Fransanın nüfuzlu «Le Point» jurnalında Bakı şəhəri
və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs
edən məqalə dərc olunmuşdur
Fransanın nüfuzlu "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportaj çərçivəsində Bakı və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən "Bakı - Qara qızıl ölkəsinin bəyaz gecəli şəhəri" sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə 1994-cü ildən etibarən Azərbaycanda əsl iqtisadi inqilabın baş verdiyi, dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandığı və həmin tarixdən etibarən neft-qaz və qeyri-neft-qaz sektorlarının sürətlə inkişaf etdiyi və oktyabrın 18-də müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcək Azərbaycanın bu gün regionun ən zəngin ölkəsinə çevrildiyi xüsusi vurğulanmışdır. Həmçinin məqalədə yalnız bu il ərzində Bakı şəhərində beşulduzlu 5 mehmanxananın açılmasının planlaşdırıldığı, bir sıra dünya şöhrətli mağazalar və müasir restoranların fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.
Məqalədə daha sonra qeyd edilir ki, 2012-ci ilin yazında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi Bakı şəhərində demək olar ki, günün bütün saatlarında tikinti-quruculuq işləri aparılır, paytaxtın görməli yerində Azərbaycanın qədim Odlar yurdu olmasını simvollaşdıran "Alov qüllələri" nəhəng mehmanxana kompleksi tikilir və beləliklə də, Azərbaycanın sabahı yaradılır.
Məqalədə Xəzər dənizinin sahilində yerləşən Bakının gecələr daha füsunkar görünüş aldığı, İçərişəhərin zəngin tarixi abidələri ilə turistlərin yaddaşında əbədi iz buraxdığı qeyd olunur.
Eyni zamanda, Bakıda gənclərin daha çox toplaşdığı, dəbdə olan yerlərdən geniş bəhs edilir. Dahi fransız yazıcısı Aleksandr Dümanın Qafqaza səyahətindən bəhs edən kitabında Azərbaycan mətbəxi haqqında yazdıqlarının əyani şəkildə dadına baxmaq üçün fransalı oxuculara Bakı şəhərinin restoranlarına baş çəkmək və İçərişəhəri səyahət etmək məsləhət görülür. Məqalədə, həmçinin milli çörəyimizin növü olan lavaşın xüsusi ləzzəti, Azərbaycan kürüsünün bənzərsizliyi, bazarlarımızın zənginliyi ilə bağlı fikirlər geniş yer almışdır.
Ümumiyyətlə, məqalədə Azərbaycan və onun paytaxtı haqqında ətraflı məlumat verilir və yeni dəbdə olan şəhərlər sırasında Bakı şəhəri Avropanın Dubayı adlandırılır.
Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, "Le Point" jurnalı dünya səyahətçiləri üçün yeni dəbdə olan şəhərlər siyahısına Şərqi Avropa regionundan yalnız Bakı şəhərini daxil etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.- 17 oktyabr.-
S. 10.