İtaliyada Azərbaycana böyük
maraq vardır
İtaliya Azərbaycan üçün vacib ölkədir. Azərbaycanın da İtaliya üçün mühüm əhəmiyyət kəsb etməsi əlaqələrimizin bütün sahələrdə inkişafı üçün zəmin yaratmışdır. AzərTAc xəbər verir ki, bu fikirlər Bakıda səfərdə olan İtaliya Senatının nümayəndələrinin oktyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə səslənmişdir. Komitənin sədri Səməd Seyidov demişdir ki, İtaliya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu gün iki dost ölkə arasında əlaqələr yüksək səviyyədədir. Münasibətlərimizin inkişafının hər iki tərəfin maraq dairəsində olmasının nəticəsidir ki, dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. S.Seyidov Azərbaycanda İtaliya Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, ali məktəblərdə tələbələrin italyan dilini maraqla öyrəndiklərini diqqətə çatdırmışdır. O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İtaliya Senatının üzvlərinə minnətdarlığını bildirmişdir.
İtaliya Senatında
İtaliya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri, senator
xanım Rossana Boldi demişdir ki, İtaliyada Azərbaycana böyük
maraq vardır. Bu maraq əlaqələrimizi daha
da genişləndirməyə imkan yaradır. Görüşdə ikitərəfli
əlaqələrin inkişaf perspektivləri,
qarşılıqlı səfərlərin təşkili və
s. məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 15 oktyabr.-
S. 2.