Azərbaycanın dinamik iqtisadi inkişafında vergi sistemi mühüm rol oynayır

 

 Bəşər tarixi göstərir ki, öz hüquqlarını suveren şəkildə reallaşdıran, inkişaf yolunu müstəqil olaraq müəyyən edən xalqların tərəqqisi məzmun və miqyas etibarı ilə daha zəngin xarakter daşımış, hər zaman yüksək dinamizmə əsaslanmışdır. Eyni zamanda, müstəqil dövlət və dövlətçilik ənənələrinə malik xalqların inkişafı çoxcəhətli xarakterə malik olmuş, onlar ümumdünya sivilizasiyanın intibahına daha böyük töhfələr vermişlər. Bu mənada təsadüfi deyil ki, müstəqillik hər bir xalq üçün daim ən böyük milli sərvət olaraq dəyərləndirilir, beynəlxalq hüquq məkanında özünüifadənin ən yüksək forması kimi çıxış edir.

Kifayət qədər qədim və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı da azad, müstəqil yaşamağı daim ən böyük nailiyyət olaraq dəyərləndirmiş, müxtəlif dönəmlərdə öz milli dövlətçiliyini formalaşdırmışdır. Böyük ziddiyyətlər və antoqonizm əsri kimi qəbul olunan ötən yüzillikdə də xalqımızın müstəqillik mücadiləsi öz bəhrəsini vermiş, Azərbaycan iki dəfə öz dövlət müstəqilliyinə qovuşmuşdur. Keçən əsrdəki ilk müstəqillik tariximiz çox qısa zaman kəsiyini əhatə etsə də, XX yüzilliyin sonunda yenidən qazanılan bu ən böyük milli sərvətin artıq əbədi, dönməz xarakterə malik olacağı, Azərbaycanın qarşıdakı illər ərzində beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevriləcəyi heç bir şübhə doğurmur. Bunu şərtləndirən əsas amillərdən biri ölkəmizdə yaşanan və çoxcəhətli mahiyyətə malik tərəqqinin dinamik və davamlı xarakter daşıması, sarsılmaz özüllər üzərində qurulması, xalqın və onun iradəsi əsasında formalaşmış dövlətçiliyin kifayət qədər qüdrətli olmasıdır.

Məhz sözügedən faktorlar qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını özündə ehtiva edən inkişafın əsas cəhətlərindən biri kimi qəbul olunur. Eyni zamanda, bununla, ən böyük hakim olan zaman əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən, bu gün isə ulu öndərin zəngin siyasi irsinin daşıyıcısı olan Prezident İlham Əliyevin dövrün çağırışlarına müvafiq olaraq yeni dəyərli əlavələrlə zənginləşdirdiyi mükəmməl inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini əyani sübuta yetirir.

Birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, yeni müstəqillik tariximizin ilk illərində insanların kortəbii inamı üzərində hakimiyyətə gələn qüvvələrin səriştəsiz idarəçiliyi nəticəsində, ölkənin vətəndaş qarşıdurması və xaosa yuvarlanması, həmçinin zorla cəlb olunduğumuz müharibə, eləcə də bu qəbildən olan digər neqativ amillər Azərbaycanı öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyətdə yenidən öz müdrikliyini göstərən və daim ən mürəkkəb anlarda doğru qərar verməyi bacaran xalqımız dövrünün alternativsiz liderinin - ölkəni üzləşdiyi böhrandan xilas edə biləcək yeganə şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidli tələb olaraq irəli sürdü. Ömrünü təmənnasız olaraq xalqa xidmətə həsr edən ulu öndər ona ünvanlanmış çağırışları cavabsız qoymayaraq hakimiyyət rəhbərliyinə qayıtmış, yalnız bundan sonra Azərbaycan həqiqi dövlət müstəqillyinə qovuşmaqla bərabər, tarixinin yeni intibah mərhələsinə qədəm qoymuşdur.

