Silahlı
Qüvvələrimiz Cənubi Qafqazın ən güclü,
modern və hazırlıqlı ordusuna çevrilib
Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün astanasındadır. İctimaiyyət müstəqilliyimizin yubileyini bayram etməklə bərabər, 20 illik tariximizin möhtəşəm uğurlarını da fikir süzgəcindən keçirir. Görünən odur ki, bu illər ərzində Azərbaycan həqiqətən böyük inkişaf yolu keçib. Lakin bu uğurların tarixi heç də müstəqilliyimizin bərpa edildiyi dövrdən başlamır. Azərbaycan 1991-ci ildə müstəqilliyinə nail olsa da, sonrakı dövrdə baş verən proseslər istiqlalımızın taleyini sual altında qoymuşdu. Yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyinin əldən getməsinin, ölkənin parçalanmasının qarşısı alındı. Ulu öndərin uzaqgörənliyi ilə müstəqil dövlət quruculuğu prosesinə start verildi. Məhz həmin vaxtdan Azərbaycanda uğurların əsası qoyuldu.
1993-cü ildən sonra Azərbaycan xalqının nail olduğu ən böyük uğurlardan biri Silahlı Qüvvələrin yaradılmasıdır. Bu mənada, Azərbaycan Ordusunun formalaşdırılması Heydər Əliyevin dövlət quruculuğunun şanlı səhifələrindən biridir. Ulu öndərin qurduğu ordu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə böyük inkişaf yolu keçib, döyüş hazırlığını daha da artırıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalı ən modern hərbi texnika və silah-sursatla zəngindir. Ordumuzun arsenalı düşmən Ermənistanın ərazisində istənilən nöqtəni məhv etməyə imkan verir.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamında nəzərdə tutulmuş Tədbirlər Planına əsasən artıq xeyli vaxtdır ki, müstəqilliyin bərpasının 20-ci ildömününə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söz açılır, ölkəmizin keçdiyi inkişaf yolunda qazandığı nailiyyətlərə nəzər salınır.
Bu günlərdə "Azərbaycan" qəzetinin Müdafiə Nazirliyi ilə birgə keçirdiyi "dəyirmi masa"da ordu quruculuğu məsələləri müzakirə olundu, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yollarından söz açıldı.
"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- Hörmətli "dəyirmi masa" iştirakçıları!
Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü sevinc hissi ilə qeyd edir. İcazə verin, sizi müstəqilliyimizin 20-ci ildönümü münasibətilə təbrik edim.
20 il tarix üçün olduqca qısa sayılan zaman kəsiyidir. Lakin bu dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. Bu 20 ildə qüdrətli ölkəyə çevrilən, beynəlxalq hüquq məkanında öz mövqeyini müstəqil və qətiyyətli şəkildə ifadə edən Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Ölkəmizin dinamik sosial-iqtisadi inkişafa malik olması, digər sahələrdə möhtəşəm nailiyyətlərə imza atması, mövcud olduğu regionun lideri statusunu daşıması və bu qəbildən olan digər amillərdən hər birimiz iftixarla bəhs edir, bundan xüsusi qürur duyuruq. Çünki davamlı olaraq güclənən müasir Azərbaycan həm də onun vətəndaşlarının güclənməsi deməkdir.
Bu bir həqiqətdir ki, ölkənin qüdrətini göstərən əsas amillərdən biri onun ordusudur. Fərəhli haldır ki, ölkəmizin sürətli inkişafı bütün sahələrlə yanaşı, ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Ordusunda da özünü qabarıq formada büruzə verir. Təbii ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca, hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun qüdrətləndirilməsi və modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək. "Ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Bizim hərbi xərclərimiz ildən-ilə artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə, - yəni ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun, - artıq reallaşıb", - deyə Prezident İlham Əliyev bildirib.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçirilən təntənəli parad da ölkəmizin hərbi qüdrətini bir daha aydın nümayiş etdirən möhtəşəm tədbir oldu. Xalqımız, eləcə də bütün dünya ictimaiyyəti yenilməz Silahlı Qüvvələrə, orduya malik olduğumuza növbəti dəfə şahidlik etdi. 2008-ci ildə keçirilən hərbi paradda da ordumuzun potensial imkanlarının bir hissəsini görmüşdük. Bu parad isə göstərdi ki, son 3 ildə Azərbaycan ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Azərbaycanın dövlət müstəqilliyinin ən böyük uğurlarından biri də ölkənin müdafiə qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılmasının əsas etibarilə daxili resurslar hesabına baş verməsidir. Belə vəziyyət həm də Silahlı Qüvvələrin hərbi təyinatlı məhsullarla təmin edilməsində xaricdən olan asılılığı aradan qaldırır. Digər tərəfdən, müdafiə təyinatlı məhsulların ölkəmizdə hazırlanması onların daha ucuz başa gəlməsinə və beləliklə, böyük miqdarda vəsaitə qənaət olunmasına, eləcə də yerli istehsal gücünün artırılmasına, yeni iş yerlərinin açılmasına rəvac verir. Hazırda Silahlı Qüvvələrdə aparılan quruculuq işlərinin tərkib hissəsi olaraq onun texniki təchizatı, bir çox döyüş sursatı, avadanlıq növləri və digər lazımi vasitələrlə təmini məhz yerli istehsal hesabına ödənməkdədir. Qarşıdakı dövr ərzində ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin bir qədər də çoxalacağı gözlənilir ki, bu da Silahlı Qüvvələrin texniki ehtiyacının daha böyük həcmdə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir.
Bu gün öz inkişaf tempi ilə dünyanın modern ölkələrindən birinə çevrilməyi bacarmış Azərbaycan qarşısına qoyduğu hədəflərə uğurla çatır, bu istiqamətdə meydana çıxan problemləri müvəffəqiyyətlə həll edir. Sözügedən kontekstdə isə Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı heç bir şübhə doğurmur. Artıq diplomatik cəbhədə Azərbaycan düşmən üzərində üstünlük qazanıb. Zərurət yaranacağı, Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə isə təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşıb. Düşmən də bundan yaxşı xəbərdardır, müasir Azərbaycan Ordusu qarşısında aciz, cılız olduğunu dərk edir. Bu səbəbdən indi gecə-gündüz xarici havadarlarına, ağalarına yalvarmaqdadır ki, Azərbaycan münaqişənin hərb variantında həllinə əl atmasın.
