Yuri Bulatov: «Biz Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun məzunu
Prezident İlham Əliyevin
uğurları ilə fəxr edirik»
"Bakı Beynəlxalq Humanitar Forumu çox maraqlı və səmərəli oldu". Bu sözləri Humanitar Forumun iştirakçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) (MDBMİ (U)) beynəlxalq münasibətlər fakültəsinin dekanı, professor, tarix elmləri doktoru Yuri Bulatov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir.
Yuri Bulatov demişdir: "İki gün davam edən forumda səslənən çıxışlar çox məzmunlu oldu. Maraqlı və səmərəli diskussiyalar hətta forumun və seksiyaların keçirildiyi zallardan kənarda da davam edirdi. Çox xoşagələn haldır ki, biz multikulturalizm barədə danışırıq və fikir plüralizmi vardır. Bu, bizi çox zənginləşdirir. Forumun gedişində əldə etdiyim informasiya əsasında real material yaranır. Gələn həftə mən həmin materialı MDBMİ-nin tələbə auditoriyasına çatdıracağam, bu tədbir barədə ustad dərsi keçəcəyəm. Bu, həqiqətən nadir tədbir idi. Adətən, hər hansı beynəlxalq forumun təşkilatçısı bir dövlət olur. Bu tədbirin təşəbbüskarları isə iki dövlət - polietniklik, polikonfessionallıq sahəsində nadir təcrübəyə malik olan Azərbaycan və Rusiya idi.
Yeri gəlmişkən, forumun seksiyalar üzrə işlədiyi ikinci gün çıxış edənlərin çoxu deyirdi: "Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək bizim üçün çox xoşdur". Hamı bilir ki, bu mövzu hökmən davam etdiriləcəkdir və ümumiyyətlə, birinci forum dünya birliyində, qlobal dünyada baş verən mürəkkəb hadisələr barəsində ciddi dialoqun başlanğıcıdır.
Sağ olsun Azərbaycan, sağ olsun bu ölkənin rəhbərliyi, bu forumun təşkilində iştirak edənlərin hamısı sağ olsun. Bizə göstərilən qonaqpərvərliyə, səmimi qəbula və bu cür qeyri-formal şəraitə görə sağ olsunlar. Diskussiyalarda təkcə bu forumun nümayəndələri deyil, aspirantlar, doktorantlar, hətta tələbələr də fəal iştirak edirdilər.
Mən çoxdan Bakıda olmamışdım, bundan əvvəlki səfərimdən sonra uzun fasilə yaranmışdı. Lakin Azərbaycanda baş verən böyük dəyişiklikləri Moskvadan diqqətlə izləyirəm. Bu dəyişikliklər ilk növbədə, Azərbaycandan MDBMİ-yə təhsil almağa gələnlərin keyfiyyətinin yaxşılaşmasında özünü göstərir. Keçmiş tələbələrimin hazırda məsul vəzifələr tutduğunu görəndə çox sevindim. Onlar forumun təşkilində, o cümlədən Prezident protokolunda fəal iştirak edirdilər.
Azərbaycan Prezidenti
haqqında isə ayrıca danışmaq istərdim. Mən sizin Prezidentə baxanda qanuni qürur hissi keçirirəm. Bəli, İlham Əliyev sizin Prezidentinizdir, bizə isə ən xoş gələn budur ki, o, MDBMİ-nin beynəlxalq münasibətlər
fakültəsini bitirmişdir.
Onun çıxışı
iki gün davam edən konfransın ruhunu, həm forumun gedişində, həm də perspektiv üçün vəzifələri
müəyyən etdi.
Əlbəttə, Bakı fantastik
şəhərdir və
o, çox dəyişmişdir.
Bu şəhər Avrasiyanın
və hətta müəyyən dərəcədə
Avropanın mərkəzi
sayıla bilər. İnsanların əhvalı,
inkişaf perspektivləri
həmişə uşaqlara
görə müəyyən
edilir. Mən dənizkənarı bulvarda
bir qədər gəzişməyə vaxt
tapdım. Oradakı uşaqlara, onların şən çöhrələrinə
baxdım. Bu uşaqların
üzündəki təbəssüm, ilk növbədə,
Azərbaycanın iqtisadi
artımı və davamlı inkişafının
rəmzidir. Biz Azərbaycanın
uğurlarına çox sevinirik. İrəli, Azərbaycan!
Heydər
Əliyev Fondunun humanitar əlaqələrin möhkəmlənməsinə
töhfəsini xüsusi qeyd etmək istərdim. Fondun fəaliyyəti
olduqca dəyərlidir, xüsusən ona görə ki, bu fond
böyük Heydər Əliyevin adını
daşıyır. Şəxsən mənim nəzərimdə
Heydər Əliyev sadəcə, ümummilli lider deyil, o, beynəlxalq
səviyyəli və çox genişmiqyaslı meqaliderdir. Bu
insan uzun müddət Sovet İttifaqının problemləri
ilə, o cümlədən təhsil problemləri ilə məşğul
olmuşdur. Onun irəli sürdüyü, qarşıya
qoyduğu məsələlərin çoxu bu gün bizim ali
məktəbdə də uğurla həyata keçirilir. Buna
görə Heydər Əliyev bizim üçün doğma
adamdır, Rusiyada ona böyük ehtiram bəsləyirlər.
Mən onun portretlərinə məmnuniyyətlə baxır,
şəhərdə onun haqqında deyilənlərə diqqət
yetirirdim. Biz, bir tərəfdən bu insanın
qarşısında baş əyirik, digər tərəfdən
mənə elə gəlir ki, bu insan bizim aramızdadır.
Müasir Azərbaycanın daxili və xarici siyasətində
onun ruhu hiss edilir, bu ruh Rusiya ilə Azərbaycan arasında
münasibətləri möhkəmlədir".
Azərbaycan.- 2011.- 15 oktyabr.- S. 3.