Bununla milli dövlətçiliyində də yeni səhifə açan Azərbaycan üzləşdiyi böhran, o cümlədən iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik və dinamik inkişaf yoluna qədəm qoymuş, ən əsası isə ölkənin inkişaf strategiyası potensial imkanlar, milli mənafelər, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla müəyyən olunmuşdur. Müstəqil dövlət quruculuğu prosesinə başlanması kontekstində iqtisadi tərəqqinin yeni istiqaməti yaranmış, bu məqsədlə müvafiq inkişaf konsepsiyaları, sənəd və proqramlar qəbul edilmişdir. Onların reallaşması yönümündə 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm kontraktın imzalanması böyük rol oynamış və bununla, Azərbaycanın hərtərəfli yüksəlişinin əsası qoyulmuş, eyni zamanda, ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli yaradılmışdır.

Avratlantik məkana fəal inteqrasiya kursu seçən Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də iqtisadi sferada genişmiqyaslı islahatların aparılmasına paralel olaraq komanda administrativ idarəçilik metoduna əsaslanan planlı iqtisadiyyatdan sərbəst bazar münasibətlərinə keçidin təmin edilməsi idi. Həmin tarixi missiyanın uğurla yerinə yetrilməsi istiqamətində uzaq hədəflərə hesablanmış məqsədyönlü siyasət həyata keçirən ulu öndərin rəhbərliyi altında ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi başlanmış, iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə start verilmişdir.

Bu zaman müvəffəqiyyətlə icraya yönəldilmiş iqtisadi siyasət konsepsiyasının ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi qarşıya çıxmışdı.

Çünki bazar iqtisadiyyatı şəraitində vergi sistemi əsas iqtisadi tənzimləyici vasitələrdən biri kimi çıxış edir, o cümlədən iqtisadiyyatın maliyyə-kredit tənzimlənməsində vacib rol oynayırdı. Vergi sisteminin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun qurulması bütün təsərrüfat sisteminin səmərəli fəaliyyətinə təsir göstərən ən mühüm amillər sırasında yer alırdı. Bazar iqtisadiyyatının inkişafının başlıca elementi olan mükəmməl vergi sisteminin milli inkişafın xüsusiyyətləri və beynəlxalq təcrübə əsasında köklü şəkildə yenidən qurulmasına başlanması prosesi isə ümummilli liderin bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər dövlət gəlirlərinin formalaşmasında aparcı element olan vergilərin ümumi istehsal prosesinə, onun dinamika və strukturuna, həmçinin elmi-texniki tərəqqiyə təsir göstərən mühüm vasitə olduğunu da aydın görür və vergi sisteminin təkmilləşməsi istiqamətində əməli addımlar atırdı. Hələ müstəqilliiyn ilk illərində ümummilli lider bildirirdi: "Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik".

Məhz Heydər Əliyevin bu diqqət və qayğısı nəticəsində ölkəmizdə ən modern tələblərə cavab verən vergi sisteminin yaradılması mümkün olmuş, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı müasir iqtisadi münasibətlər şəraitində prinsipial cəhətdən yeni vergi siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Halbuki ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə söykənən, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Heydər Əliyevin verdiyi fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar həm də onun göstəricisi idi ki, bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması ulu öndərin müəyyənləşdirdiyi iqtisadi strategiyanın əsas tərkib hissələrindən birini təşkil edir. Bu kontkestdə Heydər Əliyev vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü işlərin aparılmasına xüsusi diqqət yetirirdi.

Ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Vergi qanunvericiliyində mövcud olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğururdu. Məhz belə bir şəraitdə ümmmilli liderin rəhbərliyi və diqqəti ilə ölkənin vergi sisteminin yenidən təşkil edilməsinə başlanıldı. Vergi münasibətlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının bilavasitə tapşırığı ilə Nazirlər Kabineti bir sıra qərarlar qəbul etdi. Bunlara misal olaraq "Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasına nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında" 18 iyul 1995-ci il, "Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə" 19 dekabr 1996-cı il, "Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında" 31 mart 1997-ci il, "Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlbedilməsi haqqında" 16 aprel 1997-ci il, "Müəssisə və təşkilatların avans vergi məbləğlərinin hesablanması və ödənilməsi haqqında" 1 may 1997-ci il, "Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında" 3 iyul 1997-ci il tarixli qərarları göstərmək olar.  

Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Bu istiqamətdə atılan addımlar ölkədə beynəlxalq normalara uyğun vergi administrasiyasının formalaşdırılmasına, vergi sisteminin mərkəzləşdirilmiş formada idarə edilməsinə, bütün vergi sisteminin vahid qanunvericilik bazası əsasında tənzimlənməsinə imkan verirdi. Nazirlər Kabinetinin 1998-ci ilin noyabrında keçirilmiş geniş iclasında söylədiyi yekun nitqdə ulu öndər Vergi Məcəlləsinin qısa müddətdə hazırlanmasının və qəbul edilməsinin vacibliyini vurğulayaraq müvafiq tapşırıqlarını verdi. Sözügedən sənədin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. Burada bütün diqqət təkmil vergi qanunvericiliyinin yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdırılmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldilmişdi. 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi çıxış etdi. Bir sözlə, vergi islahatlarının bütün istiqamətləri vergi münasibətlərinin müxtəlif tənzimlənməsinin hüquqi əsasını qoyan Vergi Məcəlləsində öz əksini tapmışdır. Burada ölkəmizdə tətbiq edilən vergilərin dəqiq siyahısı müəyyən edilmiş, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri təsbit olunmuş, vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının (dəyişdirilməsinin, dayandırılmasının) əsasları və icrasının qaydaları müəyyənləşdirilmişdir.

Vergi Məcəlləsinin layihəsinin müzakirəsi ilə əlaqədar 2000-ci il mayın 5-də keçirdiyi müşavirədə Heydər Əliyev vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizənin səmərəliyini artırmaq məqsədilə vergi xidməti orqanlarına əlavə səlahiyyətlərin verilməsi zərurətini vurğulayaraq vergi orqanlarının tərkibində təhqiqat və istintaq aparan, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumun yaradılması ilə bağlı müvafiq göstərişlər verdi. Bu tapşırıqların icrası ilə əlaqədar 2001-ci il iyulun 11-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradıldı və bir qədər sonra Prezidentin müvafiq fərmanları ilə Vergilər Nazirliyinə bununla bağlı əlavə səlahiyyətlər verildi.

Vergi sistemində həyata keçirilən islahatların növbəti vacib mərhələsi ümummilli lider tərəfindən Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbul edilməsi olmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, 1990-cı ildə Maliyyə Nazirliyinin tərkbində formalaşdırılmış vergi xidməti bir il sonra Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. Lakin ulu öndərin rəhbərliyi altında həyata keçirilən vergi islahatları fonunda dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının yaradılması zəruri tələbə çevrilmişdi. Bu məqsədlə Prezidentin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında Vergilər Nazirliyi yaradılmışdır. Nazirliyin yaradılması, onun həm səlahiyyətlərinin, həm də ölkə iqtisadiyyatının inkişafında rolunun müəyyənləşdirilməsi Heydər Əliyevin bu sahəyə göstərdiyi böyük diqqətin daha bir bariz nümunəsi idi. Ulu öndər bununla, həm də vergi siyasətini iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi dəyərləndirərək iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində onun aparıcı rolunu müəyyənləşdirmişdir.

Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin verdiyi dəyərli tövsiyələrə əsaslanaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı hazırlıq işlərinə başlanıldı. Vahid və çevik bir strukturun yaradılması məqsədi ilə qabaqcıl dünya təcrübəsi araşdırıldı, müxtəlif idarəetmə modelləri təhlil edildi və yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verildi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılan və bu gün də inkişaf edən müasir vergi sistemi ölkəmizdə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynamış, bazar münasibətlərinə adekvat çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən səmərəli idarəetmə sisteminə çevrilmişdir.