Reallıq da göstərir ki, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir. Ermənistan işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz missiyasını layiqincə yerinə yetirəcək! Bu gün hər bir Azərbaycan əsgər və zabiti Ali Baş Komandanın əmrinə müntəzirdir!
İndi isə çıxış
üçün söz Müdafiə Nazirliyinin Tərbiyə
İşləri İdarəsinin rəisi, polkovnik Vaqif MƏMMƏDOVa
verilir.
Vaqif MƏMMƏDOV:
- Zamanın sınağından çıxıb bərkiyən, yetkinləşən Azərbaycan Respublikasını istənilən təcavüzdən qorumağa qadir qüvvəyə çevrilmiş Silahlı Qüvvələr bu günümüzün danılmaz, təkzibedilməz faktına çevrilmişdir. Bu uğur bütün tarix ərzində xalqımızın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir və onu ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu konsepsiyasının qələbəsi kimi dəyərləndirmək daha doğru olar.
Silahlı Qüvvələrimizin hansı gərgin ictimai-siyasi və hərbi şəraitdə yaradılmasını hamımız yaxşı xatırlayırıq. Məlumdur ki, 1991-ci ildən 1993-cü ilin ortalarına qədər olan dövrdə ordu quruculuğu kortəbii şəkildə, dövlət rəhbərliyinin nəzarəti olmadan aparılırdı. Azərbaycan Ordusu düşmən təcavüzünün qarşısını almaq əvəzinə, siyasi məqsədlərə cəlb edilmişdi, hakimiyyət uğrunda mübarizə aləti kimi mənəvi iflasa uğramışdı. Peşəkar hərbçilərin səyləri, döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlar bu anarxiya, xaos fonunda epizodik xarakter daşıyırdı.
Qısa zaman ərzində Silahlı Qüvvələr quruculuğunun əsas prioritetlərinin müəyyənləşdirilməsi və onun hüquqi, elmi əsaslar üzərində formalaşması üçün bu günümüzün özündə də xüsusi əhəmiyyət daşıyan davamlı strateji tədbirlər planının hazırlanaraq həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü il noyabr ayının 1-də xalqa müraciəti ordu quruculuğu işində tamamilə yeni bir mərhələnin başlanğıcı kimi tarixə yazıldı və bu işin elmi-təcrübi əsaslar üzərində aparılmasını, vahid komandanlıq prinsipinin tətbiqini zərurətə çevirdi. Bu tarixi müraciətdə hamını bir mərkəzdə - Müdafiə Nazirliyində birləşməyə çağıran ulu öndər 1993-cü il noyabrın 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrimizdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşdü. Bununla da əhalidə, xüsusilə də ölkə gənclərində orduya inamsızlıq hissinə son qoyuldu və hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında kifayət qədər ciddi sıçrayışlar qeydə alındı.
Ulu öndərin rəhbərliyi ilə Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında Müdafiə və Təhlükəsizlik məsələləri müzakirə olundu, kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması, ordu quruculuğunun qanunvericilik bazasının yaradılması, ümumiyyətlə, Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlərin konkret şəkildə sistemləşdirilməsi üçün əməli tədbirlər həyata keçirildi. Bütün bunlar qısa zaman kəsiyində ölkənin müdafiə qüdrətinə böyük töhfələr verdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin regionda və Cənubi Qafqazda ən qüdrətli güc strukturuna çevrilməsi də məhz ümummilli liderimizin gərgin siyasi fəaliyyətinin nəticəsidir. İndi Azərbaycan Silahlı Qüvvələrində baş verən keyfiyyət dəyişmələri xarici hərbi ekspertlərin, hərb yönümlü nüfuzlu qurumların, araşdırma mərkəzlərinin diqqətini cəlb edir, qazanılan uğurlar müxtəlif aspektlərdən təhlil predmetinə çevrilir və ordumuzun gələcəyi barədə nikbin proqnozların səsləndirilməsinə rəvac verir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələri bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da müvafiq sahədə aparılan işlərin effektini ikiqat artırmış, ölkənin müdafiə qüdrətini daha da gücləndirmişdir. Milli Məclisin 4-cü çağırış ilk iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının son 7 il ərzində təxminən üç dəfə artmasını xüsusi qeyd etmişdir. Bilikli, savadlı və vətənpərvər gənc nəslin yetişdiyini vurğulayan ölkə rəhbəri bir daha respublikanın gələcəyi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mühüm məqamlara toxunaraq demişdir: "Məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma bütün mənalarda daha güclü olmalıyıq. Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar onu göstərir ki, biz hər gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən daha da güclənirik".
Son 7 il ərzində dövlət büdcəsindən Silahlı Qüvvələr quruculuğuna ayrılan xərclər 14 dəfəyədək artırılmışdır. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də daim sistemli tədbirlər həyata keçirilir. Ötən illər ərzində hərbi qulluqçuların rütbə və vəzifə maaşları, dövlət icbari şəxsi sığorta məbləği dəfələrlə artırılmış, onlara güzəştli ipoteka kreditlərinin verilməsi təmin olunmuşdur.
2006-cı ilin iyul ayında ölkə başçısının təşəbbüsü ilə hərbi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edildi və bunun da nəticəsində hər il növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara əlavə olaraq bir aylıq vəzifə maaşı qədərində pul təminatının verilməsi, müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsi də reallaşdırıldı. Bu il ölkə başçısının sərəncamı ilə Müdafiə Nazirliyi sistemində çalışan hərbi qulluqçuların vəzifə maaşları 25 faiz artırıldı ki, bu da Vətənin müdafiəçilərinə dövlət qayğısının növbəti təzahürü kimi qiymətləndirilməlidir.
Ölkə başçısının 23 iyun 2010-cu il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Hazırda ölkə Prezidentinin tapşırığına əsasən müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının tikintisi də ən qısa müddətdə başa çatdırılacaqdır. Bu da hərbi qulluqçuların mənzil probleminin həll olunmasında kifayət qədər önəmli rol oynayacaq.
