Bakı Beynəlxalq Humanitar Forumunun
nəticələri sivilizasiyalararası əməkdaşlığın
daha da dərinləşməsinə xidmət edəcəkdir
Forumda 38 ölkədən, 6 beynəlxalq
təşkilatdan 263 nümayəndə, həmçinin 3
Nobel mükafatı laureatı və 6 sabiq prezident iştirak
etmiş, Bəyannamə qəbul olunmuşdur
Xəbər verdiyimiz kimi, 2011-ci il
oktyabrın 10-11-də Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində "XXI əsr:
ümidlər və çağırışlar" devizi ilə
Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir.
Forumda 38 ölkədən, o cümlədən
Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük
Britaniya, Fransa, Almaniya, Ukrayna, Türkiyə, Gürcüstan,
Misir, İran, Pakistan və s. ölkələrdən, 6 beynəlxalq
təşkilatdan 263 nümayəndə iştirak etmişdir.
Onların arasında 3 Nobel mükafatı laureatı, 6 sabiq
prezident, Avropa Parlamenti, UNESCO, İSESCO, İslam Əməkdaşlıq
Təşkilatı və s. beynəlxalq qurumların nümayəndələri
də var idi. Azərbaycan tərəfdən forumun plenar
iclasında 316 alim, siyasi və ictimai xadim iştirak
etmişdir.
Oktyabrın 10-da Gülüstan
sarayında forumun təntənəli açılış mərasimi
olmuşdur.
Forumda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev nitq söyləmişdir.
Daha sonra üç plenar iclas
keçirilmişdir. Bu iclaslarda Nobel mükafatı
laureatları, sabiq dövlət başçıları, digər
nüfuzlu qonaqlar çıxış etmişlər.
Forum oktyabrın 11-də yeddi bölmə
iclası ilə öz işini davam etdirmişdir.
"Multikulturalizm: nailiyyətlər və
problemlər" bölməsinin "Multikulturalizm dövlət
siyasətində" adlanan birinci iclasının moderatoru
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya
Dövlət Humanitar Universitetinin rektoru, "Rusiya-Azərbaycan"
cəmiyyətinin prezidenti Yefim Pivovar, "Multikulturalizm
kütləvi şüurda" mövzusunda ikinci iclasın
moderatoru AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İlham Məmmədzadə, "Multikulturalizm elmdə və
fəlsəfədə" adlanan üçüncü
iclasın moderatoru isə Bolqarıstanın sabiq prezidenti Jelyu
Jelev olmuşdur.
"Multikulturalizm: nailiyyətlər və
problemlər" "dəyirmi masa"sında 408 nümayəndə
iştirak etmişdir.
"Dünyanı dəyişdirən
müasir texnologiyalar" bölməsinin "Müasir
texnologiyalar və qlobal fəlakətlər" devizi
altında keçirilən birinci iclasın moderatoru Moskva
Dövlət Universitetinin rektoru akademik Viktor Sadovniçi,
"Qloballaşma dövründə elmin və təhsilin
inteqrasiyası proseslərində müasir texnologiyaların
rolu" adlanan ikinci iclasın moderatoru Bakı Dövlət
Universitetinin rektoru akademik Abel Məhərrəmov,
"Müasir texnologiyalar və davamlı inkişaf"
mövzusunda üçüncü iclasın moderatoru isə
Türkiyənin Bilkent Universitetinin prezidenti Əli
Doğramacı olmuşdur.
"Dünyanı dəyişdirən
müasir texnologiyalar" "dəyirmi masa"sında 512
nümayəndə iştirak etmişdir.
"Elmlərin konvergensiyası"
bölməsinin "Elmlərin və texnologiyaların
konvergensiyası - yeni texnoloji sistemin əsasıdır"
adlanan birinci iclasının moderatoru "Kurçatov
institutu" Milli Tədqiqat Mərkəzinin direktoru Mixail
Kovalçuk, "Elmlərin konvergensiyasından konvergent
texnologiyalara doğru" mövzusunda ikinci iclasın moderatoru
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Oleq
Naraykin, "Elmlərin konvergensiyasının sosiohumanitar
aspektləri" adlanan üçüncü iclasın
moderatoru isə AMEA-nın prezidenti Mahmud Kərimov olmuşdur.
"Elmlərin konvergensiyası" "dəyirmi
masa"sında 89 nümayəndə iştirak etmişdir.
