Yubiley münasibəti ilə geniş tədbir keçirilmişdir

 

 Vergilər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın vergi sistemi" adlı geniş tədbir keçirilmişdir. Tədbirdən əvvəl Heydər Əliyevin nazirliyin foyesindəki büstü önünə gül dəstələri qoyulmuş, yenicə çapdan çıxmış "Müstəqil Azərbaycanın vergi sistemi" kitabının təqdimatı olmuşdur.

Sonra müstəqil Azərbaycanın vergi sisteminin inkişafına həsr olunmuş film nümayiş etdirilmişdir. Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlayaraq, dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi bir bayram olduğunu bildirmişdir. O, ölkəmizin dövlət müstəqilliyinin çox mürəkkəb tarixi və siyasi şəraitdə bərpa edildiyini, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra - 1993-cü ilin iyun ayından etibarən dövlət quruculuğu sahəsində konkret addımlar atıldığını bildirmişdir. Azərbaycanda vergi xidmətinin qanunvericilik bazasının məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşdığını vurğulayan nazir Vergi Məcəlləsinin hazırlanması prosesinin ümummilli liderin birbaşa rəhbərliyi ilə aparıldığını, Məcəllənin layihəsinin dəfələrlə Heydər Əliyevin yanında keçirilən müşavirələrdə müzakirə olunduğunu bildirmişdir.

Ölkəmizdə yeni dövlət quruculuğu tarixinin son 8 ilinin  ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu qeyd edən nazir bu illər ərzində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, nazirliyin tətbiq etdiyi bir çox innovativ yeniliklər, müasir informasiya texnologiyalarına söykənən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə  ölkəmizin son 20 ildə qazandığı nailiyyətlər, iqtisadi və sosial sahələrdə aparılan islahatlar, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutması üçün həyata keçirdiyi işlərdən danışmışdır.

 

 

Azərbaycan.- 2011.-13 oktyabr.- S.  10.