Əməkdaşlığa
dair protokol imzalanmışdır
Oktyabrın 13-də Dövlət Gömrük Komitəsində (DGK) Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə DGK-nın sədri Aydın Əliyev Ukrayna ilə gömrük sahəsində uğurlu əməkdaşlıqdan danışmışdır. Ötən ay Ukraynada səfərdə olduğunu xatırladan komitə sədri səfər zamanı dost ölkə ilə təcrübə mübadiləsinin aparılması və bir sıra birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə olunduğunu demişdir. Aydın Əliyev məlumat vermişdir ki, iki ölkə arasında razılığa əsasən, hər il DGK-nın 10 əməkdaşı ikinci təhsil almaq üçün Ukraynanın Gömrük Akademiyasına göndəriləcəkdir.
Görüşdə Azərbaycan və Ukrayna gömrük xidmətləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır. Sənədi DGK-nın sədri Aydın Əliyev və Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnik imzalamışlar.
Protokolda iki ölkənin gömrük xidmətlərinin
qaçaqmalçılığa qarşı birgə mübarizəsi,
qarşılıqlı təcrübə mübadiləsi və
digər məsələlər
öz əksini tapmışdır. Ukrayna Dövlət
Gömrük Xidmətinin rəisi İqor Kaletnik Azərbaycan
ilə gömrük xidməti sahəsində əməkdaşlıqdan
məmnun olduqlarını demişdir. Bildirmişdir ki,
gömrük sahəsinin inkişafı bütövlükdə
iqtisadiyyatın inkişafına təkan verir. Aydın Əliyev
ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın
inkişafında xidmətlərinə görə Ukrayna
Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnikə
döş nişanı təqdim etmişdir.
Azərbaycan.- 2011.- 14 oktyabr.-
S. 7.