"Biotexnologiyalar və etikanın problemləri"
bölməsinin "Molekulyar biologiya" adlanan birinci
iclasının moderatoru Rusiya Elmlər Akademiyasının
akademiki Konstantin Skryabin, "Biotexnologiyalar" mövzusunda
ikinci iclasın moderatoru Fraunqofer Milli Biotexnologiya Mərkəzinin
(ABŞ) icraçı direktoru Vidadi Yusibov, "Etikanın
problemləri" adlanan üçüncü iclasın
moderatoru isə Pusan Dövlət Universitetinin (Koreya
Respublikası) tədqiqatçı professoru İsmayıl
Zülfüqarov olmuşdur.
"Biotexnologiyalar və etikanın problemləri"
"dəyirmi masa"sında 198 nümayəndə
iştirak etmişdir.
"İnkişafın iqtisadi modelinin
humanitar aspektləri" bölməsinin
"İqtisadiyyatın "bəşəri siması"
adlanan birinci iclasının moderatoru Rusiya Federasiyası
Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və
Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau,
"İntellektual potensial və iqtisadi inkişaf"
mövzusunda ikinci iclasın moderatoru Azərbaycan Dövlət
Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov,
"İqtisadi inkişafın sosial "meyarı" adlanan
üçüncü iclasın moderatoru isə Azərbaycan Dövlət
İqtisad Universitetinin rektoru professor Şəmsəddin
Hacıyev olmuşdur.
"İnkişafın iqtisadi modelinin
humanitar aspektləri" "dəyirmi masa"sında 382
nümayəndə iştirak etmişdir.
Forumun "Sosial jurnalistika və yüksək
texnologiyalar" bölməsinin "XXI əsrdə sosial
jurnalistika: hər kəs jurnalist ola bilər" adlanan birinci iclasının
moderatoru Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali
İqnatenko, "Qlobal medialar qloballaşan məkanda və
informasiya sənayesində yüksək texnologiyaların
inteqrasiyası məsələləri" mövzusunda ikinci iclasın
moderatoru Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal
Öztürk, "Sosial media və siyasət: inteqrasiya, yoxsa
qütbləşmə?" adlanan üçüncü
iclasın moderatoru isə AzərTAc-ın Almaniya və
Çexiya üzrə xüsusi müxbiri Vüqar Seyidov
olmuşdur.
229 nümayəndənin iştirak etdiyi
"Sosial jurnalistika və yüksək texnologiyalar"
adlı "dəyirmi masa"nı AzərTAc-ın baş
direktoru Aslan Aslanov giriş sözü ilə
açmış və ikinci iclasda isə "Multimedia
informasiya agentliklərinin işində yeni səhifədir"
mövzusunda məruzə ilə çıxış
etmişdir.
"Postmodernist mədəniyyətdə ənənəvi
dəyərlər sistemləri" bölməsinin "Mədəniyyətin
universallaşması qloballaşmanın problemi kimi" adlanan
birinci iclasının moderatoru Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoy, "Postmodernist mədəni dinamikanın
ritmləri" mövzusunda ikinci iclasın moderatoru Azərbaycan
Dillər Universitetinin rektoru professor Səməd Seyidov,
"Postmodernist mədəniyyətdə əxlaqi şəxsiyyət
modeli" adlanan üçüncü iclasın moderatoru isə
Polşa Elmlər Akademiyası Fəlsəfə
İnstitutunun professoru Sezari Vodzinski olmuşdur.
"Postmodernist mədəniyyətdə ənənəvi
dəyərlər sistemləri" "dəyirmi
masa"sında 352 nümayəndə iştirak
etmişdir.
* * *
Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi
qəbul olunmuşdur. Bəyannamə bütün bölmə
iclaslarında müzakirə olunaraq səsə qoyulmuş və
yekdilliklə qəbul edilmişdir.
