Əbədi və
dönməz müstəqilliyin keşiyində
"Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz".
Heydər ƏLİYEV
Azərbaycanın
ümummilli lideri
"Azərbaycan 20 il ərzində, sözün əsl mənasında, müstəqil dövlətə çevrilibdir. Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə, mərkəzində Azərbaycan vətəndaşıdır".
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
1991-ci il oktyabr ayının 18-də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşdu. Yaranmış yeni tarixi şərait, ölkənin qarşılaşdığı çoxsaylı problemlərin həlli adekvat addımların atılmasını, qəbul edilmiş Konstitusiya aktının reallaşdırılması üçün çevik və düşünülmüş siyasət yeridilməsini vacib edirdi.
Tarixinin tamamilə fərqli mərhələsinə qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında müstəqilliyin möhkəmləndirilməsi, demokratik və hüquqi dövlət quruculuğu, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin olunması kimi taleyüklü vəzifələr dururdu. Bütün bu vəzifələrin uğurla yerinə yetirilməsi hər şeydən əvvəl, milli birliyin və həmrəyliyin təmin olunmasından keçirdi. Lakin daxili və xarici siyasətin təşkilində, təşkilatçılıq və idarəçilik məsələlərində səriştəsiz olan o zamankı iqtidar mövcud tarixi şəraiti lazımınca qiymətləndirə bilmədi və qısa müddətdə ölkəni xaotik duruma saldı.
Müstəqilliyin bərpasının ilk illərində bəzi dövlətlərin siyasi dairələrinin başlıca məqsədi müxtəlif vasitələrdən, o cümlədən xüsusi xidmət orqanlarının imkanlarından istifadə etməklə Azərbaycan dövlətinin parçalanmasına və asılı vəziyyətə salınmasına nail olmaq idi. Müəyyən xarici dairələrin və daxili destruktiv qüvvələrin təxribat-pozucu hərəkətləri nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, ölkədə bir-birinin ardınca dövlət çevrilişi cəhdləri, sui-qəsdlər, terror aktları törədildi, ərazilərimizin işğalına gətirib çıxaran silahlı separatçılığa geniş şərait yaradıldı. Azərbaycanda vəziyyət dərin siyasi və iqtisadi böhran həddinə çatdırıldı.
Azərbaycanın başı üstünü 1920-ci ildə olduğu kimi, dövlət müstəqilliyinin ikinci dəfə itirilməsi təhlükəsi aldı. Belə bir ağır və çətin dövrdə xalqın təkid və israrlı tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəni vətəndaş müharibəsindən və parçalanmadan xilas etdi. Ulu öndər əməli fəaliyyəti ilə "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" müdrik kəlamını reallığa çevirdi.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi müddətdə həyata keçirdiyi quruculuq işləri ilə ölkənin müstəqilliyinin gələcəkdə bərpasının əsasını qoymuşdu. Belə ki, bir sıra dövlət orqanlarında tədricən, lakin ardıcıl surətdə milliləşmə aparıldı, milli hərbi kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Bu dövrdə yaradılmış ayrı-ayrı sənaye sahələri, iri istehsal müəssisələri və infrastruktur ölkəmizin müstəqilliyinin iqtisadi əsaslarını təmin etdi.
Müstəqillik illərində ulu öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü daxili və xarici siyasət kursu, ölkənin intellektual və sosial-iqtisadi potensialından səmərəli istifadə edilməsi qısa zamanda öz nəticəsini verdi. Az müddət ərzində ordu quruculuğu sahəsində əsaslı dönüş yarandı və tezliklə atəşkəs haqqında razılıq əldə olundu.
Respublikada ictimai-siyasi və iqtisadi vəziyyəti sabitləşdirmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməyə başlandı. İqtisadi islahatlar və normal quruculuq işləri üçün sabitlik yaradılmalı və kriminogen duruma nəzarət olunmalı idi. Bununla əlaqədar ümummilli lider "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Mütəşəkkil cinayətkarlığa, kriminal qruplaşmalar və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən hüquqazidd əməllərə, silah-sursat və partlayıcı maddələrin talanması hallarına qarşı mübarizə gücləndirildi.