Heydər Əliyev dühasının böyüklüyünün daha bir nümunəsi isə ümummilli liderin müəllifi olduğu mükəmməl inkişaf strategiyasının davamlılığını və onun müvəffəqiyyətlə tətbiqini təmin edəcək, Azərbaycanı daha böyük uğurlara aparacaq layiqli siyasi varisini uzaqgörənliklə müəyyən etməsi olmuşdur. Tarixi təcrübə də sübut edir ki, hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də dövlət idarəçilik sistemində siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Bu gün ulu öndərin ideyalarını layiqincə yaşadan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət ölkəmizi bu sahədə liderlər cərgəsinə yüksəltmiş, dünyanın iqtisadi leksikonuna "İnkişafın Azərbaycan modeli" anlayışının daxil edilməsi ilə nəticələnmişdir.

Dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının inkişafı obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə ehtiva edərək müasir və dinamik əmsalı yüksək olan yeni yüksəliş mərhələsini yaşayır. Həyata keçirilən iqtisadi siyasət nəticəsində son 8 il ərzində Azərbaycan daha böyük uğurların müəllifi kimi çıxış etməyə başlayıb. Ümumi daxili məhsulun orta artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə rəhbərlik edən respublikamızda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Nəticə etibarı ilə inkişafının yeni, sürətli bir dövrünü yaşayan müasir Azərbaycan tərəqqi yolunda inamla irəliləməkdə, regionda siyasi və iqtisadi cəhətdən lider mövqenin sahibi kimi çıxış etməkdədir.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi strategiya sürətli iqtisadi inkişafı təmin edir və bu fonda ölkəmizin vergi xidmətinin də təkmilləşməsi, modernləşdirilməsi və müasir dünya standartlarına tam uyğunlaşdırılması ilə müşayiət olunur. Bunun nəticəsidir ki, son illər həm Vergilər Nazirliyinin aparatında, həm də yerli vergi orqanlarında köklü struktur islahatları aparılmış, daha səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sistemi təşkil edilmişdir. Aparılan islahatlar nəticəsində güclü nəzarət həyata keçirən vergi inzibatçılığı formalaşdırılmış, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi yaradılmış, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur.

Ölkəmizdə vergi sferasında aparılan islahatların tərkib hissəsi kimi qabaqcıl dünya təcrübəsinə əsaslanan vergi xidməti quruculuğu davam etmiş, xidmətin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Həyata keçirilən transformasiyasının mühüm tərkib hissələrindən biri "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət proqramı"nın reallaşdırılması olmuşdur. Prezidentin 2005-ci il 12 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş dövlət proqramının həyata keçirilməsi nəticəsində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində mühüm üşlər görülmüşdür. Vergi orqanlarının ən mühüm strateji məqsədlərini müəyyən edən dövlət proqramının icrası çərçivəsində 5 əsas strateji istiqaməti əhatə edən tədbirlər kompleksi həyata keçirilmişdir. Xüsusi vurğulamaq istərdim ki, ABŞ Xəzinədarlıq Departamentinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ekspertləri vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə dövlət proqramını inkişaf edən ölkələr və MDB dövlətləri üçün nümunəvi strateji proqram kimi qiymətləndirmişlər.

Ölkədə həyata keçirilən iqtisadi siyasət, o cümlədən vergi siyasəti qanunvericiliyin iqtisadi inkişaf səviyyəsinə və beynəlxalq normalara uyğunlaşdırılmasını tələb etdiyindən vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin təşkili sahələrində tədbirlər həyata keçirilmişdir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin mühüm istiqamətləri vergi yükünün aşağı salınması, vergi növləri üzrə inzibatçılığın daha da təkmilləşdirilməsi, vergi nəzarətinin səmərəliyinin artırılması, vergi qanunlarının pozulmasına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, vergi borclarının məcburi alınması işinin yaxşılaşdırılmasını əhatə etmişdir.