Bəyannamədə deyilir:
"Biz, 2011-ci il oktyabrın 10-11-də Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçıları, siyasət, elm, təhsil və mədəniyyət
nümayəndələri olaraq,
Birləşmiş Millətlər Təşkilatının
"Minillik Bəyannaməsi"ni rəhbər tutaraq və
qloballaşmanın yalnız və yalnız bizim
hamımızın bütün müxtəlifliyi ilə
ümumən bəşəriyyətə mənsubluğumuza əsaslanan
ortaq gələcəyimizin formalaşdırılması
istiqamətində genişmiqyaslı və ardıcıl səylərimizin
gerçəkləşdirilməsi sayəsində ədalətli
şəkil ala biləcəyini qəbul edərək,
qloballaşan müasir dünyada dəyərlər
sisteminin dəyişməsinin, sosial və mədəni proseslərin
sürətlənməsinin, həyatın bütün sahələrində
stereotiplərin alt-üst olmasının əvvəlki tarixi
dövrlərdə cəmiyyətin şüurunda təşəkkül
tapmış sosial təsəvvürlərdə əsaslı
şəkildə dəyişikliklərə yol
açdığını müəyyən edərək,
elmin, təhsilin inkişafının, yeni
texnologiyaların meydana gəlməsinin, informasiya cəmiyyətinin
təşəkkülünün əvvəllər sırf nəzəri
görünən bir sıra problemləri
aktuallaşdırdığını xatırladaraq,
qloballaşma prosesinin genişlənərək
və dərinləşərək alimlər və siyasətçilər
qarşısında bəşəriyyətin heç zaman
üzləşmədiyi yeni problemlər qoyduğunu və
yeni humanitar gündəliyin
formalaşdırılmasını tələb edən
çoxsaylı çağırışlar meydana
çıxardığını nəzərə alaraq,
qloballaşmanın humanitar aspektlərinin
elmi təhlilinin böyük əhəmiyyəti və zərurətini
təsdiq edərək,
təbiətlə ahəngdar və harmonik
şəkildə yaşamağa
hazırlığımızın və
bacarığımızın olmaması səbəbindən
planetar miqyaslı təhdidlərlə üz-üzə
dayandığımızı etiraf edərək,
qloballaşmanın müxtəlif modellərinin
və variantlarının nəzərdən keçirilməsinin
bugünkü mövcud mədəniyyətlərin və mənəvi
oriyentirlərin müxtəlifliyinə adekvat diqqət yetirməyə
imkan verdiyini nəzərə alaraq,
qloballaşma şəraitində mədəniyyətlərin
və sivilizasiyaların qarşılıqlı təsiri
prosesinin heç də müəyyən dəyərlər
sistemini hamıya qəbul etdirmək kimi bir məqsəd
daşımadığını qeyd edərək,
bir ölkənin və ya bir sıra
ölkələrin dəyərlər sistemini heç də
mütləq həqiqət kimi qəbul etməyərək və
bununla yanaşı, azadlıq, bərabərlik, həmrəylik,
tolerantlıq, təbiətə ehtiram kimi fundamental dəyərlərin
mühüm əhəmiyyətini dərk edərək,
sivilizasiyanın parçalanmasının
qarşısını almağa qadir etik prinsip və
normaların müəyyənləşdirilməsinin və
qlobal etikanın bütün dünyada bərqərar
olmasının vacibliyini qəbul edərək,
mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun bütün cəhdlərinə
baxmayaraq, sivilizasiyaların münaqişəsi təhlükəsinin
kifayət qədər aktuallığını müəyyən
edərək,
qloballaşma prosesinin daha güclü
sosial yönüm almasının vacibliyini nəzərə
çatdıraraq və hər bir insana onun daha dolğun
töhfə verməsinin zəruriliyinə diqqət yetirərək,
sosial ədalət naminə ədalətli
qloballaşma haqqında Bəyannamənin əsas müddəalarına
şərik çıxaraq, müzakirələr və
geniş fikir mübadiləsi çərçivəsində:
Multikulturalizm: nailiyyətlər və
problemlər;
Dünyanı dəyişdirən
müasir texnologiyalar;
Elmlərin
konvergensiyası;
Biotexnologiyalar və etikanın
problemləri;
İnkişafın iqtisadi modellərinin
humanitar aspektləri;
Sosial
jurnalistika və yüksək texnologiyalar;
Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemləri kimi problemləri
nəzərdən keçirərək,müxtəlif ölkələrin
dövlət siyasətində multikulturalizmin mövqe və
imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni
özünüdərk arasında azad seçimi təmin etməyə,
insanların əsas hüquq və azadlıqlarının bərqərar
edilməsinə nail olmağa, ksenofobiya, irqçilik və
dözümsüzlüyün bütün təzahürlərini
qətiyyətlə pisləməyə
çağırırıq;
müasir elmin və texnologiyaların,