Atəşkəsə nail olunması, cinayətkarlıqla mübarizənin qətiyyətlə aparılması iflic vəziyyətdə olan iqtisadiyyatın, pozulmuş iqtisadi münasibətlərin bərpa edilməsi üçün əlverişli imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin neft strategiyası isə uzaqgörən və düşünülmüş iqtisadi siyasət kursunun mühüm hissəsini təşkil etdi.
Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən və sonrakı mərhələlərdə "İnkişafın Azərbaycan modeli" anlayışının nüfuzlu iqtisadçılar tərəfindən etirafı bu anlayışın birmənalı təsdiqi oldu. Müharibə vəziyyətinin davam etdiyi, eləcə də daxili destruktiv qüvvələrlə mübarizə aparılan bir dövrdə Heydər Əliyev şəxsiyyətinə etibar etməklə xarici şirkətlər tərəfindən neft müqavilələrinin imzalanması və Azərbaycana milyardlarla sərmayə yatırılması bu modelin ilk uğurları idi.
Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində 1997-ci ildən başlayaraq ölkədə sabitlik bərqərar oldu və dinamik iqtisadi tərəqqi dövrü başladı. Sonrakı mərhələdə isə müdrik rəhbər dövlət idarəçiliyini etibarlı əllərə tapşırmaqla, gələcəkdə Azərbaycanın daha da sürətli və hərtərəfli inkişafı üçün möhkəm zəmin yaratdı.
Ulu öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkə həyatının bütün sahələrinin müasirləşməsi ilə əlamətdar olan bu mərhələnin mahiyyəti ümumbəşəri və milli dəyərləri rəhbər tutmaqla, qabaqcıl inkişaf modelinin tətbiqi ilə Azərbaycanı qüdrətləndirmək və ona beynəlxalq aləmdə layiqli mövqe qazandırmaq olmuşdur.
Bu gün Azərbaycan fenomeninin daha bir təzahürü yaşanmaqdadır. Son illər Azərbaycan ümumi daxili məhsulun inkişaf tempinə görə dünyanın lider ölkələri sırasında yer almışdır. Dünya İqtisadi Forumunun rəyinə görə Azərbaycan rəqabətlilik baxımından dünyada 55-ci, MDB məkanında isə birinci yerdə olan dövlətdir. Möhtərəm Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan artıq dövlət quruculuğunun keçid mərhələsini arxada qoymuşdur. Biz indi inkişaf etmiş dövlətlər cərgəsinə qoşulmaq ərəfəsindəyik.
Yuxarıda göstərilən bütün bu islahatlar və əldə olunan ardıcıl uğurlar Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə xidmət edir. Bu baxımdan, dönməz ictimai-siyasi sabitlik və etibarlı təhlükəsizlik ən vacib şərtdir.
Müstəqilliyin
möhkəmləndirilməsi uğrunda
mübarizənin ön sıralarında
Ötən
20 ildə Milli Təhlükəsizlik Nazirliyi müstəqilliyimizin
və dövlətçiliyimizin, ölkəmizin siyasi və
iqtisadi əsaslarının xarici və daxili təhdidlərdən
qorunmasında yaxından iştirak etmişdir.
1991-ci
ilin noyabr ayının 1-də Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi təsis
olundu. Keçmişdə DTK sovet rejiminin mövcudluğunu təmin
edən əsas orqanlardan biri olsa da, 50-ci illərin
sonlarından etibarən tədricən respublika təhlükəsizlik
orqanlarında milliləşmə istiqamətində müəyyən
işlər görülməsinə
başlanmışdı. Bu proses mənalı
ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr
etmiş dünya şöhrətli siyasətçi və
dövlət xadimi Heydər Əliyevin adı ilə
bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi
illər ərzində, xüsusilə də, komitə rəhbərliyinə
irəli çəkildiyi 1964-cü ildən sonrakı
dövrdə orqana milli kadrların cəlb olunması,
onların həlledici sahələrdə rəhbər vəzifələrə
təyin olunması nəzərəçarpacaq şəkildə
özünə yer almağa başlamışdı. Heydər
Əliyevin inadla apardığı milliləşmə siyasətinin
nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlıların
xüsusi çəkisinin artması dinamik xarakter
almışdır.
