Bakıda XII Beynəlxalq
Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir
Oktyabrın
13-də Azərbaycan Tibb Universitetində XII Beynəlxalq
Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi öz
işinə başlamışdır. AzərTAc xəbər
verir ki, əvvəlcə konqres iştirakçıları
universitetdə xalqımızın ümummilli lideri Heydər Əliyevin
büstü önünə gül dəstələri
düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Dünyanın
22 ölkəsindən 120-dək aparıcı elm adamları və
tibb mütəxəssislərinin iştirak etdikləri konqresi
açan ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman
Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli
tədbirlərin ölkəmizdə keçirilməsi
artıq ənənə halını almışdır. Bu,
Azərbaycanın bütün sahələrdə, o cümlədən
səhiyyədə əldə etdiyi uğurlarla
bağlıdır. Rektor konqresin işinə uğurlar
arzulamışdır. Avrasiya Cərrahiyyə və
Qastroenterologiya Cəmiyyətinin sədri professor Hasan Özkan
çıxışında ölkələr arasında elmin
qarşılıqlı olaraq tanınmasında və əlaqələrin
qurulmasında bu cür konqreslərin böyük əhəmiyyət
daşıdığını diqqətə
çatdırmışdır.
H.Özkan
məlumat vermişdir ki, konqres müxtəlif illərdə
Qazaxıstanda, Gürcüstanda, İranda, Özbəkistanda,
Qırğızıstanda və Türkiyədə
keçirilmişdir. Bu konqresdə isə dünyanın bir
çox ölkələrindən, o cümlədən
Türkiyədən, Rusiyadan olan alimlər, eləcə də
Azərbaycanın öz alimləri iştirak edirlər.
Konqresin
bir məqsədinin də bu bölgədəki ölkələr
üçün yeni bir elmi platforma qurmaqdır - deyən
H.Özkan bildirmişdir ki, tədbirdə iştirak edən
alimlər öz araşdırmalarını nümayiş
etdirəcəklər.
Cəmiyyətin
sədri demişdir ki, bizim bu sahədə ən böyük
uğurumuz bu il ingilis dilində nəşr edilən tibbi
jurnal olmuşdur. Jurnal Hindistanın dünyadakı ən
böyük dördüncü çap şirkəti tərəfindən
buraxılır. Artıq jurnalın birinci nömrəsi
işıq üzü görmüşdür. İkinci
nömrəsi isə bu yaxınlarda çap ediləcəkdir.
Biz bu jurnalın köməyi ilə öz səsimizi
dünyaya çatdırmaq istəyirik.
Tədbirdə
Azərbaycan Cərrah və Qastroenteroloqlar
Assosiasiyasının sədri akademik Böyükkişi
Ağayev və digər çıxış edənlər elmi
əlaqələr və təcrübə mübadiləsi
baxımından konqresin əhəmiyyətindən
danışmışlar.
Konqresdə
"Bədxassəli sarılıqlarda öd yollarının
dekompressiyası tempi", "Pankreatobiliar xəstəliklərin
endoskopik diaqnostikasında və müalicəsində son
nailiyyətlər, barret qida borusunun və erkən ezofageal xərçəngin
endoskopik təyini və müalicəsi", "Xronik biliar
pankreatitlər: etiologiyası, patogenezi, klinikası, müalicəsi,
qastritlərin müalicəsində sitoprotektorların tətbiqi"
və s. mövzularda məruzələr dinlənilmişdir.
Konqresin
iştirakçıları cərrahiyə
və qastroenterologiya sahəsindəki
son vəziyyət, mövcud problemlər və yeniliklər barədə
müzakirələr aparmışlar.
Konqres
işini oktyabrın 15-də başa çatdıracaqdır.
Azərbaycan.- 2011.-14 oktyabr.- S. 7.