Silahlı Qüvvələrimizin döyüş hazırlığı ən çox diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Cari tədris ilində birlik və birləşmələrdə keçirilən 70-dək komanda-qərargah təlimində əldə olunan nəticələr və bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələrinin, o cümlədən, ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrinin cəlb olunması ordumuzun yüksək döyüş hazırlığından xəbər verir. Cari ildə aparılan geniş islahatlar nəticəsində ordumuzun inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət göstəricilərinə nail olunmuşdur. Hal-hazırda vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər uğurla aparılır.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən bir çox nüfuzlu tədqiqat mərkəzləri Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların başlanması ehtimalının getdikcə daha artıq dərəcədə reallığa çevrilməsi kontekstində Azərbaycanın və Ermənistanın hərbi potensialları arasında analogiya apararaq belə bir nəticəyə gəlirlər ki, indiki dövrdə Azərbaycan müharibəyə daha hazırlıqlıdır. Əlbəttə, bu mülahizələr reallıqdan doğan bir amildir. Burada ölkəmizin iqtisadi qüdrəti, uğurla həyata keçirilən xarici və daxili siyasəti, ordu quruculuğunun yüksələn xətlə inkişafını, Silahlı Qüvvələrin yüksək döyüş və mənəvi-psixoloji hazırlığını təsdiq edən faktlar vəhdət halında götürülərək təhlil süzgəcindən keçirilmişdir.
Azərbaycanın Silahlı Qüvvələrinin qüdrətini dünya ictimaiyyəti 2008-ci və 2011-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradlarda bir daha gördü. Bu paradlarda Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan silah və texnika nümunələri, yeni müasir silah sistemləri nümayiş etdirildi. 2009-cu və 2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqmayslı birgə əməliyyat-taktiki təliminin əsas mərhələsini Ali Baş Komandan şəxsən izlədi, nümayiş etdirilən hərbi texnika nümunələri ilə tanış oldu. Keçirilən bu təlimlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğunu və onun peşəkarlıq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini real fakt əsasında növbəti dəfə təsdiqlədi.
Məlumdur ki, hər bir ordunun gücü onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Milli Məclis deputatlarının, ictimaiyyət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhə bölgələrinə səfərləri təşkil edilmiş, onlar şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasını əyani surətdə görmüşlər. Bu səfərlər ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin, torpaqlarımızın etibarlı müdafiə olunmasının ictimaiyyətə düzgün çatdırılması və mətbuatda dərc olunması, Silahlı Qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlığı sahəsində əldə olunan nailiyyətlərin təbliğində öz müsbət rolunu oynamışdır. Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycanın görkəmli elm xadimləri, tanınmış tarixçilər, Böyük Vətən müharibəsi veteranları ilə görüşlərinin keçirilməsi də artıq ənənə halını almışdır.
Hərbi qulluqçuların azərbaycançılıq ruhunda tərbiyə edilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə tədbirlərin təşkilinə böyük önəm verilmişdir. "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və ordu gənclərinin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi", "Həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam" mövzusunda hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində mütəmadi olaraq hər il silsilə tədbirlər keçirilmiş, ictimai-siyasi hazırlıq dərslərində, "Heydər Əliyev siyasi məktəbini öyrənirik" məşğələlər sistemində bu mövzuya geniş yer ayrılmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qəzetinin fəaliyyəti də günün tələbləri səviyyəsində qurulmuş, qəzetin səhifələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışları və nitqləri, ordu quruculuğu sahəsinə diqqət və qayğısını əks etdirən, döyüş və mənəvi-psixoloji hazırlıqda qazanılan nailiyyətlər haqqında məqalələr, hərb tariximiz, milli-mənəvi dəyərlərimiz, ölkədə və dünyada baş verən hadisələr və ordu haqqında digər müsbət xarakterli məlumatlar mütəmadi olaraq dərc edilmişdir.
Gənclərimizin orduyaqədər hərbi vətənpərvərlik tərbiyəsi işi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə birgə keçirilən "Şahin" və "Cəsurlar" hərbi idman oyunları yüksək səviyyədə təşkil olunmuş, final yarışlarının qalibləri mükafatlandırılmışlar. Hərbi vətənpərvərlik düşərgələrinin təşkilini Müdafiə Nazirliyi müsbət həll etmiş, lazımi kömək göstərmişdir.
Dövlətimizin Silahlı Qüvvələr quruculuğunu daim diqqət mərkəzində saxlaması, bu sahəyə göstərilən qayğını gündən-günə artırması, ilk növbədə, işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq niyyəti daşıyır. Bütün bunlar hərbçilərimizin üzərinə çox ciddi məsuliyyət qoyur. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan hərbi qulluqçularımız üçün bu gün öz çiyinlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək, dövlətin və xalqın etimadını doğrultmaq şərəf məsələsidir.
Bəxtiyar
SADIQOV:
- Məlum olduğu kimi, gənclərimiz orduda həqiqi hərbi xidməti başa vurduqdan sonra ehtiyata buraxılırlar. Onların ehtiyatda olan hərbçi kimi qeydiyyatını aparmaq, zərurət yarandıqda səfərbərliyə alınmalarını təmin etmək gərgin zəhmət tələb edir. Çox sevindiricidir ki, Azərbaycanda ordu quruculuğunun ən mühüm istiqamətlərindən biri mükəmməl səfərbərlik sisteminin qurulmasıdır. Əminik ki, bu gün Ali Baş Komandanın əmri ilə səfərbərlik elan edilsə, Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yüz minlərlə ehtiyatda olan hərbçi qoşular. Ölkəmizdə həyata keçirilən səfərbərlik islahatları barədə danışmaq üçün söz Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəisi, general-leytenant Yaşar AYDƏMİROVa verilir.
Yaşar AYDƏMİROV:
- Azərbaycan Respublikası Silahlı Qüvvələri sülh dövründə qəti olaraq məhdud tərkibdə saxlanılır. Müharibə təhlükəsi olduqda və ya təcavüzkarın Azərbaycan Respublikasına qəfil hücumu zamanı Silahlı Qüvvələr sülh vəziyyətindən müharibə vəziyyətinə keçirilir, müəyyən edilmiş səfərbərlik planına uyğun olaraq tam döyüş və say tərkibinə qədər genişləndirilir. Ümumi dövlət miqyasında səfərbərlik dedikdə Silahlı Qüvvələrin, mülki müdafiənin, xalq təsərrüfatının, ictimai təşkilatların və başqa dövlət institutlarının əvvəlcədən planlaşdırılmış və hərtərəfli təmin olunmuş, sülh vəziyyətindən müharibə vəziyyətinə planlı keçidi və müharibənin tələblərindən irəli gələn tapşırıqların həlli prosesi başa düşülür.
