Dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir

 

Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə etmək, suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, ilk imkan xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu və Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Xatırladım ki, hələ buna qədər - 1990-cı il iyulun 22-də xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi ilə müşayiət olunmağa başlamışdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Ali Sovetinə ölkəmizin dövlət rəmzləri haqqında məsələyə baxılması və qəbul olunması təklif edilmişdi.

Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə 11 ay sonra, 1991-ci il oktyabrın 18-də hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.

Həmin vaxtdan artıq 20 il ötür. Bizim üçün son dərəcə sevindiricidir ki, tarix üçün uzun olmayan bu zaman müddətində Azərbaycan çox böyük inkişaf yolu keçib. Lakin bu 20 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. Çünki 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük razılıq hissi ilə qarşılansa da, sonrakı dövrdə  baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. Çünki 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Həmin ağır günlərdə vəziyyəti düzgün dəyərləndirən Azərbaycan xalqı ən doğru və tarixi seçimini etdi: özünün böyük oğluna, o zaman Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət edərək bu dahi şəxsiyyəti, görkəmli dövlət və siyasi xadimi hakimiyyətə çağırdı. 1993-cü ilin iyununda Heydər Əliyevin Bakıya gəlişi ilə Azərbaycanın müasir tarixində tamamilə yeni mərhələ başladı. Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.

Beləliklə, ulu öndərin sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu. Xalqımızın dahi oğlu Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış müstəqil dövlətimizin yaradılması, möhkəmləndirilməsi və inkişafı kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında bu barədə deyilir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Bəli, xalqımızın müstəqillik arzularını məhz Heydər Əliyev reallığa çevirdi. Ona görə biz müstəqillik barədə danışarkən istər-istəməz ulu öndərin respublikamızın inkişafı, qüdrətlənməsi naminə əzmkar fəaliyyəti gözümüzün önündə canlanır. Amma unutmamalıyıq ki, Heydər Əliyevin müəllifi olduğu bu inkişaf strategiyasının tarixi sovet illərinə gedib çıxır. Mən Heydər Əliyevin ölkəmizdə 1969-cu ildən həyata keçirdiyi inkişaf siyasətinin canlı şahidiyəm. 1971-ci ildə "Azərittifaq"ın respublika tikinti-təsərrüfat malları satış birliyinin baş direktoru təyin olunandan sonra isə respublikada başlanan quruculuq işlərində daha yaxından iştirak etdim. O dövrdə ulu öndərlə dəfələrlə görüşlərimiz olmuşdu. Onun tövsiyələri, məsləhətləri, tapşırıqları hər bir sahədə işin daha keyfiyyətlə həyata keçirilməsinə gətirib çıxarırdı. Yaxından tanıdıqca bu böyük şəxsiyyətin tükənməz enerjisi, Azərbaycanın inkişafı naminə əzmkar və cəsarətli fəaliyyəti məni valeh edirdi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra hər şey dəyişdi. Xalqın mənəvi dəyərləri özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. O dövrdə ölkədə gedən inkişaf həm şəhərlərdə, həm kəndlərdə yaxından hiss olunurdu. Şəhərlərin böyüməsi, kənd yerlərində daşdan tikilən evlərin artması bu inkişafın göstəricisi idi. Bu gün haqlı olaraq Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövrünü ölkəmizin intibah dövrü adlandırırlar. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı. Ulu öndər sanki Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağını hiss edirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlamış iri sənaye müəssisələri müstəqillik illərində Azərbaycanın iqtisadi həyatına, neft sənayesinin uğurla inkişafına böyük töhfələr verdi.

Heydər Əliyevin istər sovet illərində, istərsə də müstəqil Azərbaycanın tarixində xalqımız qarşısında xidmətləri əvəzedilməzdir. Ona görə biz müstəqilliyin 20-ci ildönümünü ulu öndərin əziz xatirəsini yad etməklə qeyd edirik. Biz xoşbəxtik ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Ölkəmiz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ötən 8 ildə həyata keçirdiyi uzaqgörən siyasət müstəqilliyimizin siyasi və iqtisadi sütunlarını daha da əzəmətli edib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları  Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri rayonların inkişafına xidmət edən mühüm tədbirlərin həyata keçirilməsi ilə nəticələnir. Dövlət başçısının problemlərin həlli üçün yerindəcə tapşırıqlar verməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır.

Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına əsasən, müstəqilliyimizin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq. Bunun özü ölkə başçısının müstəqilliyimizə, şanlı tariximizə, milli-mənəvi dəyərlərimizə olan yüksək ehtiramın, həssas münasibətinin göstəricisidir. Sərəncamda yer alan "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir"  - fikri qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının ürəyindən xəbər verir. Bu, doğma Vətəninin müstəqilliyinin daha da sarsılmaz olması üçün dövlət başçısı kimi cənab İlham Əliyevin böyük əzmlə fədakar siyasət həyata keçirdiyini bir daha təsdiqləyir.

Fərəhli haldır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü xarici dövlətlərdə də təntənəli şəkildə qeyd edilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq miqyasda təbliği və daha yaxından tanıdılması istiqamətində Parisdə, Moskvada və Berlində keçirilən tədbirlər böyük fərəh və qürur hissləri doğurur. Bu şəhərlərdə müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı keçirilən təntənəli mərasimlər Heydər Əliyev Fondunun dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə töhfələri olmaqla onu da təsdiq edir ki, doğma Azərbaycanımızın və mədəniyyətimizin incilərinin sorağı mötəbər siyasi və mədəni mərkəzlərdən gəlir. Doğma yurdumuzun inkişafı ilə yanaşı, onun beynəlxalq miqyasda yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı, ilk növbədə, Vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxaq miqyasda təbliği və daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər əvəzolunmazdır.

Müstəqillik həqiqətən gözəl nemətdir və biz bunun aydın təcəssümünü ölkəmizin gündən-günə artan qüdrətində, beynəlxalq birlikdəki yerinin möhkəmlənməsində, kompleks dinamik inkişafında görürük. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyev tərəfindən müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətin nəticəsidir. Dövlət başçısının dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq artıq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.

Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. İnkişafın Azərbaycan modeli əsasında Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas məqsədlərinə çatıb: Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiyamız tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da möhkəmləndirilib, qeyri-neft sektorunun, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə təbii ki, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən amillərdir.

Bir neçə kəlmə də Lerik rayonuna Prezident İlham Əliyevin xüsusi qayğısından bəhs etmək istəyirəm. Təbii qazın olmaması, avtomobil yollarının günün tələblərinə cavab verməməsi rayonun uzun illərdən bəri yığılıb qalmış problemləri idi. Fərəhli haldır ki, Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası Lerikdə də problemlərin birdəfəlik həllinə yol açıb. Dövlət başçısı indiyədək Lerikə 3 dəfə səfər edib. Hər səfərdən sonra rayonun problemlərinin aradan qaldırılması istiqamətində konkret fəaliyyət proqramları həyata keçirilib. Lerik-Lənkəran avtomobil yolunun yenidən qurulması, rayona təbii qazın verilməsi,  əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi məhz cənab Prezidentin təşəbbüsləri ilə reallaşıb. 56 kilometrlik Lerik-Lənkəran avtomobil yolunun yenidən qurulmasına 50 milyon manat vəsait ayrılmışdı. Bunun özü rayonumuza verilən dəyərin bariz nümunəsidir. Lerikin ərazisinin böyük hissəsi meşəlikdir. Amma hələ sovet illərindən buraya təbii qazın verilməməsi meşələrin qırılmasına gətirib çıxarırdı. Artıq təbii qazın çəkilişindən sonra bu problem aradan qalxıb.

Bütövlükdə müstəqillik illərində ölkəmizin qazandığı uğurları ümumiləşdirərək qətiyyətlə deyə bilərik ki, əgər Azərbaycan 20 il öncə azadlığına digər sovet respublikaları ilə müqayisədə daha əziyyətlə nail olmuşdursa, müstəqilliyinin 20-ci ildönümünü daha böyük nailiyyətlər və daha xoş əhvali-ruhiyyə ilə qarşılayır. Çünki Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir. Ulu öndər Heydər Əliyevin ideyalarının həyata vəsiqə qazanmasının nəticəsi olaraq müstəqilliyimiz gündən-günə daha da möhkəmlənir və güclənir. Prezident İlham Əliyevin təbirincə desək, müstəqilliyimiz Azərbaycan xalqı üçün ən böyük sərvətdir.

 

 

Miri QƏNBƏROV,

"Azərkontrakt" Səhmdar

Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  11.