Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

 Bakıda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz oktyabrın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaq əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Nazir Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

İsmet Yılmaz Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuşdur.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.

Görüşdə Səfər Əbiyev İsmet Yılmazı milli müdafiə naziri təyin olunması münasibəti ilə təbrik etmiş və işində uğurlar arzulamışdır. Söhbət zamanı ölkələrimiz arasında hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparılmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasının, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd etmişlər.

Nazir S.Əbiyev bildirmişdir ki, problemin sülh yolu ilə həlli istiqamətində danışıqlar hələlik konkret nəticə vermir və Ermənistan təcavüzü davam etdirir. Belə olan vəziyyətdə isə Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır.

 

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S.  2.