Səfərbərlik hazırlığı dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarını və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksidir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin səfərbərliyi Silahlı Qüvvələrin müharibə vəziyyətinə keçirilməsinin əsas tərkib hissəsini təşkil edir. O, qoşunun əvvəlcədən hazırlanmış planlı şəkildə müharibə dövrü təşkilatı-ştat strukturuna qədər genişləndirilməsi, müəyyən olunmuş vaxtlarda onun şəxsi heyətlə, silahlarla, texnikalarla və sülh vaxtı toplanmış bütün resurs növləri ilə tam komplektləşdirilməsi və ya müəssisə və təşkilatlardan daxil olan başqa maddi vəsaitlərlə tam təmin olunmasından ibarətdir.
Səfərbərlik dəqiq planlaşdırılmalı, hərtərəfli hazırlanmalı, maddi cəhətdən təmin olunmalı və müəyyən edilmiş vaxtlarda keçirilməlidir. Səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir. Səfərbərlik üzrə Silahlı Qüvvələrə hərbi vəzifəlilərin çağırışı və xalq təsərrüfatı texnikalarının tədarükü, Nazirlər Kabinetinin qərarı əsasında müdafiə nazirinin əmrilə həyata keçirilir.
Silahlı Qüvvələrin səfərbərliyi ümumi və ya qismən ola bilər. Ümumi səfərbərlik bütün Silahlı Qüvvələri əhatə edir və ölkənin bütün ərazisində keçirilir. Qismən səfərbərlik zamanı Silahlı Qüvvələrin bir hissəsi, müəyyən hərbi əməliyyatlar teatrlarında, ölkənin müəyyən bölgəsi səfərbər olunur.
Silahlı Qüvvələrin səfərbərliyi mühitin səraitindən asılı olaraq açıq və gizli ola bilər. Açıq səfərbərlik adətən təcavüzkarın gözlənilməz müharibəyə başlaması və ya onun açıq hücum təhlükəsi olduğu zamanı aparılır. Gizli səfərbərlik, keçirilən tədbirlərin həqiqi məqsədlərini aşkarlamadan əməliyyat tədbirləri və qoşunun səfərbərlik hazırlığı adı altında aparılır.
Müharibə dövrü normalarna, ştatına və tabelinə uyğun olaraq birləşmələrin və hissələrin şəxsi heyətlə yüksək dərəcədə və keyfiyyətlə komplektləşdirilməsi, onların silahlarla, texnikalarla və digər maddi vəsaitlərlə təmin olunmaları, maddi vəsaitlər ehtiyatlarının saxlanmasının düzgün təşkil edilməsi və eşelonlaşdırılması ilə, doldurma və boşaltma işlərinin mexanikləşdirilməsilə və silahların və texnikaların döyüşə tətbiq olunmağa daima hazır saxlanması ilə; bütün dərəcədən olan komandirlərin və rəislərin təhkim edilmiş heyəti bölmələrindən və onların hərbi hazırlıqlarının qayğısına qalmasından, ordunun komplektləşdirmə rayonlarında hərbi təlim keçmiş resursların qabaqcadan cəmləşdirilməsilə; insan və nəqliyyat resurslarının təyin olunmuş vaxtlarda xəbərdar edilməsini, toplanmasını və göndərilməsini təmin edən fəaliyyətdə olan sistemlərilə, onların təcili olaraq qəbul edilib hərbi hissələrdə sıraya qoyulmaları və birləşmə və hissələrin müharibə dövrü ştatına uyğun olaraq məqsədyönlü döyüş tərtibinin aparılması ilə; birləşmələrin və hissələrin səfərbərlik genişləndirilməsinin dayanıqlı təşkili və fasiləsiz idarəedilməsilə, rabitə qovşaqları ilə təmin edilmiş idarəetmə məntəqələrinin yüksək etibarlığı və əvvəlcədən hazırlanmış sistemlərin hərəkət sürətlərilə, qərarğahların işinə avtomatlaşdırma vəsaitlərinin və hesablama texnikasının geniş tətbiq edilməsi, qoşunların idarəedilməsinin effektli üsullarının tətbiqi ilə; səfərbərlik hazırlığının hərtərəfli düşünülmüş və təşkil edilmiş sistemilə və şəxsi heyətin səfərbərlik dövründə vəzifə borclarının bacarıqla yerinə yetirmələrinə daima hazır olmaları ilə; səfərbər olunacaq resursların kütləvi qırğın silahının zərbəsindən müdafiəsinin etibarlı təmin olması ilə və həmçinin hərbi komissarlıqların qəbul məntəqələrinin radioaktiv, kimyəvi, baktereoloji zəhərlənmə və düşmənin diversiya-kəşfiyyat qrupunun əməliyyatları şəraitində etibarlı iş sistemilə; birləşmələrdə, hissələrdə və hərbi komissarlıqlarda, səfərbərlik tədbirlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edən, məqsədyönlü və fasiləsiz aparılan siyası işlərlə; şəxsi heyətin yüksək mənəvi və psixoloji keyfiyyətlərilə, onun təşkilatçılığı və intizamlılığı ilə; hərbi hissələr, hərbi komissarlıqlar, qarnizon rəisləri, yerli icra orqanları, mülki müdafiə qərargahları, Daxili İşlər Nazirliyi, başqa nazirliklər və idarələr arasında daimi və sıx qarşılıqlı əlaqə saxlamaqla və səfərbər olunan resursların çağırılıb orduya göndərilməsini təmin edən bütün tədbirlərin onlarla dəqiq razılaşdırılması ilə aparılır.
Bu gün Silahlı Qüvvələrdə Səfərbərlik Hazırlığı "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. ¸Azərbaycan Respublikasının səfərbərlik hazırlığı və səfərbərlik haqqındai qanununun tələblərinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmr və direktivləri əsasında müharibə dövrünün ştat strukturlarına uyğun olaraq birləşmə və hərbi hissələrə səfərbərlik tapşırığı təyin edilir. Səfərbərlik tapşırığı olan birləşmə və hərbi hissələrin müharibə dövrünün ştatlarına uyğun komplektləşdirilməsi ehtiyatda olan hərbi vəzifəlilərin, eləcə də müəssisə və təşkilatlardan təhkim edilmiş nəqliyyat vasitələrinin hesabına həyata keçirilir.