İqtisadiyyatın düzgün seçilmiş inkişaf yolu son illər baş vermiş dünya maliyyə böhranının təsirinin ölkəmizdə ciddi surətdə azaldılmasını təmin etmişdir. Qlobal böhran şəraitində belə, Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycanda vergi yükünün azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanunverici qərar qəbul edilmiş, 2009-cu ildə vergi qanunvericiliyinə ciddi dəyişikliklər olunmuşdur. Nəticədə 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılmış, fərdi sahibkarlar üçün isə bu dərəcə 20 faizədək endirilmişdir. Vergi dərəcələrinin azaldılması real sektorda büdcə gəlirinin bir hissəsinin saxlanılması məqsədilə qəbul edilmişdir. Başqa sözlə, bu tədbirlər iqtisadi fəallığın stimullaşdırılmasına yönəlmiş və onun sayəsində müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmalar artmışdır.

Ölkənin vergi sisteminin modernləşdirilməsi sahəsində son illərin ən mühüm nailiyyətlərindən biri Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqidir. Bu sistemin işə salınması nəticəsində Azərbaycanın vergi xidməti müasir informasiya texnologiyasına malik olan xidmətlərdən birinə çevrilmişdir. AVİS sənəd dövriyyəsinin və məlumat emalının sürətinin dəfələrlə artmasını stimullaşdırmış, operativ və çevik vergi nəzarətinin formalaşdırılmasına səbəb olmuşdur. Öz növbəsində vergi bəyannamələri və hesab-fakturaların elektron formata keçirilməsi, eləcə də "onlayn kargüzarlıq" sisteminin tətbiqi vergi orqanları əməkdaşları və vergi ödəyiciləri arasında maksimal şəffaflığa nail olmağa imkan vermişdir. 2007-ci ildə vergi bəyannamələrinin elektron formada təqdim edilməsini təmin etmək üçün yaradılmış "e-taxes.gov.az" - İnternet Vergi İdarəsi çox uğurla fəaliyyət göstərir. Bu gün vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini məhz elektron şəkildə təqdim edir.

Hazırda ölkəmizdə vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi korporativ şəbəkə sistemi üzərindən AVİS vasitəsilə həyata keçirilir. Bu sistem vergi ödəyiciləri ilə bilavasitə işləyən yerli vergi orqanlarının funksional fəaliyyətinin avtomatlaşdırılması, digər dövlət qurumları ilə inteqrasiya, eyni zamanda, müxtəlif iqtisadi təhlillərin və proqnozlaşdırmanın aparılması imkanlarına malikdir.

Vergilər Nazirliyi digər dövlət strukturları və qurumlarla elektron məlumat mübadiləsi qurmuşdur. Vergilər Nazirliyi ilə Mərkəzi Bank və banklar arasında elektron sənəd mübadiləsi haqqında kollektiv saziş imzalanmışdır. Bu gün ölkənin 28 bankı Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi aparır.

Vergidən yayınma hallarının qarşısının alınması və ƏDV üzrə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə 2008-ci ildən ƏDV-nin vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanılmışdır. Bu sistem ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, habelə ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatları üzrə vergi orqanları tərəfindən səmərəli nəzarəti həyata keçirməyə imkan yaratmışdır. Bununla da, ƏDV-nin ödənilməsindən yayınmaya və bu vergi növünün əvəzləşdirilməsi üzrə qanunsuz hallara qarşı yeni səmərəli sxemin tətbiq edilməsinə nail olunmuşdur. Vahid depozit hesabının tətbiqi vergi ödəyicilərinə banka getmədən başqa ödəyicilərə, büdcə və gömrük orqanlarına ödənişlərin həyata keçirilməsinə imkan vermiş, vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaratmışdır. Azərbaycanda 2008-ci ildən tətbiq olunan bu sistem bir sıra beynəlxalq institutların və digər ölkələrin vergi administrasiyalarının ciddi marağına səbəb olmuşdur.

ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə 2010-cu ildən etibarən elektron vergi-hesab fakturalarının tətbiqinə başlanılmışdır. Vergi inzibatçılığının şəffaflığı baxımından əhəmiyyətli olan bu sistem həm də vergi ödəyiciləri üçün müsbət dividendlər gətirmişdir. Elektron vergi hesab fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrə keçidi elektron daşıyıcılar vasitəsilə təmin etmiş, vergi orqanlarının işini əhəmiyyətli dərəcədə asanlaşdırmış və vergi nəzarətini gücləndirmiş, eyni zamanda, vergi ödəyicilərinin öz vaxtına və maliyyə vəsaitlərinə qənaət etməsinə imkan vermişdir. Elektron vergi hesab-fakturaların tətbiqi həm də saxta hesab fakturalardan istifadə etmək cəhdlərinin də qarşısını birdəfəlik almışdır. Keçid iqtisadiyyatına malik olan dövlətlərlə müqayisədə elektron vergi hesab-fakturaların ilk dəfə məhz Azərbaycanda tətbiqi ölkəmizin hərtərəfli inkişafının əyani göstəricisidir.

Vergilər Nazirliyinin 2010-cu ildə tətbiq etməyə başladığı innovativ texnologiyalardan biri də "onlayn kargüzarlıq" sistemidir. Bu sistem vasitəsilə e-hökumət quruculuğunun əsas tərkib hissələri olan "vətəndaş-dövlət", "biznes-dövlət" və "biznes-biznes" münasibətləri müasir beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir. Yeni texnologiyalara söykənən elektron kargüzarlıq sisteminin tətbiqi nəticəsində ölkə vətəndaşları bütün müraciətlərini kompyuter və ya mobil telefon vasitəsilə internet üzərindən vergi orqanına göndərə bilirlər. Müraciət edən vətəndaş bu sistem üzərindən vergi orqanına göndərdiyi bütün məktubların vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və birbaşa icraçı ilə telefon əlaqəsi yarada bilir. "Onlayn kargüzarlıq" sistemi ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron formada məktublaşmağa imkan yaratmışdır. Sənəd dövriyyəsi, sənədlərin vahid qeydiyyatı və ödəyicilərin müraciətlərinin operativ emalı prosesi sürətlənmişdir.

Vergilər Nazirliyinin son illər həyata keçirdiyi bir çox texnoloji layihələr, müasir informasiya texnologiyalarının tətbiqi vergi sisteminin bütün sahələrini əhatə edir. 2010-cu ildən etibarən nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS şəbəkəsi vasitəsilə vergi orqanlarının məlumat bazasına ötürülməsinə başlanılmışdır. Bu məqsədlə nağd hesablaşmaların tətbiq edildiyi sahələrdə universal elektron məsafədən ötürmə qurğuları tətbiq olunur. Bu qurğuların tətbiqi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün əməliyyatların toplanılaraq mobil rabitə vasitəsilə AVİS-ə ötürülməsi təmin edilir. GPRS-in tətbiqi vergi ödəyicisinə məxsus obyektlərdə xronometraj aparılması zərurətini kəskin azaldır ki, bu ödəyicilərin vaxtına qənaət edir, aparılan vergi yoxlamalarının səmərəliliyini yüksəldir.

Vergilər Nazirliyi elektron audit sisteminin tətbiqi istiqamətində də mühüm addımlar atır. 2011-ci ildən etibarən Avropa Komissiyası ilə birgə Niderland Krallığının Vergi Administrasiyasının dəstəyi ilə həyata keçirilən "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" tvinninq-layihəsi həyata keçirilir. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin həyata keçirilməsi Azərbaycana MDB ölkələri arasında ən müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcək və sözsüz ki, ölkədə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək.

