həmçinin hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün formalaşdırılması, Respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, fövqəladə hallarda prezidentin səlahiyyətlərinin baş nazirə keçməsi kimi vacib məsələlərlə əlaqədar idi.

Dövlət idarəetmə sistemində davamlı nailiyyətlərə yol açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Müstəqil Azərbaycanın son 8 ildə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşdi. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu.

2003-cü və 2005-ci illərin oktyabr ayında hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş uğursuz iğtişaş cəhdlərinin qarşısının qətiyyətlə alınması bir daha sübut etdi ki, Azərbaycanda mövcud ictimai-siyasi sabitlik və qanunçuluq mühiti real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyət üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qaldı. Vaxtilə dövlətçiliyə qarşı ağır cinayətlər törədən və azadlıqdan məhrumetmə cəzasını çəkdiyi dövrdə öz əməlindən səmimi peşmançılıq keçirən insanlar əfv edilərək azadlığa buraxıldılar. 15-16 oktyabr iğtişaşlarının təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edildilər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başladı, siyasi qüvvələr arasında dialoqa meyil gücləndi. Demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu, milli həmrəyliyin əldə olunması istiqamətində daha ciddi uğurlar qazanıldı.

Ölkədə inamla həyata keçirilən hüquqi-siyasi islahatların mühüm bir istiqamətini məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması oldu. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olundu, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edildi. "Konstitusiya Məhkəməsi haqqında qanuna əlavə və dəyişikliklər haqqında" 23 dekabr 2003-cü il tarixli qanuna əsasən isə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyənləşdirildi.

Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında bu məsələlər geniş əksini tapdı. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərmanda bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdu. Fərmanın imzalanması rayonlarda yaşayan vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yaxşılaşdırmaq, onlarda haqlı narazılıq doğuran sui-istifadə, süründürməçilik hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq, ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək, məhkəmələrə inamı artırmaq, müraciət imkanlarını asanlaşdırmaq, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə aparatlarının strukturunu və işini daha optimal şəkildə qurmaq, habelə hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindən irəli gəlirdi.  

Fərmanla Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki (rayon) şəhərlərində yeni apelyasiya məhkəmələrinin yaradılması bilavasitə bu məqsədlərin gerçəkləşdirilməsinə xidmət edirdi. Dövlət başçısı cənab İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanında regionlarda yeni məhkəmələrin yaradılması ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr də dəqiq əksini tapdı. Qanunun 7-ci bəndində Azərbaycan Respublikası Prokurorluğuna yeni məhkəmələrin yaradılmasını nəzərə almaq və məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etmək tövsiyə edildi.

Həmin fərmanda məhkəmələrlə yanaşı, prokurorluq orqanlarına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə olunmuşdu. Ötən müddətdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirildi. Dövlət başçısının 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırıldı. Hakim korpusunun genişləndirilməsi məhkəmələrə daxil olan işlərin qanunda nəzərdə tutulmuş vaxtda, keyfiyyətlə baxılmasını təmin etdi.

Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" oldu. Dövlət proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyırdı.

Dövlət proqramının 6-cı hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdu. Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar külliyyatının və onların şərhinə dair vəsaitlərin hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təmin edilməsi, yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apelyasiya məhkəmələrinin inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Ümumilikdə, dövlət proqramı ədliyyə orqanları ilə yanaşı, məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açır.

Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında isə ölkənin müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkildi. Bundan əlavə, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması, eyni zamanda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın təsdiq edilməsi son illər demokratik və hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

Dövlət başçısı Azərbaycanda demokratik dəyərlərin, qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsində vətəndaş cəmiyyəti institutlarının da roluna mühüm önəm verir. Respublikamız müstəqillik qazandıqdan sonra qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu prosesindəki müstəsna rolunu nəzərə alan Azərbaycan Prezidenti onların dövlətlə sıx əməkdaşlığının təmin olunmasına xidmət edən ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman və sərəncamları da məhz bu məqsədə xidmət etmişdir.

Ümumilikdə, respublikamız 2003-2008-ci illərdə onlarla beynəlxalq konvensiya və sazişə, o cümlədən "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında", "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə cinayət məsuliyyətinə cəlb etmə müddətinin tətbiq edilməməsi haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" konvensiyalara qoşulmuşdur.

Hüquqi islahatlar fonunda 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya islahatından ötən 7 ildə respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dərk olunması və onların dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv zərurətə çevirmişdi. 18 mart referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdu. Konstitusiya islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və sazişlərə uyğunlaşdırılması prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Son illər vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi problemlərin tədricən həllini tapması paralel olaraq demokratik və hüquqi islahatlara olan ictimai marağı daha da gücləndirmişdi. İnsanların hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini ilə bağlı dövlətdən gözləntiləri artdı, hakimiyyət isə öz növbəsində üzərinə bir sıra yeni öhdəliklər götürərək ictimai rəyə həssas münasibətini izhar etdi. Konstitusiyaya yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklər edilməsi də məhz bu reallıqla şərtlənirdi. Konstitusiyanın 12-ci maddəsinə edilmiş dəyişiklik sosialyönümlü xarakter daşımaqla Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlirdi. Bu dəyişikliklə "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" məsələsi dövlətin ali məqsədləri sırasında yer almışdı. Bu əlavənin Konstitusiyada əksini tapması respublikamızın iqtisadi siyasətində sosialyönümlü məsələlərin həllinin prioritetə çevrilməsi ilə şərtlənirdi.

