Xalqını fəlakətlərdən xilas etmiş ümummilli lider Heydər Əliyevin abidəsi hər birimizin qəlbində əbədiləşmişdir

 

 Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Bakı Əyləncə Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimi YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva açaraq  iştirakçıları bayram münasibətilə təbrik etmişdir. O, bu bayramın hər bir azərbaycanlının qəlbində, həyatında böyük izlər buraxdığını bildirmişdir. O demişdir ki, Azərbaycan müstəqilliyi ilk dəfə ötən əsrin əvvəlində əldə etmişdir, lakin bu müstəqilliyin ömrü cəmi 23 ay olmuşdur. Əsrin sonlarında Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşsa da, çox ciddi fəlakətlərlə üzləşmişdir. Ölkə dağılmaq, müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Hakimiyyət uğrunda gedən mübarizə nəticə etibarilə cəbhədə ermənilərin torpaqlarımızı işğal etməsinə səbəb olmuşdur. Azərbaycan xalqı çox ciddi sınaq qarşısında idi. Məhz belə çətin anda xalqı yalnız dərin zəkaya, zəngin dövlətçilik təcrübəsinə malik insan xilas edə bilərdi. Ona görə də xalq öz xilaskar oğlu Heydər Əliyevə müraciət etmişdir. Ulu öndər Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışı Azərbaycanın yer üzündən silinməsinin qarşısını almış, çətinliklə qazandığımız müstəqilliyimizin dönməzliyinə nail olunmuşdur.

Xalqını müxtəlif bəlalardan xilas edən ümummilli lider Heydər Əliyevin abidəsi hər birimizin qəlbində əbədiləşmişdir. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndər qəlblərdə yaşayacaqdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında 20 illik tarixə nəzər salmış, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə böyük iqtisadi inkişafın əsası qoyulmuşdur. Ciddi problemlər də yalnız dahi öndərin müdrik, düşünülmüş, məqsədyönlü siyasəti sayəsində həllini  tapmışdır. Bu siyasət nəticəsində Azərbaycanın yeraltı, yerüstü sərvətləri xalqın daha firavan yaşamasına sərf olunur. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənir.

Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç qadınların cəmiyyətdə yeri və rolundan danışmışdır. Qeyd etmişdir ki, Türkiyə və Azərbaycan qadınları dünyada öz intellektləri, bilik və bacarıqları ilə tanınırlar. Azərbaycan qadınları 20 illik müstəqillik tarixini böyük şərəf və qürurla qeyd edirlər. Çünki 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlarda Azərbaycan qadınlarının da kifayət qədər əməyi vardır. Əminəm ki, Prezident İlham Əliyevin sülhpərvər siyasəti nəticəsində Azərbaycan Qarabağı işğaldan azad edəcək, ərazi bütövlüyünün bərpasına nail olacaqdır. O zaman Azərbaycan qadını Dağlıq Qarabağda insanların daha yaxşı və firavan yaşaması üçün öz zəhmətini əsirgəməyəcəkdir.

Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Nurlana Əliyeva 20 illik müstəqillik münasibətilə hazırlanmış bayram tortunu kəsmişlər. Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.- 2011.-14 oktyabr.- S.  7.