Respublikamızda vergi xidmətinin modernləşdirilməsi vergi ödəyicilərinə xidmət sahəsində də bir sıra yeniliklərin tətbiqinə səbəb olmuşdur. 2010-cu ildə 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası" təsdiq olunmuş, vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi və daha əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyicilərinə xidmət terminalları yaradılmışdır. Hazırda sayı 27-ə çatan bu terminallar əsasən vergi orqanı olmayan şəhər və qəsəbələrdə inşa olunmuş, ən müasir avadanlıqlar, yüksək sürətli internet xətti ilə təchiz edilmişdir.

Prezidentin müvafiq sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılmışdır. Elektron hökümətin daha bir elementi kimi "bir pəncərə" sistemi bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların hamısının sinxronlaşdırılmasını təmin edir. Bu prinsip üzrə qeydiyyatın aparılması sahibkarlıq sektoruna marağı gücləndirmiş və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, elektron xidmətlərin tətbiqi sahəsinin genişləndirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsi kimi də dəyərləndirilməlidir. Çünki elektron xidmətlər dövlət qurumlarının vətəndaşlarla təmasını azaltmaqla onların fəaliyyətində şəffaflığın artmasına yardım edir və bu, həm də korrupsiyaya qarşı mübarizə sahəsində çox səmərəli bir mexanizmdir.

2011-ci il iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin internet vasitəsilə onlayn rejimində qeydiyyata alınmasına başlanmışdır. Beləliklə, əgər bir neçə il əvvəl sahibkarlar qeydiyyata alınmaq üçün 1,5-2 ay, "bir pəncərə" sisteminin tətbiqindən sonra isə 2-3 gün vaxt sərf edirdilərsə, indi bunun üçün heç bir yerə getmədən cəmi bir neçə dəqiqə tələb olunur. Yaxın vaxtlarda kommersiya hüquqi şəxslərin də bu yolla qeydiyyatına başlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vergilər Nazirliyinin Şamaxı rayonundakı tədris mərkəzinin yeni inzibati binasının açılışı mərasimində bu məsələyə toxunaraq bildirmişdir: "Ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "bir pəncərə" təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Vergilər Nazirliyində tətbiq edilmiş "bir pəncərə" prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi "elektron hökumət" qaydalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək".

Prezidentin səsləndirdiyi bu sözlər vergi xidmətinin fəaliyyətinə verilmiş çox böyük qiymətdir və bizim hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur. Vergilər Nazirliyi müasir və mütərəqqi texnologiyaların Azərbaycana gətirilməsi və vergi xidmətində tətbiq edilməsi işini bindan sonra da davam etdirəcək. Bu məqsədlə xarici dövlətlərin vergi administrasiyaları ilə səmərəli əməkdaşlıq edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə mövcud olan sıx əlaqələr daha da genişləndiriləcəkdir.

Ölkənin iqtisadi inkişafı istiqamətində mühüm amil hesab olunan rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşması yalnız adekvat vergi siyasətinin, təkmil vergi qanunvericiliyinin, əlverişli vergi mühitinin və səmərəli vergi nəzarəti mexanizmlərinin yaradılması nəticəsində mümkündür. Ölkəmizdə vergi mexanizmlərinin daim təkmilləşdirilməsi nəticəsində artıq vergi sisitemi fiskal funksiya daşımaqla yanaşı, iqtisadiyyatın tənzimlənməsi və stimullaşdırılmasının təsirli vasitəsinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahəyə daimi diqqəti və qayğısı, iqtisadiyyatın inkişaf templəri, ölkəmizin maliyyə imkanlarının sürətlə artması tam əminliklə deməyə imkan verir ki, vergi orqanları qarşısında duran bu ciddi vəzifələr də vaxtında və tam həcmdə yerinə yetiriləcək.

 

 

Fazil MƏMMƏDOV,

vergilər naziri,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S. 4.