Ümumiyyətlə, konstitusiya hüququ ilə bağlı tarixən formalaşmış nəzəriyyələrdə hüquqi və faktiki konstitusiya anlayışları fərqli yanaşmalar kimi təsbit edilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir. 18 mart referendumunun başlıca məqsədi də məhz Azərbaycanda hüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan, onlar arasındakı sivil balansı təmin etməkdən ibarət olmuşdur.

18 mart referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxildir.

18 mart referendumunun mühüm nəticələrindən biri də budur ki, Azərbaycan Konstitusiyasının hüquqi və siyasi funksiyası ilə yanaşı, ideoloji funksiyası da təkmilləşdirilmişdir. Konstitusiya hər bir insanın həyatında rol oynayan müqəddəs  sənəd olaraq cəmiyyətdə ən ali və ülvi dəyərlərə - insan və mülkiyyət hüquqlarına, demokratikləşməyə təminat verir. Əsas Qanunun 12, 17, 29, 48, 75-ci maddələrinə edilən əlavə və dəyişikliklər Konstitusiyanın ideoloji funksiyasının həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. 75-ci maddəyə edilən əlavə və dəyişiklik istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan yenicə müstəqillik əldə etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Bu əlavəyə görə, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur". Azərbaycanın bayrağı, gerbi və himni onun hər bir vətəndaşı üçün müqəddəs və toxunulmazdır. Hər bir azərbaycanlı dövlət rəmzlərimizi özünün milli heysiyyəti, qüruru, fəxarət yeri sayır. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyəti müəyyən olunmuşdur.

Hüquqi dövlət quruculuğundan, demokratiyanın inkişaf etdirilməsindən danışarkən son illərdə qəbul olunmuş qanunlar sırasında "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və "İnzibati-Prossesual Məcəllə"nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 2005-ci il 21 oktyabr tarixli "İnzibati icraat haqqında" qanun vətəndaşın dövlət orqanlarının və məmurların qanunsuz hərəkətlərindən yuxarı dövlət orqanına şikayət hüququnu təsbit edir.  2009-cu il 30 iyun tarixli İnzibati-Prosessual Məcəllə isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanunla isə yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin yaradılması təmin edilmişdir.

Prezidentin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" fərmanı ilə respublikada bir sıra yeni məhkəmələr təşkil edilmişdir. Belə ki, fərmanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin, habelə Lənkəranda, Gəncədə, Şəkidə ağır cinayətlər məhkəmələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda fərmanın 1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır.

Bundan başqa, fərmanla 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi; 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə Yerli İqtisad Məhkəməsi əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt Yerli İqtisad Məhkəməsi əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki Yerli İqtisad Məhkəməsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan Yerli İqtisad Məhkəməsi əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsi yaradılmışdır.

2011-ci il yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında son illər Milli Məclisdə qəbul edilmiş qanunlar ictimai həyatın bütün sahələrini əhatə etməklə, vətəndaşa həssas və qayğıkeş münasibəti təşviq edir. Bu baxımdan yalnız 2011-ci ilin müvafiq dövründə parlamentdə qəbul olunmuş qanunları xüsusi qeyd etmək lazımdır. Ötən müddətdə "İcra haqqında", "İnformasiya əldə etmək haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Dini etiqad azadlığı haqqında",  "Prokurorluq haqqında", "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda, "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının Ailə Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"ndə, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin"də, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllə"sində əlavə və dəyişikliklər edilməsi haqqında  qanunların qəbulunu xüsusi vurğulamaq olar.

 Milli Məclisin qarşıdakı payız sessiyası ərzində "Rəqabət Məcəlləsi"nin üçüncü oxunuşda, "Şəhərsalma və Tikinti Məcəlləsi"nin birinci oxunuşda qəbulu gözlənilir. Bundan başqa, payız sessiyasında "Təhsil krediti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Ali təhsil haqqında", "Elm siyasəti haqqında", "Mədəniyyət haqqında", "Pasiyentin hüquqlarının qorunması haqqında", "Sosial xidmət haqqında", "Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri haqqında" və digər layihələrin müzakirəsi də nəzərdə tutulur.

Ümumilikdə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hüquq islahatlarının son illərdə inamla davam etdirilməsi nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar isə ötən 20 ildə respublikamızda hüquqi, demokratik dövlət ideyasının reallaşdığını, vətəndaş cəmiyyətinin formalaşdığını söyləməyə ciddi əsaslar verir. Əlbəttə, müstəqil Azərbaycan bu sahədə əldə olunan müsbət nəticələrlə də kifayətlənmir, cəmiyyətin inkişaf tempinə, iqtisadi islahatların sürətinə, vətəndaşların ictimai şüur səviyyəsinə adekvat olaraq bu sahədə yeni-yeni addımlar atır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız hüquqi və siyasi mühitin liberallaşdırılması, hər bir fərdin maraq və mənafeyinin qanunla müəyyən olunmuş şəkildə qorunması sahəsində yeni nailiyyətlərə imza atacaqdır.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S. 10.