Bakıda «İnformasiya və kommunikasiya
texnologiyalarının tətbiqi» mövzusunda
5-ci beynəlxalq konfrans keçirilir
Qafqaz Universitetində "İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi" mövzusunda 5-ci beynəlxalq konfrans keçirilir.
Konfrans təhsil, rabitə və informasiya texnologiyaları nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, YUNESKO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, TİKA- (Türkiyə İqtisadi Kalkınma Ajansı) və İEEE- (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) tərəfindən təşkil olunmuşdur.
Dünyanın müxtəlif ölkələrindən (Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan və s.) alim və mütəxəssislərin qatıldığı beynəlxalq tədbir "Azercell-Telekom" MMC və digər qurumların dəstəyi ilə keçirilir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç konfransın əhəmiyyətini vurğulamışdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru, professor Hakim Muhitdinov müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının və onun müvafiq sahələrdə tətbiqinin mühüm rolundan danışmışlar.
Sonra mövzu üzrə geniş təqdimatlar olmuşdur.
Konfransda "İnformasiya elmləri və tətbiqi", "İKT-nin humanitar və ictimai elmlərdə tətbiqi", "İKT-nin elm, təhsil və tədqiqatlarda tətbiqi", "İKT-nin tibb və səhiyyədə tətbiqi", "İKT-nin dövlət və idarəçilikdə tətbiqi", "İKT-nin biznes, idarəetmə və iqtisadiyyatda tətbiqi" mövzuları üzrə məruzələr dinləniləcək, geniş müzakirələr aparılacaqdır.
Oktyabrın 14-də başa
çatacaq beynəlxalq konfransa
dünyanın 31 ölkəsindən 250-dən çox məqalə daxil
olmuşdur.
Azərbaycan.- 2011.-13 oktyabr.- S. 15.