Birləşmə və hərbi hissələrin komplektləşdirilməsi üçün komandalara təyin olunmuş hərbi vəzifəlilərin və nəqliyyat vasitələrinin öyrənilməsi bir qayda olaraq komplektləşdirən hərbi komissarlıqların və hərbi hissələrin nümayəndələri tərəfindən ildə 3-4 dəfədən az olmayaraq həyata keçirilir. Bu zaman yüksək döyüş hazırlığına nail olmaq üçün komandalara təyin olunmuş hərbi vəzifəlilərin həqiqi hərbi xidmət dövründə yiyələndikləri ixtisaslara uyğun vəzifələrə təyin olunmalarına, eləcə də texnikaların saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilir.
Bəxtiyar
SADIQOV:
- Avratlantik məkana inteqrasiya edən Azərbaycan həm də təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə NATO ilə əlaqələrin qurulması olduqca təqdirəlayiqdir. 1994-cü ildə əsası qoyulan bu əməkdaşlıq Azərbaycan Ordusunun modernləşməsinə, döyüş qabiliyyətinin müasir dövrün tələbləri səviyyəsinə çatdırılmasına və kadr hazırlığına böyük töhfələr verir. Azərbaycanın NATO-nun proqramlarında iştirakı ölkəmizə blokun təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır. Bu sahədə görülmüş işlərlə bağlı ətraflı məlumat vermək üçün söz Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz NƏCƏFOVa verilir.
Ramiz NƏCƏFOV:
- Son illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı inkişaf etmişdir. Müdafiə Nazirliyinin dünyanın 50-dən çox ölkəsi ilə hərbi əlaqələri mövcuddur. İkitərəfli əsasda əməkdaşlıq müxtəlif dil və ixtisas kurslarında, işçi görüşləri, tanışlıq səfərləri, təcrübə mübadiləsi, qərargah danışıqları, yüksək səviyyəli nümayəndə heyətinin qarşılıqlı səfərləri, təlimlərdə və s. bu kimi tədbirlərdə iştirakdan ibarətdir. Hər il Azərbaycanda və xarici ölkələrdə keçirilən 300-dək tədbirdə Silahlı Qüvvələrin 1200-dən çox nümayəndəsinin iştirakı təmin edilir.
Müdafiə Nazirliyi bir sıra beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir. Bu təşkilatlardan NATO ilə əməkdaşlıq daha geniş sahələri əhatə edir və son illərdə daha çox praktiki əməkdaşlığa üstünlük verilir. NATO ilə Sülh Naminə Tərəfdaşlıq (SNT), Planlaşdırma və Analiz Prosesi (PARP), Fərdi Tərəfdaşlıq Planı (İPP), Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (İPAP), Əməliyyat İmkanları Konsepsiyası (ƏİK-OCC) çərçivəsində əməkdaşlıq aparılır. Bu qurumla əməkdaşlıq Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılmasında faydalıdır. Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına uyğun təhsil proqramı ilə hərbi kadrlar hazırlayır. Silahlı Qüvvələrin ştat strukturu NATO standartlarına uyğunlaşdırılmış, bütün təlimlər, döyüş hazırlığı proqramları NATO sənədləri və prosedurları əsasında həyata keçirilir.
Hər il SNT proqramı çərçivəsində keçirilən 150-dən çox tədbirdə Silahlı Qüvvələrin 1000-dək nümayəndəsi iştirak edir. Hər il NATO ilə Fərdi Tərəfdaşlıq Planı işlənib hazırlanır və bu plan çərçivəsində hərbi qulluqçularımız həm xarici ölkələrdə təşkil edilən tədbirlərdə, həm də NATO-nun Mobil Təlim Qrupları tərəfindən Azərbaycanda keçirilən təlim kursları və ekspert qərargah görüşlərində iştirak edirlər.
Hər il Silahlı Qüvvələrin 130-150 hərbi
qulluqçusu xarici dil və ixtisas kurslarında iştirak etmək
üçün xarici dövlətlərə ezam olunurlar.
Bundan əlavə Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzində təşkil edilən ingilis dili
kurslarına Silahlı Qüvvələrin 100-ə yaxın hərbi
qulluqçusu cəlb edilir.
Azərbaycan-NATO
Birgə Təlim və Təhsil Fəaliyyət planına
uyğun olaraq NATO Mənzil Qərargahı və NATO-ya üzv
olan dövlətlərin müvafiq ekspert yardımı vasitəsilə
Silahlı Qüvvələrin Hərbi Akademiyasında
"Müdafiə strategiyası və planlaşması"
adlı yeni fənn proqramı işlənilib
hazırlanmış və "Strateji tədqiqatlar və
dövlət müdafiəsini idarəetmə akademik
kursları"nın tədris proqramına əlavə
edilmişdir. Azərbaycanda hərbi təhsil sistemində
aparılan islahatlarda NATO təcrübəsindən geniş
faydalanırıq.
Azərbaycan
Respublikası öz Silahlı Qüvvələrinin NATO
qüvvələri ilə uyarlığını təmin etmək
məqsədilə Əməliyyat İmkanları
Konsepsiyası (ƏİK) proqramına qoşularaq NATO-nun Ortaq
Qüvvələr Birliyinə hazırda bir ƏİK Taborunu
bəyan etmişdir. ƏİK Taborunun hər il keçirilən
təlimlərində NATO və tərəfdaş ölkələrin
hərbi qulluqçuları iştirak edirlər. Oktyabrın
11-16 tarixlərində ƏİK Taborunun 1-ci səviyyəli
özünüqiymətləndirmə təlimi müvafiq NATO
prosedurlarına uyğun olaraq keçiriləcəkdir. Təlimin
gedişatı NATO-nun ekspertləri tərəfindən
müşahidə ediləcəkdir. Eyni zamanda təlimdə
ABŞ və Türkiyə Silahlı Qüvvələrinin
zabitləri və Beynəlxalq Qırmızı Xaç Komitəsi
iştirak edəcəkdir.
Azərbaycan
zabitləri təcrübə qazanılması məqsədilə
NATO-nun müxtəlif qərargahlarına ezam olunur. Hazırda
NATO-nun Beynəlxalq Hərbi Qərargahında 1, NATO
Standartlaşma Agentliyində 1, Hərbi Əməkdaşlıq
İdarəsində 1, NATO-nun Brunssum, Madrid, Norfolk və Neapol
Komandanlıqlarında 4 zabit olmaqla Silahlı Qüvvələrin
7 zabiti xidmətini davam etdirir.