Ümummilli
lider Heydər Əliyev demişdir: "Azərbaycanda təhlükəsizlik
təşkilatının milliləşdirilməsi prosesi bizim
əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat
milliləşdikcə onun fəaliyyətinin istiqamətini də
Azərbaycanın milli mənafelərinə daha çox
uyğun aparmaq mümkün olurdu".
Təhlükəsizlik orqanlarının fəaliyyətinin keyfiyyətcə yenidən təşkili, sözün əsl mənasında, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, dövlət orqanlarının yenidənqurma prosesinin tərkib hissəsi kimi 1993-cü ilin ortalarından başladı.
Müstəqilliyin ilk günlərindən nazirliyin əməkdaşları əldə silah ölkənin ərazi bütövlüyünün müdafiəsinə qalxdılar. Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak etmək məqsədilə könüllülük əsasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət xüsusi təyinatlı dəstə yaradıldı. Dəstənin bir çox üzvü Azərbaycanın Milli Qəhrəmanı fəxri adına, orden, medal və mükafatlara layiq görüldülər.
Hərbi əməliyyatlar getdiyi dövrdə Ermənistan xüsusi xidmət orqanlarının cəbhə xəttindən və Qarabağdan xeyli uzaqda, ölkənin içərilərində planlaşdırdığı və törətdikləri çoxsaylı terror cinayətlərinin üstü açıldı, düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilən şəxslər müəyyənləşdirildi, onların dövlətə xəyanət, casusluq və digər qanunazidd əməlləri tam sübuta yetirildi.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında Azərbaycanda silahlı dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları yaxından iştirak etdi. Təəssüf ki, bu illərdə dövlət, hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarında da ümumxalq mənafeyinə qarşı çıxan, xəyanət yolu tutan şəxslər də oldu. Bu ünsürlər tezliklə ifşa olunaraq, əsas heyəti dəyanətli şəxslərdən ibarət olan orqanların sıralarından təmizləndilər.
Dəyişən
reallıqlar və yeni vəzifələr
Müstəqil Azərbaycanın dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslarının yaradılması Heydər Əliyevin demokratik, dünyəvi dövlət quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edirdi. "Terrorizmə qarşı mübarizə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" və s. qanunların qəbul edilməsi Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi bazasının yaradılmasında mühüm rol oynadı.
Növbəti mərhələdə, xüsusilə, 2000-ci illərin əvvəllərindən etibarən bu sahədə qanunvericilik fəaliyyəti daha intensiv şəkildə davam etdirildi. Milli təhlükəsizlik orqanlarının fəaliyyətini tənzimləyən "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Dövlət sirri haqqında" və Azərbaycan Respublikasının digər qanunları, nazirliyin yeni əsasnaməsi qəbul edildi.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası" müasir dövrün tələb və çağırışları baxımından milli təhlükəsizliyin təminatında iştirak edən bütün dövlət qurumları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin istiqamətlərini və prinsiplərini müəyyən etmək üçün mühüm əhəmiyyətə malik konseptual sənəddir.
Bu vəzifələrin ən əsaslarından biri xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq fəaliyyəti ilə mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir. Bu baxımdan, Ermənistan tərəfindən Azərbaycan əleyhinə dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinə qarşı tədbirlərin görülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin düşmənə qarşı informasiya mübarizəsində "hücum taktikası"na dair tövsiyələri son illər milli təhlükəsizlik orqanlarının da fəaliyyətinin ən mühüm istiqamətlərindəndir. Ötən dövr ərzində bu iş məqsədyönlü, planlı və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə aparılmışdır. Artıq qətiyyətlə demək olar ki, informasiya mübarizəsi cəbhəsində Azərbaycan xeyli irəliləyib.
Ermənistanın dövlət terrorçuluğu siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran çoxlu sayda sənədli film hazırlanıb, BMT-nin rəsmi dillərinə tərcümə edilərək yayılıb. Bundan əlavə, erməni millətçiləri və qəsbkarları tərəfindən tarixən azərbaycanlılara qarşı törədilən soyqırımı əməllərini ifşa edən vəsaitlərin hazırlanması və ünvanlı çatdırılması təşkil edilib. Dağlıq Qarabağ münaqişəsinin tarixindən və səbəblərindən bəhs edən elmi-tədqiqat materialları fondu zənginləşdirilib.