informasiya cəmiyyətinin bərqərar olması nəticəsində
ortaya çıxan çoxsaylı humanitar problemlərin
kompleks şəklində araşdırılmasının zəruriliyini
etiraf edirik;
planetar miqyaslı fəlakətlərin,
ekoloji və texnogen qəzaların
mümkünlüyünün, iqlim dəyişikliyinin və
təbii resursların tükənməsinin
aktuallığı ilə bağlı problemlərə diqqət
yönəltməyi vacib hesab edirik;
biotexnologiyalar sahəsində əldə
olunan uğurlarla bağlı fəlsəfi və etik problemlərin
xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət
yetirilməsinin vacibliyini vurğulayırıq;
yeni texnologiyaların enerji təhlükəsizliyi,
sağlam qidalanma və Yer üzündə hər bir
insanın rifahı problemlərinin həllinə kömək
edəcəyinə ümidimizi ifadə edir, bütün
ölkələrdə elmin və yüksək keyfiyyətli təhsilin
inkişafına xüsusi diqqət göstərməyə,
elmin və təhsilin inteqrasiyasının təmin olunması
naminə mövcud potensialdan tam istifadə etməyə
çağırırıq;
elmlərin konvergensiyası
ideyasının son dərəcə uğurlu olduğunu və
onun sivilizasiyanın yeni simasının formalaşması
üçün xüsusi əhəmiyyət
daşıdığını qeyd edirik;
canlı təbiətin yaratdıqlarını
örnək kimi qəbul edərək nanotexnologiya,
biotexnologiya, informasiya və koqnitiv texnologiyaların
imkanlarından faydalanan və Yer üzündəki müxtəlif
resursların tükənməsinin qarşısını
almağa qadir olan yeni texnologiyaların yaradılmasının
zəruriliyini qəbul edirik;
qloballaşmaya nail olmaq üçün hər
bir ölkənin öz xüsusiyyətlərini nəzərə
alan müxtəlif variantların mövcudluğunu dərk
edirik;
insanın həmişəki kimi indi də
inkişaf prosesinin başlıca subyekti olaraq
qaldığına və gerçəkləşdirilən
bütün ssenarilərdə onun istənilən inkişaf
modelinin əsas iştirakçısı və siması
olduğuna diqqət yetiririk;
qloballaşma kontekstində inkişafın
iqtisadi modellərinin gerçəkləşdirilməsinin
humanitar aspektlərinin qiymətləndirilməsi
üçün kulturoloji yanaşmanın müstəsna əhəmiyyət
kəsb etdiyini düşünürük;
bütün informasiya məkanının
simasını dəyişdirən və sosial şəbəkələr
fenomenini yaradan yüksək texnologiyaların həm də ənənəvi
informasiya agentlikləri və şəbəkə informasiya
yaradıcıları tərəfindən informasiyanın
obyektiv işıqlandırılması və adekvat şərhi
problemini gündəmə gətirdiyini etiraf edirik;
sosial jurnalistikada qloballaşmanın nəticəsi
olaraq sürətlə inkişaf edən yeni meyillərin elmi təhlilə ehtiyacı
olduğunu qeyd edirik;
formalaşan yeni qlobal dəyər və
normativ sintezə həm Şərqin, həm də Qərbin
öz dəyərləri ilə nüfuz etdiyini və
bütün bəşəriyyətin gələcəyinin
dünyanı nə dərəcədə vəhdət
halında dərk etməyimizdən asılı olduğunu
müəyyən edirik;
qloballaşma nəticəsində
dünyanın formalaşmaqda olan yeni nizamının
uzunmüddətli və mürəkkəb proses olduğunu və
müxtəlif ölkələrdə yaşayan insanların
dünyagörüşündə dəyişikliklərə
yol açdığını qəbul edirik;
BMT, UNESCO, digər beynəlxalq
strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə
birgə:
mədəniyyətlərin və dəyərlər
sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərtilə
bəşəriyyətin gələcək inkişafı
naminə mədəniyyətlərarası,
konfessiyalararası və sivilizasiyalararası dialoq
üçün real imkan və mexanizmləri müəyyən
etməyə çağırırıq.
Bu qəbildən forumların
vaxtaşırı keçirilməsinin zəruriliyinə
inamımızı ifadə edir və Bakı Beynəlxalq
Humanitar Forumunun bütün təşkilatçılarına,
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
hökumətinə göstərdikləri dəstəyə,
qonaqpərvərliyə görə dərin minnətdarlığımızı
bildiririk.
Bu Bəyannamənin tövsiyə
olunmasını və onun humanitar əməkdaşlıq məqsədləri
üçün istifadə edilməsini zəruri
sayırıq".
AzərTAc
Azərbaycan.-
2011.-15 oktyabr.- S. 3.