Silahlı
Qüvvələrimizin təkmilləşdirilməsi işində
NATO ilə Fərdi Tərəfdaşlığın Əməliyyat
Planı (FTƏP) çərçivəsində əməkdaşlıqdan
məqsədyönlü istifadə olunur. Artıq FTƏP-in
1-ci və 2-ci mərhələləri müvəffəqiyyətlə
yerinə yetirilmişdir. FTƏP-in növbəti 2 ili əhatə
edən 3-cü mərhələsinin sənəd layihəsi
NATO ilə müzakirə edilir.
Beynəlxalq
standartlara uyğun təhsil sisteminin
formalaşdırılmasında Beynəlxalq Qırmızı
Xaç Komitəsi ilə əməkdaşlıqdan da
yararlanırıq. BQXK-nin dəstəyi ilə Azərbaycanda
ildə 3 dəfə keçirilən "Beynəlxalq humanitar
hüquq" üzrə kurslara Silahlı Qüvvələrimizin
zabitləri də cəlb olunurlar. Eyni zamanda, "Beynəlxalq
humanitar hüquq" mövzusu hərbi təhsil sistemində
tətbiq edilir.
Bundan başqa hərbi qulluqçularımız Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən təşkil edilən müxtəlif kurs, seminar və konfranslara cəlb edilir. İl ərzində ATƏT-in şəxsi nümayəndəsinin ofisi tərəfindən qoşunların təmas xəttində keçirilən monitorinqlərlə bağlı tədbirlər görülür və onların həyata keçirilməsi təmin edilir. Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və ATƏT-in Vyana - 99 sənədi çərçivəsində inspeksiya qrupları qəbul edilir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi ATƏT-in Vyanadakı baş ofisində keçirilən bütün toplantılarda iştirak edir.
MDB ölkələri ilə hərbi sahədə ikitərəfli əsasda qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilir. Silahlı Qüvvələrimiz hərbçilər arasında müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda iştirak etməklə və beynəlxalq hərbi idman yarışlarına ev sahibliyi etməklə Beynəlxalq Hərbi İdman Şurası ilə əməkdaşlıq həyata keçirir.
Azərbaycan Silahlı Qüvvələri ikitərəfli və çoxtərəfli əməkdaşlığını genişləndirməklə yanaşı, beynəlxalq sülhməramlı missiyalarda da iştirak edir. Respublikamız beynəlxalq sülhməramlı əməliyyatlara qüvvələr göndərməklə 1999-cu ildən 2008-ci ilədək Kosovoda KFOR-un tərkibindəki, 2003-cü ildən 2008-ci ilədək İraqda Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfəsini vermişdir. 2002-ci ildən terrorizmlə mübarizə üzrə Əfqanıstanda iştirak üçün İSAF-a qoşulan sülhməramlı kontingentimiz hazırda 90 nəfərlik bölükdən və 4 nəfər təlimatçıdan ibarətdir.
Sülhməramlı kontingentimizin istər Kosovo və İraqda, istərsə də Əfqanıstanda fəaliyyəti həm beynəlxalq təşkilatlar, həm də NATO komandanlığı tərəfindən yüksək qiymətləndirilmiş, şəxsi heyətimiz mütəmadi olaraq medal və mükafatlarla təltif edilmişdir.
Bəxtiyar
SADIQOV:
- Azərbaycanın artan maliyyə imkanları ordunun arsenalına daha müasir hərbi texnikanın, silah-sursatın daxil edilməsinə imkan verir. Həm 2008-ci ildə, həm də bu ilin iyun ayında keçirilən hərbi paradda biz Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikanın cüzi bir hissəsini gördük. Digər qürurverici məqam ondan ibarətdir ki, ölkəmizdə hərbi sənaye də inkişaf edir və artıq orduda olan silah və hərbi texnikanın bir hissəsi Azərbaycanda istehsal edilir. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı barədə danışmaq üçün söz Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Qorxmaz QARAYEVə verilir.
Qorxmaz QARAYEV:
- Cənab Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların həyata keçirilməsi və Silahlı Qüvvələrin daim yüksək döyüş hazırlığı vəziyyətində saxlanılması, qoşunların hər an döyüş əməliyyatlarının aparılmasına hazır olması məqsədilə son zamanlar yeni, müasir silah sistemləri, döyüş sursatları, optik və optik elektron cihazlar, müxtəlif növ texnikalar alınaraq birləşmə və hissələrə istismara verilmişdir. Hal-hazırda qoşunların silahlandırılması davam etdirilir. Bu məsələnin əhəmiyyəti cənab İlham Əliyevin bu fikirlərində öz real təsdiqini tapır: "Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan Azərbaycan üçün ordu quruculuğu ən prioritet məsələdir. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq".
Cari ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 93-cü ildönümü münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında olan silah və texnika nümunələri nümayiş olunmuşdur.
Məlumat üçün Silahlı Qüvvələrin silah və texnika təminatının əsas istiqamətləri haqqında qısa açıqlama vermək istəyirəm. Ordunun texniki təminatı zamanı əsas diqqət şəxsi heyətin həyatda qalma imkanlarının artırılmasına, bölmələrin atəş gücünün, atış dəqiqliyinin və manevr etmə qabiliyyətinin yüksəldilməsinə, düşmən üzərində üstünlüyün əldə olunması üçün istənilən hava şəraitində döyüş əməliyyatlarının aparılmasının təmin olunmasına yönəldilir ki, buna nail olmaq üçün isə yeni, daha müasir, dəqiq və uzaqvuran silah sistemləri, gecəgörmə və teplovizual cihaz və nişangahları silahlanmaya qəbul edilir.
Silahlı Qüvvələrin silahlandırmasına "Dolu-1" tipli yeni növ Yaylım Atəşli Reaktiv Sistemlər daxil olmuşdur. Göstərilən Yaylım Atəşli Reaktiv Sistemlərin universallığı ondan ibarətdir ki, bir atəş qurğusunda müxtəlif kalibrli üç növ reaktiv mərmilər istifadə olunur. Həmin qurğularda "Dolu" mərmilərindən əlavə, 45 km məsafəni vuran "Leysan" mərmiləri və 150 km məsafəni vuran "Şimşək" idarəolunan raketlər tətbiq edilir ki, bu da düşmənin əməliyyat dərinliyində yerləşən obyekt və mövqelərini yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, silahlandırmada 70 km və 90 km məsafəyə atəş aça bilən "Qasırğa" Yaylım Atəşli Reaktiv Sistemləri mövcuddur.