Ermənistanın qəsbkarlığı yalnız bir milyon soydaşımızın öz tarixi yurdlarından qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnməyib. Bu təcavüzkar müharibənin ağır fəsadlarından biri də minlərlə vətəndaşımızın düşmən tərəfindən əsir və girov götürülməsi, savaş dövründə itkin düşməsidir. Taleləri hələ də müəmmalı olan həmvətənlərimizə dövlət səviyyəsində sahib çıxmaq, onların həyatlarını məlum təhlükədən qurtarmaq məqsədilə yaradılmış Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilibdir. Bu istiqamətdə dövlət komissiyası tərəfindən daim ardıcıl və məqsədyönlü iş aparılır.
Müstəqillik illərində digər xarici xüsusi xidmət orqanlarının da Azərbaycan əleyhinə yönəlmiş təxribat-pozuculuq fəaliyyətlərinin qarşısının əsasən hazırlıq mərhələsində alınması mümkün olmuş, görülmüş səmərəli tədbirlər nəticəsində onlarla casus zərərsizləşdirilmişdir.
Ölkə qanunvericiliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin qarşısında qoyulmuş mühüm vəzifələrdən olan terrorçuluqla mübarizə üzrə 20 il ərzində səngiməyən fəaliyyətin nəticələrini ümumiləşdirərək qeyd edə bilərik ki, bu dövrdə terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunun əsaslarının dəyişdirilməsi kimi ictimai təhlükəli əməllər törətmiş və ya törətməyi planlaşdıran terrorçu və dini radikal-ekstremist qruplar, qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Bu sahədə nazirliyin əldə etdiyi ən mühüm nailiyyət terror aksiyalarının keçirilməsinə imkan verilmədən, terrorçu qrupların fəaliyyətinin qarşısının planlaşdırılma və hazırlıq mərhələsində alınmasıdır.
Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə digər mühüm fəaliyyət istiqamətidir. Narkobiznesdən əldə edilən gəlirlərin müxtəlif transmilli cinayətlərin, xüsusən də, terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi, habelə milli genefonda vurduğu zərər onun təhlükəlilik dərəcəsini daha da artırır. Müstəqillik illəri ərzində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tonlarla narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.
Qarşıya qoyulan vəzifələrin icrası zamanı Milli Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə orqanları və digər dövlət qurumları ilə sıx əməkdaşlıq prinsipindən çıxış edir. Milli Təhlükəsizlik Nazirliyi iqtisadiyyat, energetika, nəqliyyat, təhsil, səhiyyə, ekologiya, elm, mədəniyyət, səhiyyə və digər sahələrdə milli maraqların təminatında aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq formasında yaxından iştirak edir.
Digər tərəfdən, bu gün funksional beynəlxalq əlaqələrin qurulması hər bir dövlət orqanı üçün vacib şərtdir. Tərəfdaşlıq münasibətləri eyni zamanda, ümumi təhdidlərə, qarşı mübarizə baxımından da mühüm əhəmiyyət kəsb edir. Hazırda Milli Təhlükəsizlik Nazirliyi onlarla xarici xüsusi xidmət orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qurmuşdur.
Milli Təhlükəsizlik Nazirliyində vətəndaşlarımızın informasiya əldə etmək hüququna, aşkarlıq prinsipinə, ümumiyyətlə, ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə diqqətlə yanaşılır. Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin işıqlandırılması, görülən tədbirlər, əldə edilən nəticələr barəsində cəmiyyətin operativ məlumatlandırılması təmin edilir.
Daim inkişaf, təkmilləşmə
prinsipi
Hər
bir dövlət orqanının fəaliyyətinin uğuru
ilkin olaraq üç təmələ, yəni, işin təşkilinə,
kadr potensialına və xidmət şəraitinə əsaslanır.
Təşkilati
məsələlərdə Milli Təhlükəsizlik
Nazirliyinin fəaliyyətinin günün tələblərinə
uyğun qurulması üçün zəruri islahatların həyata
keçirilməsi vacib şərt olmuşdur. 2004-cü ildə
Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini tənzimləyən
bir sıra hüquqi aktların qəbulundan sonra yeni təhdidlərə
adekvat cavab verə bilmək potensialını gücləndirmək
məqsədilə struktur islahatları
aparılmışdır.
