Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının (maddənin 3-cü cümləsi), 158.4-cü və 290.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin II hissəsi, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsi baxımından şərh edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsi tərəfindən daxil olmuş müraciətlə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi Plenumu üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.4-cü maddəsi, habelə həmin məcəllənin 218.4-cü maddəsinin "təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığından 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətində təqsirləndirilən şəxsin həbsdə saxlanılması əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Cinayət işinin məhkəməyə göndərildiyi gündən və məhkəmənin hazırlıq iclasınadək təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının hüquqi əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 290.3-cü maddəsində cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktına dair müvafiq prosessual qərarlardan birinin qəbul edilməsi üçün nəzərdə tutulmuş 5 (beş) gün müddət həbsdə saxlama müddətinə daxil edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

Azərbaycan.- 2011.-14 oktyabr.- S.  2.