Artilleriya bölmələrinin manevr imkanlarının artırılması məqsədilə silahlandırmaya müxtəlif kalibrli artilleriya top və haubitsaları qəbul edilmişdir.
Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə Sisteminin daha müasir hava hücumundan müdafiə silahları ilə silahlandırılması üzrə işlər aparılmaqdadır. Silahlandırmaya S-300 PMU-2 tipli zenit-raket sistemi qəbul edilmiş və gələcəkdə yeni növ zenit-raket komplekslərinin alınması nəzərdə tutulmuşdur.
Yeni növ silahların alınması ilə bərabər həm də istismarda olan silah və texnikalarda modernləşdirmə işləri aparılmaqdadır. Bir çox texnikanın keçmiş radioelement bazaları dəyişdirilərək yeni müasir rəqəmsal sistemlərə keçirilir, zirehli texnika üzərində atəşin və döyüşün idarə edilməsi üzrə yeni sistemlər quraşdırılır. Bununla da onların imkanları yeni tələblərə cavab verəcək səviyyəyə çatdırılır.
Azərbaycan Silahlı Qüvvələrində olan T-72M1 markalı tanklarında Azərbaycana xas modernləşməsi işləri aparılmışdır. Modernləşmə nəticəsində: müasir termal texnologiyalar və rəqəmsal kompyuter sistemi bazasında düzəldilmiş atəşi idarə etmə sistemi gecə və məhdud görmə şəraitində düşmənin 4000 m məsafəyədək olan hədəflərini ilk atışda 99% dəqiqliklə vurmaq qabiliyyətinə çatdırılmışdır; rəqəmsal kompyuter, radiostansiya və sputnik əlaqəsi (GPS) sistemi bazasında düzəldilmiş döyüşü idarəetmə sistemi tank bölmələrinin döyüş meydanında birgə effektiv fəaliyyətini, bölmələr arasında əlaqəni və koordinasiyanı təmin edir; qənaətli və aşağı səslə işləmə qabiliyyətinə malik olan kompakt əlavə güc qurğusu tankın bütün sistemlərinin işləməsinə, əsas mühərrikinin motoehtiyatının və yanacaq-sürtkü materiallarının qənaət olunmasına imkan verir. Bu qurğunun sakit səslə işləməsi və az istilik şüalandırması tankın düşmən tərəfindən aşkar olunmasında çətinliklər yaradır; termal texnologiya əsasında düzəldilmiş sürücü-mexanikin müşahidə cihazı gecə və gündüz, toz, duman, tüstü şəraitində maşının idarə olunmasını təmin edir.
Düşmən haqqında mütəmadi kəşfiyyat məlumatlarının toplanması məqsədi ilə MDB dövlətləri arasında ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin silahlandırmasına orta və yaxın məsafəli pilotsuz uçuş aparatları qəbul edilmişdir. Göstərilən pilotsuz uçuş aparatları düşmənin əməliyyat dərinliyində olan qüvvələri haqqında istənilən hava şəraitində məlumat toplamağa qadirdir. Ön xətdə müşahidə aparmaq və kəşfiyyat məlumatları toplamaq məqsədilə bölmələr uzaq məsafəli kəşfiyyat kompleksləri və yeni gecə görmə və teplovizual cihazları ilə təmin edilmişdir. Silahlar üzərində quraşdırılmış gecə və teplovizual nişangahları silahların yalnız gündüz deyil, həmçinin gecə vaxtları və istənilən hava şəraitlərində tətbiqini mümkün edir.
Ön xətdə yerləşən və düşmənlə birbaşa təmas xəttində olan bölmələrin döyüş qabiliyyətini yüksəltmək məqsədi ilə 2002-ci ildən başlayaraq Azərbaycan istehsalı olan "İstiqlal" snayper tüfəngləri tətbiq edilməyə başlanılmışdır. Nəzərinizə çatdırıram ki, "İstiqlal" snayper tüfəngi bir çox dövlətlərin, o cümlədən Rusiya Federasiyasının diqqət mərkəzindədir.
Hal-hazırda Silahlı Qüvvələrin avtomobil texnikasının 50 faizə qədəri yeniləşdirilmişdir. Onlardan demək olar ki, 30%-i Gəncə avtomobil zavodunda istehsal olunan MAZ markalı yük və xüsusi tipli avtomobillərdir. Ötən illər ərzində ordunun avtomobil-texniki təminatı xeyli yaxşılaşmış, müasir texniki qulluq, təmir vasitələri alınmış və bu işlər davam etməkdədir.
Ordumuzun avtomobil texniki-təminatında keyfiyyətli və yerli istehsal olan texnika və avadanlıqlara üstünlük verilir.
Bəxtiyar
SADIQOV:
- Hüquqi dövlət quruculuğunun ən mühüm şərtlərindən biri hər sahə üzrə mükəmməl qanunvericilik bazasının olmasıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır. Bu qanunlar beynəlxalq standartlara, ölkəmizin demokratik inkişaf prinsiplərinə tam cavab verir. Mövzu ilə bağlı danışmaq üçün söz Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, ədliyyə polkovniki Rauf KİŞİYEVə verilir.
Rauf
KİŞİYEV:
- Bütövlükdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hüquq xidmətinin fəaliyyəti çoxşaxəlidir. Bura Müdafiə Nazirliyinin və tabelikdəki hərbi hissə və birləşmələrin gündəlik fəaliyyətinin hüquqi təminatı, Müdafiə Nazirliyinin normativ hüquqi aktlarının hüquqi ekspertizası, mövcud hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi (yeni layihələrin hazırlanması), hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, Müdafiə Nazirliyinin maraqlarının və qanuni mənafelərinin məhkəmələrdə təmsil edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın yüksəldilməsi məqsədilə aparılan hüquqi təbliğat, habelə Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Hüquq xidmətinə həvalə olunmuş digər vəzifələrin yerinə yetirilməsi daxildir. Qeyd olunan sahələrdə yuxarı komandanlıq tərəfindən qoyulmuş tapşırıqların vaxtında və dürüst icrası istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, qanunçuluğun möhkəmləndirilməsi sahəsində hüquq islahatları aparılmış (təhqiqat bölmələri yaradılmış) və bəzi təşkilati-ştat struktur dəyişikliklər edilmişdir.
Bu gün Müdafiə Nazirliyinin Hüquq xidmətinin geniş fəaliyyətinin əsasən iki sahəsi - Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsi və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi barəsində söz açmaq istəyirəm.
Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsi üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsi işi uğurla davam etdirilmişdir. Mövcud hüquqi bazanın təkmilləşdirilməsi üçün "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq xidməti haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi işlər üzrə Təlimat" layihələri hazırlanmışdır. "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Silahlı Münaqişələr Hüququnun tətbiqi üzrə Təlimat" isə artıq qüvvəyə minmişdir.
Bundan başqa, qanunçuluğun möhkəmləndirilməsi üçün hərbi qulluqçuların hüquqi biliklərinin yaxşılaşdırılması son dərəcə əhəmiyyətli rola malikdir. Bu baxımdan müasir tələblərə cavab verməyən və hərbi qulluqçuların bütün heyətləri üçün nəzərdə tutulmuş "Hüquqi minimum"un təzələnməsi üçün minimum layihəsinin yeni variantı hazırlanmışdır. "Hüquqi minimum" hüquqi bilgisizliyin aradan qaldırılmasına xidmət göstərəcək, hərbi hissə komandanlığının və zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının minimum hüquqi biliklərə yiyələnmələrini təmin edə biləcəkdir.
Hərbi hissələrdə hüquqi tədris və təbliğatın səmərəli təşkili məqsədilə hərbi hüquqşünasların digər hüquq ədəbiyyatı ilə təmin edilmələri üçün tədbirlər həyata keçirilmişdir.
Yuxarıda qeyd olunanlardan başqa, hərbi hissə və müəssisələrdə qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində aparılmış islahatlar nəticəsində təhqiqat bölmələri yaradılmışdır.
Yeni struktur yaradılandan sonra hərbi hissə komandanlığı şəxsi heyətin döyüşə hazırlığının yüksəldilməsinə daha çox diqqət yetirməyə başlamışdır ki, bu da müsbət hal kimi qiymətləndirilə bilər. Təhqiqat bölmələri isə, öz növbəsində, hərbi hissələrdə inzibati araşdırmaların aparılmasına metodiki köməklərini göstərir, hərbi prokurorluq və hərbi məhkəmə orqanları ilə birlikdə cinayət və hadisələrin qarşısının alınmasında, eləcə də cinayətkarlığa qarşı mübarizədə əməli töhfələrini verirlər. İndi təhqiqat aparmaq vəzifəsi əvvəlki kimi hərbi hissənin vəzifəli şəxslərinin üzərinə deyil, bilavasitə peşəkar hərbi hüquqşünaslara həvalə olunmuşdur ki, bu da təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin edir.
Hərbi qanunvericilik aktlarının böyük hissəsi Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində qəbul edildiyindən müasir dövrdə mövcud olan hüquq münasibətlərini effektiv tənzimləmək iqtidarında deyil. Hərbi qanunvericilik aktlarında bir çox əlavə və dəyişikliklər edilsə də, onların yenidən köklü surətdə işlənilməsi zərurəti danılmazdır. Bu səbəbdən, eləcə də bazar iqtisadiyyatının gətirdiyi yeniliklərin hüquqi tənzimlənməsinə ehtiyac olduğundan, hərbi qanunvericilik aktlarında nəzərdə tutulmuş müddəaların realizə olunması üçün yeni və işlək mexanimzlərin yaradılması vacibdir.
Nəzərə alaraq ki, ölkə qanunvericiliyi, o cümlədən müdafiə sahəsində mövcud olan qanunvericilik aktları öz təbiətinə görə əsasən sosial yönümlüdür, bu istiqamətdə Silahlı Qüvvələrin Hüquq xidməti tərəfindən bir çox təkliflər hazırlanmaqda davam edir və onların qəbul olunması üçün aidiyyəti qurumlarla uğurlu əməkdaşlıq davam etməkdədir.
Bəzi yenilikləri diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, hərbi qulluqçuların və onların ailə uzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülmüş təqdirəlayiq işlər sırasında keçmiş illər üçün istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyası institutunun qanunvericiliyə daxil edilməsi xüsusi fərqlənir. Belə ki, bu kompensasiyanın hüquqi əsasları artıq "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə öz əksini tapmış və həmin normativ hüquqi aktlarda müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Qərar layihəsi artıq hazırlanmış və müvafiq təkliflərlə Nazirlər Kabinetinə təqdim edilmişdir.
Digər tərəfdən, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi istiqamətində başqa işlər görülmüşdür. Belə ki, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatının verilməsi, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsinin saxlanılması, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi üçün hər il dövlət büdcəsindən vəsait ayrılması, bəzi kateqoriyalı hərbi qulluqçular üçün torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı üstünlük hüququna malik olması) barədə "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa müddəalar daxil edilmiş, hərbi qulluqçuların güzəştli ipotekadan istifadəsi üçün zəruri qanunvericilik bazası yaradılmışdır.
Görülmüş iş bununla bitmir. Silahlı Qüvvələrin Hüquq xidməti tərəfindən hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də hərbi xidmətə vətəndaşların könüllü daxil olmalarının stimullaşdırılması istiqamətində digər məsələlərin də qəbul edilməsinin məqsədəuyğunluğu nəzərdən keçirilir. Məsələn, həm həqiqi hərbi xidmətdə, həm də ehtiyatda (istefada) olan hərbi qulluqçulara ödənilən müvəqqəti mənzilin kirayəsinə görə pul kompensasiyası məbləğinin artırılması, ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara ödənilən işdənçıxma müavinətlərinin artırılması, hərbi qulluqçu və ya onun ailə üzvlərindən biri vəfat etdikdə ödənilməsi nəzərdə tutulmuş sığorta məbləğinin və dəfn müavinətinin artırılması və s.
Bəxtiyar
SADIQOV:
- Güclü ordunun ən mühüm şərtlərindən
biri də şəxsi heyətin ərzaq təminatıdır.
Fərəhli haldır ki, Azərbaycanda hərbi məqsədlər
üçün ayrılan vəsaitlərin artması əsgərlərin
qida rasionunun keyfiyyətinin yüksəlməsində də
yaxından hiss olunur. Bu gün Azərbaycan Ordusunun şəxsi
heyəti həm keyfiyyətli, həm də bol çeşidli
qida ilə təmin olunur. Mülki həyatda süfrələrimizi
bəzəyən qida məhsulları artıqlaması ilə
əsgərlərə də verilir. Bu barədə
danışmaq üçün söz Müdafiə
Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik
Piri İSRAFİLOVa verilir.
Azərbaycan.- 2011.-13 oktyabr.- S. 11, 12, 13.