Fəaliyyət istiqamətləri üzrə struktur bölmələrin yüksək savada və dünyagörüşünə malik kadrlarla komplektləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Kadrların seçilməsi zamanı vətənpərvərliyə və peşəkarlığa, onların müasir informasiya texnologiyaları üzrə və üstün sahəvi biliklərə malik olmasına ciddi önəm verilir.
Ulu öndərin 1 dekabr 1998-ci il tarixli sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə keçməsinə təsir göstərmiş mühüm amil idi. SSRİ vaxtında təhlükəsizlik orqanları üçün kadrlar ittifaqın müəyyən xüsusi məktəblərində hazırlanırdı. Lakin ulu öndər Heydər Əliyev müstəqil dövlətin bu sahəyə cavabdeh kadrlarının məhz ölkənin öz imkanları hesabına yetişdirilməsini vacib sayırdı. Akademiya məhz ümummilli liderin dövlətçilik təfəkkürünün nəticəsi olaraq yaradıldı.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında kadrların yetişdirilməsi və təkmilləşdirilməsi ilə bağlı bütün imkanlar vardır. Bu xüsusi təyinatlı təhsil ocağının ümummilli lider Heydər Əliyevin adını daşıması akademiyanın bütün pedaqoji, kursant və dinləyici heyəti üçün əlavə məsuliyyət yaradır.
Bu gün milli təhlükəsizlik orqanları əldə olunan uğurlarla kifayətlənmir və "daim inkişaf və təkmilləşmə" prinsipindən çıxış edir. Bu iş prinsipi bizə təhlükəsizlik orqanlarına həyatının 25 ilini həsr edən ümummilli lider Heydər Əliyevdən qalan bir peşəkarlıq irsi, xidmət ənənəsidir.
Əlverişli iş şəraiti və müasir maddi-texniki imkanlar hazırkı dövrdə iş əmsalının müsbət dinamikasına təsir göstərən danılmaz faktorlardır. Ölkə rəhbərliyinin daimi qayğısı nəticəsində son illər ərzində nazirlikdə bu istiqamətlərdə xeyli işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə (2007-2011-ci illər üçün) Dövlət Proqramı"nda milli təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər əksini tapıb, proqramın icrası sahəsində mühüm tədbirlər həyata keçirilib. Proqram çərçivəsində nazirliyin struktur bölmələri üçün yeni inzibati binalar, mədəniyyət mərkəzi, idman-sağlamlıq kompleksləri, habelə digər obyektlər tikilmiş və inşa işləri bu gün də davam etdirilir. Milli təhlükəsizlik orqanlarına qayğı, əslində, yeni təhdidlər qarşısında milli təhlükəsizliyimizin gücləndirilməsi deməkdir.
Biz Ali Baş Komandanın müasir dövrün çağırışlarına cavab vermək tələbini qarşımıza qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinin başlıca meyarı sayırıq. Azərbaycanın maraqlarının etibarlı təmin olunması baxımından milli təhlükəsizlik orqanlarının fəaliyyətinin əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ölkəmizin coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirildiyini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan Milli Təhlükəsizlik Nazirliyinin müstəsna əhəmiyyəti var. Mən çox şadam ki, bu funksiya uğurla icra edilir və bu gün nazirlik ən yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir".
Müstəqilliyin əbədiliyinin, dönməzliyinin əsas şərti onun hər bir Azərbaycan vətəndaşının müqəddəs amalına çevrilməsidir. Həm dövlət, həm cəmiyyət, həm də fərdlər bu amal ətrafında birləşməlidirlər. Ulu öndərin müdrik kəlamı da bizi buna səsləyir: "Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət, cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən-nəsillərə verəcəkdir."
Fəaliyyətini zamanın çağırışlarına uyğun olaraq daha da təkmilləşdirən və gücləndirən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsinə şərəfli xidmət missiyasını bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bütün qüvvəsini, imkanını və gücünü səfərbər edəcəkdir!
Eldar MAHMUDOV,
milli təhlükəsizlik naziri,
general-leytenant
Azərbaycan.- 2011.- 14 oktyabr.- S. 3.