Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında vacib rola malikdir

 

 Ölkəmizdə səfərdə olan İtaliya Senatının nümayəndələri oktyabrın 14-də Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, işçi qrupunun rəhbəri, deputat Azər Kərimli italiyalı senatorların Bakıya səfərlərinin çox əlamətdar bir dövrə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini bildirmişdir. O demişdir ki, İtaliya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu gün iki dost ölkə arasında əlaqələr yüksək səviyyədədir.

Qrupun rəhbəri müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın hərbi təcavüzü barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəbhədə atəşkəsə nail olunmuş, Azərbaycanın həyatında yeni inkişaf dövrü başlanmışdır. Bir sıra dövlətlər, o cümlədən İtaliya Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. İtaliya parlamentində Cənubi Qafqazdakı vəziyyətlə, xüsusilə də Dağlıq Qarabağla bağlı qətnamənin qəbulu, bu sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bunu bir daha sübut edir.

İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O demişdir ki, Azərbaycan 20 ildə çox böyük inkişaf yolu keçmişdir və bunu paytaxtın mənzərəsini seyr edərkən görmək olur. Senator vurğulamışdır ki, İtaliya parlamentində Dağlıq Qarabağ münaqişəsi tez-tez müzakirə olunur. İtaliya hökuməti və biz belə  hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında, regionun inkişafında vacib rola malikdir. Biz Azərbaycanın bu rolunu yüksək qiymətləndiririk və düşünürük ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini  tapmalıdır, regionda sülh və sabitlik bərpa olunmalıdır.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır

 

 

Azərbaycan.- 2011.-15 oktyabr.- S.  2.